adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

UZUN ALLAHVERƏN

21842 | 2012-08-11 08:54
(Əvvəli ötən şənbə
   
   saylarımızda)
   
   
   
   O zaman da gəlib çıxdi. Bolşeviklərin amansız qanunları İncə dərəsində də çoxlarını ağlar qoydu, neçələrının varı, mülkü əlindən alındı. Nər yerdə "islahatlar" aparılır, günahsız insanlar güllələnir, tabe olmaq istəməyənlər qazamatlara salınır, bəyləri, koxaları əli yalın, dili gödək edirdilər...
   
   Uzun Allahverənin əmisi oğlu, həm də qayını Yaqubov Məmməd (Çopur Məmməd )həmin zamanlar Qazaxda, torpaq şöbəsinin müvəkkili vəzifəsində işləyirdi.
   
    Tərkibi erməni və erməni xislətli "Üçlük" adlanan cinayətkar qrupun icra edəcəyi qanlı cinayətlər Qazaxda, partiya komitəsində hazırlanıb, mahalın butun kənd və obalarında həyata keçirilirdi.
   
   Çopur Məmməd bu qanlı cinayətin İncəlidə baş tutacağını eşidir, rayonun partiya komitəsinin birinci katibi Şəmistan Eyyubovun (Sarı Şəmistan) yanına gedir. "Üçlüyə" rəhbərlik edənin erməni milliyyətindən Qaçaq Cahangirin bağışladığı saat (nəticəsi Afət xanımın şəxsi arxivində saxlanılır) olan Vaçeqanın olduğunu, qalan iki nəfərin isə ermənipərəst komandir olduqlarını söyləyir. Eyyubov Şəmistan təcili adam göndərib, İncə Dərəsi kəndlərinin rəhbərlərinə hüquq keçir ki, onların razılığı olmadan secilmiş"siyasi məhbus"ları, heç kəsin güllələməyə ixtiyarı yoxdur.
   
   Bu xəbər Aşır oğıu Şərifi çox sevindirir. Ancaq xəbər xeyli gecikmiş, bir saat öncə Nəcəf oğlu Mahmudla, Hacı oğlu Məhəmmədi hec bir günahları olmadan güllələmişdilər.
   
    Güllələnməyə məhkum olunmuş üç nəfərdən biri də Uzun Allahverən idi. Güllələr açıldıqca əli- qolu bağlı Allahverən dişləri ilə dodaqlarını gəmiri, hərdən tərs baxışlarla başını aşağı salmış Aşır oğlu Şərifə baxırdı. Samanlıqda güllələnən iki nəfərin meyidlərini götürmək üçün kənd camaatından dörd nəfər əllərindəki kilimlərlə tövlənin arxa tərəfinə gedirlər.
   
    Dəmbər bığlarını əllərinin arxasıyla geri sığallayan Vaçeqan əlindəki beşaçılanın çaxmağını qaldırıb geri çəkdi, sonra şəstlə irəli basıb gülləni lülənin ağzına verdi. Aşır oğlu çaxmağın səsindən diksinib başını yuxarı qaldırdı. ,,Üçlüyün " iki nəfəri Uzun Allahverənə yaxınlaşdı. Zəncirlənmiş nər kimi hayqıraraq nərə çəkən Uzun Allahverən bir silkənişlə onu tutmaq istəyənlərin hərəsini bir tərəfə tulladı.
   
    Şərif kişinin gözlərinə qan sızmışdı. Özündən ixtiyarsız əlini kəmərinin yanından asılmış mauzerinə uzatdı. Ürəyində ,, Ya Hacı Əfəndi , özün mənə kömək ol " deyib son qərarını verdi.
   
    Elə bu an Qazaxdan gələn elçinin gur səsi eşidildi.
   
   -Dayanın !!!
   
    Vaçeqan sinəsinə qaldırdığı beşaçılanı yavaş-yavaş aşağı endirdi. Aşır oğlu Şərif əlini mauzerindən çəkib səs gələn tərəfə döndü. Dörd nəfərdən ibarət dəstənin başında gələn meşin furaşkalı, xrom çəkməli, komandir atdan düşüb bərkdən soruşdu:
   
   - Bu kəndin rəhbəri kimdi ?
   
   Aşır oğlu qabağa yeridi:
   
   - Mənəm,yoldaş komandir.
   
   Uzun dimdikli furaşkasının ortasında beş guşəli ulduzu par- par yanan komandir Aşır oğluna yaxınlaşıb əlindəki məktubu ona uzatdı.
   
   - Rayon Partiya komitəsi tərəfindən əmr olunub ki, kənd sovetinin, partiya komitəsi sədrinin icazəsi olmadan ,, Üçluyün " heç kəsi güllələməyə ixtiyarı yoxdur.
   
    Aşır oğlu qamətini düzəldib, elçinin gətirdiyi möhürlü məktubu ucadan oxudu. Sonra ağır addımarla Vaçeqanın qabağına yeriyərək qanlı-qanlı onun gözlərinə baxdı.
   
    - Bu günahsız qanlar yerdə qalmayacaq.- deyib, qəzəb və nifrətlə dodaq altı pıçıldadı.
   
    Ölümün astanasında nəfəsini içinı alıb, kəlmeyi şəhadətini pıçıldamağa hazırlaşan Uzun Allahverən son anda Aşır oğlunun əlini mauzerinə uzatdığını görmüşdü. Ürəyində onu qınadığına peşiman olmuşdu. Öz kişilik borcunu qaytarmaq üçün Şərif kişi Vaçeqanı öldürüb, könüllü olaraq hökumətə təslim olmağı qərara almışdı.
   
    Uzun Allahverən bir möcüzə hesabına sağ qalmışdı. Əmisi oğlu onun qanının arasına girmişdi.
   
    Çopur Məmməd sonralar Uzun Allahverənə kömək məqsədi ilə onu atryad dəstəsinə başcı kimi Qazaxda təyinatını qəbul etdirdi.
   
    Uzun Allahverən bu işə könüllü razılıq verməsə də, Çopur Məmməd ,, Başını qorumaq istəyirsənsə razı ol, əksinə qaçaqlara köməyin dəyə bilər bu işlə. Amma elə etməlisənki heç kim şübhələnməsin"-deyib, onu zorla razı salmışdı.
   
    Uzun Allahverən Qaymaqlıdan olan atryad komandiri Məhəmməd Nəsiboğlu (Qaraxozu ləqəbi ilə tanınardı. Bu ləqəbi ona ermənilər qoymuşdu ) ilə məsləhətləşmələr edir, qaçaqları tutmaq adıyla əməliyyatlar aparır, çox gizli yollarla qaçaqlara xəbərlər göndərir, uğursuz əməliyyatlarla qaçaqların həyatını uğurla xilas edirdilər.
   
    Qaymaqlı Məhəmməd Nəsiboğlu da Uzun Allahverəndən geri qalmayan atıcı idi.Yaşca ondan böyük olan Allahverən bu qara, bəstəboylu Məhəmmədlə fəxr edirdi həmişə. Qaraxozunun da erməni qənimi olduğunu gözəl bilirdi Allahverən. Amma bu barədə söhbət salmazdılar nədənsə. Zahirən çox zəhimli, bu qaradinməz oğlandan çox xoşu gəlirdi...
   
   
   
   ***
   
   
   
    Kür sahilində qaçaqları yaxalayan atryadın önündə Allahverən atını dördnala çaparaq qaçaqları gülləboran edirdi. Amma çox qəribə idi ki, güllələrdən biri də hədəfə dəymirdi. Qaçaqlar Kürü şığanıb Qarayazı meşəsinə doluşdular. Atryadda vuruşanlardan biri təəccüblə Uzun Allahverənə baxıb soruşdu :
   
   -Komandir, sənin atdığın bir güllə də boşa çıxmır deyirlər. Bəs necə oldu bu gün atdığın bircə güllə də hədəfə dəymədi?
   
    O, sərt baxışlarla ona baxıb :
   
   -Görmürsən, Kür necə iti axır? Gözlərimi də axıdırdı deyə sərrast nişan ala bilmirdim.-desə də əskəri inandıra bilməmişdi...
   
    1937-ci ilin represiyası, koxa, bəy nəslindən olanları, ziyalı, vətənpərvər, zatı, kökü, nəsli olan ən dəyərli insanları "kulak" "vətən xaini" və.s kimi damğalarla damğalayıb, kimini güllələyir, kimini isə Sibirə, Qazaxıstan çöllərinə sürgün edirdilər. İncə dərəsindən yüzlərlə dəyərli, namuslu, igid, ziyalı insanlar da bu represiyanın qurbanı olmuşdular.
   
    Bu gün isə əli silahlılar Uzun Allahverənin qapısını döydülər. Qızları, həyat yoldaşı məsələnin nə yerdə olduğunu bilib ağlaşmağa başladılar. Uzun Allahverən gizlədiyi beşaçılanın yerini yoldaşı Mələk xanıma pıçıldadı. Əvvəlcə Güləndamı qucağına götürüb üzündən öpdü, sonra dünyalar qədər istədiyi kiçik qızı Tamaşanı qucağına aldı.
   
   -Mən tez qayıdacam , qızım, ananızın sözündən çıxmayın. Mənim yolumu gözləyin.
   
   Üzünü Mələk xanıma tutaraq:
   
   -Uşaqlar əmanəti. Ölməyib sağ qalsam, hökmən qayıdacağam- deyib, qucağında tutduğu balacaTamaşasını ona tərəf uzatdı.
   
    Çardağın altında bağlanmış göydəmir at da qulaqlarını şəkləyib hirs və hikkə ilə fınxırırdı. Adətən bir təhlükə, bir narahatlıq hiss edəndə dırnağları ilə yeri eşib, boynunu yay kimi büküb açardı.
   
    Əlləri qandallanmış Allahverən ,, qızıl əskərlərin " müqavimətinə məhəl qoymadan atına yaxınlaşdı. At sakitləşib Uzun Allahverəni imsiləməyə,fınxıraraq küşümləməyə başladı. Allahverən başını qaldırıb atının gözünə baxdı. İlahi, birinci dəfəydi ki, atın ağladığını görürdü. Ürəyi kabab kimi qovruldu, gözlərinə gələn bir cüt yaş damlasını gizlətmək üçün üzünü atının yanağına sürtdü, göz yaşları atın yanağından axan yaşlara qarışdı.
   
    Əlləriylə üzünü tutub hönkürən Mələk xanım da, bu halını görməsinlər deyib özünü qara damın altına verdi...
   
   
   
   ***
   
   Zaman, hər zaman öz işini görməkdə, fəsillər öz mübarək nizamıyla yerlərini bir-birinə ötürməkdə, doğan günəş yaz səhərini sevindiriməkdə, qış qürubuyla saralıb solmaqda davam edir, aylar,illər gözə görünmədən ötüb gedirdilər. Baharın ilkin aylarında uçub gələn qaranquşların palçıqdan ifçın-ifçin hördükləri yumruca yuvaları payızda necə yetim-yetim gedənlərinin yolunu gözləyirsə , Uzun Allahverənin vəfadarı Mələk xanımın da gözləri yol çəkə-çəkə, aylar-illər qovşağında ümidlərini üzmədən evinin-eşiyinin, nəslinin, şəcərəsinin fəxri- Uzun Allahverəninin yolunu eləcə inamla gözləyirdi.
   
    Nə əsən yellərdən, nə gəlib-gedən fəsillərdən, nə ötüb keçən aylardan,illərdən onun sorağını ala bilmirdi...
   
   ***
   
   İncə Dərəsi də, elə onun qoynunda yaşayan insanları da bu ötüb gedən fəsillərin, ayların, illərin ahəng qanununa tabe olur, tədricən mahiyyətini, görkəmini dəyişir, atların kişnərtiləri, ərənlərin güştü tutb hayqırtı ilə cıdır meydanlarında at oynatmaları səngiyirdi. Hamı səhərdən axşama kimi kolxoz adlanan birliklər üçün işləyir, bir qarın çərək üçün səhərdən axşama kimi çalışır, bu qurluşun inkişaf edib ,, çiçəklənməsinə " xidmət edirdilər. Lelinizm öz yerini Stalinizmə təhvil vermiş,Sovetin mənfur ideologiyası körpələrin iliyinə analarının qoynunda, doğulub boyabaşa çatanların canına, qanına havayla, suyla hopdurulurdu. Stalinin şəxsiyyətinə pərəstiş artır," Hamı bir nəfər üçün, bir nəfər hamı üçün" şüarı altında millətin varı, dövləti, sərvəti qırmızı imperiya tərəfindən qarət olunurdu...
   
   Mələk xanım, balaları Güləndam, Tamaşa ilə birlikdə dillərində qımqımı, gözlərində yaş, hər gedəndən, hər gələndən xəbər gözləyir, nisgilli ayları-illəri ömürlərinə ilmə-ilmə toxuyurdular. Poçtalyonun qara çantasından isə bir ağ kağız, bir şad xəbər çıxmırdı.
   
   Beləcə aylar-illər ötüşür, yaşanan gün dünən olur, açılan səhər saralıb solur, səhərə çıxan ümidlər şeh damlası kimi uçub yoxa çıxırdı.
   
   
   
   Səhər açılınca gecə can verir,
   
   Üfüqün qırmızı tül körpüsündə.
   
   Sabaha salamat çıxan ümidlər,
   
   Şeh olub titrəşir gül körpüsündə...
   
   
   
   ***
   
    İncə Dərəsinin adətlərini, ənənələrini dəyişə bilmirdi bu mənfur dönəm, bu köləlik, yaltaqlıq aşılayan hakimiyyət.
   
    Neçə dəfə Hacı Mahmud əfəndinin türbəsini söküb yerlə-yeksan etmək istəmişdilər, ancaq buna nail ola bilməmişdilər. Ateist Allahsızlar Hacı Əfəndinin evini kolxoz klubu etmişdilər. Nəqşibəndi sufi ocağı olan bu müqəddəs ocağda, bu müqəddəs məkanda indi , sovet ideologiyasına xismət edən filmlər, konsertlər, teatrlar verirdilər.
   
    Türbəni sökmək üçün rayon partiya komitəsi tərəfindən əmr verilmişdi. İlk daşına əl vuran adamı ilan çalmışdı. Bu xəbəri birinci katibə söylədilər. O isə qəzəblə qışqıraraq ,, Ora buldozer, texnika göndərin. Bu gün söküb, dağıdıb axşama mənə doklad edin " deyir.
   
    Kəndə hay-küy düşür. Burnu çömçəli traktor türbəyə yaxınlaşanda mühərriki sönür. Nə qədər çalışırlar mühərriki işə sala bilmirlər.
   
    Bu xəbəri eşidən rayon rəhbəri özü ,, Emaddin" markalı maşınıyla kəndə gəlir. Qışqıra-qışqıra, ağzı köpüklənə-köpüklənə maşından düşür, heç bir addım atmamış yerindəcə tir kimi quruyub qalır. Sağ əlini sol döşünün üstünə qoyub nəfəs almaq istəyir amma bacarmır, gözləri böyüyüb hədəqəsindən çıxır, əllərini göyə qaldırıb Allahdan imdad istəyirmiş kimi üzü göyə baxır və tir-tapla üzü üstə yerə sərilib canını tapşırır.
   
   
   
   ***
   
    İncə toylarının bir ayrı şövqü olardı. Axşamdan mal-heyvan kəsilər, bir yanda baş-ayaq hazırlanar, bir yanda çadır qurular, bir tərəfdə ağsaqqallar toyun tədarükünü edər, qulluqçulara tapşırıqlar verilərdi. Bəyin, gəlinin dostları tərəfindən şax bəzənər, səhərki cıdıra hazırlanan ərənlər atlarına sığal çəkib, kişmiş yedizdirər, qızların ürəyi atlanar, eşmə bığ, başı kepqalı, ağzı müştüklü kişilər bir tərəfdə səhərki toya xeyir-dua vermək əlaməti olaraq yeyib-içər, aşıqlar dədələrdən, babalardan oxuyar, qara zurnalar hər yana səs-səda salardılar.
   
    Bu gün Uzun Allahverənin böyük qızı Güləndamın toyu idi. Yaxvıllı kökü,Asdanbəyli kəndi al geyib, şadlıq, şadyanalıq içindəydi. Gəlin duvağı başına örtülmüş Güləndamın gözlərində iki damla yaş görünürdü. Bu yaşın biri sevinc, biri qəm yaşı idi. Dodaq altı ,, Kaş atam bu günümü görəydi "-deyə pıçıldayaraq əlləriylə gözlərinin yaşını silən Güləndam xanımın içində yanan ümid işığı bu gün daha şövqlə işıq saçırdı.
   
    Zurna sədaları altında rəqs edən bəzəkli atlar meydanda fırlanır, cıdıra hazır olan igidlər alacaqları nəmər eşqiylə alışıb yanırdılar...
   
    Toyun ən qaynar, ən çılğın zamanında xəbər gəldiki, bəyın sağdişləri tərəfdən şax qaldırırlar. Hamı toydan bir anlıq aralanıb bəyin sağdışı tərəfindən qalxan şaxa ( şax nazik taxta çubuqlardan yolka ağacına bənzər düzəldilir, budaqları hər növ konfetlərlə, şirniyyatlarla, pulla bəzədilirdi ) baxırdı. Şax öz möhtəşəmliyi ilə hamını heyrətə gətirmişdi.Yanan şamlarla işıq saçan şaxın zirvəsində iri bir şam yanırdı...
   
    Bir tərəfdə yaşmağını ağzına çəkib yarı sevinc, yarı qəhərlə bu mənzərəni seyr edən Mələk xanım pıçıldadı :
   
   -Görəsən indi hardasan ay Allahverən. Nə ölündən, nə dirindən bir xəbərimiz olmadı... Gör neçə illər keçdi, gəlmədin... Budur, qızların böyüyüb həddi-buluğa çatdı. Bu gün Güləndamın toyudu. Kaş bir möcüzə baş verəydi, qəfildən gəlib çıxaydın. Görəydin qızının toyunu, ürəyimiz dağa dönəydi, bu nisgildən, bu qüssədən...
   
    Söz Mələk xanımın ağzında qaldı. Qəfil açılan güllə səsi bir an içində sükut və həyəcan çilədi bu hay-haraylı, səs-küylü toy məclisinə.
   
    Açılan güllə qabaqda göyə qaldırılmış, çil-çırağa bənzəyən bəzəkli şaxın təpəsində yanan şamı söndürmüş, şam isə yerindəcə qalmışdı.
   
    Sözü ağzında qalan Mələk xanım qışqırtı ilə yerindən sıçrayıb :
   
   -Atan Uzun Allahverəndi -deyərək güllə səsi gələn tərəfə uçundu.
   
    Bir an içində sükuta qərq olan toy məclisi, yenidən uğuldadı. Hər yandan qışqırtı səsi gəldi.
   
   -Bu güllə Uzun Allahverənin gülləsiydi!!
   
   Bu doğurdanda Uzun Allahverənin gülləsiydi. Bir şamı söndürən güllə,min ürəyin şamını yandırdı,camaat bir-birinə qarışdı.
   
    Mələyi heyrət bürümüşdü. - Bu beşaçılanını hardan tapdı? deyib qohum-əqrəbanın mühasirəsindən uzun boy-buxunuyla seçilən ərini uzaqdan qürurla seyr etdi :
   
   -Şükür sənə, ey uca Allahım, fəda olum sənə ya Hacı Əfəndi ocağı, dualarımı eşitdiniz, arzum çin oldu...

TƏQVİM / ARXİV