adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

BiR QUCAQ SABAH

VƏSİLƏ USUBOVA
30369 | 2012-09-15 00:13
Sən hələ bilmirsən gecələrin uzunluğunu. Hələ bilmirsən ki, "bəzən bir ömürdən də bir gecə uzun olur". Yaxşı ki, bilmirsən. Başını balışa atan kimi yatırsan. Gəlincikli, oyuncaqlı yuxular görə-görə. Qorxursan, diksinirsən, ağlayırsan, gülürsən yuxularda. Lap yaxınlıqda böyürtkən kollarının dibində ulaşan ac çaqqalları, qonşunun bəd itini, çəpərsiz həyətinizdən keçib bostana girən xalı atı görürsən... Hamısının sonu birdi: ayılanda bir dünya işıq görürsən, buludlu-buludsuz səma görürsən... Bütün bu gözəllikləri iri, qara gözlərinə yığa-yığa bütün günü geniş həyətinizdə atılıb-düşürsən, qaçırsan, bacı-qardaşlarınla, qonşunun küsəyən qızıyla dalaşa-dalaşa, küsüb barışa-barışa oynayırsan...
   
   
   
   Bu gündən
   
   çox şey dəyişəcək...
   
   Çox şeylər
   
   arxada qalacaq...
   
   
   
   Əlvida, gəlinciyim! Əlvida, oyuncaqlarım!... Sizsiz çətin olacaq mənə..
   
   Cırtdan da, Div də, Məlikməmməd də... Mikki Maus da, Kayu da, Rosi də...bundan belə onlara da böyük kimi, yuxarıdan aşağı baxacaqsan. Bəs, mənim Su pərisi, Qar adamı haqqında quraşdırdığım nağıllar necə? Yəqin onlara da inanmayacaqsan innən belə. Bundan sonra özün nağıllar quraşdırmağı öyrənəcəksən...
   
   İndi isə...qollarını geniş-geniş aç və bərk-bərk qucaqla bu sabahı. Səndən ötrü açılan sabahı. Bu sabahlardan çox olacaq hələ. Bir-birinə bənzəyəni də olacaq, ömürlük uşaq yaddaşında iz salanı da...
   
   Hər gün evinizin arxasından keçən torpaq yolla dərsə gedən uşaqlara qoşulacaqsan. Bu yol məktəbəcən olsa da, səni çox uzaqlara aparacaq. Biliklərə qovuşduracaq, cəmiyyətə qatacaq... Öyrədəcək, dəyişdirəcək, bəzən büdrədəcək, azdıracaq səni... Amandı, qızım, düz qabağa baxmağı öyrən. Bax, o böyürtkən kollarının budaqları kimi əlinə-ətəyinə ilişənlər çox olacaq. Bənd olma...
   
   Eh... sənə deyiləsi o qədər sözüm var ki,...Amma... hələ tezdi. Anlamazsan... Bir də, elə şeylər var ki, eşitməklə adamın qulağına girmir. Həyatın boz üzü anladır adama çox mətləbləri...
   
   Səni qoruya bilsəydim...
   
   Qara gözlərində maraq, sevgi aşıb-daşır... Qorxuram, ay qızım. Sevgilərə yer yoxdu bu dünyada. Çox zalımdı dünya. Adamları da insafsız, acımasız...Qarşılığını görəcəksənmi o baxışların?! Əgər görməsən?!... Çətin olacaq sənə... Çox çətin...
   
   
   
   ***
   
   Mən oxumaq istəyəndə o qədər əngəllər vardı ki... İndi o günləri düşünəndə nə qədər cahilliklərlə uğraşdığımıza təəccüb qalıram. Dünya dəyişib daha. "Qız nədi, məktəb nədi?" kəlməsini də çoxdan unudublar. Sənə heç kəs əngəl olmayacaq. Nə ata-anan, nə baba-nənən, nə də qohum-qonşular... Qibtə eləmək istəyirəm, amma içimdə bir nigarançılıq var: həyat sizə asan görünməyəcək ki?!.
   
   
   
   ***
   
   Amma... yaman çoxbilmişsən ha...
   
   İndidən gəlincikdən çox gəlinlikdən danışırsan... O gün aramızda olan söhbəti heç unutmuram. Nəyisə göstərib dedin:
   
   - Nənə, mən gəlin olanda bundan mənə alarsan...
   
   - Sən gəlin olanda mən çox qocalacam... Nə taqətim, nə pulum olacaq...
   
   Tez başınla təsdiqlədin:
   
   -Hə... öləcəksən. Mən də gəlinlik paltarında qəbrinin üstünə gələcəm...
   
   Sözlərin üşütdü məni. Elə bilirdim... Keçən il qardaşın dərsə gedəndə "Üçüncü sentyabr" adlı yazı yazmışdım. Sevimli Fəridə Rəhimli də mesaj göndərmişdi: "Arzu edirəm, sentyabrların sayı çox olsun!" Mən də belə istəyirdim. Deyirdim, hələ dördüncünü də yazaram... Hər dəqiqə, hər an- təkcə oyaqlıqda deyil, yuxularda da- yanınızda olan xəyallarımla, həmişə səksəkəli ürəyimlə uzun illər qorumaq istəyirəm sizi. Həmişə Tanrıya yalvarıram ki, siz böyüyüb ananıza dayaq, sirdaş olanacan mənə qıymasın. Axı, ananızın bacısı-qardaşı yoxdu... Bu namərd dünyada təkdi...
   
   
   
   ***
   
   Gəl, yenə məktəbdən danışaq, Zəhraciyim! Hələ yola təzə çıxırsan, axı... Bilmirəm, ömrü niyə yola bənzədirlər?... Hərdən razılaşmıram bununla. Ömür nəyə desən bənzəyir, yoldan başqa. Yol getmək həmişə xoşdu, maraqlıdı. Ümidlə doludu yollar, qarşıda işıq görmək gözləntisiynən doludu...
   
   İşıq gələn yerdə çox şeylər ola bilər...Ağıla gəlməyən gözəl-gözəl şeylər...
   
   Bəs, ömürdə necə?!.
   
   Varmı bu ümidlər, bu gözləntilər?!.
   
   
   
   ***
   
   Payız yelləri əsir, Zəhraciyim! Dünya gözəlliknən dolur. Təbiətin qızıldan qiymətli nəyi var ki... Onun da rəngini payıza verib... Qızıl suyuna çəkib yarpağını, çiçəyini, üfüqünü, səmasını...
   
   Yayın qızmarında yanıb qaralan sifətlərə də qızıl rəngi çöküb indi...
   
   Yarpaqların canına vəlvələ düşüb: nə qısa ömürdü bu? Yazda açıb payızda solmaq! Təkcə solmaqmı? Qopub düşmək, çürüyüb torpağa qarışmaq, ayaqlarda əzilmək... Gözəlliklə deyil ki... Həzin bir qüssəsi var payızın. Gözəlliyin payına düşən də ən çox qüssə, üzüntüdü elə...Dörd bir yanında tayını, bərabərini görməyən gözəl üzülməsin, neyləsin?...
   
   Gözəlliklərin əskik olmasın, ay qızım! Dörd bir yanını bürüsün! Bunlarsız çətindi yaşamaq...
   
   Oxu! Gəlin olmağa tələsmə hələ! Qoy mənim də ömrüm uzansın...

TƏQVİM / ARXİV