adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

"Buğdanı dəyirmana", yaxud ruhun orqazmı

7433 | 2012-08-18 09:22
Səhər açılır. Günəşlə oyanırıq. Ailə-məişət problemləri, iş-güc, qayğılar... axşam düşür. Yataq bizi ağuşuna alır, gecələr saçlarımızı öpür, oxşayır, sonra yuxu ilə "öldürür"... Deməli, biz evdən çıxırıq ki, sonda yenə evə qayıdaq, yataqdan qalxırıq ki, yatağa qayıdaq, günəşlə oyanırıq ki, gecə də "ölək"... Həyat başladığı yerdə bitir sanki. Hətta sevgilimizlə... İnsanı öz sevgilisi ilə cinsəl ilişki birləşdirir. Küsülülük, ailədaxili söz-söhbət belə sonda bu ilişkinin təkrarı ilə "həll olunur". Anamızın qarnında böyüyüb torpağın qoynunda çürüməyimiz arasında da bir oxşarlıq, əlaqə olsa gərək... Dünyaya gəlirik-ağlayırıq, dünyadan gedirik-ağlayırlar... Başlanğıc daim bizi müşayiət edir. Sonda yenə təkrarlanır və biz başlanğıcla sona varırıq... Bəs başlanğıcla son arasındakı interval???
   
   Bir çox okkult təlimlərin mərkəzi mifologiyasını "mənbəyə qayıdış" təşkil edir. Doktrinalarda mənəviyyatın təsdiqi kimi isə "geriyə yol" təqdim olunur. Belə bir metafizik aksioma da var ki, ruh yenidən özünün əzəli impersonallığına qayıdır. Hind filosofu Ram Dass "Buğdanı dəyirmana" adlı kitabında yazır: "Boşluqda "əriyərkən" insan vahiməli hisslər keçirir... İnsanın allaha qayıdışı olduqca gözəldir." Filosofun qənaətinə görə, hər şeyin əsasını təşkil edən "kosmik məhəbbət" ruhun orqazmıdır...
   
   Demək ki, həyatı nəfəs almağa başladığımız ilk anlardan nəfəs verdiyimiz-can tapşırdığımız anadək sevməliyik... Həyata "kosmik məhəbbət"lə bağlanmalıyıq. Və bütün bunların fonunda özümüzü həyatın qurbanı kimi yox, həyatı öz qurbanımız kimi qəbul etməliyik. Yaşamağı bacarmalıyıq. Sevgili Zümrüd Yağmurun mənə tez-tez dediyi bir söz var: "Sən özünü hamıdan yüksəkdə tut. Sən kraliçasan, hamıdan gözəlsən, ağıllısan-bu sözlərimi unutma və bu zaman görəcəksən ki, sən bu həyata çox lazımsan. Zatən insan müvəqqətidi. Sonu yenə qara torpaqdı. Anamız bizi təkrar dünyaya gətirmir." Təbii, heç kim özünə kraliça-filan deməz. Amma bu sözlərdə böyük həqiqət gizlənir. Sonumuz yenə əvvəlimizdirsə-həyatı dərketməz hala gəliriksə (çağa və qoca arasında da çoooox oxşarlıq var), niyə dərk etdiyimiz intervalda həyatın qədrini bilməyək? Hər şeydə ruhumuzun orqazmını hiss etməliyik, düşüncəsindəyəm... Əks düşüncə belə ruhumuzun "sevgisinə" mane olmamalı... Deyək ki, biriləri kafamızı qarışdırırcasına bizi fatalizmə sürükləmək niyyətində olur. Bu, bəsit bir düşüncə sahibi də ola bilər, filosof da... Hətta Kafka üçün də ümumiyyətlə, həyatın özü insanlar üçün yaradılan cəhənnəm kimi təsvir olunur. Amma biz bu cəhənnəmdə-susuzluqdan cadarlanmış boz torpaqda çiçək cücərtməyi bacarmalı və mütləq həmin çiçəyin gözəlliyindən zövq almalıyıq. Sonda bizi həmin çiçəklə müqayisə edib. Bizim daha gözəl olduğumuzu komplimentə çevirib özümüzə deyəcəklər... Halbuki sonumuz yenə həmin torpaq olacaq. Və biz öz "sonumuzdan" özümüzü yaşatmaq üçün istifadə etməliyik...
   
   Günəş qüruba enir... Yazını tamamlayıram. Yenə yatmaq, oyanmaq və bir həftənin tamamında yenidən yazmaq üçün. "Ədalət"ə xoş gəldim!!!

TƏQVİM / ARXİV