YOL çƏKƏN GÖZLƏR...

FAİQ QİSMƏTOĞLU
26548 | 2012-08-25 11:55
... Füzuli uğrunda gedən döyüşdə iki ayağından yaralanmış əsgəri Bakıdakı xəstəxanaya çatdırdılar. Arif elə-belə oğlan deyildi. Heç vaxt düşməndən, onun gülləsindən və xofundan qorxmazdı. O qədər ürəkli oğlan idi ki, ən çətin əməliyyata və döyüşə komandir çox vaxt onu göndərirdi. Dostları da deyirdi ki, Arif qurd ürəyi yeyib, o, bizim yanımızda olanda elə bilirik ki, arxamızda uca bir dağ var...
   
   ... İndi həmin uca dağ yavaş-yavaş kiçilirdi. Döyüş yoldaşları ufuldayan Arifə bilmirdilər ki, nə köməklik eləsinlər. Bircə onu bilirdilər ki, yağış kimi yağan güllələrin altından onu çıxarsınlar. Elə çıxardılar da...
   
   Gözlərini açan Arif yanında yenə döyüş yoldaşlarını - Həsəni, Əhmədi, Cəfəri, Raufu gördü - yenidən gözlərini yumdu. Dostları elə bildi ki, Arif keçindi. Ancaq onun başının üstündə dayanmış ağxalatlı tibb bacısı həyəcanlı yoldaşlarına təsəlli verdi:
   
   - Qorxmayın!.. Qorxmayın!.. O bir anlıq huşunu itirib. Hələ şokdadı...
   
   Tibb bacısı həkimin gəlişini gözləmədən Arifə şok əleyhinə iynə vurdu. Adətən həkimin göstərişi olmadan bunu tibb bacıları heç cürə eləyə bilməzdi. Amma bu tibb bacısı o birilərindən deyildi. Ağır döyüşlərdə yaralanan və hətta iki ayağını, iki qolunu itirən əsgərlərə ilk yardımı tibb bacısı Reyhan göstərərdi. Reyhanın təcrübəsi və eyni zamanda, ürəyi ona imkan verirdi ki, o, həkimlərin atdığı addımı atsın. Həkimlər Reyhanın bu cür sınaqlardan çıxdığını çox görmüşdülər. Görmüşdülər ki, onlar özlərini xəstəxanaya çatdırana qədər Reyhan ağır vəziyyətdə olan əsgəri ölümün pəncəsindən xilas eləyib.
   
   Əsgər zar-zar zarıldayırdı. Sanki yatmışdı. Tez-tez kimisə çagırırdı. Gah "ana, gah da bacı" deyib kimisə köməyə çağırırdı. Onun başının üstünü kəsdirən tibb bacısı Reyhan yaralı əsgərin alnında puçurlanmış təri sildi və yavaşca dedi:
   
   - Arif, bir azca da döz, səni Bakıya çatdıracağıq...
   
   Amma Arif ağrıya dözə bilmirdi. Elə hey ufuldayır və nə elədiyini, kiminlə danışdığını hiss eləmirdi. Ancaq ətrafdakılar ilan kimi ağrıdan qıvrılan Arifə elə yazıq-yazıq baxırdılar ki, sanki suda boğulan adama kömək göstərə bilməyən insan kimi aciz bir görkəm almışdılar. Silahdaşları əllərindən bir şey gəlməsə də onun çarpayısının başının üstünü kəsdirmişdilər.
   
   Reyhan:
   
   - 5-10 dəqiqədən sonra ağrıları azalacaq. Hələ canıyla əlləşir, hələ ağrılara bir təhər dözür...
   
   ... 5-10 dəqiqə keçdi, yavaş-yavaş Arifin ağrıları azaldı. Hiss elədi ki, ayaqları hələ də möhkəm-möhkəm ağrayır. Ağrılar yavaşıdıqca onun gözünə işıq gəlirdi. Bir də gözünün qabağına iki il bundan əvvəl dünyasını dəyişmiş anası gəlirdi. Sanki anasının nəfəsini lap yaxından hiss eləyirdi. Hiss eləyən kimi də "Ana" deyib gözlərini açdı. Başının üstündə silahdaşlarını və bir də tibb bacısı Reyhanı gördü. Özünü toplayıb çətinliklə də olsa bir-iki kəlmə danışdı:
   
   - Qorxmayın, ölən deyiləm. Amma elə bil ayaqlarım mənim deyil.
   
   Bir müddət keçəndən sonra həkimlər və o cümlədən cərrahlar gəldilər. Onlar da məsləhət bildilər ki, xəstəni təcili vertolyotla Bakıya aparmaq lazımdır. Çünki həkimlər bu qərara gəldilər ki, onun ayaqlarından biri mütləq kəsilməlidir. Bəlkə Bakıdakı həkimlər çıxış yolu tapıb xəstəni müalicə elədilər və Arifin ayağı kəsilmədi.
   
   Onu Bakıdakı klinikaya gətirəndə Reyhan Arifdən əl çəkmədi. Komandirə dedi ki, mən çətin gündə onu darda qoya bilmərəm. Arifə qoşulub Bakıya gedirəm.
   
   Komandir:
   
   - Bəs buranı kimə tapşırırsan?
   
   - Məndən də yaxşı və fərasətli bir qız var, o hər şeyi bacarar, - deyə Reyhan dilləndi. - Ona özüm qədər inanıram...
   
   Bu sözlərdən sonra komandir bir söz demədi, elə bircə başını tərpətdi: yəni mən narazı deyiləm.
   
   Bakıya xəstəxanaya onu vertolyotla çatdırdılar. Vertolyot meydançaya düşən kimi təcili yardım maşını xəstəni ordan götürüb klinikaya sarı istiqamət aldı. Vaxt itirmədən operativ surətdə həkimlər xəstəni yenidən müayinə etdilər. Qərara gəldilər ki, xəstəni bir neçə gün müalicə eləsinlər. Müalicə nəticə verməsə, sonda onun sağ ayağını kəssinlər.
   
   Üç-dörd gün müalicə olundu və bu müsbət nəticə vermədi. Həkimlər yenidən konsilium keçirib qərara gəldilər: Arifin sağ ayağı mütləq kəsilməlidir. İki gündən sonra onu əməliyyata hazırladılar və sağ ayağını kəsdilər...
   
   Nə az, nə çox düz o, 3 ay xəstəxanada yatdı. Bu 3 ayda onun gözünə yuxu getsə də Reyhanın gözünə yuxu getmədi. Heç yuxu getməyəcəkdi də. Çünki sevdiyi oğlanın sağ ayağını kəsmişdilər. Arifi sevməyi barəsində heç vaxt bir söz deməmişdi. Arif də onu istəyirdi, sevirdi. Deyirdi ki, müharibə qurtarsın, ürəyimi Reyhana açaram. Amma qəfil ayağından yararlanması hər şeyi alt-üst elədi və ürəyini Reyhana aça bilmədi. Düzdür, onlar bir-birlərinə "sevirəm" deməmişdilər. Gözləri bir-birinə baxanda hər şey aydın olurdu. Aydın olurdu ki, məhəbbətin dili olmur. O gözə baxanda da bilinir.
   
   ... Səhər açılanda Arif qalxmaq istədi. Amma gördü ki, sağ ayağı dibindən kəsilib və başının da üstündə Reyhan durub. Reyhanın baxışları və üzündəki təbəssüm hər şeyi unutdurdu.
   
   Reyhan:
   
   - Heç ürəyini sıxma, buna da şükür. Ola bilərdi ki, iki ayağını itirərdin.
   
   Arif:
   
   - Mən həmişə Allaha şükür eləmişəm. Ayağımı bu vətən, bu torpaq yolunda itirmişəm. İki ayağımı, iki qolumu itirsəm, yenə uf demərəm. Təki vətənin başı sağ olsun!..
   
   Reyhan:
   
   - Allah qoysa, bir müddət keçər, komandir dedi ki, səni Almaniyaya göndərəcəklər. Orda elə süni ayaq düzəldirlər ki, öz ayağınla heç bir fərqi olmur. Bax onda lap yaxşı olarsan...
   
   Arif:
   
   - Mən Almaniyaya-zada gedən deyiləm. Sən yanımdasan elə bilirəm ki, ayaqlarım yerindədi və ürəyim də buz kimi sakitdi. Hər şey Allah qoysa, lap yaxşı olacaq.
   
   ... O gün olmazdı ki, onun yanına dost-tanışları, silahdaşları gəlməsin. Yəni Arifi tək buraxmırdılar. Bir də Arif heç tək deyildi. Reyhan həmişə onun yanında idi. Çox qəribə idi ki, hələ də ürəklərini, sevgilərini bir-birinə açmamışdılar.
   
   Bir axşam şam yeməyindən sonra Arif dilləndi:
   
   - Reyhan, burdan çıxandan sonra səni götürüb Şəmkirə aparacağam. Yəni səninlə ailə quracağam...
   
   Bu sözlərdən Reyhanın boğazı qurudu və baxışları Arifin çöhrəsinə dikildi:
   
   - Səninlə ölümə də gedərəm. Amma atama yazığım gəlir. O biləndə ki, mən sənə qoşulub qaçmışam, bax onda hansı hala düşəcək onu təsəvvür eləyə bilmirəm. Atamı da çox istəyirəm, səni də. Nə səni ata bilirəm, nə də atamı...
   
   Reyhanın atası hərbi hissələrin birində işləyirdi. Rütbəsi polkovnik idi. Yaxşı da hərbiçiydi. Çünki o zamanında bütün hərbin sirlərinə yiyələnmişdi. Komandir kimi də böyük hörməti vardı.
   
   Üç ay tamam oldu. Reyhan Ariflə birgə Şəmkirə yollandı. Çox qəribə idi ki, Arifin qohumu-əqrəbası hamısı bu qızın cəsarətinə, mərdliyinə və etibarına məəttəl qalmışdı. Məəttəl qalmışdılar ki, bu gözəllikdə, bu qəşənglikdə qız sağ ayağını itirmiş Arifə qoşulub rayona gəlib. Düzdür, Arifin qohum-əqrəbası buna sevinirdi. Çünki yaxın vaxtlarda toy da olacaqdı...
   
   Amma bu xəbəri Reyhanın atası çox pis qarşıladı. Hirsindən az qaldı ürəyi partlaya. Dedi ki, mənim qızım heç vaxt razılığım olmadan qoşulub başqasına qaçmaz. Onu zorla qaçırıblar. Ona görə də vaxt itirmədən Rəşid kişi maşına əyləşib Şəmkirə getdi. Elə ilk növbədə də rayon prokuroru ilə görüşdü və dedi ki, mənim qızımı bir əsgər götürüb qaçıb. Xahiş eləyirəm, qızımı qaytarın və əsgəri isə cinayət məsuliyyətinə cəlb eləyin!
   
   Prokuror çox savadlı və dünyagörmüş bir insan idi. Gördü ki, Rəşid kişi əsəbləşib və hövsələdən çıxıb, onu sakitləşdirdi. Sonra da dedi:
   
   - Rəşid müəllim, bir stəkan çay için, bu dəqiqə hər şeyi aydınlaşdırarıq.
   
   Prokurorun köməkçisi bir stəkan çayı gətirib Rəşid kişinin əyləşdiyi stolun üstünə qoydu. Amma Rəşid kişi o çaydan bir qurtum da içmədi. Daha doğrusu, içmək istədi, çay boğazından keçmədi.
   
   Sonra prokuror üzünü Rəşid kişiyə çevirərək, dilləndi:
   
   - Rəşid müəllim, zəhmət olmasa, siz həyətdə bir az gəzişin, mən də oğlanı da, qızı da bura dəvət edib, hər şeyi aydınlaşdıraram.
   
   Prokuror köməkçisinə göstəriş verdi ki, rəislə əlaqə saxlasınlar və həmin adamları onu yanına gətirsinlər. 10-15 dəqiqə keçmədi ki, oğlanı da, qızı da prokurorun yanına gətirdilər. Prokuror Reyhandan soruşdu:
   
   - Qızım, səni qaçırıblar, yoxsa özün gəlmisən?
   
   Reyhan:
   
   - Cənab prokuror, Ariflə biz uzun müddət hərbi hissədə qulluq etmişik. Yaralandı və ayağını itirəndən sonra mən dedim ki, səni heç vaxt tək buraxmayacağam və ömrümün sonuna qədər ayağını itirən Arifə vəfalı həyat yoldaşı, ana, bacı və sirdaş olacağam.
   
   Qızın bu sözlərindən sonra prokuror kövrəldi və dedi:
   
   - Allah sizi xoşbəxt eləsin!
   
   Sonra qızın atasını çağırdı və atası da qızı ilə söhbətləşdi. Reyhan prokurora nə demişdisə, atasına da onu dedi və başını aşağı dikdi...
   
   Prokurorun otağından çıxah polkovnik bir anlıq duruxdu. İstədi ki, qızının qulağının dibindən bi şillə ilişdirsin. Əlini qaldırdı və qolu boşaldı. Bir aşağı baxdı, bir yuxarı. Hirsindən dodaqlarını çeynədi...
   
   Küçəyə çıxan polkovnik maşına yaxınlaşanda arxadan qızının səsini eşitdi:
   
   - Ata, sənə qurban olum, mənim səndən və Arifdən başqa heç kimim yoxdur. Nolar, xeyir-dua ver!..
   
   Yenə Reyhanın atası bir yerə baxdı, bir göyə. Yadına atasının dediyi bir söz düşdü. Heç vaxt sevən qəlbləri sındırmaq olmaz. İstədi bir söz deməsin, gözləri doldu. Bir qızına baxdı, bir də sağ ayağı kəsilmiş Arifə. Gördü ki, hər ikisini gözü dolub və onun xeyir-duasını gözləyir...
   
   Burda daş ürək də yumaşalardı. Deyəsən, yavaş-yavaş polkovnikin ürəyi yumşalırdı. Bir-iki addım irəli yeriyib diqqətlə qızına baxdı. Əlləri ilə uşaq vaxtı hər gün sığalladığı saçlara yenidən toxundu. Bu saçlara toxunanda elə bil ki, əlləri ürəyinin sarı siminə dəydi...
   
   Baxdı-baxdı və yenə əllərini qızının yaşarmış çöhrəsində gəzdirdi. Heç bir şey demədən onlardan uzaqlaşdı. Geriyə dönəndə isə polkovnikin çöhrəsində qəhərdən başqa bir təbəssüm də duyulurdu...

TƏQVİM / ARXİV