GüLDüRƏN... AğLADAN DüNYA

ƏBÜLFƏT MƏDƏTOĞLU
19809 | 2012-08-11 08:54
Həmişə bir sözə gülmüşəm... Özümdən asılı olmadan, özüm istəmədən gülmüşəm. Çünki o söz çox gülməli olub. O qədər gülməli ki, indinin özündə də bu qədər dərdin, bu qədər ağrının içində də yadıma düşür... Elə bilməyin ki, dəli olmuşam, dərddən havalanmışam, özümə yer-yurd tapa bilmirəm. Yanılırsınız, bu dərdlə, bu itkiylə müqayisədə mənim itirdiklərim, mənim yaşadıqlarım o qədər böyük, o qədər ölçüsüzdür ki?.. Ancaq bu itki də heç birinə bənzəmir... bu ağrı da heç biri ilə müqayisə oluna bilməz.
   
   ...Bir dəfə dostlardan biri sözarası dedi ki, bu gün çox qəribə bir söz eşitdim. Özü də o qəribə sözü elə bir adamdan eşitdim ki, ağlıma da gəlməzdi ki, onun da dərdi-qəmi olar. Amma sən demə, hər kəsin özünə görə, özünün çəkə biləcəyi qədər dərdi var imiş. Bu sözlərin ardınca həmin o dostum, yəni mərhum şair qardaşım Vahid Əlifoğlu söylədi ki:
   
   - Sabiri tanıyırsan də?
   
   Üzünə təəccüblə baxdım. Yəni demək istədim ki, hansı Sabiri? O da mənim gözlərimdən sualımı oxudu və sorğusuna da özü cavab verdi:
   
   - Rüstəmovu deyirəm. Yaxşı şeirlər də yazır. Qələminə də söz yoxdu. Amma mən heç bilməzdim ki, onun ürəyində nə boyda ağrılar var imiş. Təsadüfdən öyrəndim. Söhbət edirdik, bəlli dərdlərimdən birini dilə gətirdim. Gözləmədiyim halda Sabir sözümü yarımçıq kəsdi və dedi:
   
   - Ay Vahid, sən də nə qoyub, nə axtarırsan? Vallah, içimdəki dərdin bircəciyini sənə desəm havalanarsan. Səndən və digərlərindən fərqli olaraq, mən dərdimi danışmağı xoşlamıram. Qıraqdan baxan da elə bilir ki, bütün günü kef çəkirəm. Amma bilən yoxdu ki, bu "kefin" şah damarı qan əvəzinə dərd axıdır.
   
   Bilmirəm niyə xatırladım bunu. Amma bilməsəm də, Allah Vahidə də, Sabirə də rəhmət eləsin. Onlar indi Tanrı dərgahındadılar. Çünki söz adamlarıydılar. Eşitdiklərimə, oxuduqlarıma görə də söz adamlarının yeri Tanrı hüzuru olur. Çünki onlar söz yaradırlar!
   
   Hə, indi mən də dərdlərimi müqayisə etmək istəmirəm. Amma son vaxtlarda yaşadığım bir acı mənə bütün bunları xatırlatmaqla yanaşı , həm də 60-cı illərə qayıtmağa, ötən əsrin həmin o 60-cı illərindən üzü bəri gəlməyə məcbur etdi...
   
   ... Bir kənddə doğulmuşduq... Dağlıq Qarabağın Tuğ kəndində... bir kənddə məktəbə getmişdik... Dağlıq Qarabağın Tuğ kənd orta məktəbinə... Atalarımız dost idilər. Sonra müsəlman qanunları ilə kirvə də oldular. Bir az da doğmalaşdıq, dostlaşdıq. Sonra birlikdə sovet ordusuna xidmətə getdik. Sovet ordusunda düz 6 ay bir kazarmada yanaşı çarpayılarda günləri başa vurduq. Tiflisdə, Gürcüstanın paytaxtında 6 ay bizə dərs keçdilər. Təkcə hərbi dərsi yox, həm də dözüm dərsi, həyat dərsi. Təsəvvür edin ki, bizim xidmətimizin üçüncü ayında görüşümüzə gələn valideynlərimiz əsgəri sırada dayanmış böyük bir hərbi hissənin içərisində onlarla üz-üzə gələn övladlarını tanıya bilmədilər. Kənddən, orta məktəbi bitirəndən sonra orduya çağırılmış bizlər qısa bir zaman içərisində tamam dəyişmişdik. Təsəvvür edin ki, dağ kəndində doğulub, böyüyüb, işdə, əməkdə bərkimiş, isti-soyuğu bilən, meşədən odun daşımağı bacaran, qoyun otarmağı, mal tövləsini təmizləməyi bir göz qırpımında yerinə yetirən bizlər sovet ordusunun dəmir intizamının içərisində bir az da sıxılmışdıq. Tamam fərqli bir adamlar olmuşduq. Ona görə də görüşümüzə gələn valideynlərimiz təəccüblə komandirlərimizdən soruşurdular ki, siz bu uşaqlara nə etmisiniz? Üç ayda bunları necə dəyişmisiniz? Həm zahiri görkəmimiz dəyişmişdi, hər danışıq tərzimiz, həm də davranışımız. Ona görə də valideynlər bizim bu soyuqluğumuzun, çüxura düşmüş gözlərimizin sirrini anlaya bilmirdilər və biz də əslində heç nə bilmirdik. Bilmədiyimizə görə də onların suallarına cavab da tapmırdıq. Təbii ki, valideyn həssaslığı dinclik tapmır, eləcə hansı yolla olur olsun bizim durumumuzu araşdırmaq, bizdə baş verənlərin kökünü öyrənmək istəyirdilər. Bunu da öyrəndilər. Komandirlər valideynlərimizin gəlişini nəzərə alıb ikimizə də bir günlük "azadlıq" verdilər və onlar bizi də özləri ilə götürüb şəhər mehmanxanasına apardılar. Burada yuyunub özümüzü səliqəyə salanda hər şey məlum oldu. Dirsəklərimizdəki, dizlərimizdəki döyənək göründü. Çünki əsgər paltarı onu gizləmişdi. İndi isə bir günlük də olsun o paltarı çıxarmışdıq. Mən hiss etdim ki, bu döyənəklər görüşümüzə gələn doğmaların ürəyini necə də ağrıtdı. Yaşlarına, özlərinin də bu məktəbi keçmələrinə baxmayaraq, onlar komandirlərin ünvanına ağır sözlər səsləndirdilər...
   
   Bəli, onlar Tiflisdə 6 ay birgə oxuduğumuz hərbi məktəbdə hər səhər marafon etdiyimiz 5, bazar günləri isə 25 kilometrlik yürüş təlimlərin izləri idi. Bu yürüşlər zamanı daşıdığımız silah, əsgər torbası, əsgər lopatkası... ən dəhşətlisi isə komandirlərin qəflətən "hava həyəcanı!" çığırmaqla bizi kolun-kosun, asfaltın üstünə sərmələri olurdu. Bu həyəcan sözünü eşidəndə guya bombardmandan, kimyəvi hücumdan qorunmaq üçün əleyhiqazı başımıza keçirib hara gəldi özümüzü atırdıq. Və biz beləcə, sovet ordusunun "serjantı" kimi yetişirdik, hazırlanırdıq. Hazırlandıq və sonra da müxtəlif hərbi hissələrə göndərildik...
   
   Haqqında danışdığım həmin o mənimlə bir kənddə doğulan, bir məktəbdə oxuyan, bir hərbi hissədə 6 ay təlim keçən oğlan artıq 40 gündür ki, bu dünyaya, dostlarına, doğmaların əlvida deyib. Əllicə yaşı yenicə tamamlamışdı... əllicə yaşın şirinliyini yenicə hiss etmişdi və özü də o qədər gülərüz, o qədər istiqanlı, o qədər mehriban və son dərəcə də ağsaqqal kimi bu dünyayla yoldaşlıq eləmişdi. Təsəvvür edin ki, 1988-ci ilin hadisələri başlanan tarixdən dünyasını dəyişdiyi ana qədər səngərdən uzağa getmədi. Tuğ kəndində də əlində silah gecə növbələrində dayandı, özünü müdafiə dəstəsinin üzvü oldu. Kənd işğal edildikdən sonra müvəqqəti məskunldaşdığımız ərazilərdə də. O ərazilər top, mərmi səsindən hər gün silkələnir, hər gün titrəyir, hər gün də yer, göy qovuşurdu. Ermənilər Beyləqan istiqamətində hücuma keçəndə Aşağı Veysəlli, Şıbartı deyilən ərazilərdə düşmənin qarşısına çıxan oğullardan biri də o idi, özü də əliyalın. Çünki o, həmin ərazidə alaçıqlarda məskunlaşmış el-obasına, kənd sakinlərinə ağsaqqallıq edir, onları nizamlı şəkildə Haramı düzünə doğru istiqamətləndirirdi...
   
   Adı Xanlar idi. Soyadı Təhməzov. Həmişə zarafat edirdim. Soruşurdum ki, bu adı sənə yəqin ki, inqilabçı olduğuna görə veriblər. Axı bizim bölgədə, Qarabağda, xüsusilə Füzulidə Xanlar adı hamıya o vaxtlar çox əziz idi. Biz fəxr edirdik ki, Bakının girəcəyində, Bayıl qəbiristanlığında möhtəşəm bir məzar var - Xanlar Səfərəliyevin məzarı. Zaman dəyişdi, pərdələr götürüldü, bütün inqilabçılara, o cümlədən də Xanlar Səfərəliyevə də yanaşma tərzi, bütövlükdə münasibət dəyişdi. Amma mənim Xanlara münasibətim dəyişmədi, onun da mənə. Çünki biz inqilabçı deyildik. Biz içimizdə dərdə, ağrı-acıya qarşı inqilab edirdik. Biz oturub öz dərdimizi çözürdük...öz yurdumuzun, öz nəslimizin, öz doğmalarımızın, bütövlükdə Dağlıq Qarabağın taleyini yozur, ona yönəlik haqsızlığa, ədalətsizliyə, biganəliyə, işğala , terrora qarşı üsyan edirdik. Özü də hər görüşümüzdə söhbətimiz sovet ordumuzdakı günlərimizdən başlayır və milli ordumuzdakı qüsurlu məqamların müzakirəsi ilə başa çatırdı. Özümüz də bilmədən hər iki ordu arasında bir paralellik axtarır, bir müqayisə qurur, nəyin necə olmasını arzulayırdıq. Görünür, arzulara , xəyallara çox uyduğumuzdan arzularımız, xəyallarımız da yarımçıq qaldı, yarı yolda qırıldı...
   
   Haramı düzünə yolum düşəndə çalışırdım ki, onunla da görüşüm. Onu görməyib, onunla hal-xoş etməyib geri qayıdanda növbəti görüşlərimizdə günahımı birbaşa üzümə vururdu. Ərklə deyirdi ki, "sənə verməyə bir stəkan çayımız olardı". Mən də bu haqlı, bu içdən gələn qınağı qəbul edərdim, özü də hər dəfə bir bəhanə ilə. O da bəhanələrimin əsassız olduğunu gözəl bilirdi, elə mən də. Ona görə də o da çox dərinə getmirdi. Sadəcə, özünəməxsus şəkildə deyirdi ki, deyəsən, yadlaşır insanlar... yadlaşma prosesi gedir. Bu yadlaşma əridir yavaş-yavaş bizləri. Onun bu sözləri sonradan yazdığım misraların bir növü ipucu oldu:
   
   
   
   Həyat cıdır meydanı,
   
   İnsan isə çapardı.
   
   Yarışda arxasınca
   
   Hərə bir söz apardı-
   
   Rəhmət, ya da ki, lənət...
   
   
   
   Bu min sifət dünyada
   
   İnsan fərqli bəslənir.
   
   Gedəndə arxasınca
   
   Gizli, aşkar səslənir-
   
   Rəhmət, ya da ki, lənət...
   
   
   
   Görə-görə gələnlər
   
   Gələ-gələ görürlər...
   
   Görənlər, həm gələnlər
   
   Son qərarı verirlər-
   
   Rəhmət, ya da ki, lənət...
   
   
   
   Dəyişmək mümkün deyil
   
   Qaçılmazdı bu sonluq!
   
   İnsanlığa sən əyil,
   
   Dərk et, qazan bir yolluq-
   
   Rəhmət! Ya da ki, Lənət!..
   
   ...Bəli, mən yazımın əvvəlində bir sözə güldüyümü xatırlatmışdım. Nə siz soruşmadınız, nə də mən o sözü demədim. Yəqin düşündünüz ki, yazımın əvvəli yadımdan çıxdı. Yox, heç də yadımdan çıxmayıb. İndi güldüyüm sözü deyəcəm. Həmişə məzə ilə deyirlər ki, dünya beş gündü, onun da ikisi şənbə-bazar. Mən buna gülürdüm. Dünyanın beş günlük olduğunu ağlıma yerləşdirə bilmirdim. Amma ətrafım seyrəldikcə, dostlar, doğmalar, xalqın, millətin işıqlı adamları köç etdikcə mən də dünyanın beş günlük olduğuna inanmağa başlayıram. Ola bilsin düz etmirəm, amma dəqiq bilirəm ki, dünyadan həmişə işıqlı insanlar, xeyirxah adamlar daha tez köç edirlər. Çünki onlar dərdin, ağrının daha böyüyünü çəkirlər. Böyük ağrı, böyük dərd də onları içindən yeyir, didib-parçalayır. Onların ömrünün bir günü bir illə hesablanır, bir ilə bərabər tutulur. Ona görə də dünyanın beş günlük olması hardasa inandırıcı görünür. Çünki o beş gün itirdiklərimiz böyük ömür ilə müqayisədə beş ildi, əlli ildi, beş yüz ildi, beş min ildi və daha neçə beş min illərdi. Təəssüf ki, bu dünya kimi illər də namərdlik edir. Yaxşıları, işıqlıları tez alıb aparır.
   
   
   
   İllərin damağında
   
   Mən də bir cür tam idim
   
   Gündüzlər yanan ocaq
   
   Gecələrsə şam idim-
   
   Namərdlik etdi illər...
   
   
   
   Dayanmadan üyündüm
   
   Daş daşı yedi hətta
   
   Gör nə ilə öyündüm
   
   Bu vəfasız həyatda-
   
   Yanımdan ötdü illər...
   
   
   
   Qalan quru nəfəsim,
   
   O da titrəyir artıq...
   
   Sözdən olan qəfəsim,
   
    Nə vaxtsa biz də vardıq-
   
   Bilmədik, getdi illər...
   
   
   
   Hə, mən bu şeiri Xanların ruhuna bağışladım. Çünki o mənim həyatımda öz yeri, öz sözü, öz işığı olan kişilərdən biri idi. Mən onunla dostluqdan da, qohumluqdan da, yoldaşlıqdan da qürur duyurdum. Ona görə də bu yazımda onun xidmətlərindən bircə cümlə də olsun yazmadım. Çünki gənc yaşından ağsaqqallıq haqqı qazanmış Xanlar Allahverdi oğlu Təhməzov təkcə evinin, ailəsinin, nəslinin deyil, bütün Tuğ camaatının əzizi, sevimlisi, ağsaqqalı idi. Ruhu şad olsun! Neyləmək olar, görünür, dünya doğrudan da beş günlükdü. Xanlar isə yaddaşlarda hələ neçə beş illər, əlli illər yaşayacaq.

TƏQVİM / ARXİV