adalet.az header logo
  • Bakı 19°C

Qələm adamları sevinc içərisində

18317 | 2012-09-06 09:29
Dünən axşam saatlarında bütün ölkəni növbəti şad xəbər silkələdi. Mart ayından İranda həbsdə olan gənc şairlərimiz Şəhriyar Del Gerani və Fərid Hüseyn öz azadlıqlarına qovuşdu.Dünən gecədən etibarən qələm dostlarımızla bir-birimizi təbrik edir, gözaydınlığı veririk. Yaxın dostları, qələm adamları gənc şairlərimizin azad olunmasına çox sevinir.
   
   Xəbəri alan kimi ilk olaraq tənqidçi Əsəd Cahangirlə əlaqə saxladıq. Gənclərin hər ikisi ilə xoş münasibəti olan tənqidçimiz sevincini bizimlə bölüşdü: "Fərid və Şəhriyarın azad olunması ilə bağlı ilk məlumatı mən almışam. Şəhriyarın rayonda yaşayan qohumları mənə zəng edib məlumat verdilər ki, Şəhriyar evə zəng edib və azadlığa buraxıldığını bildirib. Bu günlərdə onlar Azərbaycana qayıdacaq. Çox sevincliyəm. Sevinirəm ki, onların günahsızlığı nəhayət ki, sübuta yetirildi. Hər ikisinə azadlıq çox yaraşır."
   
   Qələm dostlarımızın həbsindən ciddi şəkildə narahat olan və onların yolunu səbirsizliklə gözləyən Aysel Əlizadəni şəxsən özüm muştuluqladım və bu gün də dostlarımızın azadlığa buraxılması ilə bağlı təkrar sevincinə şərik oldum: "İlk muştuluğu məndən almanız elə nəyə desən dəyər. Hamı bilir ki, gecəm-gündüzüm yox idi. Səhərə qədər yatmamışam sevincimin həyəcanından. Hamı məni təbrik edirdi, gözaydınlıgı verirdi. Öncə Ramil, indi uşaqlar bu boyda sevincin öhdəsindən gələ biləcəyikmi, heç bilmirəm. Prezident bizə əməllicə sürpriz elədi. Adam qorxusundan prezidentə ürək dolusu təşəkkür də edə bilmir ki, yozacaqlar, yaltaqlanır deyəcəklər. Amma inanın, öz doğma qardaşım eləsəydi bağrıma basardım. Dünəndən rahat nəfəs alırıq, mən də ailəm də."
   
   Gənc yazar Şəbnəm Karslıda həmkarlarımızın azad olunmasına çox sevinir: "İstənilən şəxsin azadlığının məhdudlaşdırılması təəssüf doğuran haldır. Əgər bu şəxsin cinayəti ədalətli bir məhkəmədə sübuta yetirilməyibsə yolverilməzdir. Təqsirləndirilən şəxs qismində saxlandıqları və əməllərində cinayət tərkibinin olmaması sübuta yetirilmişdir. Azad olunmalarına çox sevindim. Ümid edirəm ki, onların bu zaman ərzində çəkdiyi mənəvi sıxıntılardan dolayı İran tərəfi üzr istəyəcəkdir. Buna bir o qədər inanmıram, sadəcə arzum belədir. Hisslərə gəlincə, bu hadisəyə sevinməmək mümkün deyil. Dünyanın harasında olur-olsun, kimliyindən asılı olmayaraq günahsız birinin azadlığının geri verilməsi böyük sevincdir.
   
   Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz gənclərin həbsində bir müddət adı hallansa da, sonradan məlum oldu ki, Fərid və Şəhriyarın İrana getməyindən onun xəbəri yoxdur. Ancaq qələm dostlarının azad olunması onu da çox sevindirir: "Öncə həm Ramil Səfərov, həm də iki gənc şairimizin azad olunması ilə bağlı bütün Azərbaycan xalqını təbrik edirəm. Bu belə də olmalıydı. Günahsız insanların taleyi və ömrü ilə oynamaq ən azından vicdansızlıqdı. Mən bu iki gənc şairi yaxından tanımasam da onlarım safürəkli və günahsız olmaqlarına əminəm və onlar həbs olunanda da əmin idim. Eyni zamanda mənə onları Azərbaycan xalqının qəhrəmanı hesab edirəm. Onları Güney Azərbaycana gedib düşmənə əsir düşmüş gənc Azərbaycan ziyalıları idilər. Qələmin silahdan daha çox güclü olduğunu bir daha gördük. İran hakimiyyətinin gözündə onların günahı İranda Azərbaycançılığı təbliğ etməkdir, ancaq həmin "günah" bizim gözümüzdə müqəddəs bir hədəf və arzudur. Bizim hər birimiz o arzu ilə yaşayırıq. İran hakimiyyəti Azərbaycançılığı günah bilib insanları zindana atırsa, onda 50 miliyon insanı zindana atmalıdır. Çünki bu bizim xalqın arzusudur!"
   
   Gənc yazar Zaur Qəriboğlunun da sevinci hədsizdir: "Sevinc, sevinc, sevinc... Arzu edirəm, qayıdandan sonra ciddi yaradıcılıqla məşğul olub, ədəbiyyatımızı zənginləşdirsinlər. Çünki artıq hamı onları tanıyır, şair deyir, bu adı daşımaq üçün ortalığa ciddi ədəbi nümunələr qoymalıdırlar. Onlar ikisi də istedadlı gənclərdi, inanıram onlar, heç nəyə fikir vermədən yeni əsərlər yazacaq, ədəbiyyatımızda özlərini təsdiq edəcəklər."
   
   Hər iki şairlə yaxın dost olan Kəramət Böyükçöl də dostlarının azadlığa qovuşmasını fərəh hissi ilə qarşılayıb: "Şəhriyar da, Fərid də mənim ən yaxın dostlarımdandır. Hər ikisi də istedadlı gənclərdi. Bu müddət ərzində hər iki dost çox əzab çəkiblər. Şair darıxan olur. Hər gün mənə zəng eləyib "darıxıram, gəl görüşək" deyən Şəhriyarın o balaca yerdə bu qədər müddətdə nələr çəkdiyini təsəvvür edirəm. Və ya işin-gücün əlindən darıxmağa vaxtı olmayan Fəridi də eyni cür. İndi artıq azadlıqdadırlar. İnanıram ki, bu həbs Şəhriyarın da, Fəridin də şair taleyində böyük rol oynayacaq. Hər iki dostumun azadlığa çıxmasına görə çox sevindim. Bu münasibətlə onlaın valideynlərini və yaxınlarını təbrik edirəm. Ancaq bundan sonra Şəhriyar və Fəridlə də ən çox bu zarafatı eləyəcəm: "Sizə şair deyən yox idi, getdiniz İrana gələndə gördünüz ki, hamı sizə şair deyir".

TƏQVİM / ARXİV