adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

O, bir sülh göyərçini idi...

22580 | 2012-08-28 08:52
Onun haqqında yəqin ki, çox eşitmisiniz. Hamının yardımına qaçan, qayğıkeş, şəfqətli qadınlara hələ də zarafatla Tereza Ana deyirlər...O bütün dünyada şəfqətin, xeyirxahlığın və comərdliyin simvolu olmağı bacarıb. Bütün həyatını gözəl işlərə həsr edən Rahibə Tereza kim idi? Nə üçün hələ də onun saydıqca bitməyən yaxşı əməllərindən misal çəkirlər? Xristian bir rahibəni bütün dinlərin nümayəndələrinə sevdirən səbəb nədir?
   
   Milyonlarla insana yardım edən bu qadın olduqca sadə bir həyat sürüb. Amma insanlığa xeyir verə biləcək fövqəladə işlər görüb və bu misilsiz xidmətlərinə görə də adını tarixə yazdırmağı bacardı. Əslində bütün ömrünü ağır vəziyyətdə olan insanlara yardıma həsr edən bu qadın haqqında çox söz söyləməyə ehtiyac da yoxdur. Ağır vəziyyətdə olan insanlara milyardlarla dollar yardım etdiyi halda, öləndə ondan qalan var-dövlət 1 dollar qiyməti olan paltarı idi. Dünya varında gözü olmayan, qayğıkeş, mərhəmətli qadını xoş sözlərlə anmamaq mümkün deyil. Ürəyində bəşəriyyətə böyük sevgisi, darda qalanlara, ehtiyacı olanlara kömək etmək arzusu kiçik yaşlarından onun evdən ayrılmasına və dünyanın əlçatmaz ucqarlarında, heç kimin tanımadığı yerlərdə insanlara yardım etməsinə aparıb çıxardı. İnsanların yardımına gəlməsi ilə dünyada hamının rəğbətini və etibarını qazandı, qurduğu yardım fondları ilə dünyanın 123 ölkəsində ağır vəziyyətdə olan insanlara milyonlarla dollar yardım göstərdi. Həyatının 40 ilini fağırlara, yoxsullara, xəstələrə, əlsiz-ayaqsızlara yardım göstərilməsinə həsr etdi. Dünyanın ən böyük yardım təşkilatlarından birini quran Tereza vəfat edərkən BMT-nin keçmiş Baş katibi Peres de Kuelyar: "Tereza təkbaşına bir BMT idi, Tereza sülh göyərçini idi",-demişdi.
   
   
   
   Osmanlı çocuğu
   
   
   
   Makedoniyanın Osmanlının idarəçiliyi altında olduğu dövrdə -1910-cu ildə Skopyedə anadan oldu. Anadan olanda adı Aqnes Qonxa Bojaxhiu idi. Atasının vəfat etməsindən sonra anası onu dindar bir katolik olaraq yetişdirdi. Osmanlının həddindən artıq tolerant mühiti buna imkan verirdi. Anasının danışdığı missioner fəaliyyəti barədə şirin söhbətlər ona o qədər təsir göstərmişdi ki, 12 yaşında ikən həyatını bu işə həsr etməyi qərara aldı. Tanrı tərəfindən katolik bir missioner vəzifəsi tapşırıldığını və bununla əlaqədar ilahi mesaj aldığını söyləyən Aqnes anası ilə belə vidalaşmadan evi tərk etdi. O, "Loreto rahibləri" adlı bir missioner qrupu ilə birlikdə fəaliyyət göstərməyə başladı. İlk mərhələdə ingiliscə öyrənmək üçün İrlandiyaya getdi. Üzvü olduğu "Loreto rahibləri" Hindistanda missioner fəaliyyəti ilə məşğul olur və hindli uşaqlara ingilis dili dərsi keçirdi. Aqnes də Hindistana getdi və Darjjelinkdə dərs deməyə başladı. Rahibə olaraq öz müqəddəs vəzifəsinə başlayarkən missioner Therese de Lisieuxin fəaliyyətindən təsirlənərək adını Tereza olaraq dəyişdirdi. Bununla da o rahibə Tereza adlı bir əfsanənin əsasını qoydu. 1944-cü ildə Kəlküttədəki Müqəddəs Meri (Marys) litseyinə müdir təyin edildi. Həmin dövrdə Hindistanda insanlar ağır bir vəziyyətdə yaşayırdılar. 1945-ci ildə ölkədə baş verən hindu-müsəlman savaşı əhalinin vəziyyətini daha da ağırlaşdırmışdı. Belə bir ağır vəziyyətdə yaşaması, ətrafdakı xəstə insanlarla hər gün təmasa girməsi onun vərəm xəstəliyinə tutulmasına səbəb oldu. Müalicə üçün yenidən Darjjelinkə qayıtdı. Yolda yeni bir ilahi mesaj aldı. O, indi də litseydən ayrılaraq yoxsullarla birgə yaşamalı, onlara yardım etməli idi. Bu ona ünvanlanan bir ilahi əmr anlamı daşıyırdı...
   
   
   
   Papalıqdan xeyir-dua
   
   
   
   1948-ci ildə Vatikan aldığı ilahi əmri yerinə yetirmək üçün Terezanın Kəlküttədəki baş rahibliyin nəzdində fəaliyyət göstərən "Yoxsullara kömək" adlı missioner təşkilatında işləməsinə icazə verdi. O gündən sonra heç vaxt əynindən çıxarmadığı mavi zolaqları olan ağ paltarını geyindi. Bunun ardınca o, Hindistan vətəndaşlığını qəbul etdi. Tereza yoxsulların uşaqlarına dərs vermək üçün onların yanına getməyə, xəstələrin müalicəsi üçün yardımlar etməyə başladı. O, bu işləri o qədər səmimi-qəlbdən həyata keçirirdi ki, hamı ondan razılıq edirdi. Terezanın Hindistanda şöhrət qazanmasını görən Vatikan ona yepiskopluq qurmağa icazə verdi. Tereza kilsənin yardımları ilə "Yaxşılıqsevər missionerlər" vəqfini qurdu.
   
   Vəqfin qurulmasında məqsəd, Terezanın da dediyi kimi, yoxsullara, aclara, əlillərə, evsizlərə yardım etmək idi. O, bu məqsədlə Kəlküttədə bir məbədi seçdi. "Kaliqhat ölüm evi" adlanan bu məbəddə hind adət-ənənələri üzrə yoxsullara yardım edilirdi. Tereza məbədin adını dəyişdirərək ona "Kaliqhat təmiz qəlb evi" adını verdi. Buraya bütün dindən olan və həyatının son günlərini dinc şəraitdə keçirmək istəyən yerli müsəlmanlar və hindular, həmçinin katoliklər gəlirdilər. Burada müsəlmanlar "Qurani-Kərim" oxuyur, hindular üçün Qanq çayından su gətirilir, katoliklər üçünsə "İncil" oxunurdu. Bu vaxt əhali arasında cüzam xəstəliyi geniş yayılmışdı. Vəqf cüzamlı xəstələrin müalicəsi üçün klinikalar qurmuşdu. Vəqfə çox sayda yetim uşaqların gətirilməsi Terezanı onlara xidmət edəcək "Təmiz qəlb uşaq evi" qurmağa həvəsləndirdi. Bu, vəqfin Hindistanda şöhrətini daha da artırdı. Terezanın səyləri ilə vəqf ölkə əhalisi tərəfindən dəstəklənməyə başladı və vəqfə göstərilən yardımlar artdı. Vəqfin gəlirləri artdıqca o, cüzamlı xəstələr üçün yeni klinikalar, yetimxanalar açdı. Gəlirlərin artması Terezaya ilk dəfə Venesuelada oxşar vəqf açmağa imkan verdi. Bunun ardınca Tanzaniyada və Avstraliyada da oxşar ofislər açıldı. Sonra isə o, "Beynəlxalq yaxşılıqsevər missioner qardaşlar" dərnəyini qurdu. 1960-cı illərdə dərnək fəaliyyətini daha da genişlənədirərək Asiya, Avropa, Afrika və ABŞ-da da yeni ofislər açdı. Artıq onun adı dünyanın hər yerinə yayılmışdı. O, Tereza Ana kimi çağırılır və getdiyi ölkələrdə böyük sevgi və məhəbbətlə qarşılanırdı.
   
   
   
   "Gülləkeçirməz"
   
   müqəddəs
   
   
   
   1982-ci ildə Beyrutun mühasirəsi zamanı Tereza cəbhədə atəş xəttində qalan 32 uşağın xilas olması üçün Fələstin və İsrail əsgərləri arasında atəşkəsin müvəqqəti saxlanmasına nail olmuşdu. Beləliklə, uşaqlar labüd ölümdən xilas oldular. Düşdüyü bütün çətin vəziyyətlərə, tez-tez xəstələnməsinə baxmayaraq sanki hansısa gözəgörünməz bir qüvvə onu qoruyurdu. Tereza ana əsil "gülləkeçirməz" idi. Sosializm sistemi çökməyə başlayanda Tereza Şərqi Avropa ölkələrində də fəaliyyətini genişləndirdi. O, keçmiş sosalizm ölkələrinin hansında sıxıntı vardısa, dərhal oraya yardım göndərirdi. Həmin dövrdə o, aclıq içində boğulan Efiopiyaya və Çernobıl qurbanlarına yardımlar etdi. 1991-ci ildə Tereza doğma Albaniyaya qayıtdı və Tiranada "Missioner qardaşlar" vəqfini qurdu. 1996-cı ildə Terezanın rəhbərliyi altında100-dən artıq ölkədə 500-dən çox qurum fəaliyyət göstərirdi. O, necə deyərlər, təkbaşına bir dövlət olmuşdu. Onun dünyada qurduğu 45 mərkəzdə yoxsullara yardımlar edilirdi. Amma artıq illər öz sözünü deyirdi. 1983-cü ildə Tereza Roma papası II Pavellə görüş zamanı infarkt keçirdi. 1989-cu ildə infarkt ikinci dəfə özünü göstərdi. Bunun ardınca körpücük (çiyin) sümüyü sındı və əməliyyat olundu. 1997-ci il sentyabr ayının 5-də isə hamıya əl uzadan Tereza Ana vəfat etdi. Vəfat edərkən qurduğu vəqfdə 4 min nəfərdən artıq rahibə işləyirdi. 123 müxtəlif ölkədə qurduğu qurumlarda 100 mindən artıq könüllü çalışırdı. Hindistan hökuməti tərəfindən Tereza rəsmi mərasimlə dəfn edildi. 1997-ci ildə Terezanın müqəddəs elan edilməsi üzrə çalışmalara başlandı. Ancaq Terezanın müqəddəs elan olunması üçün onun 2 möcüzəsi lazım idi. 2002-ci ildə Monika Besra adlı bir qadın üzərində gəzdirdiyi medalyondakı Terezanın şəklinin onun qarnındakı qorxulu bir xəstəliyi müalicə etdiyini söylədi. Bu, möcüzə olaraq qəbul edildi. Amma Monikanın əri xəstəliyin müalicə nəticəsində aradan qaldırıldığını bəyan etdi. Buna baxmayaraq, 2005-cü ildə Papa II Pavel Terezanı "Mübarək insan" elan etdi.

TƏQVİM / ARXİV