adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Maraqsız qəhrəman, ya da absurd bir zəhər...

FƏRHAD ŞABANOV
20629 | 2012-08-11 08:54
Bir-birimizə qarşı dürüst olaq sevgilim. Qarşımızda duran rəngarəng, maraqlı, sürprizlərlə dolu dünyanın nə sevinci var, nə sevgisi, nə işığı, nə təhlükəsizliyi, nə dərdlərə çarəsi, nə də rahatlığı. Və biz bu dünyada şüursuz orduların çarpışdığı, bir-birinə qarışmış qorxu və qaçış səslərinin bürüdüyü qaranlıq bir ovadayıq.
   
   Bir-birimizə yaxın olaq sevgilim. Tikanlı məftillərin, rəngli pasportların, siyasətin məsafələrində azıb gözdən itməyək! Bu çirkli dünya bizi bataqlığına məhkum etməsin, edə bilməsin...
   
   İnsanlardan uzaq olaq. Qoy bizə asosial desinlər. Bütün günü özlərini tərifləyən insanların oturduğu məclislərdən kənar qalaq...
   
   Kitabı bağladı... Əlinə nə keçdisə geyinib evdən çıxdı...
   
   Taksiyə minib dostunun evinin adresini dedi, gedişhaqqını soruşdu. Taksi sürücüsü nə verərsən-verərsən deyə cavab verdi. Bir də soruşdu, yenə eyni cavabı aldı. Gedib çatdılar. Çıxartdı həmişə başqa taksilərə ödədiyi məbləği sürücüyə uzatdı. Sürücü bağırdı ki, mən dilənçiyəm bəyəm bu nədi verirsən. Sürücü ağzını açmağa da imkan vermədi. Başa düşdü ki, bu ölkədə nə verərsən-verərsən deyib verilənə razı olmurlar...
   
   Dostu qapını açdı təlaş içində. Dedi ki, günorta saat 3 üçün boş ev lazımdı. Bir qız ilə görüşəcəkmiş. Bəs öz evi? Öz evinə gətirməyə qorxurdu. Sevgilisi hər an xoş bir sürpriz edə bilərdi. Dostunun sevgilisinə olan hörmətindən öz evinin açarını dostuna vermədi. Dostu küsdü, ağzını-burnunu əydi. "Dar" gündə dostu yanından "gen" keçmişdi...
   
   Evdə bəzi kommunal problemlər vardı. Su idarəsinə getdi. Dedilər ki, iş saatı deyil. Cavab verdi ki, qapıda saat 18:00-a qədər iş saatı olduğu yazılıb, indi isə saat 17:14-dür. Dedilər ki, o səhvdi bizim iş saatımız 17:00-a qədərdir. Cavab verdi ki, bəs dövlət idarəsinin qapısına nə üçün səhv məlumat olan kağız asmısınız? Cavab verdilər ki, get işinlə məşğul ol, sənlik deyil. Getdi idarənin müdirinin yanına. Dedi ki, işçiləriniz işlərini icra etmir, boyun qaçırırlar. Mən isə vergidən boyun qaçırmıram. Və mənim verdiyim vergi ilə işçiləriniz hər ay maaş alır. Mənim yerimdə siz olsanız bir vətəndaş kimi nə edərdiniz. Müdir işindən boyun qaçıran işçiyə zəng edir. Bu vətəndaşın işini düz-qoş edin. Bayaqdan qoçuluq edən işçi quzuya dönür. Arayışı yazıb verir... O buna sevinmədi. Çünki bu proses normal olmadı. Əlavə enerji itirdi, əsəbləri korlandı... Taksi sürücüsü yadına düşdü, şükür etdi.
   
   Ramazan ayı gəldi, oruc tutdu. İftar vaxtını öyrənmək istədi 3 fərqli cavab aldı. Bu ölkədə iftar vaxtı sevincin yerini həyəcan alır. Görəsən 3-5 dəqiqə ilə nə olacaq? O belə şeylərin üstündə elə də çox durmurdu. Hava qaralmağa başlayanda iftarını açırdı. Çünki bu ölkə daş dövrü qanunları ilə yaşayırdı. Saatın ixtirası heç nəyi dəyişmirdi. Nə iftarda lazım olurdu, nə su idarəsində. İstəyən istədiyi vaxt istədiyini edirdi.
   
   Gecə oldu, şəhərin mərkəzinə gedib sakitçiliyi və hüzuru dadmaq istədi. Ancaq bilmirdi ki, bu şəhərin mərkəzini gecə düşən kimi səsi qalın və ləhcəli fahişələr doldururdu...
   
   Qaça-qaça gedib özünü dənizə atdı, boğuldu... Heç kim əlini uzadıb xilas etmədi. Hamı düşündü ki, məni dartıb yanına salacaq. Başına yığışıb baxdılar. Can verdi, cəsədini çıxartdılar. Hamı telefonunu çıxardıb şəklini çəkdi. Sonra hər kəs öz evinin yolunu tutdu...

TƏQVİM / ARXİV