adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Məhəmməd Nəsiboğlu

20508 | 2012-08-25 11:55
Məhəmməd baba artıq məni özüylə ova aparmaq istəyirdi. Açığı bunu fikirləşdikcə dodağım qaçır, babamgilin qonaq otaqlarında yerləşən şkafın iri, yanlarını sarı ləkələr almış güzgüdə özümə baxıb qürrələnməyə başladım. ,"Sabah Qaraxozu məni özü ilə ova aparacaq" fikri dodaqlarımda səyirirdi.
   
   Səhər tezdən Kərəmlə birgə Məhəmməd babanın alaqapısını taqqıldatdıq. Dərhal bir neçə yerdən itlərin hürüşmə səsləri gəldi. Qapı açıldı. Məhəmməd baba ilə birgə ala ov tulası da qapı ağzında göründü.
   
   - Keçin içəri, - deyib, Məhəmməd baba özü qabağa düşdü. Qonşu olmalarına baxmayaraq Kərəm birinci dəfə idi ki, Məhəmməd babanın bu maraqlı, sirli, sehirli "iqamətgah"ında olurdu. Cığıra bənzəyən, irili-xırdalı çay daşları döşənmiş səki ilə taxta evinə çatanda:
   
   - Burada gözləyin, mən indi çıxıram, -deyib cırıltı ilə qapını açıb içəri girdi. Evin giriş qapısının üstündən asılmış dağ kəlinin iri, burma buynuzlarına tamaşa edən Kərəm axşamdan yağmış qarı xırtıltıyla ayaqlayaraq bir az da irəli gəldi.
   
   - Bunun evi taxtadandı? - deyib heyranlıqla soruşdu.
   
    Az keçməmiş Məhəmməd baba əlində tüfənglə bayıra çıxdı. Çiynindən asdığı qoltuqaltısı patronlarla dolu idi.
   
   -Hə, qoçaqlar, ovumuz baş tutsa pistondan, barıtdan korluğunuz olmayacaq, - deyib qabağa düşdü.
   
    Ayağına uzun çəkmə geymişdi. Başına qoyduğu uzun qulaqlı papağı qıvrım, qaragül dərisindən hazırlanmışdı. Geydiyi yüngül gödəkcəni enli qayışla kəmər yerindən sıxmış, kəmərdən asılmış ovçu bıçağının gümüş dəstəyi qınından azacıq çıxmışdı...
   
    Tulaya yavaşdan nə dedisə, tula ondan əl çəkib yuvasına tərəf getdi. Biz çıxandan sonra qapını iri qıfılla qıfılladı.
   
    Beynimdə qəribə fikirlər dolaşırdı. "Görəsən bizi cüyür ovuna aparır? Axı ova adətən tək gedər deyərdi atam Musa kişi. İndi nəyə görə tək yox, özü ilə iki nəfər uşaq aparır? Birdən yenə erməni öldürər" ... və. s kimi fikirlər başımda sürətlə bir-birini əvəz edirdi. Noykeçən bağına çatanda ayaq saxladı.
   
   - Məmməd, bala, addamacları elə keçin ki, ayağınız sürüşüb suya düşməsin, - deyib, iri, qara daşlardan düzülmüş addamacları ehtiyatla keçdi.
   
    İncə çayı tamam donmamışdı. Orta ilə axan dumduru suyun sağında, solunda donmuş, nazik buz zolaqları şüşə kimi par-par yanırdı. Qışın orta ayları olduğundan qar hər yanı ağappaq örtüklə örtmüşdü.
   
   Ağacların budaqlarından asılmış sırsıralar səhərin sarımtıl rəngini əks etdirirdi. Axşamdan yağmış narın qar, izlərin üstünü nazik cuna kimi bağlamışdı.
   
   - Dünən bağın başına qalxmışdım. ,"Dəyirman çalı"ın üst tərəfinə bir yığın daş töküblər. Bir samur izi həmin daşların içinə girib, amma çıxmayıb. İndi biz çox ehtiyatla həmin daş yığınına yaxınlaşıb samuru diri tutmalıyıq. Tuta bilməsək vurub öldürməliyəm deyib, - Məhəmməd baba sükutu pozdu.
   
   - İndi sizin məharətinizdən də çox şey asılıdı. Gərək daşları elə ehmallı qaldırasız ki, mən onu tuta bilim. Samurun dərisi çox qiymətlidi. Elə etməliyik ki, dərisi korlanmasın. Ona göə onu diri tutmağa çalışmalıyıq.
   
    Artıq daş yığınının yanına çatmışdıq. O, əvvəlcə daş yığınının ətrafına diqqətlə nəzər saldı. Axşamdan yağan narın qar samurun daş yığınına girən izlərini tamamən örtə bilməmişdi. Daş yığınından çıxan başqa bir iz isə yox idi. Məhəmməd baba şəhadət barmağı ilə ağzını tutub, göz-qaş ilə başa saldı ki, ehmallıca daşları qaldırın. Özü isə əks tərəfdən diqqətlə daşların arasına baxmağa başladı. Birdən cəld sıçrayışla əlini iki iri daşın arasına soxdu. Samurun arxa qıçı əlinə keçmişdi. Samur çox qəribə, tükürpədici səs çıxararaq geri qanrılıb onun əlini gəmirdi. Qan sızan əlini geri çəkən Məhəmməd baba tez tüfəngi əlinə aldı. Qoltuqaltından çıxardığı patronun keçəsini açıb saçmaların yarısını yerə tökdü. Sonra cəld tüfəngin lüləsinə itələdi. Elə bu an samur daşların altından çıxıb, çox sürətlə qaçmağa başladı. Bir saniyədə geciksəydi samur təpəni aşıb gözdən itəcəkdi. Yönü əks tərəfə olan Məhəmməd baba bir qızılquş cəldliyi ilə geri çevrildi. Çevrilməyi ilə güllənin açılmağı bir oldu. Gözlərimizə inanmadıq. Təpəni aşan samurun təkcə quyruğu görünəndə güllə açılmışdı. Məhəmməd baba tüfəngi qatlayıb patronu lülədən çıxardı. Sonra lülənin içindən üfürüb tüstünü lülənin baş tərəfindən çıxardı.
   
   - A bala, saçmaları dəlikliyinə doldurdum. Dərisinə ziyan dəyməmiş olacaq. Get onu bura gətir, -dedi.
   
   Mən çiynimi çəkərək:
   
   - Məhəmməd baba, o ki qaçıb getdi. Təpəni aşandan sonra atdın, necə vura bilərdin onu?
   
    Çox az hallarda gülən Məhəmməd baba ağ bığlarının altından qımışaraq:
   
   - Sənə dedim get onu bura gətir, - deyib tüfəngi çiynindən aşırdı.
   
    Təpənin o üzünə çatanda, ağ qarın üstündə qıpqırmızı qanla ləkələr salmış samur hələ də çabalayırdı. İri, şələ quyruğu, sapsarı dərisi par-par yanırdı. Bir xeyli tamaşa etdim, sonra quyruğundan tutub Məhəmməd babaya yaxınlaşdım. O, samuru məndən alıb, hər yerini əlləriylə yoxladı. Doğurdan da heyvanın dərisinə bir dənə də saçma dəyməmişdi.
   
   - Sənə dedim, dəlikliyini nişan aldım. Şükür ki, dərisinə zədə toxunmayıb. İndi bu dərini ovçular ittifaqına verib, əvəzində çoxlu patron, piston, barıt, saçma alacağıq. Daha korluğunuz olmayacaq, - deyib samuru yenidən mənə uzatdı. Kefimiz kök idi. Ovumuz uğurlu alınmışdı. Qar üzərində yeni izlər sala-sala Noykeçən bağına yaxınlaşdıq.
   
    Noykeçən bağına çatanda Məhəmməd baba tüfəngi çiynindən endirib qoşalüləsinə iki güllə saldı:
   
   - Hə, oğul balalar, siz on gülləyə bir qaratoyuq vura bilmirsiz. Görünür quş ovunun qaydalarını bilmirsiz, - deyib tüfəngi sinəsinə qaldırdı. Bir-birindən xeyli aralı uçan qaratoyuqları gözü almışdı. Dalbadal atılan güllələrin heç biri boşa getmədi. Fırlana-fırlana düşən qaratoyuğun biri moruq kolunun üstünə, o biri isə ağacların budağına dəyə-dəyə yerə düşdü. Kərəm mənim üzümə, mən də Kərəmin üzünə baxdıq.
   
    Qaraxozu çiynimizə vurub dedi:
   
   -Bala, quşu göydə vurarlar.
   
   Quşu göydə vurmaq isə açığı heç ağlımıza da gəlməzdi, Kərəmlə mənim.
   
    Bax beləcə. Odur ki, Qaraxozu ləqəbi artıq İncə dərəsində, əfsanələnmiş, Robin Qud macəraları qədər maraqlı əfsanələrə çevrilmişdi...
   
   
   
   ***
   
   
   
    Bir gün kəndə hay düşdü ki, Mürüd evinin damına canavar girib. Murdar xeyli qoyun-quzunu qırıb parça-parça etmişdi. İki gün keçməmiş başqa birisinin damına girib, yenə xeyli ziyanlıq vurub. Kəndə dadanmış bu canavar camaatı cana doydurur. Necə gəlir, damlara necə girir, heç itlərin də xəbəri olmurmuş. Bir neçə kənd adamları belə qərara gəlirlər ki, Qaraxozunun yanına getsinlər. Demək olar, ki Məhəmməd kişi İncə dərəsində dövrünün ən yaxşı ovçularından, ən sərrast, mahir atıcılarından olub. Odur ki, Məhəmməd kişinin qapısını döyüb şikayətlərini bildirirlər. Əlbəttə ki, bu işdən Məhəmməd kişinin xəbəri var idi. Gələnləri arxayın salıb deyir ki, sizsizdə mən bu kafir haqda düşünüb- daşınmışam.
   
   Üzünü Qınıya tutaraq deyir:
   
   -Mənim hesabımla o murdar bu gecə yenə kəndə girəcək. Odur ki, sən qoyunları xalxalda saxla, dama salma. O murdarı diri tutmalıyam. Kəndimizə çəkdirdiyi dağların əvəzini ödəməlidi kafir.
   
   Qını:
   
   - Ay Məhəmməd dayı, sən hardan bilirsən mənim damıma girəcək? Camaat damın qapı-bacasını möhkəm bağlayır ki, o murdar heç yerdən girə bilməsin. Sən isə deyirsən qoyun-quzunu dama salma. Beş-üç heyvanım var, onu da güdaza verim?.
   
   - A bala, dediyimə bax. Mən özüm də sizdə qalıb, ona tələ quracam. Mənə də ovçu Məhəmməd deyərlər. Bu gecə onu diri tutmalıyam.
   
   Qınının razılaşmaqdan başqa çarəsi qalmır. Qaraxozu üç dənə tələ götürüb gəlir Qınıgilə. Ətrafı müşahidədən keçirən Məhəmməd kişi deyir:
   
   -Yox, Qını, qoyunları dama salarıq. Bax bu bacaların üçünüdə açıq saxlayarıq. Tələni elə quracam ki, bacaya yaxınlaşan kimi tələyə düşsün.
   
    Beləliklə öz fərasətı, təcrübə və bacarığı sayəsində bacaların ağzında tələləri qurur.
   
    Səhərə yaxın Qınıgilin məhləsində hay-həşir qopur, itlər hürüşür, işıqlar yanır. Canavar tələyə düşmüşdü. Qaraxozu Qınıya tapşırdı ki, itləri yaxın buraxmasın.
   
   -Bu murdar mənə diri lazımdı, Qını, Lapatkanı yerə qoy, öldürmə onu.
   
    Bir başqa qonşu kişi;
   
   - Ay Məhəmməd, qoy ataq itlərin qabağına, itlər onu parça-tikə edib, öldürdüyü heyvanların gününə salsınlar. Bunu diri saxlayıb nə edəcəksən ki?
   
   - Ayə, a Hasan, ona daha ağır işgəncə verəcəm. Siz eləcə tamaşa edin.
   
    Tələyə düşmüş canavar dişlərini qıcayaraq sıçrayışlar edir, tələnin məngənə kimi sıxılmış dişləri arasından qan axan ayağını çəkib çıxara bilmirdi. Qaraxozu haça yabanın biri ilə canavarın boynunu yerə sıxdı, ikinci yaba ilə qarın nahiyəsini yerə sıxmağı bir başqasına tapşırdı :
   
   -A Qını, o iri təkənin boynundan asılmış zınqırovu aç bura gətir, -dedi.
   
    Hamı mat qalmışdı ki, bu əzrail zəhimli kişi canavarı necə cəzalandıracaq. Qını əlacsız qalıb zınqırovu təkənin boynundan açıb gətirdi. Canavar ha çabaladı, ha çırpındı boynunu haça yabanın arasından çıxara bilmədi.
   
   -Qını, o zınqırovu bağla bu murdarın boynuna.
   
   -A kişi, al özün bağla, ver yabanı mən tutum, -deyib zınqırovu Məhəmməd kişiyə uzatdı.
   
    Canavarın gözləri hədəqəsindən çıxır, ağzı köpüklənir, nə qədər çabalayırdı fayda vermirdi. Qaraxozu qayışı canavarın boynuna bərkitdi. Sonra tələni açıb qışqırdı:
   
   -Buraxın məlun keçini, -deyib yabaları boşaltmağı əmr etdi.
   
    Tələdən qurtulmuş canavar vəhşi bir ulayışla çəpərin üstündən sıçrayıb bir andaca yoxa çıxdı. Az müddətdən sonra zındırov səsi də yox oldu. Hamı mat-mat Qaraxozunun üzünə baxırdı.
   
   -Siz hələ də anlamırsız ki, mən o boyda canavarı keçi gününə qoydum? Sizə üç gün möhlət verirəm, üç gündən sonra bu ətrafda onun meydini tapacaqlar.
   
    El arasında sayılıb-seçilən igid kişilərdən biri olan Dağqrcıqoğlu Məhəmməd dedi:
   
   -Ayə, a Məhəmməd, niyə ölür ki, sən onu diri buraxdın. Qoymadın çomaqla döyüb gəbək.
   
   -Məhəmməd, sən də bir igid adamsan. Yadında saxla, atı eşşəyin yedəyinə bağlayanda at xiffətdən ölər. Mən canavarın boynuna zınqırov bağlamaqla onu keçi halına saldım. O aclıqdan yox, xiffətdən öləcək. İtlər onu parçalayanda o, mübarizə edən canavar, çomaqla öldürüləndə isə, əli-qolu bağlı canavar kimi öləcəkdi. Amma bu ölüm ona dərd olacaq.
   
    Hamı mat-mat Məhəmməd babanın üzünə baxırdı...
   
   
   
   ***
   
   Məhəmməd babayla bağlı, babamın söyləmələrinrdən, el arasında dolaşan söhbətlərdən xatirəmdə, yaddaşımda qalan əhvalatlar çoxdur. Onlardan birini də oxucuların nəzərinə çatdırmaq istərdim.
   
    Noyambryan rayonuna yeni prokuror təyin olunmuşdu. Sumbatyan adlı yeni prokuror eşidir ki, İncəli Qaraxozu ermənilərə divan tutur. Neçəsini qanına qəltan edib, harada girəvəsinə erməni keçir, çox böyük məharətlə başını əkir, heç kimin də xəbəri olmur.
   
    Bir gün onu kabinetinə çağırtdırır. Qəbul otağında gözləyən Məhəmməd kişini içəri çağıran pokuror qapı ağzında dayanmış Qaraxozuya nifrətlə baxaraq stolun üstünə qoyduğu tapançanı əlinə alıb sərt, qəzəbli səslə deyir:
   
   - Türki dığa, eşitmişəm bizim ermənilərlə düz dolanmırsan. Səni xəbərdar edirəm! Özünü düz aparmasan bu güllələrin yeddisini də kəllənə sıxacam.
   
   - Səndə o hünər yoxdu, qorxaq dığa, -deyib Qaraxozu onun üstünə yeriyir. Rəngi avazıyan Sumbatyan pistoleti ona tuşlayır. Məhəmməd kişi ona yaxınlaşıb:
   
   - Kişisən o silahı mənə ver, mən onun yeddisini də sıxım kəllənə. Yadında saxla, eşidəm, biləm bir İncəliyə gözün üstdə qaşın var demisən, səni elə bu kabinetindəcə gəbərdəcəm, -deyir.
   
    Rəngi avazıyan Sumbatyan o gündən İncə dərəsinin sakinləriylə düz dolanmağa başlayır...
   
    Yazımızın ön səhifələrində qeyd etmişdik ki, böyük kəramət sahibi olan Həsib əfəndinin oğlu olan Məhəmməd baba həm də sufi nəfəsli, mükəmməl bir şair olub.
   
    "...Səbr eylə, sirri sübhandır a canım, oddara yandın"...- misraları fikrimizi təsdiq edir məncə.
   
   Övlad üzünə omürlük həsrət qalan Məhəmməd baba sonsuz qaldığından, onun yaradıcılığı da sonsuz qalır, it-bata düşür. Çox aradım, soraqladım, kimdən soruşdum, gördüm deyən olmadı.
   
    Qismət olsa, Məhəmməd kişinin əlyazmalarını tapa bilsəm, bir dəfə də sizləri onun şeir nümunələriylə tanış etmək ümidi ilə...

TƏQVİM / ARXİV