Türkiyəli jurnalistə qarğız

ETİBAR CƏBRAYILOĞLU
32676 | 2012-08-25 11:55
Son günlər Türkiyəmizdə bir-birinin ardınca bombalar partlayır. Polislər, əsgərlər, mülki vətəndaşlar terrorla üzləşir. Bir bombanı da Türkiyədəki həmkarımız partlatdı. Özü də ard-ardınca. Aparıcı qəzetlərdən birinin tanınmış yazarı Fatih Çekirge son köşələrində Azərbaycana birbaşa dəxli olan məsələyə toxundu. Və aləm bir-birinə dəydi.
   
   Köşə yazarının qəhrəmanı Azərbaycanda dövlət vəzifəsi tutan şəxslərdən biri olduğundan təbii ki, "bombanın" səs-küyü də geniş ərazini əhatə elədi.
   
   Bu olay yetəri qədər tirajlandığından detalları yenidən xatırlamağa ehtiyac görmürəm. Həm Fatih Çekirge, həm də yazarın ittihamına tuş gələn dövlət məmuru öz arqumentlərini bəs deyincə səsləndiriblər. Ən əsası isə mənim bu məsələdə arbitr olmaq kimi bir iddiam yoxdu. Məni tamam özgə bir məsələ maraqlandırır.
   
   Heç zaman dövlət məmuru kimi çalışmadığımdan böyük vəzifəli şəxslərin yaşam tərzinin tam detallarını dərindən bilmirəm. Qəzetçi baba olduğumdan jurnalistlərimizin isə nələr çəkdiyinə yaxından bələdəm. Necə deyərlər, bunu öz dərimdə hiss etməkdəyəm.
   
   Fatih Çekirgenin Türkiyədə bilmirəm, amma buralarda geniş rezonans yaradan həmin son yazılarında bir məqam özəl olaraq diqqətimi çəkdi. Köşə yazarının gün işığına çıxardığı detallardan məlum oldu ki, türkiyəli qəzetçi yay tətilinin dadını çıxarmaq üçün İspaniyaya uçurmuş. Özü də təyyarənin biznes-klassında. Tam "ağ adamlara" layiq həyat tərzi yəni.
   
   Türk həmkarımın uçaqda hansı olaya şahidlik etdiyi, müşahidələrinin detalları məni ən azından bu dəqiqə o qədər də maraqlandırmır. Mühüm olanı Türkiyəmizdə çalışan bir qəzetçinin İspaniyaya tətilə gedə bilməsi, bunun üçün uçağın bisnes-klassında oturmaq imkanı əldə etməsidi. Köşə yazarının həmin qeydlərində bir məsələni də sezdim. Fatih bəyin yazılarından belə başa düşdüm ki, həmkarımın belə səyahətləri, ezamiyyətləri çox olub. Bunları qeyd etməklə sanki bizim qəzetçilərə rus şairi Mayakovski üslubunda acıq verir
   
   
   
   Oxuyun a,
   
   yana-yana qalın a,
   
   Mən Türkiyədə çalışan qəzetçiyəm.
   
   
   
   Sosial problemləri başından aşan, qonorarı növbəti qonorara güclə calayanların Fatih hocanın yazısını oxuyandan sonra hansı hisslər keçirdiyini dəqiq bilirəm. İstanbulda yaşadığı dönəmlərdə Türkiyədəki qəzetlərlə əməkdaşlıq etmiş sayın dostum Tofiq Abdin oradakı həmkarlarımızın yaşam tərzindən, şəraitlərindən çox şeylər anladıb. Abidən öyrəndiklərim, oxuduğum-bildiyim məsələləri yada salıram və bizimkilərin gününü göz önünə gətirirəm...
   
   Ötən ay ailəmlə Mayakovskinin doğulduğu Gürcüstana getmişdim. Biləcəridən o yana adlayan kimi sayın dostum Ceyhun Musaoğlu bizim tətil səfərimizi sosial şəbəkələrdə ictimailəşdirmişdi. Üstəlik "Ədalət"imizdə geniş bir yazı da çap etdirdi. Çoxlarının buna necə təəccübləndiyini yaxşı anlayıram. Kasıbın əlində qoğal həmişə pis görünüb.
   
   Fatih Çekirgeni şəxsən tanımıram. Nə zamansa üzbəüz oturub söhbətləşmək şansı qazansam bütün bunları ona anlatmaq zor bir iş olacaq. Təyyarənin biznes-klassında uçmağa adət etmiş Fatih hoca Azərbaycandakı həmkarlarının hər gün nələr çəkdiyini nə biləcək... Çox yox, cəmi bir-iki il bizim məmləkətdə jurnalist kimi çalışsa bəlkə dərdimizdən anlar. Amma öz aramızdı, mən tərəfdən deyəsən türkiyəli həmkarımıza çox ağır qarğış oldu.
   
   Fatih Çekirgen bu anlarda yəqin qış tətilinin planlarını cızır. İyi tətillər, hocam. "Azərbaycan" nəşriyyatı ilə kirayə qaldığım ev arasında məsafə o qədər də uzaq deyil. Avtobusa minməkdən vaz keçib piyada da getmək olar. Qənaət etdiyim 20 qəpiyə səhər tezdən "Ədalət"in yeni sayını alacam.

TƏQVİM / ARXİV