adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

BiR DAHA QiBTƏ HAQDA

OQTAY SALAMOV
25803 | 2012-09-15 00:13
Bir müddət öncə "Qibtə" adlı yazı yazmışdım. Qızıma məktub formasında yazmışdım. Bir növ didaktiv yazı təsiri bağışlayırdı. İndi yazını oxuyuram, mənə elə gəlir ki, qibtə mövzusuna mütləq qayıtmalıyam. Ən azından özüm üçün dəqiqləşdirməliym ki, bu hiss mütləq neqativ hiss kimi qiymətləndirilməməlidir. Çalışaram ki, fikirlərimi əsaslandıram.
   
   Əvvəlki yazıdan iki məqamı sitat gətirirəm. " Qibtəyə münasibətdə qarşında iki yol duracaq. Əgər öz həyatını sakit və xoşbəxt görmək istəyirsənsə başqalarının uğurlarına sevinməyi öyrənməlisən.Bu deyilən qədər də rahat iş deyil. Əvvəlcə sakit, ən yaxşısı isə sevinclə qəbul etməyi öyrənməlisən ki, rəfiqənin gəlinciyi daha gözəldir, ayaqqabıları daha dəblidir, saçları daha uzundur və s".
   
   İkinci məqam qibtənin sənə yönəlməsi momentidir. "Amma qibtənin ikinci tərəfi də var. Sənə qibtə edə bilərlər. Və bununla, sənə qibtə etməklə sənin arzularını, planlarını həyata keçirməyə mane olarlar. Belə olanda mühüm olan odur ki, bu qibtədən qorxmayasan. Daha mühüm olanı isə odur ki, başqalarında olmayanların səndə olması səni özündənrazı eləməsin, özünün üstün olmağını nümayiş etdirməyəsən, başqaları ilə özün arasında qeyri-bərabərlik yaratmayasan. Unutma ki, sənin yanında elə adamlar olacaq ki, səninki kimi gözəl gəlinciyi olmasın, dəbli ayaqqabıları olmasın, daha nələrisə olmasın. Özünün layiqsiz hərəkətinlə adamlarda qibtə hissi yaratma, öz üstünlüklərini nümayiş elətdirmə. Başqalarını alçaltmaqla ucalmaq üzüaşağı aparan yoldur!..."
   
   Qızıma deyirdim ki: "Qibtə! Sən bu hissi mütləq tanıyacaqsan. Bu sözün rus variantında (zavist) bir "asılılıq" çaları var. Sən bu hisslə tanış olanda nə qorx, nə də təəccüblən. Bu hiss ona görə gəlir ki, adamın ona münasibətini müəyyənləşdirməsi lazım gəlir. Daha dəqiqi isə, adam seçim eləsin ki, bu hissi özünün həyatında yaradıcı, yoxsa dağıdıcı istiqamətə yönəldə bilsin".
   
   Qibtə hissini hamı yaşayır. Düzdür, bu və ya digər səbəbdən yaşanan bu hissi çox hallarda adam özünə də etiraf etmək istəmir. Amma əslində bu normal, başadüşülən, təbii hissdir. Özü də neqativ hiss də deyil. Əlbəttə, ona özün üstə boy göstərməyə imkan versən, qibtə dağıdıcı, boşaldıcı hissə çevrilə bilər. Amma hətta məhəbbətin özü də adamın üzərində hakim kəsilərsə, elə o da dağıdıcı hissə çevirilə bilər.
   
   Amma əgər özümüzə nəzarət edə bilsək, elə həmin qibtə bizi böyük işlərə yönəldə bilər. Adətən biz o vaxt qibtə hissini yaşayırıq ki, bizim ətrafımız bizə maraqlı işdə uğur qazana bilir, amma bizdə bu alınmır. Fikir vermisinizsə, tanımadığımız adamların, uzaq ulduzların pulları, gözəlliyi, istedadı bizdə yandırıcı qibtə yaratmır. Etiraf edək ki, tutaq ki, bizim həmkarlarımızın maaşlarını artıranda, bir dostumuz varlı qızla evlənəndə, daha çox da bir qadının varlı kişiyə gedəndə rəfiqələrinin qibtəsi daha sərt və ağrılı qibtə yaradır. Bilirəm ki, hətta dostlarım arasında da bu fikirlə razılaşmayanlar olacaq. Elə məni tanıyanlar da qibtəyə uymayan olduğumu bilirlər. Amma bu təkcə mənim qənaətim deyil. Psixoloqların gəldiyi nəticədir.
   
   Xarici psixoloqlar qibtəni neqativ hiss kimi saymırlar. Onların fikrincə, qibtə o vaxt meydana çıxır ki, adam özünü başqaları ilə müqayisə edir və bu başqası adamın özündən daha yaxşı olur. Qibtə şkalasında iki dəyişilən ifratçılıq qara və ağ kənarlar sayılır. Davranış sahəsi üzrə mütəxəssislərin fikrincə, qara qibtə mənfi və ağrıdıcı hissdir ki, bu hiss qeyzə və özünüməhvə gətirib çıxarır. Bu hissi yaşayanlar elə sayırlar ki, onlarla ədalətsiz davranırlar. Qibtənin bu növü adətən uşaq yaşlarında yaranır. Bu hiss xroniki keyfiyyətsizliyə və insafsızlığa gətirib çıxarır. Nəhayətdə qara qibtə adamın özünə qarşı yönələn dağıdıcı nifrətə çevrilir.
   
   Bunun əksinə olaraq ağ qibtə dopinq təsiri yaradır. Bu hiss adamı qanadlandırır, bu hissi yaradan şəxsiyyət adamın oxşama obyektinə çevrilir. Belə adam başqasının uğurlarına görə əziyyət çəkmir, əksinə, adam başqasına heyran olur ki, bu da adamı aktivləşdirir. Beləliklə, ağ qibtə dəyişiklik arzusu və yaradıcılıq fəaliyyətini stimullaşdırmaq rolu oynayır.
   
   İndi isə psixoloqların qara qibtəni dəf etmək üçün məsləhət gördüyünü nəzərinizə çatdırım:
   
   Etiraf edin ki, qibtə edirsiniz. Bunu etmədən qara qibtəni dəf edə bilməzsiniz.
   
   Qibtə etdiyiniz adamla danışın. Ola bilsin ki, siz uğurun tərs üzü kimi olan stress və bir çox məhrumiyyətlər haqda öyrənərsiniz ki, bu da qətiyyən qibtə hissi yaratmaz.
   
   Özünüzü başqaları ilə müqayisə etməyin mənası yoxdur. Adam ki, daim başqalarının uğurlarını izləyir, o adam yaddan çıxarır ki, öz məqsədləri üçün mübarizə aparmalıdır. Bundan başqa, əgər enerjiniz başqalarının izlənməsinə və şikayətlərə sərf olunucaq, öz arzularınız təmin olunmamış qalacaq.
   
   Aydınlaşdırın ki, nəyə qibtə edirsiniz; belə bir hissi siz necə əldə edə bilərsiz.
   
   Fikirləşin ki, bunun üçün siz nə edə bilərsiniz!
   
   Gücünüz çatmayan işlərə girişməyin. Özünüzdə məhz sizin güclü olduğunuz cəhətləri tapın ki, bunlar başqalarının məziyyətlərindən daha vacibdir.
   
   Deyəsən çətin oldu axı...

TƏQVİM / ARXİV