adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

AVQUST MACƏRALARI

OQTAY SALAMOV
27991 | 2012-09-08 06:43

   
   Bizim cavanlığımızda Qulu Xəlilovun bir avtobioqrafik povesti çox populyar idi. Müəllifin həyat uğrunda mücadiləsi, iztirabları, yaşamağın ləzzəti şirin, səmimi bir dillə yazılmış povest idi. Adı da "Yaşamaq istəyirəm!" idi...
   
   Sovet dövründə yazanların əksəriyyəti yaşamaq istəyirdi. Təkcə ona görə yox ki, həyat şirin idi, həm də yaşamaq istəməməsini yazsaydı əsərini çap eləməzdilər və qalan həyatını qara eləyərdilər. Sovet adamısansa deməli nikbin olmalısan, həyatın qalanlara nümunə olmalı idi. Sovet vaxtı bitdi. Yaxşısı-pisi ilə birgə bitdi. İndi müstəqil ölkənin müstəqil vətəndaşlarıyıq. Köpoyoğlunun quruluşu, həyatı, güzəranı, iqtisadiyyatı məcbur eləyir ki, arzularını dilə gətirib özünü biabır eləməyəsən. Düzünü deyim ki, mənim yazıçılıq qabiliyyətim olsaydı və yaşamaq istəyib-istəmədiyimi anons eləsəydi, birmənalı olaraq "Yaşamaq istəmirəm!" yazardım.Şükür hökumətimizə, sərbəstlik verib,istəyirsən yaşa, istəmirsən özün bilərsən...
   
   16 yaşımdan üzübəri hər il avqust ayında xəstələnirəm. Bir il ağır, o biri il yüngül, bəzən heç yada da düşmədən, ya da mollaya xəbər eləməklə avqust aylarını yola vermişəm. Özü də elə bəhanələrlə diaqnoz düşünüblər ki, həkimlər özləri də dediklərinə inanmırdılar. O qədər avqustun cırhacırında "soyuqdəymə", "inaq", "ORZ", "qanda royen çoxalması"... kimi bəhanələrlə yayımı qara gətirmişəm ki... İlk dəfə şəkərin komasına da avqustda düşmüşəm, ayağımın amputasiyası da avqustda oldu, insultun kəskinliyi də avqustda baş verdi...
   
   Bu ilin avqustu gələndə ürəyimdə qəribə bir əsmə vardı. Yaz müalicələrini uğurla keçmişdim, masajları qəbul etmişdim, səhhətimdə ciddi problem yox idi- amma ürəyimdə əsmə qalırdı. Evdə məsləhətləşdik və bir həftə- on günlük istirahətə getməyi qərara aldıq. Gədəbəyə, bacanağımgilə qonaq getdik. Deyir, yeddi bacanaq yol gedirdi, dedilər ki, bir adam olsaydı söhbət eləyərdik. Mənim bircə bacanağım var, allah hamınıza beləsini qismət veləsin, özümü evimizdəkindən də rahat hiss etməyimə şərait yaratmışdı...
   
   Üç-dörd gün adaptasiya dövrü keçdim, amma ürəyim əsirdi. Bir gün məşhur "Narzan" bulağına getdik. Ürəyimə dammış kimi demək olar ki, heç nə yemədim. Bi azca da üşüdüm. Gecə qan təzyiqim 180-in 110-a qalxdı. Qızdırma, işləmə-qusma başlandı. Təzyiq dərmanı verdilər, ilk yardım elədilər. Səhər təzyiqim 60-ın 40-a düşdüyü məlum oldu. Həkim gəldi, sistem qoşdu, iynə-dərman elədi. Kardioqramma çəkdilər. Əvvəlcə elektrodları tərsinə bağladılar (adi kardioqramma çəkənlər ayağı amplutasiyada olunanlara elektrodu haradan bağlamağı dəqiqləşdirə bilmədiklərindən bir də çaşırlar. Səhv qoşulan elektrodlar göstərdi ki, infarktdır. Sonra düz qoşulundan sonra dedilər ki, infarkt-filan yoxdur. Amma təzyiqim 60-ın 40-a olaraq qalırdı. Təcili maşın tutaraq Bakıya qayıtdıq...
   
   Səhər tezdən 5 saylı şəhər xəstəxanasına tanış həkimin yanına getdik. Mədə-bağırsaq sistemini mümkün vasitələrin hamısı ilə müayinə elədilər və dedilər ki, bizlik deyil, gedin kardioloji instituta. Kardiologiya institutu elə 5 saylı xəstəxananın həyətində yerləşir axı...
   
   Kardioqramma, ultrasəs müayinəsi, rentgen-nə bilim nə, dedilər ki, xəstəxanada yatmalısan. Güman etdik ki, müalicəni yazdırıb iynə-dərmanı evdə edərik. Həkimin məsləhəti ilə elə buradaca bir sistem qoşdular. Dedilər ki, tərkibinə əlavə olunmalı dərmanları aptekdən alın. Bir də kəpənək (şpristə qoşulan başlıqdı) alın, tibb bacısına da zəhməthaqqı kimi 5 manat verin. Aldıq-verdik, kolyaskaya oturub çıxdıq maşın ayağına...
   
   Çox başağrısı vermirəm ki? Evə gətirdilər. Gecə o dünyanı görüb qayıtdım. Bilirəm, adama gəzmək qalacaq, amma beləsini heç kimə arzulamıram. "Təcili yardım" çağrıb gətirdilər kardiologiya institutuna. Təkrar müayinə və hökm: infarkt!
   
   Deyəsən həkimin mənə yazığı gəldi, başa düşdü ki, reanimasiyaya verməyə pulum yoxdur. Ona görə də reanimasiyanın yanındakı palataya qoydu. Əvvəlcə 20 dəqiqə təcili yardımın xərəyində palatada saxladılar. Evdən başıalovlu çıxdığımız üçün mələfə-balış götürməmişdik, təssərüfat işçisi olan qadın dedi ki, 5 manat verin, sonra mələfə verim. Verdik. Təcili sistem qoşdular. Yenə də tərkibinə daxil olunanları aptekdən özümüz aldıq. Sən demə, burada taksa 5 manat imiş. Özü də yerində, yəni sistem qoşulanda pulunu verməlisən. Xadimənin pulu, ağır xəstələrin qulluğu, qabları yumaq... hər şeyin taksası var və duxun çatır hansınısa gecikdir...
   
   Bir neçə gün palatadakıları yatmağa qoymadım. Sağ olsunlar, başa düşən adamlarmış, bildilər ki, canımla əlləşirəm. Amma elə mən də başa düşən adamam, Seyfəli kişi ilə üç gün gecəni bir yerdə səhər elədik. Onun üzərində həkim- şəfqət bacıları işləyirdi, mən də "qorxma-qorxma" deyirdim...
   
   Adaşımı görə bilsəydim ona söyləyərdim ki,sizin rəhbəliyinizdən sonra məmləkətini səhiyyəsi çox, özü də lap çox bərbad gündədir. Kimə desən ki, kardiologiya institunun reanimasiyasında adi oksigen tapılmır, adama gülərlər. Amma dəfələrlə xəstə sahiblərini Razinə oksigen dalınca göndərirlər. Sonra bir xəstə sahibi söylədi ki, oksigen var, pulunu verib almaq lazımdır...
   
   Söylədim axı, palatamız düz reanimasiyanın qabağında idi. Koridor gecə-gündüz xəstə sahibləri ilə dolu idi. Məndən qabaq yatan Tərlan və Rahim koridorda gözləyənlərə bir növ lağ eləyirdilər. Mən irad tutdum ki, küfr eləməyin, adamların dərdləri özlərinə bəsdir. Dedilər ki, müəllim, gör iki gündən sonra sən necə danışacaqsan. Doğrudan da elə də oldu. Adamlar hətta belə kritik anlarda da qeyri-səmimi ola bilirlərmiş...
   
   Bir qadın reanimasiyaya, xəstəsinin yanına getmək istəyirdi. Şəfqət bacısı deyir ki, adamı narahat eləməyin, yanında ağlayıb ona zərbə vurursunuz. Qadın ağlaya-ağlaya deyir ki, siz buraxın, mən ağlamayacam. Xadimə deyir, sən medsestraya 10 manat ver, keç içəri. Pul söhbətini eşidən kimi arvad deyir ki, birdən özümü saxlaya bilmərəm, xəstəni narahat eləmiş olaram.
   
   Rahim yenə şuxluq eləyir:- Oy Moşum ooy!... Sonra da deyir ki, bacarırsansa koridora bax. Koridorda əməlli-başlı qonaqlıqdır. Qadınlar çolpa, meyvə, şirələri stulların üstünə yığıb yeyib-içir, reanimasiyanın qapısı açılanda hərəsi öz adamının adını çəkib ağlamsınır, qapı bağlanan kimi trapezləri davam edirdilər...
   
   ... İki gündü evdəyəm. Nəyəsə görə qəfildən komaya düşürəm. Yenə təcili yardım gəlir. Sən demə indi də şəkərim düşüb. Belə, yerli-dibli düşüb, cəmi 1-imiş. Qlükoza, bal şərbəti, şokolat- son illərdə görmədiyim şeylər yedirdilər. Deyəsən bu dəfə də yönüm bəri görünür. Səhər deyirlər ki, artıq sentyabrın 1-dir, avqust bitdi... Yəni deyirsiniz inanım?...
   
   Xəbər alanların, narahat olanların hamısına təşəkkür edirəm. Xəbər almayanları da sağ olsunlar. Amma adamın gözü, qulağı elə səsdə olur ki...

TƏQVİM / ARXİV