adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

AKiF SƏMƏD

33789 | 2012-09-08 06:43
Bu payız da gəldi. Əslində bu nizam, bu düzgü Allahın pozulmaz qanunlarındandır ki, insanlar yer altında, göy üzündə xeyli nizamları pozsalar belə, təbiətin pozulmaz qanunları qarşısında çox acizdirlər.
   
   Beləcə, neçə-neçə aylar, illər ötüşdü, payızı qış əvəzlədi, qış yerini bahara təslim etdi, çox şey təzələndi, çox şey unuduldu. Unudulanlar olduğu kimi, unudulmayanlar da çox oldu...
   
   Akif Səməd unudulmadı. Heç kim unutmadı, heç kim unuda bilmədi mənim lopabığ arxadaşım Akif Səmədi...
   
   Görüşlərimizin birində çox hörmətli abimiz Aqil Abbas söylədi ki, Dəmirçioğlu, sənin "İnsan mənzərələri"-ni izləyirəm. Akiflə bağlı yazın xoşuma gəldi, sən Akifə bir də qayıt.
   
   Əslində biz Akifə hər gün qayıdırıq, Akif bizə qayıda bilmir. Daşa dönmüş bir ağac kimi yol qırağındaca bitib qalıb.
   
   
   
   ... Ağac yaxın, daş doğmadı,
   
   Adamdan Akif Səmədə...
   
   
   
   Heç kim unutmadı Akifi, daşa, daş ağaca dönüb yol qırağındaca bitəndən sonra adamlara daha yaxın, daha doğma oldu. Sevdalı müridlərindən olan Həmid Ormanlı, etibarlı dostları - Ramiz Hümbət, İbrahim İlyaslı, Etiram İnam, Nəvai və digərləri onun "seçılmış əsərləri"nin birinci cildini nəşrə hazırladılar, Nayma xanım Qaramanlı isə həmin kitabı mətbəəsində öz hesabına nəfis formada çap elədi.
   
   Yeri gəlmişkən bu xeyirxah İncəli xanımına mən də öz təşəkkürümü bildirmək istəyirəm. O,tək Akif Səmədin yox, bir neçə incəli şairlərinin kitabını, eyni zamanda mənim "Söz-söz açılan göy üzü" kitabımı da öz hesabına çap etmişdir.
   
   Akif Səmədlə mənim xeyli yaşanmış xatirələrim var. Onlardan bir neçəsini yazıb dərc etdirmişəm. Maraqlı olacaq deyib "Xoruz əhvalatı"nı da hüzurunuza təqdim etmək qərarına gəldim.
   
   Omrünün-günün ən maraqlı zamanını, yaradıcılığının qaynar, çılğın dövrünü yaşayan arxadaş, günlərin birində xəstələnir. Ürəyi Akif Səməd ağırlığına dözməyib, bir balaca çat verir. ( Fil ürəyi də dözməzdi ona). Həkimlər xeyli müalicədən sonra içməyi qadağan edir. Bir neçə ay həkimlərin məsləhətinə əməl edən şair, günlərin birində İncəliyə səfər edir. Dostlar, qohumlar, Akif sevərlər onu ziyarətə gəlirlər. Xəstəhal olduğu üçün müvəqqəti olaraq içmədiyini bilən dostlar, mümkün qədər içki məclislərindən uzaq saxlayırlar Akif Səmədi. Bir gün əmisi İmir, Akifgilə ismarıc göndərir ki, şeytanın ayağını sındırıb onlara da qonaq gəlsin. Akif də eləmə tənbəllik, axşamtərəfi əmisigilə təşrif buyurur. Həyət bacaya göz gəzdirən şair, "Maşallah İmir əmi, həyət-bacan toyuq-cücəylə doluymuş"- deyib dodaqaltı pıçıldayır. Qardaşoğlunu mehribanlıqla qarşılayan İmir əmi xoş-beşdən, kef-əhvaldan sonra qonağı içəri dəvət edir:
   
   - Ağrın alem, Akif, ayə eşitdim arada bir az xəstələnibsən. De görüm indi nətərisən, ağrın, ajın qalmayıb ki?
   
   - Sağ ol, ay İmir əmi, ürəkdi dana, arada şuluqluq eyləyir, sözümə baxmer.
   
   - Ayə, a qardaşoğlu, bu köpöğlunun ürəyi nağayrsın. Ayə, ona o qədərmi zulum ellersən. Ağrın alem, o zivildən az hörtdətsən. İndi həkimlər nə der? Eşitdiyimə görə içgini qadağan ediblər.
   
   Akifin fikri nazlı-nazlı cövlan eyləyən çil xoruzun yanında idi. Üzünü İmir əmisinə tutaraq bığaltı gülümsədi:
   
   - İmir əmi, maşallah yaxşı toyuq- cücələrin var. O çil xoruz da dərisinə sığmır. Gör bir nağayrersən, yaman içməyim tutub, istəyirəm səninlə əlli-əlli ataq, nə dersən?
   
   - Ayə, ay şair! Ayə öy-eşik sənə qurbandı, bu nə sözdü, keç içəri.
   
   Nolajax, qonum-qonşuya hay düşür ki, Akif Səməd gəlib. Qonşudan da bir-iki nəfər gəlir. Məclis düzənlənir, fətir, pendi, göy-göyərti gəlir, bir az ağnağaz edib çil xoruzun bişməsini gözləyirlər. Az keçməmiş üstü qurutdu xəngəl siniləri buğlana-buğlana süfrəyə gəlir. "Yəqin xoruz xəngəldən sonra gələcək" deyə fikirləşən şair xəngəli gırcınlayıb sinini bir tərəfə itələyir. Bir xeylı fasilədən sonra süfrə yıgılır, çay dəsgahı başlayır. Akif könülsüz-könülsüz çaydan bir qurtum alıb öz-özünə: " Demək belə, çıl xoruzu kəsməyə əlin gəlmədi. Bu mənə borc əlsun"- deyə pıçıldayaraq cibindən qələmini çıxarıb salfet kağızına nəsə qeyd edir...
   
   Bu məsələdən heç üç gün keçməmiş İmir əmiyə xəbər çatır ki, evin yıxılmasın, Akif sənin çil xoruzuna bir müxəmməs bağlayıb, aşıq Dilman da dastan edib bütün məclislərdə oxuyur.
   
   "Pahoo, yəqin məni biabır edib"- deyə düşünən İmir kişi ondan- bundan eşidir ki, xəsis İmir əmi kimi dillərdə dastan olub. Çox götür-qoydan sonra fikirləşir ki, Akiflə Dilmanı bir də evinə qonaq çağırsın. Çıl xoruzu kəsib dil-ağız etsin ki, indi də səxavətini qələmə alsın. Elə də edir. Kəndə gəlmiş şairlə aşığı evinə dəvət edir. Gözlərinin qabağında çil xoruzu kəsir. Məclis qurulur, İmir əmi üzünü aşıq Dilmana tutaraq:
   
   -Ayə, ağrınalem, o nə müxəmməsdi elə oxuduğun? Bir oxu görüm, şair bizim xoruza nə qoşub?- deyərək stəkanlara başı xamırlıdan süzməyə başlayır.
   
   Aşıq Dilman sazı köynəyindən çıxararaq zili-zil, bəmi- bəm edib, alır görək nə deyir:
   
   İmir əmi, göz dəyməsin,
   
   Nə yaraşer xal xoruza.
   
   Xəsis olma, keç pulundan,
   
   Göz muncuğu al xoruza.
   
   Fikir vermə bahasına,
   
   Qurban olsun pul xoruza.
   
   Yaman nazlı-nazlı gəzer,
   
   Darmı gəler yol xoruza?
   
   
   
   Səsi sanki, bülbül səsi,
   
   Baxçaya, bağa yaraşer.
   
   Lələkləri durna teli,
   
   Arana, dağa yaraşer.
   
   Yağın yaman qıt vaxtıdı,
   
   Qaymağa, yağa yaraşer.
   
   Gücümmü var dastan
   
   qoşam,
   
   Gözləri qumral xoruza.
   
   
   
   Biri iki yüz manatdı,
   
   Gözündən qoyma qırağa.
   
   Fərhadın iştahı iti,
   
   Çoxları düşüb marağa.
   
   Gördün ki, qaraltı gəler,
   
   Əl at silaha, yarağa.
   
   Bir him eylə poçt Məmmədə,
   
   Xəbər çatsın düz Qazağa.
   
   Yerli- dibli qurban olsun,
   
   Dər, təpə, yal xoruza.
   
   
   
   Qulağında qızıl tənə,
   
   Boynunda var boyunbağı.
   
   Geşdə çıxıb seyr edəndə,
   
   Bağlayın yolu-yolağı.
   
   Səhər-səhər quymaq verin,
   
   Axşam-axşam qayğanağı.
   
   Beçə- meçə, fərə- mərə,
   
   Baş əysinlər çil xoruza.
   
   
   
   Namazın ağzı sulaner,
   
   Qapıdan gələndə səsi,
   
   Xoruz ilə yüz vurmağa,
   
   Akifin də var həvəsi.
   
   Neçə gündü fəğan eylər,
   
   Saz əlində aşıq Məsi.
   
   Qonşu Musa boyun olub,
   
   Al-qumaşdan çul xoruza.
   
   
   
   Sən demə, müxəmməsdə adları çəkilən qonşular da məclisdəylərmiş. Hamı şaqqanaq çəkib guluşür. Özünü nə qədər sərt göstərməyə çalışsa da, İmir kişi də dodaq altı qımışır.
   
   -Akif, canınçün onda çox balacaydı, əlim gəlməmişdi. Ayə bir xoruz nə olan şeydi ki, məni biyabır edibsən el oba yanında? Bax xoruzu kəsmişəm, sən canın bu dəfə elə yaz ki, el-oba mənim səxavətimdən danışsın.
   
   -İmir əmi, sən xoruzun qızartmasını bəri elə, qalanıyla işin olmasın - deyib əlindəki zəri ovcunda firlayaraq, şaqqıltı ilə nərdin içinə tulladı. Bir tas, iki tas, üç tas, xoruzun əti gəlmədi ki, gəlmədi. Pıç-pıç, xısın- xısın düşür məclisə. Xəbər gəlir ki, xoruzun əti hlə bişməyib. Yenidən nərdə, dominoya başlayır məclis üzvləri. Gecə keçir, xoruz bişmir ki, bişmir. Məclis əhlinə aydın olur ki, xoruz beş illik xoruz imiş. Nəhayət iştahlar pozulandan sonra xoruzun əti gəlir süfrəyə. Akif budun birini dişinə çəkib, xeyli dartışdırır, bir tikə qopara bilmir. Üzünü İmir əmisinə tutub deyir:
   
   -İmir əmi, canın üçün bunun üzürü günahından betər oldu- deyib yenə əlini cibinə uzadır. Salfetqanın birini açıb yenə nə isə qeyd etməyə başlayır...
   
   Həə, mənim əzizlərim. Bu məsələ uzanır, yenidən bir həcv qoşma meydana gəlir. O zamanlar üçün boyük populyarlıq qazanır bu xoruz əhvalatı. Hansı evdə qonaqlıq düzənlənər, orada xoruz müxəmməsi sifariş olunar, hansı qapıda başıpapaqlı xoruz görsəydi kəsdirərdi, arkadaşımız Akif Səməd. Beləcə-beləcə qohum-əqrəbaların toyuqları xoruzsuz qalmışdı.
   
   Günlərin birində iş elə gətirdi ki, mən, Nəvai, aşıq Dilman Akif Səmədgilə qonaq gedəsi olduq. Akif otaqdan çıxana qədər xanımı Maisə xanım bizi qarşılayıb "xoşgəldin" elədi. Gözümüz həyət-bacada lovğa-lovğa firlanan çıl xoruza sataşdı. Üç dost bir-birimizə baxdıq. Sən demə, qapı ağzına çıxmış Akif bizim hərəkətlərimizə göz qoyurmuş:
   
   - Nə müştəri gözünnən baxersiniz, arkadaşlar? Olmuya ağzınız sulandı?- deyib lopa bığlarını sığallayaraq gülümsundü.
   
   - Ayə, qardaş, sən camaatda xoruz, beçə qoymadın qala. Az qalıb ki, adları qızıl kitaba düşsün - deyib Nəvai çil xoruza işarə etdi.
   
   -Kəsilməlidi!
   
   Mən dərhal qərar çıxardım. Dilman da mənim fikrimlə razılaşdı.
   
   -Akif, qərar qətidi, özümüzdə acımızdan ölürük, kəsməyi məndən.- deyib Nəvayi əlini əlinə sürtdü.
   
   Haxvəkili Maisə xanım Akifdən tez dilləndi:
   
   - Ay qardaşlar, belə o çil xoruz da, toyuqlar da sizə qurbandı, təki sizi kmi dostlara qismət olsun -deyib, xoruzu tutmaq istədi.
   
   -Elə şey ola bilməz - deyib Akif Maisə xanımı dayandırdı.
   
   -Başınız haqqı bir müxəmməs yazılmasa, bu məsələ baş tutan deyil. Duxunuz çatır üçünüzə bir müxəmməs yazın, xoruz qurbandı sizə - dedi.
   
   Məsələ qəlizləşdi, beləliklə xoruzun canı bu ölüm fərmanından qurtardı.
   
   Uzun çəkmədi. Günlərin birində Dilmana, Nəvaiyə xəbər göndərdim ki, müxəmməs hazırdı. Xəbər Akif Səmədə çatır ki, bəs nə durmusan, xoruzun müxəmməsi hazırdı.
   
   -Ola bilməz, - deyib cığallıq edir ki, gətirin oxuyun, xoşuma gəlsə xoruz istədiyiniz vaxt kəsiləcəkdi.
   
   Beləliklə Dilmangilə yığışıb xudmanı bir məclis qurduq. Keflərin durulan vaxtı Akif dilləndi:
   
   - Ayə bə hanı müxəmməsiniz, oxuyun görək nə yazıbsınız?
   
   Elə bu ara Dilman sazı sinəsinə basıb aldı görək nə dedi:
   
   
   
   Akif Səməd, insafa gəl,
   
   Nəzər sal öz xoruzuna.
   
   Bir müştəri gözüylə bax,
   
   Çətindi, döz, xoruzuna.
   
   Manatla yox, dollar ilə,
   
   Verərik yüz xoruzuna,
   
   Görən kimi qatarlandı,
   
   Sinəmdə söz xoruzuna.
   
   
   
   Sağ ol, yaxşı saxlayıbsan,
   
   Beş kilo gələr azınnan.
   
   Xatının Maisə xanım,
   
   Çox oynayıbdı nazınnan.
   
   Alxan coşar, meydan sular,
   
   Dəmirçoğlunun sazınnan.
   
   Yaman dilə-dişə düşüb,
   
   Dəyəcək göz xoruzuna.
   
   
   
   Bir him eylə, biz hazırıq,
   
   Rəssam Qafar, Nəvai var.
   
   İncəlidən Nazim gələr,
   
   Sumqayıtdan Məmməd İlqar.
   
   Bir az dil-ağız eyləsək,
   
   Dilman da bülleten alar.
   
   Kababçı özüm olacam,
   
   Düşəndə köz, xoruzuna.
   
   
   
   Xəsis olsan İmir kimi,
   
   İncəliyə hay salacam.
   
   Aşıq Sadığa söyləyib,
   
   Şöhrətə məktub yazacam.
   
   İlham, Dilman oxumasa,
   
   Mən aşıq Məmməd olacam,
   
   Biz yeməsək, kəfənliyə,
   
   Alacam bez xoruzuna.
   
   
   
   Söz tamama yetir,Akif ayağa qalxıb:
   
   - Xoruz halalınızdı, istədiyiniz vaxt gəlin. - deyib xoruzun halallığını verdi.
   
   Yeni il qabağı, dekabr ayının 31-də yığışdıq Akifgilə. Nəvainin Naxçıvanlı dostu Mahir müəllim də qonaq gəlmişdi. Belə qərara gəldik ki, xoruzu Mahir müəllim kəssin. Nəvai operator olaraq xoruzun kəsilmə mərasimini videolentə aldı. Mən də sözümə sadiq qalaraq kababçılığı öhdəmə götürdüm. Heç vaxt yaddan çıxmayacaq bir Yeni il şöləni qurduq Akif Səmədin ailəsində...
   
   Qeyd etmək istəyirəm ki, xoruz əhvalatı bununla da bitmədi. Bu əhvalatdan sonra xoruz qırğınları davam etdi, Məmməd İlqar çox bərkinsə də onun da qara xoruzu növbəti qurbanlardan oldu, xeyli müxəmməslər, qoşmalar, gəraylılar, hətta divanilər yazıldı. Şair dostumuz Rəfail İncəyurd söz verib ki, yazılanları toplayıb bir kitab halına salsın. Ona uğurlar, mənsə bu balaca xatirəmlə sizlərlə sağollaşıram, əziz oxucular.

TƏQVİM / ARXİV