adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Avqust 2015 15:13
3486
MƏMLƏKƏT
A- A+

Saxta məktəbli forması istehsal edən sex bağlandı

Fiziki şəxs Abbasova İradə Əli qızına məxsus tikiş sexində məktəbli formalarının istehsalı və satışı qadağan olunub. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitənin yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, M.Vəkilov küçəsi, ev 2 "B” ünvanında fəaliyyət göstərən fiziki şəxs Abbasova İradə Əli qızına məxsus tikiş sexində aparılmış dövlət nəzarəti zamanı "Uluxanlı” nişanı ilə istehsal olunan geyimlərin təhlükəsizliyi, keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarıldığı, istehsalın texnoloji təlimat olmadan həyata keçirildiyi, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi qeyd olunub.

Aparılmış araşdırmalar zamanı tikiş sexində başqasının əmtəə nişanından qeyri-qanuni istifadə edərək xeyli miqdarda məhsul istehsal olunması da müəyyən edilib. Müəssisədə üzərində "Bakı Tikiş Evi” ASC-yə məxsus "BTE” əmtəə nişanı olan düymələr, etiketlər və hazır məhsullar aşkar olunub.

Araşdırmaların nəticəsi olaraq fiziki şəxs Abbasova İradə Əli qızına məxsus tikiş sexində məktəbli formasınin istehsalı və satışı qadağan edilib və İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək müəssisə rəhbəri cərimələnib.

Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası standart (ГОСТ 25294-2003 "Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri" standartı) əsasında müəssisələr tərəfindən hazırlanıb və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir. Texniki şərtlərdə məhsulun keyfiyyətinə olan məcburi tələblər, şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri əks olunmalıdır.

Məhsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməli və Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən sertifikatlaşdırılmalıdır.

Hazırda respublikada 2 müəssisənin – "Bakı Tikiş Evi” ASC və "Bakı Tekstil Fabriki” MMC-nin istehsal etdiyi məktəbli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb.