POEZİYAMIZIN BƏXTİYARI

VAQİF YUSİFLİ
31024 | 2015-08-22 02:40
Bu gün Batıdan Doğuya, Doğudan Batıya - hər bir türkün sevdiyi şairlərdən biri də Bəxtiyardır. Bu fikrin isbatına və təsdiqinə heç bir ehtiyac yoxdur - bunu desək də, deməsək də, tarix özü bu həqiqəti təsdiq edib. Bəxtiyar Vahabzadə hər hansı bir türkün yaddaşında "şair", "poeziya", "şeir" sözlərinin ardınca gələn ilk beş-on sözdən biridir: Nizami, Füzuli, Nəsimi, Rumi, Xətai, Yunis İmrə, Vaqif, Sabir, Hadi, Müşfiq, Səməd Vurğun, Şəhriyar, Nazim Hikmət, Rəsul Rza... Bu müqayisədə heç bir mübaliğə görmürəm. Şairlərin böyüklüyünü xalq bilir, xalqın yaddaşı onun sevgisi kimidir.
On beş il öncə - B.Vahabzadənin anadan olmasının 70 illiyi münasibətilə belə bir kitab nəşr olunmuşdu: "Poeziyamızın Bəxtiyarı". O kitabda B.Vahabzadənin yaradıcılığı, keçdiyi ömür yolu və şəxsiyyəti barədə məqalələr, resenziyalar toplanmışdı. Dünyanın, Azərbaycanın tanınmış sənətçiləri poeziyamızın Bəxtiyarına ən səmimi, ən duyğulu ürək sözlərini izhar edirdilər.
Sovet ədəbiyyatının klassiklərindən sayılsa da, ruhən müasir bir yazıçı olan, dilimizin, mədəniyyətimizin qorunmasında böyük xidmətləri olan Mirzə İbrahimov yazırdı: "Bəxtiyar Vahabzadə şeirimizin Füzuli, Vaqif, Sabir, Səməd Vurğun, Aşıq Ələsgər, Şəhriyar bulağından su içmişdir. O, sözü elə gözəl oynadır, elə parlaq təzadlar yaradır, fikri gözlənilmədən elə döndərir, elə dərinləşdirir və fəlsəfi ümumiləşdirmələr səviyyəsinə elə qaldırır ki, oxuyanda valeh olursan, hədsiz sevinc və mənəvi, estetik ləzzət duyursan".
Ustad Rəsul Rza deyirdi: "Bəxtiyar Vahabzadə sözün əsl mənasında şairdir. Onun poetik fırçasının çəkdiyi lövhələr rəngarəng və maraqlıdır. Bəxtiyar Vahabzadənin poeziyası - düşüncələr poeziyasıdır".
Tanrının XX əsrdə türk dünyasına bəxş etdiyi böyük yazıçı Çingiz Aytmatov isə B.Vahabzadəni belə qiymətləndirirdi: "Tarix çoxdan ötüb keçib. Nə haqlılar qalıb, nə haqsızlar. Adama elə gələ bilər ki, keçmiş "fəna mülkünə" qərq olubsa, əzab çəkməyə dəyməz. Lakin Bəxtiyar tarixi bugünün gözüylə mühakimə edir, bizi inandırır ki, bunun bilavasitə ona və müasirlərinə dəxli var. O, bizi inandırır ki, indiki adamların, indiki zamanın taleyi keçmişdən asılıdır".
Unudulmaz yazıçımız İlyas Əfəndiyev, bəzən od tutub yanır, bəzən Prometey kimi üsyankar, bəzən məsum uşaq kimi kövrək olur və bu zamanlar da onun lirası insanın qəlbini sarsıdan, ruhi aləmini təlatümə gətirən ülvi bir avazla səslənir. Və biz ona ŞAİR deyirik".
Bu seçmələri yan-yana düşməkdən məqsədim nədir? Əcəba, Bəxtiyar poeziyasına, bu poeziyanın Doğudan Batıya, Batıdan Doğuya çatacağına bir şübhəmi qalır? Qətiyyən! Əsla!
Hələ mən B.Vahabzadə haqqında yazılan namizədlik və doktorluq dissertasiyalarını, neçə-neçə monoqrafiyanı və sayı-hesabını sağlığında heç özünün də bilmədiyi yüzlərlə məqalələri demirəm. Onların əksəriyyəti məhəbbətdən, Bəxtiyara sevgidən doğub? Bu sevgiyə bir şübhəmi var?
Mənim fikrimcə, Bəxtiyar Vahabzadə Mirzə Ələkbər Sabirdən sonra dövranla, dünya ilə ən amansız müxalifətdə olan şairlərimizdən birisidir. Dahi Sabirin "Hophopnamə"si göz yaşları içində qəhqəhə idi, üz tutduğu xalqa "özünü dərk et" harayını, fəryadını çatdırırdı. Bəxtiyarın "Bəxtiyarnamə"si isə nə göz yaşlarıdı, nə də qəhqəhə. Müdrik bir şair-filosofun bəzən çılğın, bəzən qəzəb, HİDDƏT, ÜSYAN dolu çağırışlarıdır.
Əllinci illərin sonları... Sovet imperiyasının hələ heç sarsılmadığı, daha da güc topladığı o illərdə Bəxtiyar Vahabzadə "Gülüstan" poemasını yazdı. Bircə elə bu fakt kifayətdir deyək ki, o taylı-bu taylı yatmış millətin içində huşyar insanlar da vardı, biri də Bəxtiyar idi. Ötən illərdə yazılan bir məqalədə oxumuşdum ki, guya bu poemanı yazmaqla Bəxtiyar Vahabzadə özü haqqında ucuz şöhrət, illüziya yaratmaq istəyirmiş... Bəlkə də həmin müəllif poemanın yazıldığı illərdə ali məktəbdə marksizm-leninizm kursu keçirdi və təpədən dırnağa komsomolçu idi. CÜRƏT, QEYRƏT, MİLLİ AMAL insana heç də əlli, altmış yaşında bəxş olunmur, insanla birgə doğulur, qanda, ilikdə yaranır bunlar.

İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
Əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.

Xalqın, millətin sevimli şairinə ilk mənəvi zərbə də elə bu poemadan sonra dəydi. Amma Bəxtiyar sarsılmadı, bəziləri kimi etirafda bulunmadı.
Bəxtiyar Vahabzadə poeziyamızda milli birliyin, vahid azərbaycançılığın lideri idi. Bu fikri söyləməklə onun poeziya tarixində xidmətlərini şişirtmək fikrində deyilik. Ancaq həqiqət budur ki, milli birlik, Azərbaycanı vahid görmək ideyası sovet dönəmində Bəxtiyar Vahabzadə poeziyasından başlayır. Bu başlanğıc Xəlil Rza Ulutürk, Məmməd Araz, Söhrab Tahir, Sabir Rüstəmxanlı kimi şairlərə də təsirsiz qalmadı.
Bəxtiyar poeziyasında həmişə Zamanın ahəngi, ritmi, hətta addım səsləri aydınca duyulmuşdur. Zaman onun poeziyasında həm konkret mənada-dəqiq ayı, ili, əsri ilə məlum çərçivədə, həm də bütün keçmişləri, indiyə və gələcəyə sığışdırılan bir dairədədir. Zamanın ayrı-ayrı bölümlərini ifadə edən yazılarında Bəxtiyar Vahabzadə "Gülüstan", "416", "Şəhidlər", "Yollar-oğullar" şairidir. Yəni konkret tarixi hadisələrin konkret Zaman bölümündə əksi. Amma unutmaq olmaz ki, burada konkretliyin özündə də bir şərtilik var. "Gülüstan" bir xalqın tarixi faciəsinin ibrət dərsidir, bir zamanın başqa bir zamanda ehyası, sonrakı zamanın da əbədi ağrısıdır. "Şəhidlər" də həmçinin.
Amma elə şeirlər, poemalar var ki, orada Zaman dəyişməz və bütövdür, konkret bir ayla, əsrlə məhdudlaşmır. Məsələn, "İnsan və zaman" silsiləsindən olan bir sıra şeirlər, "Latın dili", "Gəl, ana təbiət", "Muğam", "Mənə nə var?", "Özümdən narazıyam", "Həyat, sən nə şirinsən", "Ana dili"... və s. bu qəbildən olan poetik nümunələr. Bu filoloji fərqləndirməyə son qoyub bir də onu deyə bilərəm ki, Bəxtiyar şeirində Zamanı hiss etmək onun şair xarakterinin sosial keyfiyyətindən yox, ümumiyyətlə fitri narahatlığından doğur.

Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanın xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.

Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır.

B.Vahabzadə müasir Azərbaycan poeziyasında bir tendensiya xarakteri daşıyan fəlsəfi lirikanın gözəl nümunələrini yaratmışdır. Vaxt, Zaman, Ölüm-Olum, Gözəllik, Təbiət və Urbanizasiya, Xeyir və Şər... bütün bu anlayışlar Bəxtiyar poeziyasında öz fəlsəfi-poetik həllini tapırdı. Əzəldən bu böyük şairin daxilində narahat və ağıllı bir filosof yaşayırdı. O, heç bir vaxt ateist olmadı, dinimizi inkar etmədi.

Allah! Bilirik, cism deyil, bəs nədir allah!
Ən yüksək olan haqda, həqiqətdədir allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et, bu təəccübdə, bu heyrətdədir allah.
Gerçək də budur: Gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahiridir, bətnə nüfuz et!
Batindəki, cövhərdəki fitrətdədir allah.

Bəxtiyar şeirinin bütün parametrlərində, hətta onun kiçik çalarında belə qüvvətli şəkildə hiss edilən, duyulan, hətta bir çox məqamlarda bu poeziyanın aparıcı fiquruna çevrilən BƏXTİYAR obrazıdır. Çağdaş poeziyamızda belə bir görünüş, yəni şair obrazının onun poeziyasında bu dərəcədə aparıcı rol oynaması ilk növbədə, bu obrazın xarakterindən doğur. Belə demək mümkünsə, bütün şeir və poemalarında poetik duyğunun, hissin mərkəzində şair obrazı durur. Həyat, ölüm, insan məhəbbəti, həqiqət uğrunda mübarizə, istiqlal düşüncələri, kədər, nifrət, tarixə baxış, müasirlik-bütün bu problemlər Bəxtiyar-Şair obrazında təmərküzləşir.
Bəxtiyar obrazının məramnamə xarakteri daşıyan ifadəsini bircə şeirdə canlandırmaq istəyi məni rahat buraxmadı. Müxtəlif şeirlərinə üz tutdum, hansı şeirindənsə bu misraların üzərində dayandım:

Uçmaq istəyirəm,
yalnız zirvədən
Seyr edim bu günü, ötən çağları.
O qədər ucalım, yüksəlim ki, mən
Görməyim yerdəki xırdalıqları.
Uçmaq istəyirəm,
əsəblərimi,
Əsrin öz kökündə çəkib tarıma.
Uçmaq istəyirəm,
dərdi-sərimi
Dərmana yetirən nağıllarıma.

Ucalıq və yüksəklik! Genişlik və səmavilik! Xəyal və romantika! Məncə, Bəxtiyar poeziyasının bütün pafosunu bu sözlər təyin edir.
O, Azərbaycan sözünün canlı əfsanələrindən idi. Sözlə insanı heyrətləndirməyin ustası idi.

"Heyrət, ey büt!" dedi dünyaya qələm
Aləmi bir seyrim yüz heyrətimdir.
Mən heyran olmasam yaza bilmərəm
Mənim nəğmələrim-öz heyrətimdir.

Həmişə qorxmuşam biganəlikdən,
Yaşa heyran-heyran, öl heyran-heyran!
Məni soyuq-soyuq dindirincə sən,
"Can" deyib canımı al, heyran-heyran!

Bəxtiyar Vahabzadə poeziyası klassik və müasir Azərbaycan poeziyası arasında bir körpü idi. Onlarla misallar göstərə bilərəm ki, B.Vahabzadə klassik poeziyadan yaradıcı şəkildə necə təsirlənirdi. Xüsusilə, Füzuli poeziyası onun üçün bir məktəb idi. O, dünya poeziyasına dərindən bələd idi, amma Azərbaycan poeziyası onun üçün sevimli və doğma idi, milli şeir ənənələrinə xor baxanlara qarşı mübarizəni elə şeirlə aparırdı. Burada onun Azərbaycan klassik və müasir ədəbiyyatının bir sıra problemlərinə, həmçinin sevdiyi sənətkarların yaradıcılığına həsr etdiyi onlarla məqalələrini xatırlayırsan. B.Vahabzadə füzulişünas deyildi, lakin onun Füzuli poeziyası və ölməz "Leyli və Məcnun" poeması haqqında yazdığı məqalə fikrimcə, füzulişünaslığın incilərindən biri sayıla bilər. O, C.Məmmədquluzadə yaradıcılığının tədqiqatçısı deyildi, amma Mirzə Cəlil sənəti barədə yazdığı məqalə heç bir tədqiqat əsərindən geri qalmır. Müasirlərindən kimin haqqında yazmadı ki? Səməd Vurğunun ömür yolu və yaradıcılığı haqqında ilk monoqrafiyanın müəllifi də o oldu. Yeri gəlmişkən deyim ki, B.Vahabzadə S.Vurğun ədəbi məktəbinin ən istedadlı nümayəndəsi idi, S.Vurğunun ölməz poeziyasından çox şey əxz elədi, lakin sənətdə, poeziyada öz yolunu tapdı və ondan sonra ədəbiyyata gələn bir çox şairlərimiz üçün də Bəxtiyarın poeziyası örnək oldu. O, S.Rüstəmi də, R.Rzanı da, M.Arazı da, N.Həsənzadəni də, Ə.Kərimi də sevirdi və onların yaradıcılığına ürəkdən gələn məqalələr həsr edirdi. Cavan şairlərin yazdıqlarına da biganə deyildi.
İkincisi-Bəxtiyar poeziyası o taylı-bu taylı hər bir azərbaycanlı üçün Vətən dərsi idi. Onun şeirlərini, poemalarını oxuyub Vətəni sevdik, onun torpağını, daşını sevdik. Xalqımızın tarixini vərəqlədik, fiziki Azərbaycanın parçalandığını görsək də, mənəvi Azərbaycanımızı bütöv gördük. Onun poeziyası bütövlükdə tarixi keçmişimizə və XX əsr Azərbaycanına tutulan saf, ləkəsi, təmiz bir güzgüdür deyirik. Poeziyamızda CƏSARƏTİN necə boy atdığını, müstəbidləri necə titrətdiyini hiss etdik. Qanlı Yanvar faciəsindən bir neçə gün sonra Bəxtiyar Vahabzadənin rus generalının üzünə tüpürdüyünü dedilər, amma o öz şeirlərində çox-çox əvvəl imperiyanın üzünə tüpürmüşdü.
Bəxtiyar şeiri düşüncə, idrak yoluna işıq saçır. Bu işıqdan hələ neçə nəsil faydalanacaqdır.


TƏQVİM / ARXİV