adalet.az header logo
  • Bakı 18°C

"Ölkəmdə özümü yad hesab edirəm"

FƏRHAD ŞABANOV
20930 | 2012-08-18 09:42
Fərhad Şabanovu "Ədalət" qəzetinin oxucuları yaxşı tanıyır. Qəzetimizə mütəmadi olaraq, köşə yazan bu gənc Türkiyədə Ankara Universitetini bitirib. Hazırda Ankarada yaşayır və xəbər portalında işləyir. Bu yaxınlarda Bakıya gələn Fərhad Şabanovla eksklüziv söhbət etdik. Türkiyə-Azərbaycan münasibətlərinə aid maraqlı fikirlər səsləndirdi.
   
   - Azərbaycanlının Türkiyədəki xəbər portallarından birində çalışması heç də adi hadisə deyil...
   
   - Ola bilsin burdan elə görünür. Ancaq mən 6 il Ankara Universitetində təhsil almışam. Bu üzdən Türkiyədə çalışmağım adi bir hadisədi. Bu yaxınlarda Türkiyədə hadisəyə çevrilə biləcək qəzet çıxmalıdı. Çox güman həmin mətbu orqanın Ankara bürosunda çalışacam.
   
   - Azərbaycanda türk tələbələrə münasibətlə, Türkiyədə azərbaycanlı tələbələrə olan münasibət arasında fərqlər var?
   
   - Təbii ki, fərqlər olmamış deyil. Azərbaycanda türk tələbələrə qarşı münasibət barəsində dəqiq bir söz deyə bilmərəm. Ancaq Türkiyədə situasiya tamam başqadı. Orda türkdən türkə fərq var. Milliyyətçi türklərin azərbaycanlılara münasibəti çox yaxşıdı. Məsələn, Qazi Universitetində demək olar, hamı milliyyətçidi. Artıq valideynlər də bu münasibətlərdən xəbərdardır. Ona görə uşaqlarını Ankara Universitetinə göndərmirlər. Bizim müəllimlərin əksəriyyəti solçulardı, onların Azərbaycana münasibəti pisdi. Bizə olan davranışlarından bunu aydın görmək olur. Eyni vəziyyət tələbələr arasında da hökm sürür.
   
   - Türkiyədə kollektivçilik ideologiyası güclüdü...
   
   - Bilirsiz, Türkiyədə ideologiyalar qalın xətlərlə bir-birindən ayrılıb. Milliyyətçilər həmişə azərbaycanlıların yanındadı, bizi özlərinə qardaş bilirlər, aksiyalarımızda iştirak edirlər. Xocalı soyqırımı ilə bağlı mitinqə azərbaycanlılardan çox türklər qatılmışdı. Ancaq solçular düşünür ki, azərbaycanlıya da, erməniyə də eyni münasibətdə olmalıdır. Onlar mövqelərini arqumentlərlə izah da edirlər ki, biz ayrı dövlətik, siz ayrı.
   
   - Türkiyə Azərbaycandan daha çox nəyi ilə fərqlənir? Onları bizdən daha cazibəli edən nədir?
   
   - Azərbaycan 22 ildir müstəqildir, Türkiyə isə 90 ildi. Azərbaycanda neft amili dövlətin inkişafına təkan verir, ancaq cəmiyyətin inkişafı isə çox ləng gedir. İnsanlarımız türkiyəlilərdən çox geridə qalır. Türkiyədə fərqlidir, əvvəl cəmiyyət, insanların təfəkkürü inkişaf etdirilib. Bunu isə birbaşa dövlət həyata keçirir. Onlarda birinci insandı. Orda universitet tələbələrinin intellektual səviyyəsi çox yüksəkdi. Nədən danışırsan başa düşürlər, istənilən mövzuda diskussiyalar aparmaq mümkündür. Türkiyədə insanlar olduqca mütaliəlidi, dünyagörüşləri genişdi. Azərbaycanda tələbələr, o cümlədən əksər gənclər çox bəsitdi. Ankara, İstanbul, İzmirlə müqayisədə Bakıda insanlar cahillik içərisindədi. Ərzurum, Adana isə Bakıdan geridə qalır, amma Lənkərandan, Gəncədən, Qəbələdən çox qabaqdadırlar Bakıdakı insanlarla məsələn, İsmayıllıdakı insanlar arasında düşüncə fərqi yoxdu, hamı bir-birinə oxşayır. Türkiyədə isə elə deyil, əsas şəhərlərin insanları çox inkişaf edib.
   
   - Türkiyəli tələbələrin Qarabağ probleminə münasibəti hansı şəkildədir?
   
   - Dediyim kimi, milliyyətçilər bu problemi öz problemləri hesab edirlər, solçular isə Qarabağ münaqişəsinə Türkiyəni qatmamağın tərəfdarıdırlar. Biz Avrasiya dərsi keçirdik. Müəllim Ermənistan-Azərbaycan münasibətindən danışır. Tələbələr ayağa dürüb açıq şəkildə bəyan edirlər ki, ermənilərlə sərhədləri açmaq lazımdır. Azərbaycanın probleminə görə niyə Türkiyəyə iqtisadi cəhətdən ziyan dəyməlidir. Bir başqası bunun əksini söyləyir. Dərsdə açıq müzakirələr gedir. Görünən odur ki, çoxluq bizim əleyhimizədir.
   
   - Mətbuatdan oxuduğumuza görə, azərbaycanlılarla türk tələbələr arasında hətta davalar yaşanır. Belə davaların iştirakçısı olmusan?
   
   - Axırıncı Xocalı soyqırımı ilə bağlı tədbirlər çərçivəsində böyük dava düşdü. Universitetin divarlarında müxtəlif xalqaların qardaşlığını əks etdirən komminist ideologiyalı plakatlar asılıb. Bu plakatlarda türkçülüyün təbliğinə rast gəlməzsiz. Universitetə yeni daxil olan azərbaycanlı tələbələrdən biri vəziyyətdən xəbərsiz olduğu üçün o plakatlardan birini cırdı. Bizimlə türklər arasında dava düşdü. Milliyyətçilər də bizə dəstək verdi. 10 nəfərə qədər tələbə yaralandı, xəstəxanaya düşənlər oldu. Türkiyə mətbuatı hadisəni geniş işıqlandırdı. Əslində onlar bizim, biz də onların işinə qarışmırıq. Yollarımız, istəyimiz, məqsədimiz tamam başqadı. Sadəcə o tələbənin məlumatsızlığı vəziyyəti bu həddə çatdırdı. Davadan sonra dedilər ki, azərbaycanlılar məktəbə gəlməsin, işə səfirlik, Daxili İşlər Nazirliyi qarışdı. Bir həftə dərsə getmədik, sonra hər şey məcrasına düşdü.
   
   - Biz türkiyəlilər, onların mədəniyyətləri, ədəbiyyatları, idmanl, siyasətləri barədə çox məlumatlıyıq. Onlar isə bizdən demək olar ki, xəbərsizdi. Hətta yazarlarımızı belə, tanımırlar. Buna səbəb nədir?
   
   - Bu mövzuda onlarda günah görmürəm. Hər kəs mədəniyyətini, kimliyini birinci özü təqdim və təbliğ etməlidir. Azərbaycan ədəbiyyatı, musiqisi çox güclüdü, demirəm türklərdə zəifdi, amma bizdə həddindən artıq güclüdü. Bilkənd Universitetinin simfonik orkestrində əsasən Azərbaycandan olan musiqiçilərdi...
   
   - Heç olmasa mədəniyyətimizlə tanış olanda onun böyüklüyünü etiraf edirlərmi?
   
   - Əlbəttə, bilənlər, görənlər etiraf edirlər. Bu gün internet çox inkişaf edib. Türklər youtube.com-da azərbaycanlılardan Üzeyiri, meyxananı görürlər, düşünürlər ki, mədəniyyətimiz ondan ibarətdir. Türklər Azərbaycandan qayıdanda olduqca pis təəssüratda olurlar. Bakıdakı gündəlik həyat onların heç xoşuna gəlmir. Bizdən Türkiyəyə gedən tələbələrdən çox şey asılıdır. Onlar Azərbaycanı təmsil etdiklərini heç vaxt unutmamalıdır. Mən 90 nəfərlik auditoriyada otururam. Cəmi 3 azərbaycanlıyıq. Heç vaxt Azərbaycanı görməyən bir adam məni görürsə, özümü necə aparsam, ölkəm onun yadında elə qalacaq. Təəssüf ki, əksər azərbaycanlı tələbələr bunu düşünmür. Dərslərə girmirlər, çayxanalarda domino oynayırlar, avaralıq edirlər. Bu mənzərə isə türklərdə ikrah oyadır.
   
   - Azərbaycanın Türkiyədəki səfirliyinin bizim tələbələrə münasibəti necədi?
   
   - Əvvəlki səfirimiz çox yaxşı idi. Tez-tez tədbirlər təşkil edirdi, biz bu tədbirlərə qatılırdıq, ölkəmiz barəsində geniş məlumatlar yayırdıq. Səfir universitetlərdə azərbaycanlı tələbələrlə görüşürdü. İndiki səfir bizimlə maraqlanmır, tələbə birliklərindən xəbər tutmur. Təbii ki. belə münasibətdən olduqca narazıyıq.
   
   - Türkiyədə yaşamaq, işləmək Azərbaycanda yaşamaqdan və işləməkdən daha yaxşı olduğu üçün orda qalmısan?..
   
   - Mənim Türkiyədə qalacağım hələ dəqiq deyil. Türkiyədə lisey bitirmişəm, universitet oxumuşam. Hər yay Azərbaycana gəlirəm və doğma yurdumda özümü qərib hiss edirəm. Hansısa dövlət orqanının münasibətindən, insanların qeyri-səmimiliyindən, avtobus sürücülərinin mədəniyyətsiz idarəetməsindən, küçələrin zibilindən çox narahat oluram. Elə bilirəm burda yad insanam. Adi missal çəkim: Türkiyədə avtobus dayanacaqlarında hamı bir nəfər kimi növbəyə dayanır. Fərqi yoxdu, qoca, cavan, şikəst, heç kim o birinin növbəsinə girmir. Bizdə isə əməlli-başlı xaosdu. Düşünə bilmirəm ki, Azərbaycanda nə vaxtsa Türkiyədəki kimi vəziyyət olacaq.

TƏQVİM / ARXİV