"Napoleon ən güclü impulsu Jozefinadan alıb"

ETİBAR CƏBRAYILOĞLU
36496 | 2012-09-08 06:43
Yaxın günlərdə Azərbaycan tamaşaçısı Fransa imperatoru, əfsanəvi sərkərdə Napoleonu səhnədə görəcək. Müsahibimin bu məsələyə birbaşa dəxli var. Düzdü, Napoleonu Namiq Ağayev oynamayacaq. O, heç pyesin müəllifi də deyil. Amma Akademik Milli Dram Teatrında hazırlanan əsərə quruluşu məhz bu istedadlı rejissor verib.
   
   Müsahibədə Namiq Ağayev təkcə dünya tarixində iz qoyan Napoleondan danışmadı, başqa məsələlərə də toxundu. 50 yaşlı həmsöhbətimin düşüncələri, dünyaya baxışı ilə tanışlıq maraqlı olardı.
   
   - Namiq bəy, Napoleon bədii ədəbiyyatın ən çox müraciət etdiyi qəhrəmanlardandı. Teatrda, kinoda da dəfələrlə onun obrazı yaradılıb. Bir rejissor kimi tamaşaçılara bu tanış şəxsiyyəti necə təqdim etməyə hazırlaşırsız? Tam fərqli Napoleon görə biləcəyikmi?
   
   - Hələ uşaq yaşlarından məşhur tarixi şəxsiyyətlərin həyatı ilə yaxından maraqlanırdım. O zamanlar "Görkəmli adamların həyatı" silsiləsindən çap olunan kitabları dəfələrlə oxuyurdum. Napoleon bir imperator, sərkərdə kimi həmişə məni maraqlandıran tarixi qəhrəmanlardan olub. Onun haqqında yazılan bədii əsərlərlə, sənədli materiallarla tanış olmağa çalışmışam. Görkəmli Avstriya dramaturqu Ferdinand Bruknerin "Napoleon" pyesini oxuyandan sonra gördüm ki, müəllif bu tarixi şəxsiyyəti öz əsərində çox dolğun təsvir edib.
   
   Təbii ki, hər bir rejissorun öz yanaşması, yozumu olmalıdır. Şəxsən mən Napoleonun həyatını iki mərhələyə bölürəm. Birinci mərhələ onun romantik ideyalarla yaşadığı, Roberspyerçi olduğu, elmlə, fəlsəfə ilə dərindən maraqlandığı gənclik dövrdür. İmperator seçiləndən sonrakı illəri isə həyatının ikinci mərhələsi hesab etmək olar. Onun məğlubiyyəti də məhz bu dövrə təsadüf edir. Napoleon şəxsi mənafeyinə, maraqlarına görə öz ideyalarından imtina edir, kadr siyasətində kobud səhvlər buraxır və bir şəxsiyyət kimi onun faciəsi başlayır.
   
   Hər bir şəxsin ruhunun öz kimyası var və bu kimya onu həyatda yönləndirir. Bayaq qeyd etdim, hələ məktəbdə oxuduğum illərdən Napoleonun mürəkkəb həyatı, istedadlı savaşçı və dahi sərkərdə kimi özünü sübut etməsi diqqətimi çəkib. Bu gün məni Napoleonun sevgi hissləri, münasibətləri maraqlandırır. Bir rejissor kimi bu məsələyə həmişə önəm vermişəm. Sevgi hissləri dolğun və inandırıcı şəkildə göstərilən tamaşalara, filmlərə maraqla baxıram. Sevgi yeganə hissdir ki, onu səhnədə tam göstərmək olur. Napoleonla Jozefina arasında olan sevgi macəraları bütün dünyada bir əfsanə kimi dolaşır. Napoleon qazandığı qələbələrə görə bu qadına borcludu. Çünki o, ən güclü impulsu məhz Jozefinadan alıb.
   
   Kişi-qadın münasibətlərindəki təmiz və güclü sevgi hissləri həmişə olduğu kimi, bu gün də aktualdı. Mənim fikrimcə, xanımının xeyir-duası ilə hər səhər evdən çıxıb işə gedən hər bir kişi ruzi tapır.
   
   - Bütün bunlar yaxşıdı, qaldı əsas məsələ-bəs səhnədə Napoleonu kimə etibar etmisiz?
   
   - Tamaşada Napoleon rolunu Oqtay Mehdiyev oynayacaq. Mən onu Sumqayıt teatrından dəvət etmişəm. Çox istedadlı aktyordu. Rəhmətlik Vaqif İbrahimoğlu onu bir zamanlar "Yuğ" teatrının səhnəsində də sınamışdı. Oqtay təkcə zahirən Napoleona oxşamır, elə daxilən də onun kimi çılğın birisidi. Obrazı yaradan aktyorun emosiyaları inandırıcı olmasa, tamaşaçı heç vaxt ona inanmayacaq. Oqtayın bu rolun öhdəsindən gələ biləcəyinə əminəm.
   
   - Güclü heyəti olan Akademik Milli Dram Teatrında Napoleon roluna kənardan aktyor dəvət etmək məsələsi riskli addımdı. Düzdü, son vaxtlar bəzi tamaşalarda bu variantdan istifadə olunur. Hər halda Napoleon sıradan bir obraz deyil. Baş rolla bağlı seçiminiz söz-söhbətsiz ötüşməyib yəqin...
   
   - Seçimim teatr aləminə məxsus qısqanclıqla qarşılandı. Əslində mən buna normal baxıram. Çünki ortada iyrənc, aqressiv qısqanclıq yox idi. İlk məşqlərdən sonra truppa Oqtayı doğma bir adam kimi qəbul etməyə başladı.
   
   Akademik Milli Dram Teatrını bəzən kənardan qorxunc, intriqalarla dolu bir yer kimi təqdim etməyə çalışırlar. Bu teatrda böyüdüyümdən buradakı mühiti yetərincə yaxından tanıyıram, problemləri də yaxşı bilirəm. Bu gün teatrda yaradıcılıq atmosferi var. Bizim tamaşanın hazırlıq prosesi də bu ovqata uyğun gedir. İstər təcrübəli, istərsə də gənc aktyorlar birgə, bir komanda şəkilində məşqə çıxırlar. Təbii ki, belə bir yaradıcılıq atmosferinin formalaşmasında teatrın direktoru İsrafil İsrafilovun böyük xidməti var. Bu gün teatrda maraqlı, tamaşaçı rəğbəti qazana biləcək tamaşa hazırlamaq üçün heç bir problem yoxdu. Rəhbərliyin irad və təklifləri də tamaşanın daha uğurlu alınmasına xidmət edə bilər. İnşallah sentyabrın sonlarında tamaşanı təhvil verəcəyik. Yeri gəlmişkən, tamaşa üzərində həvəslə çalışan bütün insanlara, Zemfira Nərimanovaya, Sabir Məmmədova, Elşən Rüstəmova, Azər Mirzəyevə, Şəhla Əliqızına, Elçin Əhmədova, Sərdar Rüstəmova, Musiqili Komediya Teatrından dəvət etdiyimiz Türkel Şabanovaya və başqalarına minnətdarlığımı bildirirəm. Onu da deyim ki, tamaşaçılar qızım Rumiyyə Ağayevanı da səhnədə görəcəklər. O, Napoleonun bayraqdarını oynayır. Tanınmış sənətkar Rima Məmmədova tamaşa üçün çox gözəl rəqslər qurub. Tamaşaçılara maralı bir yaradıcılıq işi təqdim edəcəyik.
   
   - Yaradıcılığınızı çoxdan izləyən birisi kimi bilirəm ki, bir müddət Türkiyədə çalışdınız. Özü də hələ hər kəsin bacarmadığı zamanlarda Türkiyəyə getdiniz. Oralara axın başlayanda isə yenidən Azərbaycana qayıtdınız. Bu qayıdışın hansı səbəbləri vardı?
   
   - 1993-cü ildə qardaş ölkəyə getdim. Türkiyədə ilk işim Antalya Dövlət Teatrında "Hamlet"i səhnəyə qoymaq oldu. Sonra müxtəlif teatrlarda çalışdım. Antalya Bələdiyyə Teatrının yaranmasında yaxından iştirak etdim. İstanbul Şəhər Teatrının səhnəsində "Ələddinin sehrli çırağı"nı müzikl tamaşa kimi hazırladım. İstedadlı aktyor Tuncay Salmanla müştərək "Ol" adlı özəl teatr yaratdıq və "Xoş gəldin Nazım" adlı tamaşaya quruluş verdim.
   
   Qayıtmağımın səbəblərinə gəlincə, mən Türkiyəyə gedəndə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etməyə başlamışdı. Təzə bir dövlət qurulurdu və Türkiyədən baxanda bütün bu proseslər insanda romantik hisslər oyadırdı. Mən də istədim ki, belə demək mümkünsə, hörülməyə başlayan bu divara öz əlimlə bir kərpic düzüm. Buna görə də geri döndüm.
   
   - Türkiyəyə getməzdən öncə bir müddət Kukla Teatrının baş rejissoru oldunuz. Yenidən orada bir tamaşa hazırlamaq planınız var, yoxsa həmin kollektivlə çalışmağı keçmiş mərhələ hesab edirsiz?
   
   - Həmin kollektivin artıq oturuşmuş bir strukturu var. Bunu mən nə dost, nə də düşmən kimi deyirəm. Belə bir ortam mənə yad gəlir. İndiki Kukla Teatrına alternativ, sıfırdan qurulan bir teatr yaratmaq barədə düşünürəm.
   
   - Bu yaxınlarda 50 yaşınız tamam oldu. Amma göz dəyməsin, xeyli cavan görünürsüz. Gənclik illərində Aqil Abbasla birgə Şərq döyüş növləri ilə məşğul olmağınız deyəsən işə yarayıb...
   
   - Cavanlıqda idmana hədsiz həvəsim var idi. Üzgüçülüklə də məşğul olurdum, voleybolla da. Sonra Şərq döyüş növləri keçilən məşqlərə yazıldım. Aqil bəylə də orada tanış olmuşam. Orada öyrəndiklərim bu gün mənə çox yardımçı olur. Məşq prosesində qüvvəmi normal bölüşdürə bilirəm, qan-damar sistemi normal inkişaf edir. Rəhmətlik atam insanları qiymətləndirərkən onları iki cür- sağlam və xəstə kimi xarakterizə edirdi. Ruhunda, daxilində xəbislik, pislik, yalnız qara fikirlər gəzdirənləri xəstə adlandırırdı və belələrinə həmişə yazığı gəlirdi.
   
   - Atanızdan söhbət düşmüşkən, Azərbaycan televiziyasının inkişafında, istedadlı telejurnalistlərin hazırlanmasında müstəsna xidmətləri olan, uşaq və gənclər üçün maraqlı əsərlər yazan Firudin Ağayevin ailəsində dünyaya gəlmisiz. Birilərindən fərqli olaraq atanızın təbliği ilə aktiv məşğul olmursuz. Bu işləri zamanın öhdəsinə buraxırsız, yoxsa başqa səbəblər var?
   
   - Hamı öz atasını ideallaşdırır. Fəxr edirəm ki, atam bu gün də rəhmət və ehtiramla yad olunur. Atamı təbliğ etməməyimə gəlincə, bu da elə aldığım tərbiyədən qaynaqlanır. Bu gün 50 yaşım var. Yadıma gəlir ki, atam bu yaşda olanda evdə belə deyək də, qırğın-qiyamət idi. Hər gün deyirdik ki, mənzil şəraitimizi yaxşılaşdırmaq üçün ərizə yaz. Amma özünə, ailəsinə görə kiməsə məktub yazmağa atamın əli gəlmirdi. Baxmayaraq ki, yeni mənzil almaq onun halal haqqı idi. Atam sənətini sevdiyindən işə də ibadət kimi baxırdı.
   
   Hər gün o qədər yazı yazırdı ki, barmağında bir oyuq yaranmışdı və qələm həmin oyuqda rahat qalırdı. Məni loru dillə, amma cəngavər ruhunda tərbiyə edirdi. İndi o günləri xatırlayanda başa düşürəm ki, nağıl, əfsanə, hədis dünyasında böyümüşəm.

TƏQVİM / ARXİV