adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Kədərin sağlığına!

19073 | 2012-09-07 00:11
Bir neçə il bundan əvvəl, isti yay günlərinin birində təsadüfən onunla bir məclisdə iştirak edirdik. Ortaq dostlarımızdan birinin ad günü idi. O masanın bir küncünə dirsəklənib, hərdən şirin zarafatlar edə-edə, hərdən də üzündəki gülüşlə təzad təşkil edən, insanı kədərləndirən baxışlarla bir nöqtəyə baxa-baxa içirdi. Yaxşı yadımdadı, mən onda içmirdim. Məclisin ruhunun, qəzet və jurnallardan, internet mediasından tanıdığım qələm adamlarının bu qədər çox içməsinin o zaman mənim üçün heç bir izahı yox idi. O zaman, Seymur Baycanın sözü olmasın, hələ "parçalanıb bir yerə yığılmamışdım". Seymur deyir ki, yazı adamı gərək bir dəfə darmadağın olsun, parçalansın, sonra bir yerə yığılıb bütövləşsin. Seymurun bu fikirlərini uzun müddət beynimdə çək-çevir edəndən sonra başa düşdüm ki, yaradıcı həyatımın hansı mərhələsindəyəm. O isti yay günündə isə hələ demək olar yazar taleyini yaşamağa başlamamışdım. Masa başında oturub içki qədəhlərini toqquşduran bu insanların niyə qəfildən şaqqanaq çəkib gülməsini, niyə qəflətən susub ağır kədərə qərq olmasını başa düşə bilmirdim. Onunla şəxsi tanışlığımız belə başladı; bir içki masasının arxasında, bir dostumuzun ad günündə, gülə-gülə, kədərlənə-kədərlənə. Amma yaradıcılığını lap çoxdan izləyirdim. Universitet illərində hamı Nüsrət Kəsəmənli lirikasının içində əriyib itəndə mən özümdən cəmi beş yaş böyük olan bu şairin alışmadığımız tərzdə qələmə aldığı, insanı başqa bir aləmə alıb aparan şeirlərini oxuyurdum. Sonra romanı çıxdı. Onu da acgözlüklə, maraqla oxudum. Sevimli şairimin romanı ürəyim istəyən kimi olmasa da, onu yaradıcı insan kimi yaxından tanımağıma çox böyük faydası oldu. Bu qələm dostumun mətbuatda dərc olunan bütün yazılarını, bütün şeirlərini zaman-zaman oxudum və bir gün onun üzündəki ağır iztirabın, gözlərindəki kədərin səbəbini anladım. Əmin oldum ki, onun şeirləri doğrudan da çox fərqli düşüncənin məhsuludur. Bakıya köçəndən sonra dostlaşdıq, ədəbiyyat, şeir, yaradıcı adamlar haqqında yüzlərlə söhbətimiz, müzakirəmiz oldu. Dəfələrlə ondan müsahibə aldım. Dəfələrlə içki məclisində gecə yarısına qədər içdik, güldük, kədərləndik, sükuta daldıq. Başqa dostlarımız, "şair, az iç" deyəndə susdum. Başa düşdüm ki, onu öz aləmindən, öz düşüncələrindən və öz doğrularından ayırmaq bizim işimiz deyil. İçmədiyi vaxtlarda sakit olsa da, içəndə bir az aqressiv, bir çəkilməz və həddindən artıq kədərli olur. Tanıdığım gündən bu yana onun titrəyən əlləri, içəndən sonra qəhərlənən səsi məni də kədərə boğur. Həmişə onun dostlardan birinə dediyi sözü xatırlayıram: "Bizim bir-birimizdən başqa kimimiz var ki?" Doğurdan da, bu böyüklükdə şəhərdə bizi darıxmağa qoymayan cəmi bir neçə dostumuz var. Elçin Əlibəylinin sözü olmasın, "Biz çox azıq dostlar..."
   
   Onun haqqında danışmaq, xarakterizə eləmək çox çətindir. "İstiqanlı dost", "gözəl ailə başçısı", "nümunəvi vətəndaş" kimi şablonlar ona aid deyil. Ən azından bu gün bizimlə eyni cərgədə olduğu üçün ona kənardan baxmaq kimi bir şansımız, onu anlamağa çalışmaq üçün vaxtımız yoxdur. Amma o bütün mənfi və müsbət xüsusiyyətləri ilə çox BÖYÜKdür və dövrümüzün sevilən şairidir! Haqqında tərif də, tənqid də yazılıb. Haqlı-haqsız müxtəlif hücumlara da məruz qalıb, amma səbrlə yoluna davam etməyi ilə hər kəsə əsil SÖZ ADAMI olduğunu gənc yaşında sübut edib.
   
   Bu gün onun, mənim sevimli qələm dostum və sevimli şairim Aqşin Yeniseyin doğum günüdür. Məncə adını çəkməsəydim də, başa düşəcəkdiniz. Bəlkə də bu gün onun haqqında daha təntənəli, daha bəlağətli sağlıqlar deyiləcək. Oxucuları, dostları zəng edib təbrik edəcək. Mən, böyütmədən, şişirtmədən onun haqqında bir neçə kəlmə yazmağa çalışdım. Ancaq Aqşin daha gözəl, daha xoş sözlərə layiqdir. Onun üzündəki iztirablı ifadə, təsvirəgəlməz kədər və həmişə naməlum nöqtəyə zillənmiş baxışları sübut edir ki, o əzab çəkir. Nəyin, kimin, niyə suallarını verməyin. Bu sualın cavabı onun yazdığı şeirlərdədir. Mən sadəcə gecə Aqşinin şərəfinə bir sağlıq deyə bilərəm; İçək şair, sən əzab çəkməyi də hamıdan yaxşı bacarırsan! Doğum günün mübarək! Kədərin sağlığına!!!

TƏQVİM / ARXİV