adalet.az header logo
  • Bakı 19°C

Getsəm uzaqlara...

13888 | 2012-09-01 08:47
Səndən uzaqda sən varsan, səndən yaxında sənsizlik... Mən bunu hər gün daha çox hiss etməkdəyəm. Misra-misra darıxıram səninçün. Qaranlıq dünyama hər gün neçə dəfə ağ "word" doğur günəş yerinə. Yazıram, yazdıqlarımı silirəm, yenə yazıram. Həyat bir "delete" düyməsi qədər bəsit... Bunun adına darıxmaqmı deyirlər, ya sevməkmi... bilmirəm. Dərk etdiyim bir həqiqət var: hər yerdə sən! Adam gedəndə də göz dağlamaz-qəlbə dəyər, ürək sındırar. Kaş belə olaydın. Göynəməzdim onda. İnsani keyfiyyətlər bəzən gərəksiz olur. Kaş bu qədər qüsursuzluğunun içində bircə qüsurun olaydı-o bircə qüsurun son ümid yerim olardı bəlkə də... Gülməlidir, deyilmi? İnsan gör nə ilə təsəlli tapır-qüsurla.
   
   Sənə yazıram bunları. Bilirəm, oxumayacaqsan. Amma yenə də yazıram. Sən uzaqlarda arzularını gerçəkləşdirməyin sevincini yaşamaqdaykən, mən burda arzularımın külə döndüyü ocaqda kösöv axtarmaqdayam. Bir qığılcım belə tapsam, bir quş lələyi yandırmağın xoşbəxtliyini yaşayaram.
   
   Günlərimi kitab oxumaqla keçirirəm. Heç nə yadımda qalmır amma. Ekonun 611 səhifəlik "Qızılgülün adı"ndan heç nə yadımda qalmayıb. Təsəllim odur ki, İncili oxumadan "Qızılgülün adı"nı oxumaq olmur. Adicə Çevi Stivensin "Rodnaya krov"unu da xatırlaya bilmirəm. Oxuduğum bütün romanların qəhrəmanları sənsən. "Zavyazka"sı, "kulminasiya"sı, finalı bizim sevgi macəralarımızdan ibarətdir. Haçansa tək bir dəfə qəlbimə dəysəydin, gözəl bir roman yazmışdım indi. Heyf ki, xoşbəxtlik haqda heç nə yazmaq olmur. Mənim bədbəxtliyim, gördüyüm ən acı günlər yalnız darıxmaqdan ibarət oldu...
   
   Getdin. İndi bildim ki, sevgi boş şeymiş. Ən müqəddəs hisslər belə bir gün "yorulur". Günahı zəmanədə, dünyada axtarıram. Biz platonik sevgi əsrində doğulduq, amma internet əsrinin sevgisini yaşadıq. Hisslərimizi iki nöqtədən, bir mötərizədən ibarət "smaylik"lərlə ifadə etdiyimiz dövrün övladlarıyıq artıq... Səni məndən alıb özünün o biri tərəfinə aparan dünyanı dəyişərdim gücüm çatsaydı... "Əsas vəzifə dünyanı dəyişdirməkdən ibarət deyil, ilkin şərt bu dünyaya olan münasibəti dəyişdirməkdən ibarətdir" (Sartr)-bunu bilə-bilə yenə də belə bir iddiaya düşürəm. Dünyaya baxışlar "webkamera"ların didəsindən keçir-dəyişmək mümkünsüz-bunu da bilirəm.
   
   Sən ürəyini, ruhunu yığışdırıb getdin bu şəhərdən. Körpə addımların doğulduğun şəhərin küçələrində qaldı, sevgin mənim ürəyimdə. Getdin. Kaş ki getmək mümkün olaydı...
   
   
   
   Gözlərimdən sevinc ayrılan kimi
   
   ayrılıb getsəm uzaqlara
   
   yaralı ürəyimin qaysağını qoparan kimi
   
   qoparıb baxışlarımı gözlərindən
   
   gedərdim
   
   mümkün olsaydı getmək...
   
   gedərdim yeni sevgilər olan yerə
   
   gedərdim
   
   məsələn
   
   dənizlə göy üzünün öpüşdüyü üfüq xəttinə
   
   tərəf
   
   amma sevgilim
   
   ordan da
   
   ayrılıq qoxusu gəlir
   
   orda da
   
   sevgi var
   
   saflıq var
   
   ölüm var...
   
   mümkün olsaydı getmək
   
   ayrılığı tərk edərdim...

TƏQVİM / ARXİV