HARDA GƏLDİ ƏT SATILIR

FAİQ QİSMƏTOĞLU
74889 | 2015-08-19 02:59
Ət satışı ilə bağlı uzun müddətdir ki, Bakı şəhərində qayda-qanun yaratmaq mümkün olmayıb. Düzdür, Dövlət Baytarlıq Xidməti bu sahədə bir neçə dəfə nəyəsə cəhd edib. Ancaq yenə heç nə dəyişməyib və hər şey əvvəlkindən də pis vəziyyətə düşüb. Təbii ki, ilk növbədə ət satışında qayda-qanunun yaradılması alıcılara sərf edir. Ən azından ona görə ki, onlar ət alanda nə əti aldığını dəqiqləşdirə bilirlər.
Amma indi gəlin görək Bakı şəhərində ət satışı sahəsində vəziyyət nə dərəcədə qənaətbəxşdir. Ondan çox rəyini soruşduğumuz alıcılar bildirirlər ki, onlar ümumiyyətlə, Bakıda ət satışından razı deyillər. Belə ki, həmin şəxslər söyləyir ki, bazarlardan çox vaxt ət almaqdan vaz keçirlər. Çünki bazarlarda satılan ətin keyfiyyətindən və mənşəyindən bir o qədər də arxayın deyillər. Həmin insanlar onu da bildirirlər ki, dəfələrlə Keşlə bazarında mənşəyi bilinməyən ətin satışına rast gəliblər. Elə ona görə də həmin vaxtdan bəri onlar bazarlardan üz döndərib yaxınlıqdakı ət köşklərindən ət alırlar. Bunu da onunla izah edirlər ki, müxtəlif iribuynuzlu və xırdabuynuzlu heyvanlar bizim gözümüzün qabağında kəsilir. Biz bu anları görəndən sonra ürəyimiz buz kimi sakit olur və istədiyimiz keyfiyyətli əti ala bilirik.
Gəlin onunla razılaşaq ki, müxtəlif ət köşklərində satılan ətlərə də bir o qədər baytar nəzarəti yoxdur. Mövcud qanunla həmin ət köşklərində səhər saatlarında kəsilən iribuynuzlu və xırdabuynuzlu heyvanların ətlərindən nümunə götürülməlidir və bunlar laboratoriyada analiz olunmalıdır, sonra onun satışına baytar həkim icazə verməlidir. Loru dildə demiş olsaq, həmin ətlərin üstünə baytar həkimin möhürü vurulmalıdır. Bəs bu möhür köşklərdə satılan ət məhsullarının üzərinə vurulurmu? Bircə faktı yada sala bilərik ki, Yeni Günəşli yaşayış sahəsində nə az, nə çox, beş-altı yerdə ət köşkləri var və səhər saatlarında orda iribuynuzlu və xırdabuynuzlu heyvanlar kəsilir. Və həmin heyvanların ətinin üzərinə heç vaxt baytar həkim tərəfindən möhür vurulmur. Möhür vurulsa da bu bir o qədər inandırıcı və dəqiq deyil.
Bütün bu məsələlər təbii ki, ilk növbədə alıcıları daha çox narahat edir. Birincisi, yolun kənarında kəsilən mal-qoyunların ətinin üzərinə müxtəlif nəqliyyat vasitələrində atmosferə atılan zəhərli qazlar da hopa bilər. Düzdür, bəzi ət köşkləri kəsimdən sonra həmin məhsulları köşkə yığırlar. Amma ət kəsilənə qədər o məhsulun üzərinə zəhərli qazlar mütləq çökür.
Aydındır ki, Bakıda ət satışı sahəsində qayda-qanun yaratmaq üçün yazımızın əvvəlində qeyd etdiyimiz kimi, müəyyən addımlar atılır. Dövlət Baytarlıq Xidmətinin Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəlinin KİV-lərə verdiyi açıqlamaya görə, yaxın gələcəkdə Bakı şəhərində ət köşklərinin hamısında kəsim dayandırılacaq. Mərkəzləşmiş qaydada şəhərin bir neçə yerində kəsim sexləri fəaliyyət göstərəcək. Hələ ki bu məsələlər reallaşmayıb. Yolçu Xanvəlinin fikirlərinə istinad etsək görərik ki, bu sahədə tezliklə qayda-qanun yaratmaq mümkün olmayacaq. Çünki həmin mərkəzləşdirilmiş sexlərin də fəaliyyəti ayrı-ayrı sahibkarların səlahiyyətinə buraxılıb. Yəni həmin sahibkarlar hərəkətə gəlsələr və onların maddi durumu yetərincə olsa, Bakı şəhərində bir neçə yerdə mərkəzləşdirilmiş kəsim sexləri yaradılacaq. Və bütün iribuynuzlu və xırdabuynuzlu heyvanlar həmin sexlərdə kəsilərək ət satışı köşklərinə göndəriləcək.
Ayrı-ayrı ekspertlər bildirirlər ki, yuxarıda qaldırılan problemin də həll edilməsi Bakıda ət satışında qayda-qanun yaratmayacaq. Əksinə, yüzlərlə ət köşklərində işləyən qəssablar narazılıq edəcək və nəticədə həmin köşklərin bağlanması işsizliyin yaranmasına gətirib çıxaracaq. Üstəlik də alıcılar da vahid kəsimlə bağlı məsələyə birmənalı yanaşmır. Onlar bildirirlər ki, hansısa oliqarx Bakıda ət kəsimini öz əlində cəmləşdirmək istəyir və başqalarının qazanc mənbəyinin qarşısını almağa çalışır. Biz nə bilək ki, o kəsim sexində kəsilən heyvan halal yolla kəsilir, yaxud da başqa bir formada. Üstəlik də hər şey bir sahibkarın əlində olanda mənşəyi bilinməyən və ölü heyvanları da satışa çıxara bilər. Bu isə ət satışında qayda-qanun yaratmaq deyil, monopoliya əldə etmək və hər şeyin bir yerdə cəmləşməsi deməkdir.
Göründüyü kimi, ət satışı ilə bağlı müxtəlif fikirlərin səsləndirilməsi hələ əsl həqiqəti ortaya qoymur. Ən azından ona görə ki, Bakıda fəaliyyət göstərən çoxlu sayda ət köşklərinin sahibləri qaldırılan məsələ ilə bağlı narazılıqlarını bildirirlər və bu addımın atılması yenidən ət satışında hərc-mərcliyin və özbaşınalığın yaranacağına gətirib çıxaracaqlarını qeyd edirlər.
Hər halda hər hansı bir yenilik həyata keçirilərkən ona çalışmaq lazımdır ki, bu tədbirlər ayrı-ayrı oliqarxlara yox, əhaliyə xeyir gətirsin. Ancaq bizdə belədir ki, çox vaxt əhalidən öncə ayrı-ayrı sahibkarın nə qədər pul qazanacağı barəsində götür-qoy edirlər. Bu isə sonda insanların haqlı narazılığına səbəb olur. Həmin narazılığı aradan qaldırmaq üçün isə Bakıda ət satışında ciddi qayda-qanun yaradılmalıdır.

TƏQVİM / ARXİV