adalet.az header logo
  • Bakı 17°C

Yazarlar yay tətilində istirahətə gedə bilirmi?

17685 | 2012-08-15 08:34
İstirahət mövsümü başa çatmaq üzrədir. Artıq çoxları istirahətini tamamlayıb. Ancaq hələ də istirahətə gedə bilməyənlər, normal istirahət edə bilməyənlər var. İstər Azərbaycanda, istərsə də xaricdə kifayət qədər maraqlı istirahət kompleksləri fəaliyyət göstərir. Qiymətləri müqayisə etdikdə isə ölkəmizdəki istirahət kompleksləri xaricdəkilərdən heç də geri qalmır. Bəs bu bahaçılıqda, yazarlar yay tətilində istirahətə gedə bilirmi?
   
   Rəssam və yazar Fərhad Yalquzaq hələ ki, istirahətə gedə bilməyib: "Açığı yay tətilini hələ ki, istirahətsiz keçirirəm: həftəiçi işdə-gücdə oluram, bir az yaradıcılıqla məşğul oluram, kiçik hekayələr yazıram, tərcümələr edirəm... həftəsonları da adətən rəssam və yazar dost-tanışlarımla görüşürəm, həftəboyu yığılmış yükü-stressi üzərimdən atmağa çalışıram. Ölkəmizdə təkcə yaradıcı insanların yox, bütün kateqoriyadan olan insanların istirahəti üçün şərait var, təki cibində bir babat pulun olsun. Açığı, bizim istirahət mərkəzlərimizdə qiymətlər həddindən artıq yüksəkdir, orta səviyyəli bir yerdə bir həftə dincəlmək üçün azından cibində 600-700 manat pul olmalıdır, hansı ki, bu pula gedib xaricdə də dincəlmək olar. Məsələn, bu yaxınlarda cəmi 300 manat xərcləməklə mən yoldaşımla gedib Gürcüstanda, Tiflis şəhərində, mərkəzdə dörd ulduz oteldə qalmaq şərtilə 3 gün yaxşı dincəldim. Hər gün restoranlarda yeyib-içmək və dükanlardan suvenirlər-filan almaq, hamısı bu pula daxil idi. Çox arzulayardım ki, Azərbaycanda məhz yaradıcı insanların ildə heç olmasa bir kərəm yaxşıca dincələ bilməsi üçün bir istirahət mərkəzi yaradılaydı və onların cəmiyyətləri, təşkilatları bu istirahət mərkəzinə ucuz putyovkalar təşkil edəydi, sovet dövründə olduğu kimi."
   
   Gənc yazar Alpay Azər bu yay tətilində istirahət edə bilən yazarlardandır: "Yayda dincəlməyə imkan tapdım. 10 gün Altıağac kəndində dincəldim. 1-2 hekayə üstündə işlədim. Bildiyimə görə indi yaradıcı adamlar ancaq öz pulları hesabına dincələ bilərlər. Bu baxımdan yay istirahəti yaradıcı adamlar üçün o qədər də sərfəli deyil. Bəyənmədiyimiz Sovet İttifaqı yaracıdı adamlar üçün yay tətili imkanları yaradırdı. İndi isə yaradıcı adamlar üçün belə bir şans yoxdur. İstirahət edənlər də ancaq öz hesabına istirahət edə bilir.
   
   Şair Əli Şirin Şükürlü bu yay istirahət edə bilməyib və o hesab edir ki, Azərbaycan yazarı üçün istirahət sadəcə arzudur: "Hələ ki dincələ bilmirəm. ölkədə şərait var. Yəni səfalı yerlərdə istirahət mərkəzləri mövcuddur. Amma yaradıcı adam üçün qiymətlər bir o qədər də münasib deyil".
   
   Azərbaycanda kitabları ən çox satılan müəlliflərdən olan Varis bir həftə Türkiyədə dincəlib: "Düzü, bütün yay boyu işlərimə ara verməmişəm. Hazırda iki teleserial ssenarisi yazıram, elecə də 6-cı romanımın üstündə işləyirəm. Paralel olaraq da çalışdığım dövlət teleradiosunda üzərimə düşən işləri görür, layihələr reallaşdırıram. Arada bir həftə vaxt eldə edib ailəmlə Türkiyənin məşhur Quşadası bölgəsində dincəldik. Egey dənizinin bumbuz sularında doyunca çimdim, əfsanəvi antik Efes şəhərinə qonaq getdim. O ki qaldi yaradıcı adamın ölkədə istirahət etməsi üçün şəraitin olub olmamasına, ümumən ölkəmizin gözəl bölgələri çoxdur, istirahət etmək üçün hər cür şərait var. Yaradıcı adam əlini cibinə sala bilirsə, bölgələrə gedib lyuks xidmət göstərən istirahət bazalarında dincələ bilər. Yox, əgər cibində bir şey yoxdursa, onda dəniz sahilində, bağda dincələr. Kəsəsi, istirahət etmək üçün hər cür şərait var, yetər ki, istirahət etməyə vaxtın ola.
   
   Yazar Rövşən Yerfi istirahətini doğulduğu kənddə keçirsə də yazarların maddi durumunun ağır olmasından şikayətçidir: "Yay tətilini Ramazana qədər doğulduğum kənddə keçirmişəm. Orucluğa əməl etməyə yaşadığım evi münasib saydığım üçün şəhərə qayıtmışam. İmkan olarsa Ramazandan sonra bir daha qısa müddətə yenə kəndə gedəcəyəm. Yaradıcı adamın istirahət etməsi üçün ölkədə şərait var. Amma o yaradıcı insanın maddi imkanının səviyyəsi nə qədərdir? Həmin səviyyə ilə neçə gün istirahət mərkəzinə deyil, dəniz kənarına çıxmaq olar? Bax, söhbət bu yerdə qəlizləşir..."

TƏQVİM / ARXİV