adalet.az header logo
  • Bakı 13°C

ANGEDONiYA

VƏSİLƏ USUBOVA
28014 | 2012-09-08 06:43
Hərdən ömür insana o qədər uzun görünür ki...g Elə bil min illərdi Yer üzündə yaşayırsan. Üzücü, yorucu, məşəqqətli bir yol gəlmisən. Dayanmadan, nəfəs dərmədən... Elə taqətsizsən ki, gurultudan az qala partlayıb yerə töküləcək göylərə baxmaqçın başını qaldırmağa ərinirsən.
   
   Soruşana cavab vermək, yıxılana əl uzatmaq istəmirsən. Daha irəlini də görə bilmirsən. Fikrin keçmişdə qalıb. Keçmişini düşünəndə özünü dünyada artıq, gərəksiz sayırsan. Xəyyamsayaq bir asilik çulğayır qəlbini: "Mənsiz də dünyanın işi keçərdi..."Doğrudan da, nə verə bildim dünyaya? Axı gəlişimi gözləyənlər, varlığımdan nəsə umanlar vardı. Bəs, özümçün nə elədim? Nə vaxtdan yaşamağa başladım?! Hara qədər yaşadım?! İlk nöqtəm nə vaxt qoyuldu? O nöqtədən başlanan düz xətti niyə axıracan düz apara bilmədim?! Əyri-əyri, qırıq-qırıq elədim. Səhvlərim niyə bu qədər çox oldu? Nə qədər çox öyrəndimsə, bir o qədər çox səhv elədim. Nə qədər çox oxudumsa, səhvlərim də bir o qədər böyük oldu. Əgər oxumasaydım, öyrənməsəydim... Bəsit birisi olaraq daha rahat yaşardım bəlkə də... Hər deyənin ağzına baxardım, düşünmədən təsdiqlərdim. Əyrini də, düzü də... Haqqı da, nahaqqı da... Dünyanı bir rəngdə görərdim. Ağla qaranın, ucuzla bahanın, halalla haramın fərqini duymadan yaşardım. Bir azacıq da ağlım olsaydı, bildiklərimi də dilə gətirməzdim. Qoruyardım özümü. Nə qədər dayaz görünsəm, bir o qədər dərin sayardılar. "Oxumaqdan başı xarab olub" rişxəndi qədər ağrıtmazdı hər halda...
   
   
   
   ***
   
   Qorxu hissi də ölüb içində. Yox, cəsarətə oxşamır bu. Yoxluğa doğru addımdı var olmamaqla barışmağın ilkidi...
   
   Daha sevinə də bilmirsən. Əvvəllər heç olmasa dodaqların qaçardı, sifətinə bir işıq yayılardı. Sarı da olsa, zəif də olsa...
   
   Kimlər, nələr yordu səni?!
   
   Həyatı dərk etməmiş geridə buraxdın onu. Bir gün olmamaq, arzu olunmamaq, unudulmaq qorxusundan tükətdin özünü. Qabağa düşəydin barı...Sənə olunanları gözləməkdənsə, özün edəydin bunu. Qoy görsünlər, göynəsinlər, atmaq istədikləri daşlar qayıdıb özlərinə dəysin... Amma... həzz verməzdi sənə. Belə yaranmamısan. Sənlik deyil bunlar. Ancaq sevinməli, qürürlanmalı da deyil bu xislətin. Özünə yönəlikdi, özünə qəsddi, özünü məhvdi...
   
    Bir tanışım deyirdi: dünyaya gəlməmişdən olacaqlara məhkumuq biz! Özüm də hardasa oxumuşam: tale ona boyun əyənləri aparır, əyməyənləri sürükləyir... Nə yaxşı... Əzəldən bilsəydim, keşkə. Bəs ürəyimcə olmayana boyun əymək necə? Bu qədər asandımı? Gözüm, görür ağlım kəsir, axı. Aldadırlar, incidirlər, qəsd, xəyanət edirlər. Hələ bilmədiyim nələr edirlər. Necə qəbul edim, dözüm, dayanım?!...
   
   Bu ağrılar, bu üzüntülər hamısı Onun yoxluğundandı... Onun...
   
   
   
   ***
   
   Bir nəfər də çox axtarırdı Onu. Görmək istəyirdi. Boy-buxununu, rəng-rufunu ... Ətrini duymaq istəyirdi burnunda. Bilmək istəyirdi nədən qeybə çəkilib Yer üzündən. Kimdən soruşurdu təəccüblə baxırdılar ona. Başlarını bulayıb keçirdilər. Maraq öldürürdü onu: bu adamlar Onsuz, Onu görmədən necə yaşayırlar?! Yox, tapacaqdı Onu. Tapmasa, rahat olmayacaqdı. Axır ki, bir yolçudan öyrəndi yerini. Əlini uzadıb bir daxmanı göstərdi yolçu. Bax oradadı-dedi...
   
   Qapını döymədən içəri keçdi. Eybəcər bir qarı gördü qarşısında.
   
   -Bu sənsən?
   
   -Hə... Mənəm...
   
   -Niyə belə eybəcərsən? Yalan səndən gözəldi...
   
   -Bəs niyə axtarırdın məni?
   
   -Bilmək istəyirdim nədən bu qədər qorxurlar səndən. İndi başa düşdüm...
   
   -Başa düşdün? Get rahat yaşa...Adamlara deyərsən ki, Həqiqəti gördüm. Çox eybəcər idi...
   
   - Deyə bilməyəcəm. Heç kəs eşitməyəcək. Eşidənlər də inanmayacaq...Qoy onlar da axtarsın...
   
   -Kim axtarsa göndər mənim yanıma.
   
   -Yox! Göndərməyəcəm. Qoy inamla yaşasınlar. Elə bilsinlər ki səni axtarmağa dəyər...
   
   -Gözəl olmağımı istəyirsən? Yalana dönməyimi...
   
   -Yox!
   
   -Onda get. Arxana da baxma...
   
   Getdi. Daxmanın ağır havasından qurtulub ciyər dolusu nəfəs aldı. İrəlilədikcə ətrafı bərq vururdu, göz oxşayırdı.
   
   Hamısı yalan olduğuna görə...
   
   
   
   ***
   
   Nə ruhumun gücü, nə fantaziyamın itiliyi, nə də illüziyalarımın cazibəsi xilas eləmir məni. Ovuda bilmirəm qəlbimi. Çox şeylə razı deyiləm. Elə mənimlə razılaşmayanlar da çoxdu. Dilimə gətirmədiklərim gəmirir ürəyimi. İçimdəkiləri gizlətməkdən bezmişəm. Başa düşülməməkdən qorxuram...
   
   Qarşımda Güclünü görmək istəyirəm. Sinə dolusu nəfəs almaq, üz dolusu gülümsəmək, göz dolusu ağlayıb boşalmaq istəyirəm....
   
   
   
   ***
   
   Bu qəliz başlıq əllaməçilik deyil, oxucum. Çoxdan tutmuşdu bu söz məni. Angedoniya depressiyanın əkiz bacısıdı. Eyni olmasalar da, onları sevinc, xoşbəxtlik hisslərini duymamaq və yaşaya bilməmək bir-birinə yaxınlaşdırır. Angedoniya boşluqdan yaranır... Özünü ona təslim etdikcə... düşdüyün quyu dərinləşir...
   
   Angedoniya-"həzzsiz həyat" deməkdi...

TƏQVİM / ARXİV