adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Bazıbəlalı əlifbamız

317099 | 2012-09-01 08:47
"Siz istəyirsiniz ki, "ə" hərfini üstü nöqtəli "a" ilə, "x" hərfini isə üstü nöqtəli "h" ilə əvəz edəsiniz və bundan sonra bizim camaat "xəbərlər" əvəzinə "haberler" desin".
   
   Sözün əsl mənasında ziyalı, sözünün kəsəri olan rəhmətlik İsmayıl Şıxlının vaxtilə parlamentdə bu çıxışı Azərbaycan əlifbasına ediləcək dəyişikliyin qarşısını alan amillərdən oldu.
   
   İndi isə bir qrup ziyalı illər ötəndən sonra yenidən əlifbamızla eksperimentlə məşğul olub, "ə" hərfinin ləğv olunması təklifilə çıxış edib. Bunun düzgün olmaması və ya buna ümumiyyətlə ehtiyac olmaması ilə bağlı artıq çoxlu fikirlər səslənib və mən də bunları təkrar etmək niyyətində deyiləm. Bu sahənin mütəxəssisləri artıq fikir söyləməyə başlayıblar və mən inanmıram ki, onlardan daha arqumentli ifadələr işlədə bilərəm.
   
   Amma hiss edirəm ki, sözünün nüfuzu olan ikinci İsmayıl Şıxlıya cəmiyyətimizdə ciddi ehtiyac var. Bu gün mən məsələnin maddi və texniki tərəfindən danışmaq istəyirəm.
   
   "Ə" hərfinin ləğv edilməsinin tərəfdarlarının arqumentlərindən biri bu hərfin dünya kompyuterlərində olmamasıdır. Birincisi niyə olmalıdır ki? Bu hərfi yalnız azərbaycanlılar işlədir və ən əsası da öz aralarında olan yazışmalarda. Hər hansı bir Cona, İvana, Mehmetə məktub yazanda biz Azərbaycan əlifbasından istifadə etmirik. Nə də ki, onlar bundan istifadə etmirlər.
   
   İkincisi də üstündə nöqtəli "a" hərfini də kompyuterlərdə klaviaturaya uyğunlaşdırmaq lazım gələcək. Məsələnin maddi cəhəti isə daha ciddidir. Latın qrafikalı əlifbanı tam olaraq qəbul etdikdən sonra, elə ziyalıların özlərinin də daim qaldırdığı məsələ külli miqdarda həm elmi, həm də bədii ədəbiyyatın, dərsliklərin və s. kiril qrafikasında qalması ilə və onların yenidən dərc olunması ilə bağlı olub. Qeyd etmək lazımdır ki, çoxlu sayda kitab yenidən dərc olunsa da bu proses hələ bitməyib və hələ yaxın 10 illiklər ərzində bitəcəyi də gözlənilmir.
   
   Təsəvvür edirsinizmi, daha doğrusu əlifbada hərfi dəyişməyi təklif edənlər təsəvvür edirmi ki, cəmi bir hərfi dəyişmək ölkəyə neçəyə başa gələcək?
   
   Mütləq şəkildə I sinifdən XI sinfə qədər bütün dərsliklər, məktəbdənkənar oxu üçün nəzərdə tutulan kitablar, ali və digər məktəblər üçün dərsliklər yenidən dərc olunmalıdır. Hələ mən rəsmi sənədləri, bədii ədəbiyyatı və sairə və ilaxırı demirəm. Buna milyardlar lazımdır.
   
   Rusiyada təkcə bir sözün - "milisin", "polislə" əvəz olunması 2 milyard rubla başa gəlib.
   
   Ziyalılarımız bunu göz önünə gətirir?
   
   Artıq cəmiyyətdə oturuşmuş əlifbanı dəyişməklə nəyə nail olmaq istəyirlər? Roma Papasından daha çox katolik olmağa, yəni türkçülükdən daha çox türk olmağa?
   
   Bu yerdə texniki elmlər sahəsində çalışan bir yaxın qohumumun, humanitar sahədə çalışan elm adamlarının zaman, kəmiyyət vahidlərinə münasibətdə dediyi bir kəlamı qeyd etməyə bilmirəm.
   
   O qeyd edir ki, biz texniki elmlər sahəsinin adamları 0,0001 mm-i də nəzərə almalıyıq, çünki əks təqdirdə hesablamalar düz gəlməz, detallar uyğun olmaz və s. Humanitar sahə adamları isə belə bir ifadə işlədə bilərlər - filan hadisə eramızdan ya 2 milyon, ya da 4 milyon il bundan əvvəl baş verib. Yəni ki, bu adamlar "ya da" sözü ilə birdən-birə 2 milyon ili nəzərə almırlar.
   
   Elə indi də həmin söz yadıma düşür - milyardlarla manat sizin üçün "ya da" ifadəsidir?
   
   Ümumiyyətlə yeni-yeni elmi işlər ortaya qoymaqdansa bu tip məsələləri qaldırmaqla ziyalı olduğunuzu bir daha yada salmağın nə mənası var? Başınıza iş qəhətdir?
   
   Və ya Yaşar Nurinin məşhur Azərbaycan kinosunda qəhrəmanının dili ilə desək - Sizə əjdaha lazımdır? Yox üzr istəyirəm, səhv etdim - Siz? ?jdaha lazımdır?!
   
   İndi isə təklif edirəm, mənim yazımı yenidən oxuyasınız və sözlərdə işlədilən "ə" hərfinin yerinə üstü nöqtəli olsa belə amma "a" hərfini təsəvvür edəsiniz.
   
   (Gun.az)

Yazarın digər yazarlar

TƏQVİM / ARXİV