adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Avqust 2015 14:46
5992
İQTİSADİYYAT
A- A+

Növbəti devalvasiya gözləntiləri fiaskoya uğrayır

Neftin qiymətinin 2009-cu ildən bu yana ən aşağı səviyyəyə qədər enməsi ekspertləri ciddi düşündürməyə başlayıb. Beynəlxalq iqtisadi mərkəzlər hesab edir ki, dünya bazarında baş verən durğunluq bir sıra ölkələrdə maliyyə sisteminin çökməsi ilə nəticələnəcək. Azərbaycanla bağlı bədbin proqnoz verən ekspertlər hesab edirlər ki, bu gedişat ölkədə ikinci devalvasiyanı sürətləndirəcək. Ekspertlər həmçinin onu da qeyd edirlər ki, ikinci devalvasiyanın 25-30 faiz arasında olacaq.  

Məsələnin mahiyyətinə varanda aydın olur ki, devalvasiya ilə bağlı deyilənlər yaxın zaman üçün heç də özünü doqrultmur. İlk olaraq başlayaq neftin qiymətindən: artıq dünəndən etibarən neftin qiymətində artım müşahidə olunmaqdadır. Görünən odur ki, neftin qiymətində baş verən artım bədbin proqnozların ayaq tutub yeriməsinə imkan verməyəcək. Belə ki, qarşıdan payız-qış mövsümü gəlir. Bu isə yanacağa olan tələbatın artması deməkdir. Yay fəslində bir çoxları yanacağa qənaət üçün velosiped, digər vasitələrdən istifadə edirdilərsə (söhbət Avropa ölkələrindən gedir) payız-qış mövsümündə avtomobildən istifadə edəcəklər. Bu xırda bir misaldır. Əslində isə ABŞ-İran münasibətlərində olan yumşaqlıq neftin qiymətində müəyyən əks dönüş yaratsa da, İran neftinin dünya bazarına çıxması, Amerikanın İran neftindən yararlanması uzun zaman alacaq. Üstəlik, neftə olan tələbatın artmasına səbəb olan yeni müharibə ocaqlarının meydana gəlməsi faktorudur ki, Qərb bu kimi faktorları hər zaman gündəmdə saxlayır. Bu gün Suriya məsələsi Türkiyədə baş verənlərdən geridə qalsa da yeni Suriya, Misir hadisələrinin törədilməyəcəyinə heç kim zəmanət vermir. Bütün bunların fonunda Azərbaycan iqtisadiyyatı üçün yaxın aylarda devalvasiya probleminin keçərli olmadığı görünür.  

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan növbəti seçkiyə hazırlaşır. Noyabr ayında keçiriləcək parlament seçkiləri öncəsi hakimiyyətin vətəndaşları devalvasiya kimi ciddi problemlə üz-üzə qoyacağı inandırıcı görünmür. Keçirilən sosioloji sorğular da onu deməyə əsas verir ki, vətəndaşların böyük əksəriyyəti hakimiyyətin yürütdüyü siyasətə sadiqlik nümayiş etdirir. Bu siyasəti bəyənir və dəstəkləyir. Təcrübə də onu deyir ki, hakimiyyət də öz növbəsində hər zaman vətəndaşların sosial-rifah halını düşünür və atdığı hər addımda Azərbaycan vətəndaşlarının rahatlığı, rifah halında yaşamasını düşünür.


Ədil Ədilzadə