üSTüAçIQ QƏBiR

FAİQ QİSMƏTOĞLU
31367 | 2012-09-01 08:47
...Kəndə xəbər yayıldı ki, Bahar arvad xəstəxanada can verir. Xəbərin ildırım sürətilə bir göz qırpımında yayılması elə-belə deyildi. Çünki kənddə çoxları Bahar arvadın vəziyyəti ilə maraqlanır, onun nə vaxt ayağa qalxacağını gözləyirdilər...
   
   ...Kənd xəstəxanasının baş həkimi Hidayət kişinin də xəstədən gözü su içmirdi. Vəziyyətinin ağırlığını görən baş həkim Bahar arvadın böyük oğlunu yanına çağırıb dedi:
   
   - Neçə gündür, Bahar xala canı ilə əlləşir, vəziyyəti də get-gedə ağırlaşır. Mən istəməzdim ki, o xəstəxanada keçinsin!..
   
   Bahar arvadın böyük oğlu Yusif kişi Hidayət həkimin bu sözlərindən sonra fikrə getdi. Bir anlıq onu fikir götürüb uzaqlara apardı. Uşaqlığı, körpəliyi yadına düşdü. Anasının onun yolunda nələr çəkdiyini, hansı əziyyətlərlə qarşılaşdığını bir daha yada saldı. Yada saldıqca gözləri dolur, qəhər onu boğurdu...g
   
   Yusif kişi Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdu. O qədər orden və medalı vardı ki, geydiyi pencəyin sinəsinə siğışmazdı. Kənddə, rayonda müharibə iştirakçıları ilə görüş keçiriləndə birinci Yusif kişini dəvət eləyirdilər. O da görüş iştirakçılarına müharibədəki döyüş yolundan danışar, almanlarla necə vuruşduğundan söhbət açardı.
   
   Məktəbli uşaqlar Yusif kişinin müharibə xatirələrinə böyük maraqla qulaq asardılar. Sanki onlar xatirəyə qulaq asmır, maraqlı bir kinoya baxardılar. Yusif kişi də danışıb qurtarandan sonra məktəbli şagirdlər Sanki yarımçıq qalmış kinonun arxasını görmək istəyirdilər. Ona görə də onlar Yusif kişinin yanına yenidən qayıdar və görüşdən sonra da onun "nemes"lərlə bağlı danışığına acgözlüklə qulaq asardılar...
   
   İndi Yusif kişinin qanı qapqaraydı. Niyə də qara olmamalı idi?! Ölüm ayağında olan anasına kömək eləyə bilmirdi. Hidayət həkimin də son sözləri onun qol-qanadını qırmışdı...
   
   ...Xəstəxananın həyətində çoxlu adam vardı. Bahar arvadın oğlanları: Yusif, Nəsib, Asif və eləcə də qohum-əqrəbasının çoxu ora yığışmışdı. O vaxt kənddə balaca maşın yoxuydu. Cəmi bir "Pobeda" vardı, onu da kolxoz sədri Nuğay minirdi. Tərs kimi kolxoz sədri də bir neçə gün əvvəl Bakıya getmişdi. Buna görə də Bahar arvadı xəstəxanadan çıxaranda "Qaz-51" markalı yük maşınına mindirdilər. Özü də yük maşınının kabinasına yox, yük yerinə. Çünki Bahar arvadın vəziyyəti o qədər ağır idi ki, onu ayağa qaldırmaq belə mümkün deyildi. Ancaq onu xərəkdə maşına mindirmək mümkün idi.
   
   ...Yük maşınında onu evlərinə gətirdilər. Bahar arvadı xəstəxanadan çıxaran kimi həyət-bacaya əl gəzdirib çox şeyi səliqə-səhmana salmışdılar. Dünyanın işini bilmək olmazdı. Elə Bahar arvad maşında da keçinə bilərdi. Amma Bahar arvad maşında keçinmədi. Onu gətirdilər evə və evdə yerdəki döşəyin üstünə uzatdılar.
   
   ...Yaşlı qadınlar, ağbirçək arvadlar Bahar arvadın başının üstünü kəsdirmişdilər. Sağında və solunda qızları Mənsumə və Gülsumə əyləşmişdi. Onlar tez-tez ufuldayan analarının sifətində puçurlanmış təri dəsmalla silir və onu yelləyirdilər. Bahar arvadsa nə danışa bilirdi, nə də hərəkət eləyə bilirdi. Bircə gözləri ətrafa baxırdı...
   
   Böyük oğlu Yusif kişi mollanın arxasınca adam göndərmişdi. Amma molla da hələ gəlib çıxmamışdı. Deyirdilər ki, molla qonşu kənddə rəhmətə gedən var, onun dəfninə gedib. O vaxtlar da kənddə indiki kimi çox molla yox idi. Cəmi bir molla vardı, o da kəndin bütün yas məclislərini təmənnasız olaraq yola verirdi.
   
   Kəndin mollası Əsəd Qəhrəman oğlu həm savadlı, həm də ciddi adam idi. Və dünya malında heç vaxt gözü olmazdı. Kim də ona pul vermək istəsəydi, götürməzdi. Camaat da görəndə ki, Əsəd Qəhrəman oğlu rəhmətə gedənin birindən qırxına qədər məclisi aparır və bir qəpik də pul ummur, bax onda özlərini narahat hiss eləyərdilər. Ölü yiyələri təsəlli tapmaq üçün Əsəd kişidən xahiş edərdilər ki, heç olmasa, qənddən, çaydan bir şey götürsün. Əsəd kişi də görürdü ki, camaat umu-küsü eləyir, inciyir, ona görə də xətirlərinə dəyməsin deyin, 40 məclisdən sonra bir az qənd, çay götürərdi. Əsəd kişi bu qənd-çayı götürəndən sonra rəhmətə gedən adamın qohumları rahat nəfəs alar və sakitləşərdilər.
   
   Amma Əsəd kişi bu dəfə kənddə yoxuydu. Həyətdə isə qohum-əqrəba hazırlıq işləri görür və mağar düzəltmək istəyirdilər. Gözləyirdilər ki, bir neçə dəqiqədən sonra Bahar arvad rəhmətə gedəcək və aləm bir-birinə dəyəcək...
   
   Elə oldu ki, rayon mərkəzinə Bakıdan xüsusi tibb briqadası gəlmişdi. Həmin tibb briqadasının rəhbərinə də çatdırıblar ki, Bəhmənlidə ağır bir xəstə var, can üstündədir. O həkim də çox vicdanlı və məsuliyyətli insanıymış. Vaxt itirmədən yanındakı həkimləri götürüb Bəhmənliyə - Bahar arvadgilə gəlir...
   
   ...Həyətdə çoxlu adam vardı. Bahar arvadın qohum-əqrəbasının əksəriyyəti qəhər içindəydi. Bakıdan gələn həkimləri görəndə Bahar arvadın oğlu Yusifin gözünə işıq gəldi. Həkim soruşdu:
   
   - Yusif kişi, arvad hardadı və ona baxa bilərikmi?!
   
   Yusif kişi yaşarmış gözlərini dəsmalla silib, dilləndi:
   
   - Evdədi və can verir. Arvadları çıxararıq, keçib baxarsınız...
   
   Bahar arvadın başının üstünü kəsdirən qızlarını və qohum-əqrəbasının hamısını otaqdan çıxardılar. Hətta otaqda bir qadın da belə qalmadı. Bircə Bahar arvadın böyük oğlu Yusif kişi onun yanındaydı...
   
   ...Həkim içəri keçib, diqqətlə xəstəyə baxdı. Onun gözlərinə, dilinə və çöhrəsinə bir daha zənlə baxıb dedi:
   
   - Bu qadın Əzrayılla vuruşur. Onun ödündə daş var. Bir azdan partlayacaq. Onsuz da ölüm ayağındadır, aparaq rayon mərkəzinə orda əməliyyat eləyək. Allaha pənah, bəlkə alındı!..
   
   Həkim bu sözü deyəndə çox risq edirdi. Çünki bu cür xəstələr hər an əməliyyatda keçinə bilərdi. Üstəlik də Bahar arvadın yaşı 75-i adlamışdı. Amma həkimin sözləri Yusif kişiyə çox xoş gəldi və fikirləşdi ki, həkimin dediklərinə əməl eləsinlər.
   
   Qəbiristanlıqda isə Bahar arvada qəbir də qazmışdılar. Hətta qəbirqazanlar deyirdilər ki, gərək bunu bu gün qazmayaydıq. Dünyanın işin bilmək olmaz!
   
   Xəstəni rayon mərkəzinə aparıb təcili əməliyyata hazırladılar. Bakıdan gələn briqadanın üzvləri Bahar arvadın üzərində əməliyyat apardılar. Əməliyyat bir neçə saat davam elədi. Onun öd kisəsindən bir neçə iri daş çıxardılar. Həmin daşı da cərrah həkim Bahar arvadın oğlu Yusif kişiyə göstərdi. Dedi ki, Bahar arvadı biz yox, Allah xilas elədi. Əgər təsadüfən Füzuliyə gəlməsəydik və ağır xəstənin olduğu xəbərini eşitməsəydik çətin ki, Bahar arvad sağalaydı...
   
   ...Əməliyyatdan 10 gün keçmişdi. Bahar arvadın gözünə yavaş-yavaş nur gəlirdi. Əvvəl gözü gördü, sonra isə dili açıldı. Kənddə Bahar arvadın sağalması xəbərini eşidəndə çoxunun gözü kəlləsinə çıxdı. Hətta buna bəziləri inanmadı. Dedilər ki, Bahar arvadın qəbri neçə gündü onu gözləyir. Amma görünür, Bahar arvadın Allah-Təaladan ipi üzülməyibmiş. İpi üzülsəydi, çoxdan rəhmətə getmişdi. Bu dəfə Bahar arvad kəfəni cırıb çıxmışdı.
   
   Xəstəxanadan onu evə gətirəndə çoxlarının sevincinin həddi-hüdudu yoxuydu. Ağbirçək, yaşlı qadınlar məəttəl qalmışdılar ki, bir neçə gün bundan qabaq başının üstündə ağı dedikləri Bahar arvad necə sağalıb...
   
   Nübar arvad Baharın yaxın qohumuydu. Daha doğrusu, oğlu Nəsibin qayınanası idi. Nübar arvad da Bahar arvad ağır olanda başının üstündə ona ağı deyib ağlayırdı. Amma elə ki, Baharı evə gəlib sap-sağlam gördü, fikirləşdi ki, Bahar arvad görəsən hansı savab iş görüb ki, Allah-Təala onu bu qədər çox istəyimiş?! Nübar arvad fikirləşdi ki, yəqin Baharın əməlisaleh işləri çox olub. Ona görə də Allah-Təala onu ölümün əlindən alıb.
   
   Amma ən birincisi Bahar arvadın kəfəni deşib çıxmağı kənddə çox böyük təəccübə səbəb olmuşdu. O qədər təəccübə səbəb olmuşdu ki, çoxları məəttəl qalmışdı ki, ölüm ayağında can verən adam yenidən həyata necə qayıdıb?!.
   
   Ancaq bu baş vermişdi. Baş verən həm də o idi ki, Bahar arvadın saçı-saqqalı ağarmış, övladlarının göz yaşı axmadı. Yəni bu göz yaşını Allah-Təala onlara məsləhət bilmədi...
   
   ...Kənddə isə çoxları üstüaçıq qəbirdən danışırdılar. Daha doğrusu, qəbrinin üstünün açıq olması gələcəkdə baş verə biləcək qəfil ölümə bir işarəydi. Ona görə də kəndin mollası Əsəd Qəhrəman oğlu məsləhət bildi ki, o qəbri torpaqla doldursunlar. Çünki ağzı açıq qəbir kimisə udmaq istəyər. Qəbrin içini doldurdular və üstünü möhkəm-möhkəm örtdülər...
   
   ...Həmin hadisədən sonra Bahar arvad düz, 20 il yaşadı. Və bu 20 ildə Bahar arvad onun başının üstündə ağı deyib ağlayan, çox qadınları o dünyaya yola salmışdı...

TƏQVİM / ARXİV