adalet.az header logo
  • Bakı 13°C

ZƏRBƏ

FAİQ QİSMƏTOĞLU
43958 | 2015-08-22 01:50
Hər gün olmasa da biz tez-tez kimlərdənsə ağır zərbələr alırıq. Sanki bu dünya bizi elə alışdırıb ki, bu zərbələrə, bu təzyiqlərə tab gətirə bilək. Və nə yaxşı ki, vurulan zərbələrə tab gətiririk, dözürük, ayaq üstə dura bilirik.
Tanımadığın, bilmədiyin və halına bələd olmadığın insandan aldığın zərbə səni heç vaxt yerə yıxa bilməz. Səni büdrədə bilər, amma özünü toplayıb bu zərbəni dəf etməyi bacarırsan...
Ən qorxulu zərbə isə yaxınlarından, doğmalarından səninlə qırx, əlli il dostluq edib, çörək kəsən insanlardan aldığın zərbədir. Heç siz yaxın adamlarınızdan, sizə qardaş deyən insanlardan belə zərbə almısınızmı? Əgər almısınızsa bax, onda hansı anları, hansı dəqiqələri yaşamısınız. Və öz-özünüzə düşünmüsünüz ki, əlli il arxa çevirdiyin və söykək olduğun adam düşmənin eləyə bilmədiyi bir zərbəni sənə vurub. Bax, onda insan istər-istəməz çox qəribə və təsvir ediləsi mümkün olmayan anlar yaşayır. Daha doğrusu, donub yerində qalır və matı-qutu quruyur.
Bu cür adamların içini tanımaq, sifətinə bələd olmaq üçün əlli il də azlıq edir. Bu cür adamların öz dünyaları, öz rəngləri var və bu cür adamlar buqələmun kimi bir şeydi; hər fəsilə uyğun rənglərini dəyişirlər və hər mahnıya da oynaya bilirlər. Sənə o qədər yaxın, o qədər "isti" münasibət bəsləyir ki, ən əzizlərini belə yaddan çıxarırsan. Yaddan çıxan həm də sənin kimlərəsə uzun illər elədiyin yaxşılıq və əməli-saleh işlərin olur.
Bizim millətin bəzilərinin çörəyi dizinin üstündədi. Yəni ona yüz dəfə, min dəfə əl tutursan, arxa durursan, "qorxma" deyirsən və bir dəfə də söykək olmayanda it kimi əl-ayağını yeyirlər. Başlayırlar bir yerə yığışıb səhərdən-axşama qədər qeybət etməyə. Day bədbəxt uşağı bilmirlər ki, bu qeybət Allahın bağışlamadığı ən ağır günahlardan biridir. Həmin adamlar üçün müqəddəs və əziz heç nə yoxdur. Əgər müqəddəs və əziz bir şey olsaydı sənin elədiyin yaxşılıqları, verdiyin çörəyi yaddan çıxarmazdılar. Onlar üçün barmağının beşini də bala batırıb ağızlarına sürtsən deyəcəklər ki, bu bal deyil, zəhər-zəhrimardı.
Mənim vəzifəli, imkanlı adamlara yazığım gəlir. Bilirsiniz niyə? Onların qohum-əqrəbası onların başına nə oyun açır, bir Allah bilir. Yaxın dostlarımdan biri deyir ki, əvvəllər imkanım yaxşı idi, bacıma, qardaşıma, hamısına əl atdım, kömək elədim, ev tikdirdim və işə düzəltdim. Heç indi də imkanım pis deyil, şükür Allaha, evim-eşiyim, maşınım, balalarım var. Və sözümü də az-çox eşidirlər, amma məni yandıran bilirsiniz nədi? Məni yandıran odur ki, hamısına gün ağladığım, arxa durduğum bacı-qardaşlarım yüz dəfə onlara kömək eləyəndə mənə deyirlər ki, ağsaqqalımızsan, böyüyümüzsən, ancaq bir dəfə əl tuta bilməyəndə o dəqiqə ağızlarını əyirlər, yığışıb bir yerə qeybət edirlər. Gecələr də yuxumdan çıxmırlar.
Nə var-nə var bir dəfə onların işini aşıra bilməmişəm. Bir bacım var, ölümdən qurtarmışam, indi də yoldaşının işi dolaşığa düşüb və onu vəzifəsindən azad ediblər. Yalvarıb-yaxardılar və yenidən kimlərəsə ağız açdım, ancaq sözüm bu dəfə yerə düşdü. Bax elə o gündən də doğmalarım məndən üz döndəriblər. Nə zəng edirlər, nə də kəndə-kəsəyə gedəndə mənimlə görüşmək istəyirlər. Bəhanələri də bu olub ki, qardaşım ağır günümüzdə bizim işimizə yarımadı. Bunların ağlı Sovet dönəminə gedir. Çünki həmin vaxtı bir zənglə çoxlarının işini aşırmışam. İndi də zəngi eşidən var, amma yüz adamdan biri bunu eşidir. Əgər kimsə sənə kömək göstərmək istəyirsə, o da günlərin birində sənə də xahiş edəcək. Gərək sən də o xahişi yerinə yetirəsən. Yetirmədinsə kiminsə yanında gözü kölgəli olursan...
Dostumu dinləyəndən sonra ona yazığım gəldi. Dedim ki, heç də ürəyini sıxma, elə bilmə ki, təkcə sən qohum-əqrəbanın tənəsini, umu-küsünü eşidirsən. Heç bizimkilər də səninkilərdən geri qalan deyil. Bizimkilər də "qa" deyəndə su verməlisən, "qu" deyəndə ət verməlisən. Yəni birinin başı ağrıdı, çətinə düşdü, uşağı işə düzəlmədi, yapışırlar sənin yaxından. Elə bilirlər ki, çox böyük imkanların var. Bir dəfə, iki dəfə kömək edirsən və sonuncu dəfə əl tutmayanda üzləri səndən dönür. Heç xeyirdə-şərdə üzünə baxmaq istəmirlər.
Qoy olsun, amma ay bacılar, qardaşlar, qohumlar, hər nəsildə-nəcabətdə sayılıb-seçilən bir-iki nəfər sanballı kişi olur. Siz də o bir-iki nəfər sanballı kişini boğaza yığmayın, incitməyin. Vallah, hər nəsildə o bir-iki nəfər ağayana, mərd insanlar olmasa sizin işiniz çox düyünə düşər. Əgər işinizin düyünə düşməsini istəmirsinizsə yuxarıda Allaha, yerdə də həmin insanlara məhəbbət bəsləyin. Məhəbbət bəsləyin ki, onların canı sağ olsun və sizə də əl atsınlar, kömək göstərsinlər. Yoxsa ağzınızı əyməklə dolaşıq işinizi daha da çətinə salacaqsınız...

TƏQVİM / ARXİV