adalet.az header logo
  • Bakı 18°C

iran inqilabına aldanan zair: Səhənd

31602 | 2012-09-14 00:16
1926-cı ildə Azərbaycanın qədim elm və mədəniyyət mərkəzi olan Marağa şəhərində anadan olub. Əsli Qaraçorlu (Göytürk dövlətini yaradan Aşina oğulları dəmirçi idi və onların iki tayfası xüsusi qılınc buraxırdı. Hər tayfa da istehsal etdiyi qılınca öz adını vermişdi. Tayfalardan birinin adı "Bilgətəkini", digəri isə "Qaraçori" idi. Hər iki tayfanın nişanı buraxdıqları qılıncın üstündə xüsusi şəkildə həkk olunurdu. Göytürk imperiyasının sərhədləri Azərbaycanı da əhatə edirdi. Bulud Qaraçorlunun nəsli Göytürkləri yaradan həmin Qaraçori tayfasına gedib çıxır.) tayfasına mənsub idi . Valideynləri haqda Səhəndin təbirincə desək, atası "əyri-üyrü bir xətlə öz adını cızmalardı, tayfada ağ-qaradan başı çıxan təkcə anası idi ki, o da düz-qələt, fəqət Quran oxuyardı". Azsavadlı zəhmətkeş ata və anasının oxşamaları, nağılları, söhbətləri, öyüdləri onun qanına, yaddaşına hopur, elini, ulusunu sevən bir gənc kimi yetişdirirdi.
   
   İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır. Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə - 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir.
   
   
   
   Milli hərəkatın fəal üzvü
   
   
   
   O, milli hərəkatda fəal iştirak edir. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi. O zaman Azərbaycan Amerika, Böyük Britaniya və Sovetlər Birliyi kimi iri dövlətlərin siyasi, iqtisadi maraqlarının toqquşduğu bir məkan olduğundan Şərq və Qərb qarşıdurmasının sınaq meydanına çevrilmişdi. Beləliklə, dünyanın başı üzərini yeni bir fəlakət - III Dünya müharibəsinin başlanması təhlükəsi almışdı. Yaranmış təhlükəni aradan götürmək üçün bu iki qarşıdurmanın meydanına çevrilmiş üçüncü tərəf qurban verilməli idi. Bu qurban isə hələlik ilk müstəqil addımlarını atan və zəngin mədəniyyətə, geniş coğrafi əraziyə, böyük neft ehtiyatlarına malik olan Azərbaycan oldu...
   
   Uzun illər Azərbaycan Milli Hökumətinin super dövlətlər arasındakı siyasi oyunlara qurban verildiyi siyasətçilər tərəfindən açıqlanmır, məxfi saxlanırdı. Bəzən siyasətçi və tarixçilərin açıq söyləyə bilmədiyini yazıçı və şairlər boynuna götürüb ədəbi üsullarla xalqa çatdırmağa nail olurlar.
   
   Ömrü xalq və Vətən uğrunda mücadilələrdə keçən, bu yolda həm qələmi, həm də tüfəngi ilə çarpışan Səhəndin şeirlərində siyasi hadisələrin gedişi ilə bağlı bir növ "xoruzun quyruğu" görünürdü:
   
   
   
   Gərəkdir Şərqdə boğula bu səs,
   
   Deyə köhnə dünya verdi əl-ələ.
   
   Londonda başladı gizli hərəkat
   
   Vaşinqtondakı qoşun, tədarükat
   
   Xəlicə yollandı hərbi gəmilər.
   
   Tarixdə vətənə, hədəfə yola
   
   Can qurban edənlər heç də az deyil...
   
   Amma bir millətin qurban olması
   
   Tarix göstərməmiş heç vaxt, heç zaman
   
   Qoy bir də söyləyim dünyalar bilsin,
   
   Sülhə qurban oldu bu Azərbaycan?!
   
   
   
   O illərdə yaranmış Birləşmiş Millətlər Təşkilatının ilk həll edəcəyi münaqişəli problem Cənubi Azərbaycan məsələsi olur.
   
   
   
   İşğaldan sonrakı şair həyatı
   
   
   
   Qısa bir müddətdə istiqlalını yaşayaraq çiçəklənib dirçələn diyar yenidən zindana çevrilir. Səhənd hayqıraraq xalqının başına gətirilənləri bütün dünyaya çatdırırdı.
   
   
   
   Qarğış zəmanənin qanunlarına,
   
   Qarğış ürəkləri ayıranlara
   
   Qarğış insanları qəfəsə salıb
   
   Bəşər hüququndan dəm vuranlara.
   
   
   
   Milli Hökumət qan içində boğulduqdan sonra onun qurucularına, müdafiəçilərinə divan tutuldu, bir çoxu dar ağaclarından asıldı, sağ qalanlar zindanlara atıldı, vətəndən sürgün olundu. Milli Hökumətin süqutundan sonra Azərbaycan dilində mətbuat və kitab nəşrinə qadağa qoyulduğu üçün 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində gizli çap olunan nəşriyyələr ana dilinin qorunmasında böyük rol oynayırdı. O dövrdəki əsərlərin əksəriyyəti zindanlarda, sürgünlərdə yazılır, gizli yollarla çoxaldılıb xalq arasında yayılırdı. Təsadüfi deyil ki, o zamanlardan başlamış, ta 1978-1979-cu illər İran inqilabına qədər ölkədə Azərbaycan türkcəsi ilə çap olunan kitablarda çap yeri və ili göstərilmirdi. Bulud Qaraçorlu Səhəndin 1951-1953-cü illərdə zindanda yazdığı "Araz" və "Xatirə" poemaları da elə bu əsərlərin sırasındadır. Bu iki əsərdə 1945-1946-cı illərdəki milli-azadlıq hərəkatı və onunla bağlı arzuları, ümumiyyətlə xalqın azadlığı ilə birgə fikirlərini bədii dillə qələmə almışdı.
   
   Pəhləvi şovinizminin fars dilini silah gücünə qafalara yeritmək siyasəti ilə heç cür barışa bilməyən üsyankar şair "Yasaq" şerində yazırdı:
   
   
   
   Taleyimə sən bax!
   
   Düşüncələrim yasaq,
   
   Duyğularım yasaq,
   
   Keçmişimdən söz açmağım yasaq,
   
   Gələcəyimdən danışmağım yasaq.
   
   
   
   Bütöv Azərbaycan aşiqi
   
   
   
   Səhənd 1967-ci ildə ilk dəfə dünya şöhrətli alim-şərqşünas Rüstəm Əliyevlə tanış olur. Professor vasitəsilə bu taydakı qan qardaşları ilə əlaqə yaradır. Onlara şeir ərməğanlarını göndərir. Əvəzində bir-birinin ardınca M.Rahim, S.Rüstəm, B.Vahabzadə, Qabildən və başqa şairlərdən cavab mənzumələri gəlir. Özündə iki qardaşın nisgil və həsrətini daşıyan bu çoxsaylı məktublar onun poetik ərməğanlarının bir silsiləyə çevrilməsinə səbəb olur. O, Rüstəm Əliyevə xitabən yazdığı "Üçüncü ərməğan" şerində hakim Pəhləvi reciminin qədim və zəngin tarixə, ədəbiyyata malik olan xalqın dilinə qarşı apardığı qadağa siyasətini pisləyirdi:
   
   
   
   Zöhhaklar, fironlar, hitlerlər dünyada,
   
   Neyləsə, neyləsə, neyləsə, neyləsə,
   
   Açgilan tarixi, varaqla, baxqılan,
   
   "Dilində danışma!" demədilər bir kəsə.
   
   
   
   Şairin yaxın dostu Gəncəli Səbahi Səhəndi Vurğuna oxşadırdı. Bu çox yerinə düşmüş bənzətmə idi. Səhənd həm zahirən, həm də daxilən S.Vurğuna bənzəyirdi. Səhənd özü dahi şairin pərəstişkarı idi. Elə şerlərində də onun təsiri hiss olunurdu. O da S.Vurğun kimi 30-cu poetik şeir üslubunu davam etdirirdi. O, tək S.Vurğunun deyil, ustad Şəhriyarın, görkəmli söz ustalarımız M.Ə.Sabirin, M.Ibrahimovun, S.Rüstəmin əsərlərindən bir örnək kimi istifadə edib, formalaşmış ədəbi aləmdə özünəməxsus yerini tapmışdı.
   
   
   
   İslam inqilabına aldanan şair
   
   
   
   1978-1979-cu illər İran inqilabının qələbəsindən ruhlanan şair Xomeyni hakimiyyətinin Cənubi Azərbaycanda milli problemləri həll edəcəyinə inanmış və Xomeyninin hakimiyyətə gəlişini alqışlayaraq ona "İmama salam" şerini həsr etmişdi. Şair hətta Xomeyninin "nə sağa, nə sola, islama" şüarını nəzmə çəkməyi də vacib saymış, ruhanilərin hakimiyyətə gəlməsindən sonra azərbaycanlıların da öz milli haqqlarına qovuşacağına ümid etmişdi. Ömrü "bağlı döyüşlərdə keçən" əyilməz Səhənd özünə cəbhədaş adlandırdığı, "Əlinin xələf oğlu" deyərək öyündüyü Xomeyninin onun ümidlərini doğrultmadığını, "şöhrəte-ədle islam"ın quru söz olduğunu və bir vaxtlar "dodaq danışarsa od tutar yanar, gərəkdir zəxmələr-əllər söyləsin" deyən şair artıq hakim rejimin təkcə ana dilində sözə deyil, saza, musiqiyə də qadağa qoyduğunu görmədən öldü.
   
   Səhəndin başqa bir əsərində - 1978-ci il 29 Bəhmən üsyanına həsr etdiyi şerində öz təbəddülatlarını, daxili tərəddüdlərini dilə gətirməsi də diqqəti çəkir:
   
   
   
   Bilmirəm, ağlayım, bilmirəm gülüm,
   
   Bilmirəm, açılıb, ya solub gülüm.
   
   Danışmağa tutmur ağzımda dilim,
   
   Axı, dostlar, mən Təbrizdən gəlmişəm...
   
   
   
   Ömrün qürubuna doğru
   
   
   
   Ömrünün son aylarında böyük ürək yanğısı ilə yazdığı bu poetik parçalar Səhəndin son üç ildə üzə çıxarılan şeirlərindəndir. Zaman-zaman türklərə qarşı gah gizli, gah da açıq dövlət səviyyəsində aparılan təbliğat, repressiya, terrorlar az da olsa, təsirsiz qalmamışdır. Fədakar şair xalqın azadlıq hərəkatındakı məğlubiyyətinin bir səbəbini də milli ruhun zəifliyində, milli təəssübsüzlükdə görürdü. Şair söndürülmüş milli ruhu və şüuru oyatmağa çalışırdı.
   
   
   
   Bu şərəf, bu şövkət, bu qüdrət, bu şan
   
   Busa, doğrudan da, bizə ar olsun.
   
   Həyatın amansız bir qanunu var,
   
   Təəssübsüz bir millət gərək xar olsun.
   
   
   
   Türkçülük avazı ilə yazıb-yaradan şair bu gün türkoloqların ən aktual mövzusuna çevrildiyi 12 türk soyuna 40 il öncə şerində abidə ucaltmışdır:
   
   
   
   Daşdan-daşa çaldım ürək çaxmağın,
   
   Bağrımı qov edib, tonqal yaxmışam.
   
   Alışdırıb elin sönən çırağın,
   
   Gecənin bağrına məşəl taxmışam.
   
   
   
   1979-cu ildə Səhəndin qəfil ölümü Azərbaycan xalqını sarsıtdı. Bütün ömrü boyu xalqının azadlığı uğrunda çalışan şair, inqilabın xalqa verdiyi nisbi yenilikləri görmədən öldü. İrandakı Azərbaycan ziyalılarını öz ətrafında toplayan, Azərbaycan Cəmiyyətinin fəallarından olan Səhənd o zaman onun orqanı olan "Varlıq" jurnalının ilk sayını görə bilmədi. Dərgi elə 1-ci sayını ilk baharda dünyasını dəyişən Səhəndin xatirəsinə həsr etdi, sonrakı saylarda isə çap olunmamış əsərlərdən örnəklər verdi. Səhəndin qələm dostlarının ona həsr etdiyi şeirlər ədəbiyyatımızı zənginləşdirdi. Şairlərdən ustad Şəhriyar, Sönməz, Coşğun, Müzəffər, Əli Təbrizi və başqa şairlər ona şeirlər ithaf etdilər. Tanınmış şair Sönməz yazdığı şeirin elə 1 misrasında onun haqda çox şey söyləyirdi:
   
   
   
   O yaltaqlanmadı, məcaz yazmadı
   
   Özün itirmədi, yolun azmadı.
   
   Vətən xatirinə, dil xatirinə
   
   Dastanlar yaratdı, nəğmələr qoşdu.
   
   
   
   Onun haqda həmçinin ədəbi yazılar, xatirələr çap olundu. Bu yazı və şeirlər də Səhəndin həyatında, yaradıcılığında qiymətli sayılan keyfiyyətləri önə çəkirdi.
   
   Bu istedadlı şair hələ də mükəmməl tədqiq olunmamış, xidmətləri obyektiv dəyərləndirilməmişdir. Sabir Səhənd ancaq ana dilində yazırdı və bu yolda nə qədər təqiblərlə, təzyiqlərlə üzləşsə də heç bir qadağa, maneə onu yolundan döndərə bilmirdi. Əsərləri çap olunmadığından geniş oxucu kütləsi də Səhəndi olduğu kimi tanıya, qiymətləndirə bilmirdi. Səməd Behrəngi bu məsələyə diqqəti cəlb edərək yazırdı: "Şəhriyar "Heydərbabaya salam" əsəri ilə bütün Şərqdə yaxşı tanındığı halda Səhəndin xidmətləri diqqətdən kənarda qalmışdır".
   
   Mənbə:
   
   Bulud Qaraçurlu Səhənd. "Dədəmin kitabı". Stokholm, 2006.
   
   Pərvanə Məmmədli. "Cənubi Azərbaycan mətbuat tarixi". Bakı, 2010.
   
   

TƏQVİM / ARXİV