ANA SƏHİFƏ / YAZARLAR

Salam... bağışla, doğma məktəbim

27381    |   2012-09-15 00:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məni təhsil aldığım orta məktəbə dəvət etmişdilər. Məktəbin keçmiş məzunlarından biri kimi burada düzənlənən ənənəvi tədbirdə iştirakım məqsədəuyğun sayılmışdı. Əvvəllər mənim bu doğma, bu sirli-sehrli ocağa ən azından ildə bir dəfə baş çəkməyim olurdu. Müəllimlərimlə görüşərdim, daha çox həsrətin çəkdiyim fənn kabinələrinə, idman zalına, şirniyyatla çay içdiyimiz bufetə və təbii ki, boş vaxtlarımızda futbol oynadığımız arxadakı geniş meydançaya mütləq ayaq basardım. Birinci mərtəbənin sol qolundakı uzaq küncə əlavə edilmiş günüuzadılmış qrup deyilən yardımçı otağın dar qapısı qarşısında qəlbim elə həmişəki tək titrəyirdi. Mən... ürəyimi ilk dəfə orda açmışdım. Bu dəhlizlərlə, bu otaqlarla, bu cığırlarla canlı varlıqlar kimi səssizcə söhbət edərdim. Ötən günlərin şirin xatirələrini yaşayardım. O yerlərdən sinif yoldaşlarımı, yaddaşımda yaşayan bir çox insanları soruşardım. Özümü də xəbər alardım...
   
   Mən deyə bilmərəm orta məktəb hamı üçün eyni dərəcədə doğma və qeyri-adi məkan olaraq yaddaşlarda qalır. Və ya ömrün dolanbaclarında unudulub yaddan çıxır. Hər necədirsə bütün bunlar yəqin ki, mənəvi-psixoloji fərdi məqamlarla bağlıdır. Elə insanın özünün də unudulması və ya heç unudulmaması kimi. İndi bu qəfil dəvətin də içimdə bir təlatüm yaratması hadisənin ictimailiyindən çox intiutiv nostalji səbəbindən idi. Həm də mən hər dəfə məktəb, təhsil, müəllim sözlərini eşidərkən, dilə gətirərkən ani də olsa xatırladığım o doğma məktəbə son 10-15 ildə, demək olar ki, getməmişdim. Hərdən qarşısından keçərkən, sadəcə qərib bir həsrətlə baxmağım, xəyala dalmağım olmuşdu.
   
   Nədən belə etmişdim? Bütün bunlar doğma məktəbə, şirin, dadlı duyğulara xəyanət idimi? Mən bu qədər nankor ola bilərdimmi? Bu təmtəraqlı tədbir-filan öz yerində, canım. Gedək görək bizi tanıyacaqmı heç.
   
   Yəni elə bir gün əvvəl səhər tezdən küçə qapısının qarşısında maşından düşüb içəri keçirəm. Gözətçi məni tanımır, ancaq bir söz də demir. Sakitlikdir. Sabahsa buralarda səs-küydən qulaq tutulacaq. Yuxarı sinif şagirdləri yay macəralarından danışacaqlar, birincilər ata-analarına qısılıb ətrafı ürkək-ürkək seyr edəcəklər, müəllimlər artan maaşlardan... və qiymətlərdən söz salacaqlar. Mənim doğma məktəbim uzun sürən yay tətilindən sonra qollarını açıb övladlarını bağrına basmağa hazır mehriban anadır sanki. Oxşamaq, əzizləmək istəyəndə bu cür görünür. Üçmərtəbəli binanın yanlara uzanan ikimərtəbəli korpuslarını belədə elə doğmaca ana qollarına bənzədə bilərsən.
   
   Sakit və ləng addımlarla qarşı meydandakı büstə yaxınlaşıram. Qantəmirin büstüdür, məktəb onun adını daşıyır. Ətrafında elə 35-40 il bundan əvvəllərdəki kimi zərif gül-çiçəklər əkilib. Girişdəki foyeyə daxil oluram. Burada bir neçə xidmətçi qadın təmizlik-hazırlıq işləriylə məşğuldur. Salamlaşıram. Heç biri məni tanımır və heç nə də soruşmurlar. Direktorun otağı tərəfdəki pilləkənlərlə ikinci mərtəbəyə qalxıram. Bu qərib sakitlikdə gözümə dəyən hər şeyi acgözlüklə seyr edirəm. Müəllimlər otağına yaxınlaşıram. O müəllimlər ki, mənə dərs deyib, çoxu daha həyatda yoxdur. Tofiq müəllim, Əli müəllim, Hüseynəli müəllim, Anatoli müəllim, Murad müəllim, Safurə müəllimə, Aliyə müəllimə... İndi həyatda olanların da əksəriyyəti təqaüddə... Bir vaxtlar1400-1500 nəfər şagirdin təhsil aldığı bu nəhəng məktəb də əməlli-başlı sınıxıb, qocalıb sanki. Bəlkə...
   
   Həmişə daha çox bağlı olduğum əsas sinif otağımıza keçib ikinci sıradakı təxmini yerimdə əyləşmək istəyirəm. Qapı açılmır. Doğma sinifim məni qəbul etmək istəmir yoxsa? Səbəb axtarmıram, bəlkə də xeyirdəndir. O sırada, o yerdə əyləşib bir daha qalxmaya da bilərdim. Səhər dərs başlayanda uşaqlar qəfil sinfə doluşub saçları ağarmış bu qəribə adamı necə qarşılayardılar, onu öz sıralarına qəbul edərdilərmi?
   
   Ən çox bağlandığım ədəbiyyat, fizika, kimya kabinələrinə, kitabxanaya baxmaq istəyirəm. Zavxoz, yəni təsərrüfat müdiri mənim bu istəyimi həyata keçirir. O duyğuları ki, mən bu otaqlarda yaşayıram, etiraf edirəm, gücüm çatmır yazmağa. Xatirələrm də çox dalğındır. Özüm burdayamsa, ruhən keçmişlərdəyəm. Komsomol otağını da açdırmaq istəyirəm. Təəccüblə üzümə baxır. Tez də bu günlərə dönüb özümə gəlirəm. Nə bilsinlər ki, indiyədək yaşadığım ömrümün çox hissəsi bütün mənalarda qaytarılması mümkün olmayan tamam başqa bir dünyada qalıb. Məktəbin quruluşundan, dəhlizlərin, sinif otaqlarının divarlarından, çox-çox uzaqlardan hiss edilən tanış qoxusundan başqa heç nə o vaxtkı kimi deyil. Nələr olduğu kimi qalıbsa, o otaqları, o dəhlizləri, o ağacları xəlvətə salıb qucaqlamaq istəyirəm. O havanı, o qoxunu nəfəsimlə deyil, əllərimlə üz-gözümə, üst-başıma çəkmək istəyirəm. Görəsən mənə dəli deməzlər ki?
   
   Günahkar axtarmıram. Ancaq həm də nədən belə olur axı? Doğmaca məktəbim mənə tərəddüdlə, ürkək-ürkək üz göstərir. Məni öz varlığına birbaşa büsbütün ala bilmir. Xəyallarımız həmişəki tək isti, çırpıntılı duyğularla qanadlanmır. Bəlkə mənə belə gəlir? O məşhur "Sommersber" filmindəki uzunmüddətli həbsdən başqasının yerinə qayıdan oxşar adamın aqibətini yaşayıram yoxsa? Yoxsa bu sirli-sehrli məkan tamam başqa yerdədir, sadəcə burada o xatirələrdən ibarət nəhəng bir dekorasiya qurulub? Elədirsə bəs onda mən hansı roldayam? Yoxsa səssiz-səmirsiz bir monoloq...
   
   Arxa həyətə keçirəm. Futbol meydanı, qaçış cığırları, ətrafda sıralanmış ağaclar... Hamısı tanış və doğmadır. Sabah qarşı meydanı da, mərtəbələri də, elə bu sərbəst genişliyi də uşaqların tənəffüz zənglərinə yürüşləri canlandıracaq, şən səsləri dalğa-dalğa bir-birinə qovuşduracaq. Mən xəyalən bu uşaqların arasında o dəcəl, həm də müəllimlərinin sevimlisi olan çalışqan uşağı da axtaracam. Tapa biləcəyəmmi? Bunlar çox-çox uzaqlarda qaldı axı.
   
   Bağışla, doğma məktəbim...


YAZARIN ARXİVİ

2018-10-08 : PİS ADAM YOLDA
2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK