adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Saçlarım kimi dağınıq...

12314 | 2012-09-08 06:43
Günəş soyuqqanlı olmağa başlayıb. Yağış yağır, külək əsir, adamlar yavaş-yavaş yayın qınından sıyrılıb çıxır. Bu, o deməkdir ki, biz sonbaharı qarşılayırıq. Gözəl addır sonbahar. Mən bu sözü eşidəndən "payız" ifadəsini unutmuşam. Təbiətin oyanıb paltar geyinən vaxtı ilkbahar, paltarını soyunub hücrəsinə çəkildiyi vaxt isə sonbahardır.
   
   Sonbahar gəlir... Ağacların saçlarını küləklər yolur. Xatirələr təbiətlə harmoniya yaradır. Xəzana dönmüş yarpaqlarda köhnə sevgilərimizi axtarırıq, yağış damlaları ruhumuzu üşüdür... Düşünürük, xatırlayırıq, kövrəlirik, bir sözlə elə təbiətin özünə oxşayırıq.
   
   Son baharı qarşılayırıq. Bir də tənhalıq adlı alın yazımızı oxuyuruq qızılı yarpaqların üzərində. Hələ bir də Vivaldinin "Autumn"u dinləməzmiyik??? Köçüb gedən quşların tənhalıq hüznü çökən yuvaları yığılmamış yatağımıza, daranmamış saçımıza bənzəyər. Buludlar yuyar bəzən göz yaşlarımızı. Sonra... küləklər qurulayar üzümüzü. Biz təbiətə qapanarıq. Təbiət olar evimiz. Qınamasalar, xəzəlin üstündə yatardı adam-sonbaharı bütün ruhuyla hiss etmək üçün.
   
   Payızda doğulmuşam. Sonbaharın övladıyam. Atamı, anamı gözləyərcəsinə gözləyirəm sonbaharı. Yaşımın üstünə yaş gəlməsi belə qorxutmaz məni. Oktyabrın 11-də özümü təbiətə həsr edirəm. Bilirsizmi, mən həmin gün sonbaharın orqazmını da hiss edirəm elə bil. Bu dərəcədə təbiətə heyran oluram. Sevirəm parklarda tək-tənha dolaşmağı, kədərlənirəm, kövrəlirəm. Ən gözəl sevgimi payızda yaşamışam. Fausto Papettinin "Emmanuel"i not-not qulaqlarımdan şütüyüb keçər, ruhumu dolaşar, xatirələrimi dayanacaq kimi seçər sonda. Mən həmin gün sonbahara təslim edirəm özümü. Ruhunu özündən çox düşünən adamların əksəriyyəti təbiəti, ilkbaharı, sonbaharı çox sevir. Sartrdan fərqli olaraq Kamyu cəmiyyətdən qaçmağı, təbiətə pənah gətiriməyi tövsiyə edirdi... Belə tövsiyələrə çox ehtiyacım var...
   
   İnsan təbiətlə baş-başa qalmağa da vaxt tapmalıdı, - düşüncəsindəyəm. Dünyaya gəldiyin gün gözlərini ilk bahara açmaqla xəzana açmaq arasında kəskin fərq olsa, gərək... Mənim ruhum doğulduğum gün buludlar kimi kövrəlib, payız yarpaqları kimi solub, bir sözlə təbiətin özünə oxşayıb. Yaşadığım sevgi, ayrılıq payıza təsadüf edib. Təsəvvür edin, ötən il həkimlərdən xahiş edib, oktyabrın 10-da xəstəxananı tərk etmişəm. Doğum günümü yarpaqlarla, tənhalıqla, kədərlə qeyd etmək üçün. Tənhalıq dolaşan parkda qarşılamışdım doğum günümü. Yəqin bir vaxt saralıb düşən yarpaqlar atama çatdırıbmış qız atası olduğunu.
   
   Sonbahar gəlir... Ağacları saçlarım kimi dağınıq, buludları gözlərim kimi nəmli, yolları, dağları, dərələri beynim kimi dumanlı, pərişan təbiət yeni sonbahar donunu geyinir yenə. Mübarəkdi...

TƏQVİM / ARXİV