adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

AYDAN AY İŞIĞINDA

MƏMMƏD DƏMİRÇİOĞLU
30723 | 2015-08-22 02:10
Bu istedadlı şair hələ orta məktəbdə oxuyur. Şeir sevdalısıdı. Təkcə şeir sevdalısı deyil, bu balaca qızcığaz təpədən-dırnağa Allah eşqindən yoğrulub, yapılmış bir nur topasıdı. İstedadın zəngin çalarları Tanrı tərəfindən bu qızcığazın ruhuna hopdurulub, ruhundan da cöşqu alaraq durna gözlü bulaqların gözündən süzülən dumduru su misalı qaynamaqdadır...
FB səhifələrindən tanış olduq. Zahirən (foto şəkillərindən) uşaq sandığım Aydanın şeirlərini oxuyarkən maraq hissi məni rahat buraxmadı.

Gözlərin gecədən qaradı xanım,
Gözlərin göylərə gəlin köçəcək...
Halımı sormursan... ağrıyır canım,
Sonuncu qatarla... Sənə gələcəm...

Gələcəm, deyəcəm sənsiz havalar,
Bir xeyli tutqundu... Sabah açılmır...
Məndən qaçarsan da hayana olsa,
Taleyin əlindən axı qaçılmır...

Gəlib deyəcəm ki nazlı durnalar,
Könlümdə bir yuva qurmaq istəyir...
Köksümdə açdığın yaranı yəqin,
Sənin əvəzinə sarmaq istəyir...

O nazlı durnalar hardan bilsin ki
Yaranı kim açıb, o sarmalıdır...
Telində duvağın... Köç vədəsidi...
Sənə gələn qatar qayıtmalıdır...

Bəlkə qayıtmayım gəlim astaca,
Aparım "göylərə gəlin" ol xanım,
Ölmüş bir sevdanın yasın tutunca,
Elə göylərdəcə mənim ol xanım...

Biz artıq SÖZ-ün nə olduğunu, poeziya nəfəsinin, ətrinin haradan uçub gəldiyini anlamaqdayıq. İnanın ki, bu balaca qızcığazın poeziya duyumu, sözə həssaslığı, poetik ləhcəsi, bitkin fikirləri məni bir az da heyrətdə saxladı:

Bu səhər bir sevgi doğulub Allah,
Mələklər güllərə büküb gətirib.
Nə sirdi bilməzsən, yaradan özü,
Göydən nur çiləyib, töküb, gətirib...

Öpübdə gözünün üstünə qoyub,
Uyudub dizinin üstünə qoyub,
Sözün hikmətiylə üzünü yuyub,
Dünyanı içində görüb, gətirib...

Ruhunda təzə-tər sevda çiçəyin,
"Olum" və "ölümün əkiz ləçəyin,
Qüssədən pay uman "acı gerçəyin"
Haqqını üzündə biçib gətirib...

Son zamanlar istedadlı gənclər haqda ara-sıra məqalələr yazmaqdayam və çalışmışam ötəri adamlar, zəif yazarlar haqda yazıb nə özümü də başqalarını aldatmayım. Bu mövzuda söhbətlərimizin birində hörmətli ədəbiyyatşünas alimimiz Rüstəm Kamala Aydanın bir neçə şeirini oxuyub müzakirə etdik. Adətən bəzi zəif bildiyi gənclər haqda yazdığıma görə məni məzəmmət edən ustad, Aydanın şeirlərini oxuyandan sonra sevgi və qayğıyla: "Bax bundan yaz, deyim afərin" - deyərək, bu sözləri də əlavə etdi: "Ustad, bu qızcığaz gözəl şairdi".

Bu yaz gecəsində şehə bürünüb,
Bir eşqin qoynunda ölməyim gəlir...
Sənin saçındakı mehə bürünüb,
Alışa-alışa sönməyim gəlir...

Əllərin əlimdə isinsin gülüm,
Sən məni soraqla bu yaz gecədən,
Külək tellərinə, tellərin aya
Qarışıb sallansın bəyaz gecədən...

Bu yaz gecəsində boynunu büküb,
Bizim sevgimizin körpə ləçəyi,
Gör neçə müddətdir əzizləmirik,
Sevgimizdən doğan sarı çiçəyi...

Son zamanlar sürət götürmüş kütləvi şairlik və kütləvi dindarlıq məni çox narahat edir. Belə ki, kütləvi dindarlıq cəhalətə kütləvi şairlik isə zövqlərin korlamasına aparıb çıxarır. Bu da acı bir həqiqətdir ki, incəsənətin və ədəbiyyatın bütün sahələrində istedadsız qrammofonlar, zövqsüz və zəif şairlər daha çox tanınmaqda, türlü-türlü ödüllər almaqdadırlar. Bu isə insanların şeirə və sənətə olan zövqünü puç etməkdədi.
Aydan balamız özünə "Ay işığında" təxəlləsünü yaraşdırıb. Olsun. Ay və ay işığı poeziyanın özüdü. Bu qızcığaz erkən yaşlarından özünü dərk etməyə başlayıb, Tanrı hüzurunda üzü göyə bir bahar bülbülü kimi təmiz və saf bir ləhcəylə, ətirli bir nəfəslə, xoş bir avazla nəğmələr oxumaqdadı.

O yaşıl xalıdan boylanan çiçək,
Gözümdən göz yaşı dərəcək indi...
Bahar sevdalısı yavru kəpənək,
Ürəkdə bir sevgi çəkəcək indi...

Bir günlük ömründə tər çiçək üstə
Qərib bir sevdaya baş əyirdi o...
Bu sevda dediyin kəpənək ömrü,
Bir əlçim duadı, bir yudum da su...

Eh... Sən də... Qanadı qırıq kəpənək...
Sənin bir sevdalıq halın yoxuymuş...
Gördüyüm yuxular sənin ömrüntək,
Narın gül suyunda batan yuxuymuş...

Nəzərə alsaq ki, Aydanın hələ 16 yaşı var, o zaman bu qədər sözə həssaslıq və ilahi nəfəs bizi doğrudan-doğruya heyrətləndirə bilir. Həm də nəzərə alsaq ki, əkə-bükə şairlər var ki, Aydan balamızın bir misrasını belə indiyə qədər yaza bilməyib, o zaman fikrimizdə israrlı olaraq qalırıq. Fikrimizi təsdiq etmək üçün daha bir nümunəyə nəzər salaq:

Mənim ürəyimdən yuvasız quşlar,
Sərçə gözlərinə köçübmü, ay qız?..
Halıma ağlayan o gur yağışlar,
Gözünün yaşını içibmi, ay qız?..

Pərişan telinə sığal çəkməyə,
Əllərim utandı... Utandı ay qız...
Yağışlı səmada görüşəcəkdik,
Donunmu islandı?... yubandın ay qız...

Nəmli gözlərinin qurbanı olum,
Dərd etmə yağışı... Kəsəcək ay qız...
Yenə evinizdən düşəcək yolum,
Qəm yemə, Qonağın gələcək ay qız...

Bu şeirdəki incə metaforalar, kövrək duyğular, könül oxşayan təşbehlər və ümumilikdə poetik ovqat adamda maraq doğurmaqla yanaşı məsum bir qızcığazın bahar çiçəklərinə bürünmüş könül gülşəninə aparıb çıxarır. Belə şeirləri yazmaq üçün ancaq şair olmalısan.
Şairlər tanıyıram ki, 65 illik yubileyini təntənəli şəkildə keçirmiş, dövlət ödülləri almış, tom-tom kitablar nəşr etdirmişdir. Kitablarını vərəqlədikdə isə dişə vurulası bircə nümunəsini tapa bilmirsən. Amma ağzından süd qoxusu gələn bu məsum qızcığazın yazdığı bütün şeirlərin içindən bir poeziya ruzigarının əsdiyini görür, canlı sözlərin ilahi bir ruhun dərgahından qanadlanmasının şahidi oluruq.

Nə gözəl unutdu məni bu səhər,
Pambıq buludlarda örpəyim qaldı...
Gözümün yaşıyla ağ camal ayın
Solğun yanağından öpməyim qalıb.

Nə gözəl unutdu məni bu gecə,
Ulduzlar dillənib danışmadı heç...
Hər gecə saçımı oxşayardı ay,
Bu gecə mənimlə barışmadı heç...

Nə gözəl unutdu məni nağıllar,
Aldadır... Deyir ki, biri varıymış...
Həyatın içində itən sevdanın
Xəyalda sən demə sonu yoxuymuş...

Məni unudanlar o qızcığazın,
İpək saçlarında xatırlayırlar...
Tuta bilmədiyim o arzuları,
İçimdə əridir soyuq, bəyaz qar...

Bu şeirləri yazmaq üçün ruhunu göylərə uçurmağı, Tanrının nəfəsini duymağı bacarmalısan. İnanıram ki, Aydan Ay işığında bunları imitasiya etməyi, bir ağca qu quşu olub quların son nəğmələrini dilindən tutmağı, bu sirlərin sehrlərin iç qatlarına varmağı bacarır.

Bağışla məni gülüm
Bağışla ki, sənsizəm...
Götür şeir dəftərini,
Gəl kənddəki evimizə...

Nar çiçəyim de mənə,
Sil gözümün yaşını,
Səninki quru inad,
At inadı! Yaxşımı?...

Səhər Bakıya gedirəm,
Kənddəki ev boş qalacaq...
Gül yaylığımı qoxla,
Qapıda asılı olacaq...

Buradakı məsumluq ana südü qoxuyur. Şer bir içimlik sərin bulaq suyuna, bir qom bənövşə çiçəyini qoxusuna, körpə yuxusuna bənzəyir. Poeziyanın xidməti elə budur. İnsanı saflaşdırır, düşündürür, duruldurg
İnsafən söyləsək, bu qədər nümunənin içində bir zəif misraya rast gəlmədik. Söz-sözə söykək oldu, duyğular çiçəklədi, bahar qoxusu hamımızı məst etdi.
İndisə Aydanın söz vernisajından xırdaca etüd parçaları ilə tanış olaq:

Ahu gözlərində ay çilik çilik...
Mənsə bir baxışa qanan sərsəri..
Sevdalı buludlar məni sevirdi...
Mən səni sevirdim... lap şeir kimi...

Və:

Bu siyah gecədən tək umacağım,
Qoynunda xülyalı sevda yuxusu...
Bu ətri əvvəllər heç duymamışdım,
Nəfəsindən gəlir... Ana qoxusu...

Və:

Bardaxda bir içim sevda gizlənib,
Bu sevda sevdaya düşmüş əsirdi.
Qədəhi əlimə aldığım zaman,
Yaqut dodaqların... Yaman əsirdi...

Və:

Bir Qu nəğməsini soraqlayırdım,
Sevda dənizində üzürdüm onda...
Sədəf ulduzları göyün üzünə,
Göyərçin əllərlə düzürdüm onda...

Və kəpənək qanadları tək zərif, göy bənövşə nazı tək kövrək, qönçə şehi tək ürkək yaz yağmuru tək şıltaq nümunəlin sayını artıra bilərdik. Bu yazımızla Aydan qızımızın yaradıcılığı ilə oxucuları tanış etməklə yanaşı başqa məqsədimiz də var.
Hamımız görmüşük ki, xiyabanlarda, parklarda və s. yerlərdə göz oxşayan yaşıllıqları, bar verməyən, yalnız görüntüsü ilə göz aldadan ağacları hər gün suvarırlar, qayğısına qalırlar, qayçılarla min cür hala gətirirlər. Bu barsız bitkilərə ona görə bu qədər qayğı göstərirlər ki, onların barı ancaq göz oxşamaqdı, görüntüdü. Çox təəssüf ki, indi insanlar daha çox görüntüyə aludə olurlar.
Aydan Ay işığında da yenicə boy vermiş, pöhrələməyə başlamış bir ağaca bənzəyir. Amma görüntüsü ilə adam aldadan ağaca yox, bar ağacına. Başdan ayağa istedadla yoğrulub mayalanmış bu qızın ifaçılıq qabiliyyəti də haqq vergisidi. Onun şeir söyləməsi adamı məftun edir, ən ünlü qirayət ustaları belə şeir söyləyərkən onun qədər ruhunu, canı əridib şeirin şirinliyinə ovqatına qata bilməzlər. Eşitdiyimə görə gözəl səsi var. Bir müğənni kimi də bizi heyrətləndirə bilər.
Tanıyın bu qızcığazı. O, özü haradan gəlib, hara getdiyini yaxşı bilir. "Məni kəşf eyləyən yoxdur" - deyb gileylənir. Ssenarilər yazmaq, filmlərə çəkilmək arzusundadı. Belə gənclərə doğrudan doğruya qayğı lazımdı.
Ey istedad axtarışında olanlar, sizlərə ip ucu verdim. Axtarın, tapın Aydan Ay işığında adlı bu gənc qızı.
Son olaraq bir kövrək şeri ilə baş-baş qalın, nə istəyirsiniz düşünün.

Mən o qızam... Bilirsən?..
Yağmurların ovutduğu...
Neçə sevda şərqisində,
Göz yaşım var qurutduğum...

Mən o qızam... Bilirsən?..
Buludlar mənə ağlayır...
Allahına qurban olum,
Məni də Allah saxlayır...

Mən o qızam... Bilirsən?..
Ürəyimi ağrıtmısan...
Könlümdə bircə sənsən...
Demə, "yardan yarımısan...


TƏQVİM / ARXİV