adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

MƏNi KiM APARACAQ?!.

VƏSİLƏ USUBOVA
22025 | 2012-08-11 08:54
Özünü çox üzmə. Heç bir şey nə sənin, nə də mənim bildiyimiz kimi deyil. Ağlımız kəsəndən yaşamaq əvəzinə bu dünyada nəsə qoyub getmək barədə fikirləşirik. Unuduruq ki, elə öz ömrümüzü adi insan kimi yaşamağı bacarsaq, bu, həm dünya, həm də ətrafımızdakılar üçün ən gözəl yadigardı. Nəyin qalıb, nəyin qalmamasına hökm verən heç birimiz deyilik. Mənə qalsa, bu dünyadan nəyi aparmaq barədə düşünərik. Dünya çox nəhəngdi, bizsə qətrələr. Qətrə ümmandan nəsə uma bilər. Əksinə olanı qəbul eləmək bir az çətindi. Düşünsək ki, ümman da qətrələrdən ibarətdi, onda başqa sözə ehtiyac qalmır...
   
   Arada düşünürəm ki, görəsən, hansımız borclu qalırıq?! Biz dünyaya, yoxsa, dünya bizə. Dünyadan istədiyini götürənlər də kifayət qədərdi, istədiklərinin çoxuna yetməyənlər də.
   
   Məncə, hər iki halda dünya borclu qalır...
   
   Çünki biz dünyaya təmiz gəlirik. Gördüyümüz, eşitdiyimiz hər şeyə inanırıq. Sonradan başlanır hər şey. İstədikləri şəklə salırlar bizi. Öz bəsit bilgilərinin qurbanı edirlər hər birimizi...
   
   Bizə qalan gözümüzə, könlümüzə yığdıqlarımızdı. Qalan hamısı bu dünyanındı, başqalarınındı...
   
   Mən bu dünyadan nə götürmək istədiyimi bilirəm...
   
   Bir oyun oynayardıq; "Yoldaş, səni kim apardı?!" Bir nəfər beş-altı addım qabağa çıxıb gözlərini bərk-bərk yumardı. Arxadakılardan biri nəfəsini qısıb ayaqlarının ucunda ona yaxınlaşar, işarə barmağını kürəyinə dirəyib yavaşca irəli aparardı. Ta ki, gözlərini yuman kürəyinə dirənən barmağın sahibini tanıyanacan...
   
   Ürəyimiz əsərdi, görəsən, kürəyimizə kimin barmağı toxunacaq. Toxunacaq və... aparacaq. "Ay Allah, keşkə, "O" barmağını qoyaydı kürəyimə. Düz ürəyimin üstündən... Dünyada xoşbəxtliyin olmasına inanmaq istəyirəm. Heç olmasa, bir dəfə. Hə, özüdü ki, var. Gözlərimi açmaq istəmirəm. Açarsam, bu şirin yuxudan ayılaram. Gözlərimi yumanda daha yaxşı duyuram mənim olanı, mənimlə qalanı. Tanrım, bu yol heç qurtarmayaydı... Arxadakılar da dil boğaza qoymurlar ki,.. Onlara oyun lazımdı. Mənsə istəyirəm oyun bitsin burda. Buraya qədər oynadıq yetər. İndi gerçəkliyi istəyirəm. Yuxuya oxşayan, yuxularıma girən gerçəkliyi... Oyun bitsin... və burdan o yana həyat başlasın, ömür başlasın. Mənim istədiyim ömür. Bənzərsiz, riyasız, boyasız... Rənglərini hamının görə biləcəyi bir ömür...
   
   Qabaqdakı yolu gözüyumulu da gedə bilərəm. Arxamda isti, güclü nəfəs var. O hər şeyi görəcək də, eşidəcək də... qoruyacaq da. Tək qanadla yaşamaqdan bezdiyimi anlayacaq da... O barmaqdan başlanan isti bütün bədənimə yayılır. Bundan sonra daha heç nədən qorxmuram. Ta ki, barmaq sahibinin ürəyində soyuq yellər əsməyincə... Əsəndə mənim də bədənimi soyudacaq... Sonda ürəyim donacaq...
   
   ***
   
   Hələ ki, gedirik. Arxamızca çığırışanlardan uzaqlaşırıq. Qoy qalsınlar, uzağı özlərinə başqa oyundaş tapanacan qışqıracaqlar. Eşitmirik... Xoşbəxtlik tutub qulaqlarımızı. Qışqırmayın, sizə oyunçu qəhət olmayacaq. Bizsə, güclə tapmışıq bir-birimizi...Bütövləşmişik. Bir də sağa-sola baxan deyilik. Adamlar öz yarısını tapanda belə olurlar. İki göz iki gözə baxar. Bu dünyanın əyləncələrindən söz açmayın bizə. Hamısı bəhanədi. Təkcə sevgiləri var bizim dünyamızın. Sevgi tapmayanların baş qatmağıdı, acıq verməyidi əyləncələr. Sevgidən başqa hər şeyi olmasını gözə soxmasıdı...
   
   Bizdən ötrü qurtardı hər şey. İndi heç aclığımızı, susuzluğumuzu da hiss eləmirik. İkimizə bir tikə, bir qurtum da bəs edər. Maddi olan hər şeydən qurtardıq.
   
   Nə rahatlıqdı...
   
   
   
   ***
   
   Bir ömür yol gəldik...
   
   Arxamca gəldiyin bəsdi... Sənə dönürəm. İndi üz-üzəyik. Burayacan tək barmağınla gətinrdin məni. İndisə mən əllərimin bütün barmaqlarıynan tutmuşam səni. Çox şeylər gördüm indiyəcən. Məni sevməyənlərin əhatəsində keçirdim ömrümü. Hər ötəri baxışı, hər şirin sözü sevgi bildim, istək sandım. Nə ağılsız olmuşam. Bir addımlıqda məni görməyənlərin arasında ömrümü tükədəndə tək sözümü, baxışımı içində gəzdirən varmış haralardasa...
   
   Nə gəzirdin uzaqlarda? Eşitməmişdin o mahnını? "Öz yarın burda qoyub sərgərdan gəzənə bax!" Mənsə, çox sevirdim o mahnını. Lap uşaqlıqdan. Ancaq ünvansız, sahibsiz sevirdim. Özüm də səndən qətiyyən ağıllı deyildim. Gözlərimdə pərdə vardı sən gələnəcən. Götürdün,,, cırıb atdın... Amma gec... çox gec... Bəlkə heç gec deyil, elə əsl vaxtıdı. Axı, heç nə bizlik deyil. Tanrı ağılsız çağlarımıza, naşı əllərimizə tapşırmaq istəmədi bu duyğuları bəlkə. Axırda verdi bizə. Əmanət etdi...
   
   Qalanı bizlikdi...
   
   
   
   ***
   
   Kimlərə qibtə elədiyimi demişdim sənə. Xoşbəxt o adamdı ki, cavanlığında sevdiyini ömrünün sonunacan gətirib çıxara bilir, demişdim. Hər halda, mən Orxan Pamukdan yaxşısını demirəm: "... Əgər içinizdə qəlbinizə nəqş elədiyiniz bir sevgilinin üzü yaşayırsa, dünya hələ sizin evinizdir..."
   
   
   
   ***
   
   Hələ dünya bizdən çox şey alacaq...
   
   Ala-ala son mənzilə aparacaq...
   
   Əllərimi bərk-bərk tut. Onda heç nə qopmaz bizdən...
   
   Hər şeyimizi almaq istəyəcək...
   
   Cavanlığımızı?... Alsın. Heç qorxmuram da. Mən ona həmişə çox az güvənmişəm...
   
   Gözəlliyimizi?... Bu da fəlakət deyil. Onsuz da çoxdan qiymətdən düşüb. Yerini verib çirkinliklərə, eybəcərliklərə...
   
   Sağlamlığımızı?... Bax, indi qorxdum. Səni düşünmək, görmək, duymaq üçün mütləq sağlam olmalıyam mən...
   
   Səni də almaq istəsə...
   
   Vermərəm...
   
   Gözünü deşərəm dünyanın...

TƏQVİM / ARXİV