adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Ədəbiyyatda yeni qalmaqal

18936 | 2012-08-23 08:51
Aysel Əlizadə Əsəd Cahangir və Kəramət Böyükçölü Servantesin qəhrəmanlarına bənzətdi.
   
   Bu günlərdə tənqidçi Əsəd Cahangir "Ulduz" jurnalının gənclər tərəfindən hazırlanan, Aysel Əlizadənin baş redaktorluğu ilə çap olunan sayını tənqid edib. Tənqidlə razılaşmayan Aysel Əlizadə həmin yazıya reaksiya verib və ədəbi mühitdə yeni polemikanın əsası qoyulub. Aysel Əlizadənin yazısındakı bəzi məqamları dəqiqləşdirmək üçün Əsəd Cahangirə müraciət etdik.
   
   - "Ulduz" jurnalının gənclər tərəfindən hazırlanan, Aysel Əlizadənin baş redaktorluğu ilə çap olunan sayını tənqid etmisiniz və Aysel Əlizadə sizin tənqidinizə cavab yazısı yazıb. Yazıdakı ittihamlarla razısınız? Ümumiyyətlə bu yazıya münasibətiniz necədir?
   
   -Aysel xanımın yazısı məni çox məyus elədi. Yazıda çox qəzəbli aksent hiss olunurdu. Aysel xanım məni daha çox jurnalın dizaynını tənqid etdiyimi yazıb. Bəli, jurnalın dizaynı çox bərbaddır. Üz qabığındakı şəkillər, jurnalın içərisinin dizaynı çox bərbad gündədir. Mən gənclərdən daha dinamik, daha uğurlu dizayn gözləyirdim. Jurnalın 60-cı illərdən qalma rəssamı Ədalət Həsən yenə də öz köhnə üslubundan istifadə edib. İnternetdən götürülən şəkillər, solğun dizayn oxucunu qətiyyən cəlb eləmir. Ona görə də jurnalın dizaynı haqqında daha çox yazmışam. Aysel xanım bu yazını yazacağını sosial şəbəkələrdə anons etmişdi və mən bu yazını gözləyirdim. Ancaq bu qədər qəzəbli cavab gözləmirdim, açığı. Ümumiyyətlə gənclər özlərini reklam etmək xatirinə bəzən hövsələsizlik edirlər. Amma tənqidi də normal qarşılamaq lazımdır. Mən təkcə jurnalın dizaynını yox, jurnalın içərisindəki mətnləri də təhlil eləmişəm. Amma bunu bir köşə həcmli yazının verdiyi imkanlar daxilində etmişəm. Daha geniş təhlil və tənqidi bu yaxınlarda yazacam. Bununla bağlı "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə müraciət etmişəm və həftə sonu geniş və əhatəli bir yazı yazmağı düşünürəm.
   
   - Aysel Əlizadə yazısındakı bu cümlələr: Deyirlər, Əsəd Cahangirin bir gənc dostu var, onu gələcəkdə yaxşıca tərif etməyi planlaşdırır. Ona görə bəri başdan bizim uşaqların işini yamanlayır. Guya bu cütlük (Əsəd və onun dostu) uzun zamandır Don Kixot və Sanço Pansa kimi bərabər addımlayır, həyatın enişli-yoxuşlu yollarında." Hansı dostunuza aiddir? Çoxları bu gənc yazarın Kəramət Böyükçöl olduğunu düşünür, çünki "Ulduz" jurnalı növbəti dəfə onun baş redaktorluğu ilə çap olunacaq....
   
   - Mənim çoxlu dostlarım var. Ancaq mənə elə gəlir ki, yazıda eyham Kəramət Böyükçölə vurulur. Məncə də yazıdakı Sanço Pansa Kəramətdir. Amma mən heç kəsi tərifləməyə hazırlaşmıram. O da baş redaktor olsa, jurnalı tənqid edəcəyəm.
   
   Əsəd Cahangirin tənqidi fikirlərini qərəzli hesab edən Aysel Əlizadə saytımıza açıqlamasında deyib ki, "Əsəd Cahangirin yazdığı yazı peşəkar deyil. Mən təsadüfən onun yazı yazdığı redaksiyaya gedib çıxdım. Onun haqqında yazı yazacağı jurnala göstərdiyi münasibəti gördüm. Elə o jurnalı görəndə başa düşdüm ki, Əsəd bəy nə yaza bilər. İmkan olsa bu jurnalın şəklini çəkib yayımlayacağıq. Mən düşünmürəm ki, jurnal pis çıxıb. Ola bilsin ki, texniki qüsurlar var, amma jurnaldakı mətnlər haqqında yüksək fikirdəyəm. Biz seçmə və yaxşı mətnləri çap etmişik. Elə mətnlər var ki, onlar haqqında bu əsl ədəbiyyatdır demək olar. Ancaq jurnalın dizaynı da mövcud imkanları nəzərə alsaq, çox yaxşıdır. Bir sözlə, jurnal haqqında Əsəd Cahangirin yazdığı yazı, tənqidçi yazısı deyil. Məsələn, jurnalın üz qabağının içərisində mənim əlyazmam gedib. Siz indiyəcən "Ulduz " jurnalında Elçin Hüseynbəylinin belə bir şey etdiyini görmüsünüz? Düşünürəm ki, mən fərqlənməyi bacarmışam. Əgər Əsəd Cahangir də etiraf edirsə ki, yazıda Sanço Pansa deyəndə Kəraməti nəzərdə tutmuşam, qoy elə də olsun."
   
   Yazıda adı hallanan Kəramət Böyükçöllə əlaqə yaratmaq cəhdimiz alınmadı. Amma bu yazını yazarkən, Kəramətin Aysel Əlizadəyə yazdığı və Azadlıq radiosunun "oxu zalı" səhifəsində yayımlanan yazını oxudum və başa düşdüm ki, Sanço Pansa bənzətməsi Kəramətin də xoşuna gəlməyib. Yazının sonluğunu sizlərə təqdim edirəm:
   
   "Saytların birində təsadüfən Aysel xanımın yazısını oxumuşdum. Yazıda deyir, gözümü açıb gördüm ki, ədəbiyyatın içindəyəm. Xeyli güldüm. Görəsən, Aysel xanım bilmir ki, o, nəinki ədəbiyyatın içində, heç çölündə də deyil? Yoxsa bunu az adammı bilir? Hələ düzgün cümlə qurmağı bacarmayan, cümlədə təyinlə tamamlığın yerini dəyişik salan, qırıq, məntiqsiz çıxışları ilə göz oxşamağa çalışan bir adamın qəzəbi əvvəl-axır əsəb pozulmasına gətirib çıxarır. Özünüzü qoruyun, donna Əlizadə!.."
   
   

TƏQVİM / ARXİV