adalet.az header logo
  • Bakı 16°C

BiR CüT GÖYƏRçiN KiMi...

VƏSİLƏ USUBOVA
23683 | 2012-08-25 11:55
Arabir ömrümüzün əlçatmaz, ünyetməz günlərinə - pak və bənzərsiz uşaqlıq illərinə xəyalən səyahət etmək adama qəribə bir rahatlıq, könül xoşluğu gətirir. Tanış və əziz çöhrələr bir-bir göz önünə gəldikcə, daha da doğmalaşır, əfsanələşir. Hər dəfə xatirələr çözələndikcə fikirləşirəm ki, insanın həm çox qısa, həm də olduqca uzun ömrü var. Bəzən elə şeylər yada düşür ki, düşünürsən, gör mənim nə çox yaşım var - sanki yüzillər, minillərdi bu dünyada ömür sürürəm. Bəzən də əksinə, özünü dünənki uşaq hesab eləyirsən. Düşüncələrin, hərəkətlərin o qədər məsum, sadə olur ki, kimsə yaşını yada salanda təəccüblənirsən... Və bir də onu düşünürəm ki, "insan bu dünyadan heç nə götürmür" deyənlər nə qədər yanılırlar... İnsan bu dünyadan çox şey götürür. İnsan bu dünyadan bütöv bir ömür götürür və özü də bu dünyaya neçə-neçə ömürlər bəxş edir.
   
   İnsan öz şəxsində bütöv bir nəsil bağışlayır bu dünyaya...
   
   ***
   
   Kəndimizə gedəndə imkan tapan kimi bəndi aşıb axmazın qırağına düşürəm... Bir zamanlar mənzərə sarıdan kasıb olan kəndimizin yeganə axarlı-baxarlı yeriydi buralar... Böyüklərimizin dediyinə görə, əvvəllər Kür buradan, indiki axmazın yerindən axırmış... Sonralar məcrasını dəyişən çayın təzə yatağı ilə köhnə yatağının arasında sıx meşəlik vardı. Gecələr bu meşədən quşların, heyvanların həm vahiməli, həm də cazibədar səsləri eşidilirdi. Bu səslərin qarışıqlığında gözlərimi yumub meşədəki qaranlıq dünyanı təsəvvür etməyə çalışardım. Sonra da Amerika hinduları haqqında oxuduğum romanlardan səhnələr yuxuma girərdi... Cəldayaqlı, itigözlü məxluqların bir yarpaq belə xışıldatmadan mənə yaxınlaşdıqlarını duyanda zəhrim yarılardı... (Amma... qorxulu da olsa, çox təmiz dünyadı hinduların dünyası)...
   
    Əvvəllər axmazın suyu içməkdən başqa çox işə yarayardı. Qadınlar sahildə paltar-palaz, yun yuyar, kişilər balıq tutar, avar, qamış biçərdilər. Anamla, bibimlə tez-tez mən də bura gələrdim. Sahildəki balıqqulağıları donumun ətəyinə yığıb evə gətirərdim... O zaman kəndlər bir-birinə bu qədər yaxın deyildilər. Bəndlə axmazın arasındakı torpaq yolla ya piyada, ya da atla bu kənddən o kəndə gedən adamlar görünərdi... Bu adamların çoxu Abdulyandakı həkim məntəqəsinə gedənlər olurdu... İndi o bulud kimi sıx meşədən əsər-əlamət belə yoxdu. Axmazın suyu da xeyli quruyub, şorlaşıb, balıq iyi verməyə başlayıb. Daha torpaq yolda da piyada adamları görməzsən. İndi həkim də maşında gəzir, həkimə işi düşənlər də...
   
   ***
   
   ... Onları ilin bütün fəsillərində tozlu, palçıqlı kənd yollarında qoşa görərdik. Mavigözlü, dolubədənli, yaraşıqlı rus qızı ilə gursaçlı, qaragözlü, nazik qarabığlı feldşer oğlan yollarda görünəndə çoxları iş-gücünü atıb onlara tamaşa edərdi. Yorulmadan, usanmadan evləri gəzir, xəstələrə baş çəkir, körpələri peyvənd edir, adamları epidemiya və xəstəliklərdən qorunmaq üçün məlumatlandırırdılar. O zaman kölgəlikləri az olan kəndimizin şoran torpağı yayın qaynar günlərində havanı bir az da qızdırırdı. Feldşer-mama məntəqəsi Kolanıdan xeyli aralıda - Abdulyan kəndindəki maşın-traktor parkının yanındaydı. Axmazın böyrü ilə torpaq yol kəndimizdən məntəqəyə uzanırdı...
   
   Evimizə gedəndə yolum yenə o yerlərdən düşür. Uzaqdan keçən əsrin nə bilim, hansı ilindəsə tikilmiş daş binanı görəndə ürək çırpıntıları ilə uşaqlığımı, bir də onları - kənd yolunda qoşa addımlayan ağxalatlı cavan ər-arvadı - Əlibayram həkimlə Veranı xatırlayıram. Onlar elə məntəqə binasında da yaşayırdılar... Maşın binanı ötüb axmazın qırağı ilə irəliləyir. Külək gömgöy suları ləpələndirdikcə qamışlar bir-birinə dəyib səslənir, sərinlənən havadan balıq iyi gəlir. Görəsən, onlar bu yolu neçə dəfə, həm də pay-piyada gedib-qayıdıblar?! Yollara, cığırlara göz gəzdirirəm, onların ayaq izlərini görmək ümidiynən baxışlarım axtarır. Kəndimizdə feldşer də, tibb bacısı da var. Ancaq onların heç birini yolda görməzsən...
   
   ***
   
   O zaman kənd qadınları həkimə, iynə-dərmana çox inanmazdılar. Pirə, mollaya getməyi üstün tutardılar. Təkcə anam körpələrinin hansı xəstələnsəydi, kürəyinə şələləyib məntəqəyə yol alardı. Bu inamı, etibarı Əlibayram həkim indi də ehtiramla, minnətdarlıqla xatırlayır. Bu sətirlərin müəllifini də uşaqlıqda çox müalicə eləyib. Yolboyu qorxudan ağlayırdım, amma iynə ətimə sancılan kimi səsimi kəsirdim. Gülüb deyirdilər ki, hə, niyə səsini kəsdin, buna görə ağlamırdın, ağla da... Heç vaxt Veranı qoymurdum mənə iynə vursun. Deyirdim, səsin iynən yoğundu, özün də pis vurursan. Sözlərimə necə ləzzətlə güldüyü indi də yadımdadı. Mavi gözləri girdə sifətində itib gedərdi. Bir dəfə biz məntəqəyə gələndə Əlibayram həkim həyətdəki hovuzun qırağında bir kişiynən nərd oynayırdı. Vera nə illah elədi, qoymadım iynəni vursun. Qətiyyən əsəbiləşmədi, gülə-gülə balkona çıxıb ərini çağırdı:
   
   - Ay Alibayram, Vəsilə qoymur iynəsini vurum. Gəl, özün vur...
   
   Həkim oyunu yarımçıq qoyub gəldi...
   
   Onlar beləydilər...
   
   Vera azərbaycanca çox şirin danışırdı. Hara gedirdisə, qız-gəlinlər onu araya alar, məsləhətləşər, bəzən də ən adi şeylərdən söhbət açardılar. Onun arabir kənd qadınlarına qoşulub şaqqanaq çəkməsini hələ də məftunluqla xatırlayıram...
   
   ***
   
   Bilmirəm, onlar mənim doğma el-obamda neçə ilə yaşadılar, işlədilər. Beş ilmi, on ilmi, on beş ilmi?! Mənim təsəvvürümdə onlar elə bizim kənddə doğulmuşdular. Orada böyümüş, orada sevişib evlənmişdilər. Elə həmişəlik də o kənddə - mənim uşaqlığımın Kolanısında qalmışdılar. Nə qədər ki, kəndimizdə onları tanıyan adamlar yaşayır, mənim üçün əziz olan bu iki adam da hələ o kənddədi. Axı, bizim ömrümüz də elə bizi tanıyanların, yadında saxlayanların ömrü qədərdi...
   
   Ancaq... mənim xəyallarım öz yerində, bizi eldən-elə salan qismətimiz də öz yerindədi. Əlibayram Adışov da, Vera xanım da axmazın qırağındakı o məntəqədə ömürlük qalmadılar. Rayona gəlib uzun müddət sanitar epidemioloji stansiyada işlədilər. Arada görürdüm ikisini də. Həkimin gur saçları tamam ağarsa da, qara gözləri hələ də işıqlı və cavandı. Vera da əvvəlki şux, canalan gəlin deyildi. Ayaqları onu çox incidirdi. Bəlkə Kolanının, Abdulyanın, Talışın palçıqlı yolları onu bu hala salmışdı?! Kim bilir. Ancaq şikayətlənmir, o illəri kövrək bir həsrətlə xatırlayır. Çox şeylər qalıb yadlarında. Həkimin kənd camaatı haqqında maraqlı xatirələri var...
   
   - Bizdə olan həvəs indiki cavanlarda yoxdu. Yadındadı, necə evbəev, həyətbəhəyət gəzirdik?! Kənd yeriydi, adamlar çox vaxt zəhmətimizi qiymətləndirməyi də bacarmırdılar... Bir körpənin iynəsini vurmalıydım. Anası dedi ki, uşağı indicə yatızdırmışam. Dedim, bacı, eybi yoxdu, oyat, iynəsini vurum. Körpədi, təzədən yatacaq. Mən, gör, neçə evə dəyməliyəm. Nə illah elədim, gəlin uşağı oyatmadı. Naəlac qalıb, həyətdə bir daşın üstündə oturdum, uşaq ayılana kimi gözlədim... Belə-belə işlər...
   
   Hə... belə-belə işlər, həkim. Xeyli vaxtdı ki, sizinlə bağlı xatirələrim xəyalımı məşğul edib mənə rahatlıq vermir. Axır bir gün sizinlə bağlı ömrümüzün işıq dolu bir parçasını kağıza köçürdüm. Xeyli rahatladım, xeyli zövq aldım. Haqqınızda heç kəsdən bir kəlmə də soruşmadım. Bildiklərim mənə bəsdi. İndiyəcən necə işləmisiniz, əməyinizə necə qiymət verilib, nə mükafatlarınız var, bunlarla da maraqlanmadım. Məlum məsələdi. Soruşmadım ki, həkim, indiki vaxtda necə dolanırsınız? Sizi tanıyıram, bilirəm, necə dolanırsınız.
   
   Hamı kimi yaşamaq özü də bir könül rahatlığıdı...
   
   Bu yazıdan da hələ xəbəriniz yoxdu. Özüm belə istədim. İstədim ki, ömrünüzün bu müdriklik çağında ürəklərinizi uşaq kimi sevindirim. Bu sətirlər işıq üzü görəndə dost-tanışlar sizə xəbər versinlər. Siz də qəzeti götürüb evə tələsəsiniz:
   
   - Vera, bax, bizi qəzetə veriblər. Özü də Vəsilə yazıb...
   
   Vera xanım da canındakı bütün ağrıları unudub desin:
   
   - Sən Allah, ay Alibayram, bərkdən oxu, mən də qulaq asım...
   
   Siz də oxuyasınız. Oxuduqca səsiniz titrəyə, gözləriniz dola. Damlaların dumanı içində o illər kinolenti kimi xəyalınızda təkrarlana. Bir cüt göyərçin kimi kənd yolları ilə addımlayan, evbəev, həyətbəhəyət gəzən cavan ər-arvadı görəsiniz...
   
   Və bir də istəyirəm ki, ürəyinizə dolan minnətdarlıq kəlmələrini dilinizə gətirməyəsiniz. Əgər gözləriniz yol çəkəndə anasının ətəyindən tutub axmazın qırağındakı tozlu-torpaqlı yolla məntəqəyə gələn o balaca qızı da görürsünüzsə, bu mənə bəsdi...

TƏQVİM / ARXİV