adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Azadlığını satanlar - HEKAYƏ

CEYHUN MUSAOĞLU
29238 | 2012-08-11 08:54
Şəhərin hər yerində topa-topa adamlar vardı. Onlar sevinir, atılıb-düşür, bir-birini qucaqlayıb təbrik edirdilər. Elə bil onları yapışqan məhlul kimi vertalyotdan yerə tullayıblar, günəşin altında qalıb quruyandan sonra yapışdıqları yerdən qopublar.
   
   Küçələr sınıq butulkalar, pivə bankaları, boş siqaret qutuları, günəbaxan tumlarının qabıqları ilə dolu idi. Kim ağzını açırdı içindən söz horrası tökülürdü. Adamlar bir-birinin üzünə tüpürə-tüpürə danışırdılar. Yox, onlar bunu qəsdən etmirdi, sadəcə, sevindiklərindən tüpürcək ifadələrdən qabaq bayıra çıxırdı. Amma biri də əlini atıb üzünü silmirdi, yaxud əlini o birisinin üzünə atıb ona "adam balası kimi danış" demirdi.
   
   Elə hamı fiziki olaraq adam balası idi. Hamı fiziki olaraq adam balasına çevrilmişdi. Onlar düşünürdülər ki, daha it kimi hürməyəcək, at kimi kişnəməyəcək, donuz kimi mırıldamayacaqlar. Düzdü, meydana it kimi, at kimi, donuz kimi gələnlər də vardı. Adam balasına çevrilən adamlar onların qabaq ayaqlarını əvəz edən əllərindən tutub yuxarı qaldırır, başlarını sığallaylb, izah etməyə çalışırdılar ki, daha o günlər arxada qaldı.
   
   Qarnı burnuna dəyən kişi yenicə adama çevrilənlərin arasından çıxıb əlində tutduğu butulkanı başına vura-vura "o günlər arxada qaldı"ya ritm tutmağa başladı. Bu kişi hamının əvəzinə danışa-danışa oynayırdı, oynaya-oynaya oxuyurdu. Arada dombalaq da aşdı. O qədər cuşa gəldi ki, arıqlığından bostan müqəvvasına oxşayan birinin yaxasından tutub ağzına zərblə kəllə vurdu. Bostan Müqəvvasının qabaq dişlərindən biri qırıldı, alt dodağı cırıldı, burnundan qan açıldı. Amma nə olsun, de, bu bədbəxt cınqırını çıxardımı?.. Nənəm demiş, a tövbə... Əksinə, hırıldamağa başladı. Sevincin gücü o qədər böyük idi ki, zərbələr, ağrılar onun ayağının tozu da ola bilməzdi. Yaralı Müqəvva cırılmış dodağını azca səyirtmişdi ki, camaat uğuldamağa başladı. "Ura", "Dözümlü kişilərə eşq olsun" şüarları meydanı silkələdi.
   
   Sonra adamlar topa-topa ora-bura qaçmağa başladılar. Aralarında uçanlar da oldu. Uçdular-uçdular, hündür binanın damına qonub, bir ağızdan qışqırdılar: "O günlər arxada qalıb".
   
   Kimsə ortaya təklif də tulladı. Ölkənin adı "O günlər arxada qalıb" olsun. Əvvəl araya sükut çökdü. Bu dəfə də ilk olaraq meydana həmin Kəllə çıxdı. Dedi ki, mümkün deyil. Ölkənin adını dəyişməyə ehtiyac yoxdu. Səbəbini də belə izah etdi ki, ölkənin indiki adı poetikdi. Bu ada şeirlər yazmaq, mahnılar bəstələmək, meyxanalar demək əla yaraşır. Ona yerbəyerdən dəstək verdilər. Xor başladı:
   
   -Hələ görəcəyimiz günlər qabaqdadı. Ağsaqqalımızı, ağbirçəyimizi seçəcəyik, onların şəninə şeirlər deyəcəyik, nəğmələr oxuyacağıq. Televiziyalarımız, qəzetlərimiz olacaq, öz dilimizdə danışacağıq, öz dinimizdə öləcəyik. Bundan sonra deyəcəyik, güləcəyik, yeyəcəyik, içəcəyik. Kef edəcəyik.
   
   Sonuncu ifadə - "kef edəcəyik" elə gurultulu səsləndi ki, bayaqdan ağacın altında yatan 50-55 yaşlarında kişi başını qaldırıb, alçaq səslə bircə bunu deyə bildi:
   
   -Elə o pisdi ki, hamımız kef eləməyi düşünürük.
   
   Vəssalam. Kişini yoxa çıxardılar. Bostan Müqəvvasına kəllə atdığ üçün "Kəllə" ləqəbi qazanan adam ağacın altındakı həmcinsinə hücum etdi. Cəmi bir kəllə vurdu. Deyəsən, kişi elə bu kəllədən keçindi. Ölünün üstünə qarışqa kimi doluşdular. Didik-didik edib, kişini yoxa çıxardılar. Sanki belə bir adam yerli-dibli olmayıb.
   
   20 il keçdi. Kəllə qocalıb öldü, Bostan Müqəvvası itkin düşdü. Qafiyəsi "can" olan şeirlər itdən, atdan, donuzdan adama çevrilənlərin qanla başlayan hekayətinə nöqtə qoydu. Adamlar yenə küçələrə çıxdılar. Hamının qucağında başı bədənindən yekə 20 yaşlı uşaq vardı. Uşağın boynundan elan asılmışdı. Üstündə yarı kiril, yarı latın hərfləri ilə yazılmışdı:
   
   "Satılır".
   
   Kamera çiynində saqqalı ağarmış kişi başı bədənindən böyük olan və 20 yaşa çatmalarına baxmayaraq, hələ də yeriyə bilməyən bu uşaqların hamısını tanıyırdı. 20 il əvvəl bax elə bu kamera ilə onların dünyaya necə gəldiyini lentə almışdı. O, indi də öz işində idi. Birdən kameraya adamların qucaqlarından uşaqlarını götürüb, onların yerinə həmin qucaqlara kağız pullar basan bir nəfər tuş gəldi. Saqqalı ağ kişi onu izləməyə başladı. Bu adam uşaqları qucaqlardan götürüb, əlindəki torbalara doldururdu. Hər torbaya 5 uşaq yerləşirdi. Elə ki, torbalar doldu, ağzılarını bağlayırdı. Ətraf belə torbalarla dolu idi. Uşaq yığan işini bitirən kimi, meydana yük maşınları gəldi. Maşınlar müasir dövrün istehsalı olsa da, onlardan düşənlər müasir adamlara oxşamırdılar. Boyları təxminən 3 metr olan məxluqların başlarında buynuzları, arxalarında quyruqları vardı. Təkcə əlləri və ayaqları görünürdü. Başqa əzaların yerində gözə heç nə dəymirdi. Onlar bir göz qırpımında torbaları maşınlara yükləyib, elə yoxa çıxdılar ki, hətta kameraya düşmədilər.
   
   Meydan boşaldı. Qucaqları boşalan adamlar bir ağızdan dərindən nəfəs aldılar.
   
   Şəhərin hər yerində topa-topa adamlar vardı.Onlar sevinir, atılıb-düşür, bir-birini qucaqlayıb təbrik edirdilər. Elə bil onları yapışqan məhlul kimi vertalyotdan yerə tullayıblar, günəşin altında qalıb quruyandan sonra yapışdıqları yerdən qopublar.
   
   Saqqalı ağ kişi kameranı söndürdü. Elə çiynindəcə 20 il əvvəl didik-didik edilib yoxa çıxan kişinin oturduğu ağacın altına gəldi. Didik-didik edilən kişinin necə yoxa çıxdığını əks etdirən özü çəkdiyi görüntüyə bu illər ərzində dəfələrlə baxmışdı. Onun hansı cümlədən sonra didildiyini bilirdi. Qeyri-ixtiyari, bəlkə də ixtiyari həmin cümləni təkrar etdi: "Elə o pisdi ki, hamımız kef eləməyi düşünürük". Başını qaldıranda adamların ona qarşı hücuma keçdiyini gördü. Kameranı işə salıb, ağacın əli çatan budağından asdı və son sözünü dedi: "Can, can, can Azərbaycan".

TƏQVİM / ARXİV