ŞUŞA KƏBƏMDİ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
50413 | 2015-08-18 09:25
... Səsli-küylü bir məclis... necə deyərlər, ağız deyəni qulaq eşitmir. Belə bir vaxtda məclisdəkilərdən kimsə yerindən durub musiqiçilərə yaxınlaşır, əyilib xanəndənin qulağına nə isə deyir. Xanəndə əvvəlcə ona tərəf əyilmiş qonağa, sonra musiqiçilərə tərəf çevrilir və güclə eşidiləcək bir səslə deyir:

- Qarabağ şikəstəsi!

Musiqi alətləri dilə gəlir. Elə bil bu ifa bayaqkı səs-küyü cilovlayır. Sanki odun üstünə su səpir. Adamlar bir-bir səsə tərəf çevrilirlər. O, isə ayağa qalxır. Əlini ürəyinin üstünə qoyub, xanəndənin səsindən tutub bu məclisdən çıxıb gedir. Gedir gəldiyi yerə, gedir hələ ki, heç birimizin gedə bilmədiyi yerə gedir... gedir hamımızın arzuladığı yerə, gedir hamımızın ürək dağı olan yerə -Şuşaya gedir!..
Onun adətidir, "Qarabağ şikəstəsi"ni eşidən kimi əmr almış əsgər kimi yerindən dik qalxır və kimin ifa etməsindən asılı olmayaraq "Qarabağ şikəstəsi"ni ayaq üsdə dinləyir. Bunu hərə bir cür yozur, amma mən soruşanda Yunis müəllim dedi ki, Şuşa mənim Kəbəmdi! Bu söz bəs elədi mənə. Ona görə ki, hər bir müsəlman Kəbənin önündə ayaq üstə dayanır. Yunis müəllim də Şuşa adlı Kəbəsinin önündə son nəfəsə qədər ayaq üstə duracağına bütün inancı ilə bağlı olan müsəlmandı və o, Kəbəsini özü kimi, beş barmağı kimi tanıyır. Axı ...

...1935-ci il sentyabr ayının 15-də Qalada, Rza Hüseynovun evində dünyaya üçüncü övlad gəldi. Adını Yunis qoydular. İşi-gücü qara fəhləlik olan Rza kişi Qalanın Şor məhəlləsində yaşayırdı. Bu məhəlləni və elə bütövlükdə Qalanın hər daşını əzbərdən tanıyan və bu döşənən, hörülən daşların üstündə nəslinin, soy-kökünün əl izləri olan Rza kişi də Qalanın yollarına daş döşəyirdi, divar hörürüdü, alın təriylə qazandığını ömür-gün yoldaşı Əziz xanımla birlikdə balalarını böyütməyə, ailəni korluq çəkməkdən qorumağa sərf edirdi. Amma həyatın öz qanunları var. Bir adam, həm də qara fəhlə olan bir kişi həyatın qanunlarını heç cür dəyişə bilməz. Ona görə də sovet-alman müharibəsinə yollanan Rza Hüseynov beş övladını - bir qız və dörd oğlunu Allaha, bir də xanımına əmanət edib getdi...
Müharibənin ağrı-acılarını hamı kimi bu ailə də yaşadı. Əziz xanım evdə qiymətli nə varsa satdı və böyük oğlu Firudin ilə ilə tez-tez Karyaginə (indiki Füzuliyə) gedib arpadan, buğdadan, bir sözlə, yeyilməsi mümkün olan nə varsa alıb gətirirdi. Uşaqları bir qarın ac, bir qarın tox böyütdü. Müharibədən qayıdan Rza kişi evinin sahmanının yerində olduğuna sevindi. Evdəkilər də qələbənin qazanılmasında payı olan atanı həm veteran, həm də əsl döyüşçü kimi qarşıladılar. İndi ailənin qayğısı nisbətən azalmışdı. Uşaqlar böyüyür, oxuyur, həyat davam edirdi. Evin üçüncü oğlu Şuşadakı yeddiillk məktəbi başa vurub, rayon qəzetində çapçı işləyə-işləyə təhsilini davam etdirirdi. Oxumağa böyük həvəsi olan Yunis Rza oğlu 1960-cı ildə Dövlət Universitetinin tarix fakültəsinə qəbul oldu. Əyani oxuduğu universiteti müvəffəqiyyətlə bitirib Şuşadakı 3 saylı internat məktəbə göndərildi. Onun həyat yolunda şagird-müəllim münasibətlərinin, məktəb mühitinin kifayət qədər maraqlı və rəngarəng səhifələri var, çünki universiteti bitirdikdən sonra o məktəb həyatının, yəni pedaqoji sferanın bütün zümrələrində çalışıb. Müəllim kimi də, dərs hissə müdiri kimi də, məktəb direktoru kimi də, təhsil şöbəsnin metodisti, aparıcı mütəxəssisi və eləcə də bu sahə ilə bağlı təcrübəni araşdıran yazar-pedaqoq kimi də...

Yunis müəllim 1967-ci ildə ailə həyatı qurdu. İndi onun üç övladı, beş nəvəsi var. Ömür-gün yoldaşı Şuşa həsrətinə çox da dözə bilmədi. O, isə dərdini sözə çevirməklə, dərdini vərəqlərə hopdurmaqla Şuşalı günlərin xatirə işığında yaşayır və onu tanıyanlar, onu Şuşa ilə bağlı dindirənlər Yunis müəllimin dilindən Şuşa ilə bağlı xatirələr eşidirlər. Elə mən də bu günlərdə 80 yaşı tamam olacaq Yunis müəllimin Şuşalı günlərinə bir səyahət etmək fikrinə düşdüm və həmkarım, dostum Vasif Quliyevin, barəsində ağız dolusu danışdığı Yunis müəllimlə həmsöhbət olduqda bilərəkdən, yəni qəsdən Şuşaya etdiyim səfərləri dilə gətirdim. Bax elə bu da Yunis müəllimin xatirə boxçasının ağzını açdı:

- Lap uşaq yaşlarımdan Şuşanı, doğulduğum məhəlləni gəzib-dolaşmağı çox sevmişəm. Bizim Şor məhəlləsində xeyli kəhriz vardı. Evimizin yüz-yüz əlli addımlığında Mıqımovlar kəhrizi bir şəlalə kimi qaynayırdı. Onun suyundan içməkdən doymurdum. Qapı qonşumuz Ruqiyyə nənə hər Novruzda çilə öncəsi anamla birlikdə uşaqları "çiləkəsdi"yə aparırdılar. Sübhdən gedirdik Mıqımovlar kəhrizinin üstünə. Ruqiyyə nənə əvvəl bir dua oxuyurdu, sonra da barmaqlarımıza bağladığıl ipi kəsib kəhrizin axan suyuna atırdı və deyirdi ki, dərd-bəlanız, ağrı-acınız axıb getsin. Yeni təhvil olan iliniz ağrısız-acısız olsun. Mən yaşıdlarımla ən çox "Leyli qayası"na çıxır, orada oturub qalalıların "detdom" dedikləri yerin üst tərəfindən üzü Qalaya baxırdım. Oranı həmişə meh tuturdu. Biz kitablarımızı çantamıza qoyub, bir dürmək çörəklə orada dərslərimizi hazırlayırdıq. Yaz-yay fəslində Cıdır düzündən boylanmaq, "Üçmıx"da gəzmək, Xarı bülbül toplamaq, burdan Topxanaya tərəf bir şikəstə göndərmək yaşıdlarımın ən sevimli məşğuliyyəti idi. Təəssüf ki, indi bunlar hamısı yuxunu da, nağılı da yalan edib. Çünki nağıl danışmaqdan, yuxu görməkdən yorulmuşam. Nağılın sonunda alma düşmədiyi kimi, hələ də yozduğum yuxular çin olmur. Amma ümidim qırılmayıb, ölməyib, bilirəm ki, o Qala yenə bizim olacaq və bizm olanı kimsə bizdən əbədi ala bilməz. Mən indi ətrafıma baxıram. Yaşıdlarımın demək olar ki, əksəriyyəti ruhən indi Qaladadı. Orda qalanlar da oldu, səpələndiyi bölgələrdən qayıdıb gedənləri də. Məni bu gün yaşadan bir həmin o ümiddi, bir də övladlarımın, nəvələrimin uğurları. Oğlum Rüstəmin Yunis adlı övladı bu il İqtisad Universitetinə, qızımın ciyərparası Nigar ADA universitetinə qəbul olunub. Özü də hər iki nəvəm yüksək balla tələbə adını qazanıblar. Bu, ümidimi göyərdən sevincdi. Hər kəsə bu sevincdən arzu edirəm. O ki qaldı Şuşasız necə yaşamağıma, əslində məni yaşadan yazı-pozu, qələm-dəftərdi. Bu günədək dörd kitabım işıq üzü görüb. Sonuncu kitabım "Şuşanın salnaməsi" adlanır. Yaxın günlərdə işıq üzü görəcək, inşallah sizə də hədiyyə edərəm.

... Bəli, mənim tanıdığım Yunis Rza oğlu Hüseynov respublikamızın xeyli mükafatlarına layiq görülüb. 
O, "Metodist müəllim", "Təhsil əlaçısı", "Ali kateqoriyalı müəllim" adlarına layiq görülüb, "Əmək veteranı" və "Tərəqqi" medalları ilə şərəfləndirilib, elmi məqalələri, publisist yazıları ölkənin və qonşu dövlətlərin mətbuatlarında çap olunub. Necə deyərlər, zəhməti hədər getməyib. Həm şəxsiyyəti, həm də əmək fəaliyyəti həmişə dəyərləndirilib, uca tutulub. Elə bu gün də tarix elmləri üzrə fəlsəfə doktoru olan Yunis müəllim halal haqqı sayılan o ucalıqda 80 yaşını qarşılayır...
Mən bu yazını kağıza köçürdüyüm anda qulaqlarımda Xan əminin "Qarabağ şikəstəsi" səslənir. Başımı qaldırıb masamın üstündəki Yunis müəllimin şəklinə baxıram. Sanki o şəkil də ayağa durub. Axı Xan əmi "Qarabağ şikəstəsi" oxuyur...

P.S. Yazını çapa verərkən Yunus müəllim verdiyi vədə əməl etdi. Yəni "Şuşa səlnaməsi" kitabını gətirib mənə hədiyyə etdi.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV