adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SUi-QƏSDçi, YOXSA BÖYüK XiLASKAR?..

BABƏK YUSİFOĞLU
28418 | 2012-09-18 00:21
Qəribədi, Tanrı insanlığı xəlq edəndən bəri yüz milyardlarla insan doğulub, yaşayıb, izsiz-tozsuz da yer üzündən silinib gedib. Onların adı, nişanəsi olan nə varsa əlahəzrət zamanın təkərləri altında əbədilik yox olub. Amma bu sırada elələri də var ki, nə vaxt yaşamasından asılı olmayaraq adları insanlığın yaddaşına yazılır, xalqının tarixinə çevrilir, hətta ümumbəşəri tarixin bir parçasına dönür. Əlbəttə bunu, Allahın insanlar arasından seçdiyi peyğəmbərlərdən tutmuş böyük sərkərdələrədək, möhtəşəm elm və sənət adamlarınadək aid etmək mümkündü.
   
   Əslində tarix və şəxsiyyətlərlə bağlı iki fərqli fikir mövcuddur. Bəziləri iddia edir ki, tarixi məhz qəhrəmanlar, görkəmli şəxsiyyətlər yaradır, digərləri isə belə hesab edir ki, həmin şəxsiyyətləri tarixin özü yaradır. Yəqin bu iddiaların hər ikisində haqlı dəlillər vardır. Amma mənə elə gəlir ki, tarixin və ya tarixi şəxsiyyətlərin hansının yaradıcı olması iddialarını rahat buraxmaq lazımdır. Tarix elə qəhrəmanlarıyla, şəxsiyyətləriylə, böyük dəyişiklikləriylə, fəlakətləriylə, təbiət hadisələriylə, qanlı döyüşləriylə... xalqların, insanların yaşadığı keçmişdir, tarixdir.
   
   O da bir çoxları kimi yaşadığı həyatla, əməlləri ilə tarixin bir hissəsinə çevrildi. Haqqında təhqiqatlar aparıldı, yazılar yazıldı. Anadan olanda Auqusto Joze Ramon Pinoçet Uqarte adlandırılan, amma dünyanın daha çox general Pinoçet adıyla tanıdığı adamdan bəhs edirəm.
   
   Kim idi bu adam?! Diktator? Yoxsa sui-qəsdçi, böyük hərbçi? Və ya Çilinin xilaskarı? Bəlkə, neçə-neçə insanın qatiliydi?
   
   Mənə elə gəlir ki, bu və ya digər suallara əslində birmənalı cavab vermək mümkün deyil. Çünki onu hərə bir cür qiymətləndirir. Heç kəsi də özünün haqlı saydığı fikirlərində günahlandırmaq olmaz. Lakin yalnız bir şeyi əminliklə deyə bilərəm ki, Auqusto Joze Pinoçet Uqarte, yəni general Pinoçet adını tarixə yazaraq həqiqətən də hamı tərəfindən tanınan bir şəxsiyyət olub.
   
   Bir tərəfdən Sakit okeanın, digər tərəfdənsə And dağlarının ovuclarında olan Çilinin də özünəməxsus keşməkeşli bir tarixi vardır. Uzun illər ispanların işğalı altında olan bu ölkənin yerli insanları sonradan öz doğma dillərini belə unutdular. Hər şeyə gəlmələr sahib çıxdılar. Çox böyük zamandan sonra, yəni 1810-cu ildən başlayaraq ölkə azadlıq uğrunda mübarizəyə başladı və bir neçə ildən sonra müstəqilliyini əldə edə bildi. Və bu hərəkatda liderlik edən Bernardo O"Hiqqins və Manuel Rodriqes ta indiyədək xalqın sevgiylə, hörmətlə yad etdiyi tarixi şəxsiyyətlər olaraq qalmaqdadırlar.
   
   Qeyd etdiyim kimi, Pinoçet haqqındasa bunları demək olmaz. Baxmayaraq ki, Çilinin tarixini də onsuz təsəvvür etmək mümkün deyil. Lakin Pinoçetin çevriliş yolu ilə hakimiyyətə gəlməsini tarixi bir zərurət kimi dəyərləndirənlər bildirirlər ki, əgər bu hadisə baş verməsəydi Çili daha böyük itkilər, daha ağır faciələr yaşayacaqdı. Çünki ölkə böhran içərisində idi. Əlbəttə, bunun əksini söyləyənlər də az deyil?
   
   PİNOÇETLƏR
   
   Auqusto Xose 1915-ci il noyabrın 15-də Cənubi Amerikanın çox da böyük olmayan bir ölkəsində - Çilinin böyük dəniz limanı olan Valparsioda dünyaya gəlib. Əslində onun etnik kimliynə nəzər salsaq heç də onun nə təmiz yerli tayfalardan, nə də uzun illər burada dominantlıq edən ispanlardan olduğunu söyləmək olmazdı. Çünki onun babası Fransadan buraya gəlmişdi. Anası Avelina Uqarte Martinesi isə qarışıq ispan hesab edirlər. Hətta onun nəslində alman qarışığının olduğunu söyləyənlər də var.
   
   Atası Pinoçet Vera liman gömrüyündə işlədiyi üçün çoxuşaqlı ailə əslində təminatlı hesab edilə bilərdi. Ciddi katolik ənənələri ilə tərbiy ə alan övladların yaşca ən böyüyü Auqusto Joze Ramon idi. Məktəb yaşı çatar-çatmaz Auqusto məktəbə getdi, Müqəddəs Rafael seminariyasında və Kilota və Kolexio Müqəddəs Ürəklər İnstitutunda oxudu. Maraqlıdır ki, sonralar taleyini hərbçiliklə bağlayan Auqustonun həyatını təhqiq edənlər yazırlar ki, o, uşaqlıq vaxtı çox da sağlam olmayıb. Həm də həmyaşıdları arasında kövrək, ürkək xarakteri ilə seçilirmiş.
   
   Deyilənə görə, bir dəfə kinoteatrda filmə baxarkən kadrlarda səslənən gurultulu atəş səslərini eşidəndə o, oturacağın altına çökübmüş. Bəziləri bu faktı onun uşaqlıqda qorxaq olduğunu önə çəkib yazırdılar ki, Auqusto Pinoçetin hərbi sənəti seçməsi məhz bu xarakterindən qurtulmaq istəyi ilə bağlıymış. Əslində isə bu belə deyildi. Auqustonun özü bu sənəti bəyəndiyi üçün seçmişdi. Bir də ki, həmin dövr üçün çililərə görə, hərbçilər cəmiyyətdə hətta elita deyilən zümrədən belə yüksəkdə dururdular. Xalq onlara böyük hörmət və sevgiylə yanaşırdı. Bundan başqa, bu sahədə daha yaxşı, daha tez karyera əldə etmək mümkün idi.
   
   HƏRBÇİ YOLUNUN BAŞLANMASI
   
   Auqusto hərbçilik yolunda müxtəlif mərhələlərdən ibarət olmuşdu. Belə ki, 18 yaşı tamam olan Pinoçet 1933-cü ildə San-Betrnardo piyadalar məktəbinə qəbul olundu. Və o burada dörd il oxudu. Təhsilini bitirdikdən sonra onu xidmət keçmək üçün Çakabuko əyalətindəki polka göndərdilər. Yeri gəlmişkən, maraqlı bir fakta da diqqəti çəkim. Bu həmin yer idi ki, Pinoçet hərbi çevrilişdə ona qarşı dirənəniş göstərənləri məhz burada yaratdığı konslagerə göndərirdi.
   
   Çakabukodakı 6 illik xidmətdən sonra gələcəyinə açıq gözlə baxan, ətrafda gedən prosesləri dəqiqliklə təhlul edə bilən Auqusto Pinoçet ailə qurmaq qərarına gəldi. Və ailədə onun bu istəyinə etiraz edən olmadı da. Auqusto Ramon artıq gözaltı etdiyi bir xanımla - Xuan Antonio Riosse Moralesin prezidentliyi dövründə Çilinin daxili işlər naziri olmuş, vaxtıyla radikal partiyadan senatorluğa gəlmiş, məşhur vəkil Osvald Xirart Korvalanın qızı Mariya Lyutsi ilə evləndi. Və bununla da o çox böyük bir sürətlə Çilinin siyasi elitasına daxil oldu, həm də hərbi xidmətində irəliyə getməyə başlasdı. Burada bir vacib nüansı da qeyd etməyə məncə gərək var. Pinoçetin ailə qurması, necə deyərlər, onun strateji planlarına aid edilsə də əslində bunu tam bu cür qiymətləndirmək düzgün deyil. Əslində bu nikahı çox uğurlu adlandırmaq mümükündü. Belə ki, cütlük 60 ildən çox bir zamanda birgə oldular, 5 övladları dünyaya gəldi. Və Mariya Lyutsi özü də bir dəfə açıqlamalarında bildirmişdi ki, Auqusto Pinoçet həmişə ona qarşı məhəbbətli və diqqətli olmuşdur.
   
   Həmin dövrlər Auqusto Pinoçet onu da anlayırdı ki, daha maneəsiz irəliləmək üçün ali hərbi təhsil almaq çox vacibdir. Elə bu səbəbdən də 1948-ci ildə Çili Ali Hərbi Akademiyasına qəbul olundu və təhsilini müvəffəqiyyətlə başa vurdu. Artıq hərbi-siyasi arernadakı mövqeyi və təhsili onun karyerasında böyük uğurların qazanılması üçün gözəl zəmin yaratmışdı. Rəhbərlik onu hərbçi-mütəxəssis kimi dərs deməyə ən müxtəlif hərbi məktəblərə göndərdi. Bəlkə də bu, onun gələcək planlarını gerçəkləşdirmək üçün verilən şans idi. Çünki məhz bu imkanlardan yararlanaraq müsxtəlif yerlərdə marksist ideyalarla yoluxmuş qüvvələrlə mübarizə aparmaq üçün öz ilk tərəfdarları ilə tanış oldu. Onlardan biri də Manuel Kontreras idi ki, Pinoçet hakimiyyətə gələndən sonra ona məxfi polisin (DİNA) şefliyini etibar etdi. Maraqlıdır ki, hələ ilkin dövrlərdən başlayaraq general məhz Manuelin yardımı ilə ətrafda cərəyan edən bütün proseslərdən, hadisələrdən xəbərdar olmaq üçün şəxsən ona xidmət edən qeyri-rəsmi agentura şəbəkəsi yaratmışdı.
   
   GENERAL RÜTBƏSİ...
   
   Qeyd edim ki, həmin illər ərzində o, ciddi şəkildə hərbi elmlərlə də məşğul olurdu. Məhz yazdığı ilk əsər - "Çilinin, Argentinanın, Boliviyanın və Perunun çoğrafiyası" o dövrlərin məhsulu idi. Bundan sonra hətta elmi dissertasiya müdafiə edərək baklavr elmi dərəcəsi də aldı.
   
   İşləri və həyatı düzənə girmişdi. Artıq 1956-cı ildə Pinoçet həmin vaxtlar çox mötəbər sayılan vəzifəyə təyin olundu - Çilinin Vaşinqtondakı nümayəndəsi. Amma qeyd edim ki, o, bu vəzifədə uzun zaman işləmədi. Bir qədər sonra onun işini dəyişdilər. (Heç bir yerdə bu dəyişikliyin səbəbi barədə rəsmi qeyd yoxdur) Bu dəfə Xose Uqarteni Ekvadorda hərbi akademiyanın yaradılmasına kömək üçün Kitoya göndərdilər. Bu da artıq o demək idi ki, dövlət Pinoçetin bacarığına inanır, özünə etibar edirdi. Pinoçet burada da işlərin öhdəsindən yaxşı gəldi. Onun Ekvadordakı fəaliyyəti heç də qısa çəkmədi. Geriyə yalnız 3-4 ildən sonra qayıtdı. Amma burada da onu xoş sürprizlər gözləyirmiş. Belə ki, qısa müddət sonra göstərdiyi xidmətlərə görə 1959-cu idə ona general rütbəsi verildi, I dviziyanın qərargah rəisi vəzifəsinə təyin olundu.
   
   MƏQAM YETİŞİRDİ
   
   Ümumiyyətlə, Auqusto Ramon Uqartenin həyat və fəaliyyətini təhlil edərkən aydın görünür ki, bu adam təsadüflər üzündən yox, özünün ağlına, uzaqgörənliyinə, hadisələri layiqincə qiymətləndirə bildiyinə görə böyük karyera yaratmağa müvvəfəq olub. Pinoçet qərargah rəisi vəzifəsində bir il çalışdıqdan sonra rəhbərlik yenidən onu irəli çəkməyə qərar verdi. Belə ki, növbəti il artıq "Esmeralda" adlandırılan xüsusi polka rəhbərlik ona həvalə edildi. 1963-cü ildə hərbi akademiyanın direktor müavinliyinə, 1968-ci ildə isə artıq Santyaqo qarnizonunun komandirliyinə gətirildi. Daha sonra ona İkikdəki VI dviziyanın komandanı və briqada generalı və Tarapaka əyalətinin intendantı vəzifəsi verildi. Bu illər ərzində qazandıqları artıq Pinoçetə məxfi planlarını daha da genişləndirmək, ətrafına daha çox tərəfdar cəlb edə bilmək üçün lazımi imkanlar yaratmışdı.
   
   Maraqlıdır, gələcək hərbi komandan və dövlətin başçısı olacaq bu adam 1960-cı illərdən sonra siyasi və hərbi analitik kimi əsərlər üzərində işləməyə girişdi. Hətta bunlar onu o qədər məşğul etdi ki, Ramon Uqarte qısa dövr ərzində bir neçə əsər yazdı. Onu da qeyd edim ki, bu kitablar bir çoxları təfrəfindən rəğbətlə qarşılansa da, bəzi qüvvələr tərəfindən kəskin tənqidlərə tuş gəlmişdi.
   
   Ölkənin hərbi sferasında sanballı fiqura çevrilməkdə olan general Pinoçet üçün gözlədiyi məqam yetişməkdəydi. Və o hər şeyi görür, hadisələri diqqətlə izləyirdi. 1970-ci ildə Çilidə hakimyyət dəyişdi. Dövlətin başına sosialistlərin lideri Salvador Alyende gəldi. Amma qeyd edim ki, ölkədə çoxluq onun gəlişinin tərəfdarı olsa da hərbi elitada onu istəməyənlərin sayı yetərincə idi. Və bu üzdən də çox keçmədi ki, generallardan bir neçəsi hərbi şevrilişə cəhd etdi, lakin hakimiyyət bu təşəbbüsün qarşısını ala bildi. Və məhz bu zaman Pinoçet özünün zamanının gəldiyini dərk edirdi. Oyunda ən böyük, ən etibartlı kartlara sahib olmanın vaxtıydı. Bəli, Alyende hakimiyyətini qoruyan güclərin sırasında ən fəal simalardan general Pinoçet də var idi. Və onda kimsənin ağlına belə gəlməzdi ki, bir neçə ildən sonra indi qoruduğu hakimiyyəti o özü devirəcək...
   
   (Ardı 25 sentyabr sayında)

TƏQVİM / ARXİV