adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Məktəbdən qovulan dahi

20397 | 2012-08-17 08:46
Gerizəkalı uşaq: Tomas Edison
   
   Yoxsul bir ailədə anadan olmuş Tomas Edisonun heç kim gələcəkdə dünyanı heyrətə salacaq bir ixtiranın müəllifi ola biləcəyini ağlına belə, gətirə bilməzdi. Çünki uşaq yaşlarından oxuduğu məktəbdə ən zəif şagirdlərdən biri sayılırdı. İş o yerə çatmışdı ki, məktəbdəki müəllimlərdən biri Edisonun anasını məktəbə çağıraraq: "Xanım, sizin oğlunuz dərslərdə çox zəifdir. Ən pisi odur ki, o heç nə öyrənmək istəmir. Əgər uşağınızı məktəbdən çıxarsanız, çox ağıllı bir iş görmüş olarsınız",-demişdi. Anası müəllimin bu sözlərindən çox məyus olmuş və Edisonu məktəbdən çıxarmaq məcburiyyətində qalmışdı. Müəllimin bu hərəkəti və oxuduğu məktəbdən qovulması Edisonda çox pis təsir edir. Ona görə də bu üzüntüsünü aradan qaldırmaq niyyətinə düşür və əlinə keçən kitabları acgözlüklə oxumağa başlayır. Nə qədər qəribə olsa da əlinə aldığı ilk kitablar fizika və kimya ilə əlaqəli olur. Bu kitabları dönə-dönə mütaliə edən Edison oxuduqlarını beyninə həkk edirdi.
   
   İnadkarlıqla qələbəyə
   
   İnadkar Edison öz-özünə hərdən sual verirdi: "Mən nə üçün məktəbdən qovuldum? Doğrudanmı, mən digər uşaqlardan zəifəm və yaddaşım onlarınkından daha pisdir?" Bu suallar onu oxuduğunu daha dərindən qavramağa məcbur edirdi. 10 yaşında olanda o nəinki aşağı, həm də yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan fizika və kimya kitablarını oxuyaraq başa çatdırmışdı və adı çəkilən fənlər üzrə istənilən məktəbin ən bilikli şagirdləri, hətta müəllimləri ilə belə, yarışa girməyə və özünün biliyini nümayiş etdirməyə hazır idi. Oxumaq və öyrənmək həvəsi onda o qədər güclü idi ki, hətta zibillikdə belə, gördüyü qəzet və ya jurnal parçalarını götürərək oxumağı özü üçün bir şərəf hesab edir və bununla qəlbi rahatlıq tapırdı. Bu arada isə məktəbə getməyən Edisonun heç nəyə baxmadan əlinə keçən kitabları acgözlüklə oxuması ailənin yaxınlarından olan bir müəllimin diqqətini cəlb etdi. O, balaca Tomasın dərslərdən zəif olması ilə bağlı məktəbdən çıxarıldığını eşidəndə çox pərişan oldu. Ona görə də o, oğullarının məktəbdən çıxarılmasından iztirab çəkən ailəyə yardım əlini uzatmaq qərarına gəldi. Müəllim balaca Toması imtahana çəkəndə çaşbaş qaldı. Çünki qabağındakı heç də zəif bir uşağa oxşamırdı və o, oxuduqlarını heyrətamiz bir şəkildə qavrayırdı. Bunu görən müəllim həvəslə balaca Tomasla məşğul olmağa başladı. O, üç il Tomasa müxtəlif fənləri öyrətdi. Üç ilin tamamında artıq müəllim Tomasa dərs verməkdən imtina etdi. Çünki qarşısındakı oxuduqlarını dərindən dərk edərək, bəzi məsələlərdə müəlliminə belə, dərs keçməyə başlamışdı. Bəs məktəbdən kütlüyünə görə çıxarılmağa məcbur edilən Tomasın birdən-birə fitri istedadının parlamasına səbəb nə olmuşdu? Bu sualın cavabını ancaq məktəbdə dərslərin maraqlı aparılmadığında axtarmaq lazımdır. Belə ki, müəllimləri dərs oxuması üçün Tomasın diqqətini cəlb edə biləcək bir metod tapa bilməmişdilər.
   
   Çalışqan "yaşlı adam"
   
   11 yaşında olanda Tomas artıq fizika və kimyadan oxuduqlarını praktikada sınaqdan çıxarmaq həvəsinə düşmüşdü. O bunun üçün bir sınaq otağına ehtiyac duyurdu. Bunun üçün Tomas anasından ayrıca bir otaq istədi. Anası oğlunun artıq dəyişdiyini və onun tamamilə başqa bir uşağa çevrildiyini hiss edirdi. Ona görə də tərəddüd etmədən oğlu üçün ayrı bir otaq hazırladı. Tomas burada təkbaşına bir laboratoriya qurdu və orada oxuduqları əsasında bir teleqraf cihazı hazırladı. Səbirlə morze əlifbasını da öyrəndi. Bununla kifayətlənməyərək təcrübələrini davam etdirdi və nəticədə, çoxlarını heyrətə salan elektriklə işləyən səs yazma aparatı icad etdi. O vaxt Tomasın 21 yaşı vardı və ona bu icadına görə patent verdilər. Bu ixtira Edisona şöhrət və gəlir gətirdi. O, bu gəlirləri ilə özünün müstəqil texniki araşdırmalar şirkətini qurdu. Az sonra artıq onun şirkətində 50-dən yuxarı adam çalışırdı. İşçiləri Edisondan çəkinir və onun hər şeyi bəyənməməsindən daim təşviş keçirirdilər. Onlar Edisona "Yaşlı adam" ləqəbi vermişdilər. Halbuki həmin dövrdə Edisonun cəmi 30 yaşı vardı. Bu "yaşlı adam" isə işçilərindən daha çox çalışırdı.
   
   Fasiləsiz tədqiqat
   
   Onun nə gecəsi vardı, nə də gündüzü. Həmin dövrdə Edison elektrik lampasının hazırlanması üzərində çalışırdı. O, elektrik lampasının içərisinə qoyacağı teli tapmaq üçün 200-dən artıq maddəni səbirlə, dönə-dönə sınaqdan çıxarmışdı. Ancaq istədiyini əldə edə bilməmişdi. Buna baxmayaraq, Edison inadla araşdırmalarını davam etdirirdi. Bir bahar gecəsi laboratoriyadan yorğun və üzgün halda çıxaraq evə gəldi. Həyat yoldaşı ona: "Gecə-gündüz bilmədən çalışırsan, bir az dincəlsən, dünya dağılmayacaq ki... Bir az istirahət etsən, sənin üçün faydalı olar",-dedi. Edison buna etiraz etməyərək həyat yoldaşından: "Onda bəs dincəlməyə haraya gedəcəyik?"-deyə soruşdu. Həyat yoldaşı da düşünmədən: "Sənin ən çox sevdiyin yerə",- deyə cavab verdi. Edison onun bu sözlərinə gülməklə cavab verdi və səhər tezdən yenidən laboratoriyaya üz tutdu. Yenə də istədiyini əldə edə bilmədi. O artıq apardığı tədqiqatlardan işçilərinin yorulduğunu hiss edirdi. Ona görə də şirkətində çalışan işçilərini bir yerə toplayaraq onlara belə bir müraciət etdi: "Bu günə kimi 200 maddəni sınaqdan keçirdik. Ancaq istədiyimizi əldə edə bilmədik. Mən də həmin maddələrin artıq işimizə yaramadığını anlayıram. Ancaq yenə də ümidimi itirməmişəm. Bilirəm ki, bu sahədə tədqiqatlarımızı davam etdirmək fayda verəcək. Apardığımız hər sınaq nəticəsiz olsa da, bizi son məqsədimizə daha da yaxınlaşdırır". O yenidən işçilərinə tədqiqatları davam etdirmək üçün tapşırıqlar verdi.
   
   Dost saqqalından qoparılan tük
   
   Çalışdığı günlərin birində Edisonun yanına uzun illər görmədiyi bir dostu gəlir. Söhbət əsnasında gözlənilmədən Edison ayağa qalxaraq dostunun saqqalından bir tük qoparır və laboratoriyaya gedir. Amma bir azdan şaşqın halda yerində donub qalan dostunun yanına qayıdaraq: "Bu tük işimizə yaraya bilər", - deyir. Amma bu dəfə də istədiyini əldə edə bilmədi... Bir dəfə yenə yorğun-yorğun masasının ətrafında əyləşmişdi. Birdən gözü kostyumunun qopmaqda olan düyməsinə sataşdı. Dərhal da özü-özündən: "Bəlkə, bu düymənin tikilməsində istifadə edilən sapın bizə faydası oldu. Axı onları hələ sınaqdan çıxarmamışıq", - deyə soruşdu. Dərhal küçəyə çıxaraq onlarla mağara aldı və onları isidib elastik halına gətirdi. Sonra onları lampanın içinə qoydu. Saplar zəif şəkildə də olsa közərməyə başladı. Bu, Edisona yeni bir güc verdi və o: "Artıq axtardığımı tapacağıma şübhə etmirəm",-dedi. Və günlərin bir günündə, nəhayət ki, axtardığını tapdı.
   
   Heyrətamiz kəşf
   
   4 sentyabr 1882-ci il. Nyu-Yorkdakı bir küçəyə minlərlə adam toplaşmışdı. Onlar maraqla və həyəcanla Edisonun yeni ixtirası əsasında küçəni işıqlandıracaq lampalara baxırdılar. Lampalar 9 binanın qarşısından asılmışdı və onların sayı on mindən çox idi. Bəziləri bu lampaların işləyəcəyinə inanmır, onu xəyal məhsulu adlandırırdılar. Nəhayət, qaranlıq düşdü və lampalar yandırıldı. Bir andaca hər tərəf gündüz kimi işıqlandı. Bunu görən Edison isə sevincindən uşaq kimi var gücü ilə bağırırdı: "Artıq dünya elektrik işığı ilə nura qərq olacaq"...

TƏQVİM / ARXİV