ANA SƏHİFƏ / YAZARLAR

ƏNVƏR ƏHMƏDİN ŞEİR DÜNYASI-2

ƏDƏBİ HƏYAT

19483    |   2012-09-15 00:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Poetik yaradıcılıqda əsl hünər təkcə lirik şeirlə bəlli olmur, epik qol-poema yaradıcılığı da şairin istedadını aşkara çıxarır. Dahi Füzulini təkcə ölməz qəzəlləri məşhurlaşdırmayıb. "Leyli və Məcnun" məhəbbət dastanı da ona dünya şöhrəti qazandırdı. Çoxəsrlik poeziyamızda epik mənzərə çox genişdir, elə keçən əsrdə-XX əsrdə ədəbiyyatımızın bir çox uğurları poema janrının nailiyyətləri ilə bağlıdır. Ənvər Əhmədin poeziyası ilə bağlı keçən yazımızda biz onun şah əsəri olan "Tərəkəmə" poemasından söz açdıq. Keçən il "Yazıçı" nəşriyyatında müəllifin "Tərəkəmə" də daxil olmaqla doqquz poeması ayrıca kitab halında çap olunmuşdur.
   
   Müxtəlif illərdə yazılsa və çap olunsa da bu poemaları birləşdirən bəzi məqamlar diqqəti cəlb edir.
   
   Fikrimcə: Ə.Əhmədin poemaları "poema-çağırış" və "poema-monoloq" xarakteri daşıyır. Yəni bu adları səciyyələndirərkən həmin poemaların həm məzmununu, həm hə bu məzmunun necə, hansı formada ifadə edildiyini nəzərdə tuturuq. Daxili nitq, eyni zamanda, çağırış, fikrin monoloq vasitəsilə ifadəsi bu poemaların ilk baxışda nəzərə çarpan cəhətləridir.
   
   "Daş qanı" və "Xarı bülbül" poemaları fikrimcə, Ənvər Əhmədin keçən əsrin 90-cı illərinin şair düşüncəsində əks olunan ictimai-siyasi hadisələrinin ən doğru poetik reaksiyasıdır. Diqqət yetirsək, hər iki poemada müxtəlif müraciət obyektlərinə üz tutulduğunu görürük. Ən yaxşı cəhət odur ki, buradakı xitablar, müraciətlər qətiyyən publisistik çalarlara bürünmür, bir yeni ahəngin işığında mahnıya, nəğməyə dönür:
   
   
   
   Sığınıb bir qara daşa,
   
   Yenib dərdliylə baş-başa,
   
   Batır gözündəki yaşa
   
   Xarı -Bülbülüm,Bülbülüm!...
   
   Saçına gül düzən əllər,
   
   Bu ağrıya dözən əllər
   
   Hanı Şuşalı gözəllər?!
   
   Xarı -Bülbülüm, Bülbülüm?...
   
   
   
   Əlim çatmır, ünüm yetmir,
   
   Canımdan bu ağrı getmir,
   
   Gözlərimdən əksin itmir,
   
   Xarı-Bülbülüm, Bülbülüm!..
   
   
   
   Qeyd edək ki, hər iki poemada o illərin kədərli, bədbin ovqatından doğan nostalji motivlər də diqqəti xüsusilə cəlb edir. "Mən Şuşaya necə gedim?!" ovqatı ilə "Mən Şuşaya qayıdacam!" nikbin sədası arasında təbii ki, fərqli, bir-birini inkar edən məqamlar nəzərə çarpır. Ümidsizliyi ümid və inam əvəz edir. Biz bunu 90-cı illər poeziyamızda da tez-tez hiss edirdik.O zamanlar vurulan yaralar çox isti idi, hələ soyumamışdı. "Tanrım, zülmün nə ağırdı. Məni əcəl tez çağırdı, Mən Şuşaya necə gedim?!" deyən şair elə bu şeirin ardınca yazır ki:
   
   
   
   Bir xülya yox, bu, inamdı,
   
   Bu, arzudu, bu, bir kamdı
   
   Ürəyimə bir hiss damdı
   
   Mən Şuşaya qayıdacam!
   
   
   
   Ümumiyyətlə, "Xarı bülbül" poemasının əsas tərənnüm obyekti və mən deyərdim, əsas qəhrəmanı Şuşadır. Şuşa təkcə tarix və gözəllik mənbəyi kimi tərənnüm olunmur, Şuşa varlığın mənası, həyatın, gözəlliyin yaranışı kimi nəzərə çarpdırılır.Baş bədəndən, ürək candan ayrılmadığı kimi şair də Şuşadan ayrılmağı təsəvvürünə gətirmir:
   
   
   
   Mən doğrandım o torpaqda,
   
   Ruhum itdi, çıxdı canım
   
   Şuşada!
   
   Mən kül oldum o torpaqda,
   
   Yandı-yandı xanimanım-
   
   Şuşada!
   
   
   
   Canım çıxsın, gözüm çıxsın,
   
   Səbrə dönüm o torpaqda.
   
   Şuşada!
   
   Qəbul etsə Qarabağım
   
   Bircə ovuc torpaq olum
   
   Qəbrə dönüm o torpaqda-
   
   ŞUgŞUgDA!
   
   
   
   Ə. Əhmədin poemalarında bu nostalji hisslər, bu bədbinlik çalarlarının varlığı tamamilə təbiidir. İnsan üçün ən qiymətli, varlığı qədər əziz nə varsa, onları itirdikdə belə bir vəziyyətə düçar olduğu təbiidir. İllər gəlib keçir, Qarabağ həsrəti isə bitib-tükənmir.Ənvər Əhmədi də mən Qarabağı sevən, onun otunu, çiçəyini, dağını, dərəsini Vətən bilən, bayatısıyla şair olan bir söz ustadı kimi tanıyıram.
   
   Elə güman etməyin ki, adlarını çəkdiyim poemalarda Ənvər Əhməd yalnız nostalgiya ilə yaşayır.Əlbəttə, böyük dərd özüylə bu dərdi zərrə-zərrə sənə içirməlidir, amma hər bir dərdin sonunda bir işıq görünməlidir. Ən acı məğlubiyyətin də sonu var, hər şey dəyişə bilər. Bir də ki, Qarabağla bağlı tarixi bir ənənə olub: hansı qəsbkar ora diş qıcayıbsa, torpağına göz dikmək niyyətinə düşübsə, onun məşum taleyi də sonralar məlum olub. Hərçənd ki, indi dünyada qüvvələr nisbəti heç də arzuladığımız kimi deyil, ölkələr var gözləri görə-görə həqiqəti yalan kimi qələmə verir, ya da onun varlığına göz yumurlar. Ancaq buna baxmayaraq Azərbaycan həqiqəti get-getə dünyanı, tərəqqipərvər mühiti bürüməkdədir.
   
   Ə.Əhmədin poemalarında biz doxsanıncı illərin poeziyasına xas olan publisistik tonu da görürük. Şair şeirinin poetik ahəngini itirməyərək, ictimai həyatda, respublikada, Milli Məclisdə, ziyalılar arasında baş verən hadisələri poeziyanın real həqiqət gündəliyinə çevirir, necə deyərlər, poeziyanın "dördüncü mikrofonu" işə düşür. Şairi milyonlarla insanların "Azadlıq" deyə haray çəkdiyi, bu harayla da dünyanın inqilab saatının yaxınlaşdığını xəbər verdiyi anlar düşündürürdü:
   
   
   
   Meydan cəllad kötüyü,
   
   başı kəsilən Vətən
   
   Ey Vətəni, milləti
   
   ürəkdən sevənim, sən.
   
   Niyə ayılmamısan,
   
   xalqın sənə sözü var,
   
   Meydan alov püskürür,
   
   qor altında közü var.
   
   O gecə bu millətin
   
   tarixin güllə yazdı,
   
   Bu xalqın məzarını
   
   tarixin özü yazdı.
   
   O gecə bir ölkənin
   
   saçlarına duşdu dən
   
   O gecə yüz il qədər
   
   qocaldın sən, ey Vətən!
   
   Qarabağ! Qaryağdı,
   
   Bülbül, Natəvan
   
   Yoxsan, Qarabağsız
   
   ey Azərbaycan!
   
   
   
   "İttiham" poemasına gəlincə deyə bilərəm ki, bu, Ənvər Əhmədin 90-cı illər poetik düşüncələrinin və ümumiyyətlə, onu düşündürən problemlərə münasibətin yekunu kimi səslənir. Artıq ilk poemalarındakı minor motivlər, nostalji hisslər, müəyyən dərəcədə bədbin notlar get-gedə aradan qalxır. Bu, Azərbaycan ziyalısının 90-cı illərdəki evolyusiyası idi. O artıq mübarizə və qalibiyyətin yollarını düşünür, bunun da ancaq döyüş yolu ilə başa gələcəyinə inanır:
   
   
   
   Vətən düşübdür qana,
   
   Hərə çəkir bir yana.
   
   Bunlar mənə deyir ki,
   
   torpaq əsir olanda
   
   Silah uyumaz qında.
   
   Sən də ey əsgər oğlan,
   
   qaldır, qaldır başını.
   
   Qarışdır od-alovla milli
   
   qan yaddaşını.
   
   Şairlərin adından
   
   Sənə əmr edirəm mən,
   
   yar düşmənin bağrını,
   
   Çək millətin canından
   
   bu dəhşətli ağrını.
   
   Zaman bizi səsləyir
   
   bütöv bir can olmağa!
   
   Azərbaycan olmağa!
   
   
   
   Mən Ənvər Əhmədin poemaları haqqında söhbəti yenə uzada bilərəm. Deyə bilərəm ki, onun yaradıcılığında lirik poema janrı üstünlük təşkil edir və səciyyəsinə görə bu poemalar öncə qeyd etdiyimiz kimi "poema-çağırış" xarakteri alır. Yəni onun poemalarında müəyyən bir hadisənin təsviri və ya xronikası olmur. Poemalarında lirik və publisistik düşüncə axarı üstünlük təşkil edir. Şairin hissi, həyəcanı, duyğu və düşüncələri ilə yanaşı ölkədə, məmləkətdə baş verən ictimai-siyasi, qanlı-olaylı hadisələrin də əks-sədası ilə qarşılaşırıq.
   
   Ənvər Əhmədə poetik yaradıcılıqda, xüsusilə epik poeziya yollarında uğurlar arzulayırıq!


YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK