adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

SÖZ-SÖZ AÇILAN GÖY ÜZÜ

MƏMMƏD DƏMİRÇİOĞLU
29181 | 2015-08-15 08:51
Bir neçə oxucumuzun xahişini nəzərə alaraq, çox hörmətli filosofumuz, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun "Söz-söz açılan göy üzü" məqaləsini oxucularımıza təqdim edirik.

Məmməd Dəmirçioğlunun poeziyası təbiidir, safdır və həyatımızın, dilimizin dərin qatlarından süzülüb gəlir. Şairin əsərlərində tək-tək kənara çıxmalara baxmayaraq, müəyyən bir bütövlük, daxili tamlıq vardır. Hərçənd bu cəhətlər onun fəlsəfi dünyagörüşündən bəhs etmək üçün hələ yetərli deyil, lakin yetərli olan bədii yaradıcılığın özü, yüksək şeiriyyət və milli köklərə bağlılıqdır. Və biz də M.Dəmirçioğlunun yaradıcılığını məhz bədii-estetik planda dəyərləndirməyi nəzərdə tuturuq.

Özünə köç edən karvan
Yolların ən mübarəki insanın özünə
catdıran yoldur.
(Əbu Turxani)

Məmməd Dəmirçioğlunun poeziyası rəsmi fəlsəfi təlimlərdən, mistik təcrübələrdən deyil, həyatın özündən və bu həyatı bilavasitə əks etdirən xalq yaradıcılığından bəhrələnir. Orta əsr Şərq (islam) poeziyası, o cümlədən Azərbaycan poetik ənənəsi üçün də səciyyəvi olan təsəvvüf ideyalarının təcəssümündən fərqli olaraq, M.Dəmirçioğlu daha çox xalq hikmətindən, atalar sözlərindən, bayatılardan, aşıq poeziyasından çıxış edir. Və bir addım da irəli getsək, əksər ideyalar birbaşa təbiətdən, rəssamlara xas olan xüsusi müşahidə və təsvir qabiliyyətindən qaynaqlanır. Hətta sufe fəlsəfəsini xatırladan, irfandan xəbər verən müəyyən ideyalar, obrazlar, təşbehlər də, mənə elə gəlir ki, şairin dünyagörüşünün bu fəlsəfələrə aidiyyətindən, yaxud aludəçiliyindən irəli gəlməyib, ilham qanadlarında keçdiyi yüksəliş yolunda sufilərin bir qisim müşahidələrini də müstəqil surətdə, öz şəxsi yaşantıları sayəsində təkrar etməsidir.
Tənqidçi Rüstəm Kamalın belə bir fikri ilə razılaşmaq olar ki, onun "şeirlərinin fəlsəfi qatındakı xalq sufiliyini ləhcənin (əslində dilin - S.X.) yaddaşı çəkib gətirir". "Xalq sufiliyi" deyəndə, müəllif nəyi nəzərdə tutur, - deyə bilmərəm. Hər halda mən sufi filosofların yazdıqları, dərvişlərin yaydıqları və el hikmətinə çevrilən müdrik kəlamları və dərunilik, "bəsirət gözü", haqq dünyası və s. barədə hekayətlərin, şeirləşmiş, beytləşmiş hikmətlərin el arasında yayılmasını nəzərdə tutmuram. Mən sufiliyi deyil, tarixin daha dərin qatlarından, mifik təfəkkürdən süzülüb gələn, sonralar islam mədəniyyəti ilə zənginləşən və bütövləşən milli düşüncə və duyum yaddaşını nəzərdə tuturam. Yəni kitabdan oxunmuş bir sufilik yox, xalq yaradıcılığının bəhrəsi olan, dildə qərarlaşan, onun canına, qanına hopan bir düşüncə tərzi; hansıki, əslində bir sufi fəlsəfəsi olmayıb, dildə yatan milli fəlsəfi fikirdir ki, sonralari onun ifadə və təcəssüm üsullarına klassik fəlsəfi sistemlər, habelə təsəvvüf terminologiyası da təsir etmişdir. M.Dəmircioğlunun irfan yolu İbn Ərəbidən, Mövlanadan deyil, qara sazdan başlanır:

Bu qara saz ruhanini
Yorub,du ürfana yol gedir.

Milli qaynaqlar dini qaynaqlara nisbətdə daha zəngindir. Və bu məna çalarlarının zənginliyinin, dolğunluğunun dilə çökməsi və yenidən dilin dərin qatlarından intixab edilməsi! Bu mənada şair məhz özü qaynayan bulağın gözünü tapır. Və bulağın gözü dilin özüdür. Bir türküdə deyildiyi kimi, "dil bizi dilləndirir".
Dildə yatan fəlsəfə şairin içini işıqlandırır və onun nitqi ilə yenidən həyata vəsiqə alır, yeni libasda, yeni obrazda zühur edir.

Çölüm içimə doldu,
İçim çölümə yoldu.

Bu yol həm içdən çölə, həm də çöldən içə, həm ruh aləminə, həm də ruh aləmindən yaşadığımız həyatın mənəvi qatlarına açılan yoldur.

Yerdən Göyə yol
Özünüdərk dünyanın dərkindən keçir.

(Əbu Turxan)

İnsan öz dünyasını qurduqdan və özü üçün qurduğu dünyanı kənar təsirlərdən və yad nəzərlərdən qorumağa başladıqdan sonra, böyük dünya ona sanki alternativ olur. Mənləşməyənlər qeyri-Məndə, yad dünyada qalır və insan istədiyi vaxt öz dünyasına çəkilməklə yad hadisələrdən sərf nəzər olur. Yerdə qalan dünya cansız, ruhsuz, işıqsız olduğundan, o, insan üçün bir heçliyə çevrilir. Lakin bu heçlik ucsuz-bucaqsız və əzəli-əbədidir. Əsas məsələ odur ki, sürüşüb ora düşməyəsən, yaxud tərsinə, çox uzaqlara uçub öz mehvərindən çıxmayasan, uçduğun səmada söz sahibi olasan.
Məmməd Dəmirçioğlu yazır:

Nə göylərdən gələn var,
Nə yerdən göyə yol var.

Əlbəttə, hərdən belə də olur ki, amma bu hansı isə konkret bir əhval-ruhiyyənin ifadəsidir. Həm də M.Dəmirçioğlu üçün səciyyəvi olmayan bir əhvalın. Əslində onun bütün yaradıcılığı məhz "Yerdən Göyə yol" haqqındadır desək, - yanılmarıq.
Daha geniş planda götürdükdə Dəmirçioğlu yollardan yazır: könül yollarından. Amma onun leksikonunda könül təkcə insanlara deyil, hər şeyə aid edilə bilər. Əlbəttə, əgər bu "hər şey" məna yükü daşıyırsa, ruhlandırıla bilirsə.
M.Dəmirçioğlu poeziyasının bir səciyyəvi cəhəti də bundan ibarətdir ki, burada təbiət, dünya insanlaşır və insaniləşir. Ənənəvi alleqoriyadan fərqli olaraq, burada obraz kimi heyvanlar və ya bitkilər deyil, cansız təbiət çıxış edir. İ.Götenin dediyi kimi, "ən böyük ulduzdan ən kiçik zərrəyə qədər bütün əşyalardan həyat eşqi sel kimi axır". M.Dəmirçioğlunda da əşyaları, hadisələri canlandıran həyat eşqi və məna yüküdür.
Onun yaradıcılığında təbiət canlandırılır, ruhlandırılır və insanın tərəf-müqabilinə, həmsöhbətinə, sirdaşına çevrilir:

Göynən gedən ağ bulud,
Lələk bulud, dağ bulud,
Gözlərini sağ, bulud,
Səhrada ac olan var.
Yaxud:
Göy üzü kövrəlibdi,
Dindirsən, ağlayacaq.

Dəmirçioğlunda insanın təbiətləşməsi və dünyanın ruhaniləşməsi - müəyyən mənada antropomorfizm təzahürləri də duyulmaqdadır:

Torpaq tək əkərdi məni,
Becərib biçərdi məni.
Toxum tək səpərdi məni,
Atardı göylər üzünə.

Əslində söhbət bəlkə də insanın dünyalaşmasından yox, hətta hərənin öz dünyasının olmasından da yox, müxtəlif dünya duyumlarından gedir. Yəni şair dünyaya insan prizmasından baxır və yenə də insanın ürəyi, könlü meyar kimi götürülür. "Öz dünyam özüm boydadır", - deyən Dəmirçioğlu dünyanın çalarlarını da öz rənginə-ruhuna uyğunlaşdırır:

Bərabərdir sevinc, kədər,
Ölçülüdü qəza, qədər.
Dərdi ürək çəkən qədər,
Ağrısı dözüm boydadır.

Dünyanın insan ruhu ilə isidilməmiş, canlandırılmamış, buz kimi soyuq guşələri insan üçün nəinki yaddır, onlar şairin nəzərində sadəcə yoxa bərabərdir. Dünyanın bizə çatmayan, anlamadığımız, duymadığımız, bixəbər qaldığımız qaranlıq tərəfləri bizim dünya deyil. Bu baxımdan, insan əqlinin gücü nəyi mənalandırmağa çatırsa, dünyanın mənası da o qədərdir; insan ürəyinin közü nə qədər isidə bilirsə, dünyanın hənirtisi də o qədərdir, özü də elə o boydadır:

Sinəmdə ürək adlanan,
Bir ovuc közüm boydadır.

İnsan özü üçün dünya seçmir, onu planlı surətdə qurmur, hətta təxəyyülündə belə öz dünyasının konturlarını müəyyən etmir. Hərə öz dünyasını öz zövqünə, öz dərrakəsinə, öz boyuna-buxununa görə seçsəydi, onda hamının xoşbəxt olmaq şansı çoxalardı. Amma əksər hallarda biz dünyanı seçmirik, dünya bizi seçir. Biz bu dünyaya istədiyimiz zamanda, istədiyimiz məkanda gəlmirik, gözümüz açılanda artıq bu dünya ilə üz-üzə, iç-içə dayanmış olduğumuzu görürük. Biz öz zəmanəmizi, öz mühitimizi öncədən seçə bilmərik, amma onları imkan daxilində dəyişdirmək və bu böyük dünya içərisində məhz öz dünyamızı sanki yenidən yaratmaq imkanından da məhrum deyilik. Şair məhz belə bir dünyadan, özününküləşdirilmiş, doğmalaşdırılmış dünyadan bəhs edir. Əlbəttə, hamının öz dünyası, özəl dünyası olmur. Amma yaradıcı adam doğmanı ögeydən, canlını cansızdan seçməsə, öz dünyasını öz yaradıcı təxəyyülünün gücü ilə qurmasa, yazıb-yarada bilməz. Lakin bu dünyanı birdəfəlik vəcdlə həmişəlik yaratmaq da mümkün deyil. Yaradıcılıq məqamında İlahi ruhun, kosmik zəkanın enerjisi ilə canlandırılmış dünya ancaq həmin məqam üçün canlıdır. Başqa bir şəraitdə, başqa bir məqamda şair özü üçün artıq başqa bir dünya yaratmış olur. Yaxud tərsinə: yeni məqam, yeni dünya şairdə artıq başqa bir ovqat və sanki başqa bir ruh yaradır.
Əslində sənətkar və onun dünyası iki fərqli mahiyyət olmayıb, eyni bir mahiyyətin fərqli mövcudluq formalarıdır. Təsadüfi deyil ki, Dəmirçioğlu da dünyanın və şairin məna göstəricisini ortaq bir məxrəcə gətirir, hər ikisi üçün keçərli olan eyni bir meyar tapır. Və meyar kimi o, bir rəssam olaraq gözü, bir şair olaraq - sözü seçir:

Dünyadan küsən, ay dostum,
Bu dünya gözün boydadır.
Çəkisi bircə bayatı,
Mənası sözün boydadır.

Şair dünya ilə münasibətlərini aydınlaşdırarkən məsələyə "bu dünyaya nə verdim, nə aldım", "nədən doydum, nəyə tamarzı qaldım" mövqeyindən də yanaşır. Ağacda çiçək olan, amma nar ola bilməyən, məqsəd yolunda inamlı bir yol keçən, amma məqsədlərinə tam çata bilməyən insanın obrazını yaradarkən şair istənilən başlanmış işin sona çatdırılmasını, insanın özündən sonrakı nəsillər üçün nə isə qoymaqla yanaşı, hələ bu dünyada ikən öz ruhunu bu dünya hesabına zənginləşdirməyi, dünyanın gözəlliklərini öz ruh aləminə köçürməyi vacib sayır.
Söhbət, şübhəsiz ki, sözün müstəqim mənasında nardan və ya baldan yox, mənəvi qidanın öz məramına çatmasından, ruhun bu dünyanı tərk etməmiş daha uca məqamlara yüksələ bilməsindən, insanın kamillik məqamına çatmasından gedir.
Şair yazır:

Ağdır, sarıdır, aldır, -
Çiçəklər dolu baldır,
Qönçələr dolu qaldı,
Arı ola bilmədim.

Amma sual olunur ki, o dünyanın öz gözəllikləri bəs eləmirmi ki, insan bu dünyadan əxz etdiklərini də özü ilə aparmaq, başqa sözlə desək, axirətə daha kamil bir ruhla qədəm qoymaq istəyir. Diqqətlə yanaşıldıqda məlum olur ki, burada söhbət heç də insanın dünyasını dəyişməsindən, bu fani dünyadan və axirətdən getmir; bu dünya və o dünya bölgüsü, dünyanın dəyişilməsi ancaq görüntüdür. Ruhani həyat davamlı və kəsilməzdir. Ruh əbədidir və onun əbədiyyət dünyasına daha zəngin və daha kamil olaraq qədəm qoyması bugünkü həyatımızdan, onu necə yaşamağımızdan və bu dünyanın ruhani siqlətini nə dərəcədə mənimsəməyimizdən asılıdır.
Başqa sözlə desək, bu dünya haqqında yanlış təsəvvürlər dəyişməlidir. Bu dünyanı sadəcə maddi və fani dünya kimi qəbul etmək, onun nəfəsini, nəfsini, ruhunu, ruhani siqlətini görə bilməmək, daşa sadəcə daş, dağa dağ, bağa bağ kimi baxmaq və onların özündən böyük mənalarını görə bilməmək - empirik və rasional idrak, ruhani seyrdən aşağı qatlar üçün səciyyəvidir. Hətta mistik düşüncə və təsəvvüf fəlsəfəsi üçün də insan bütün digər varlıqlardan ayrılaraq öz ruhu ilə seçildiyi, göylərə qaldırıldığı halda, qalan hər şeyi yerdə təsvir etmək ənənəsi mövcuddur. Bu zaman islam dininin torpağa, yerə və əlbəttə, göylərə münasibətinin başqa bir məqamı yaddan çıxarılmış olur. Quran-i Kərimin "Möminlər" surəsində yazılır ki, "Göylərlə Yerin yaradılması insanların yaradılmasından daha böyük bir şeydir" (40-57). Təsadüfi deyil ki, Əbu Turxan da diqqəti bu məqama çəkir: "Ruhun təntənəsi bədənin inkarı üzərində qurulmamalıdır".
Bir çox sufilərin ən zəif məqamı budur ki, insanın haqqa yüksəliş yolunu seçərkən sanki yolunu kəsə etmək üçün bu dünyanı addayıb keçmək istəyirlər. Amma bu dünya sadəcə bizim yolun üstündə deyil və onu görməzliyə qoyub keçmək ən məşhur tərki-dünyalara da nəsib olmayıb, çünki gedəcəkləri yer özü bu dünyanın dışında yox, rüşeymində, cövhərindədir. Başqa sözlə desək, ruhani dünya hansı isə başqa bir aləm olmayıb, bu dünyanın iç üzü, məna məqamı, mahiyyət qatıdır. "Bir mən vardır məndə məndən içəri", - deyir Yunus Əmrə! Əslində "Çölüm içimə doldu, içim çölümə yoldur" deyən M.Dəmirçioğlu da bu daxili rabitəni duyur və hansı isə şeirlərində bu dünya ilə axirəti qarşılaşdırsa da, başqa şeirlərində onların iç əlaqəsini açmağa çalışır.
İnsanın davranışını və əxlaqını da təbiətin universal ahəngi ilə uzlaşdırmaq, insan ruhunun ilahi ruha doğru yüksəliş əzminin strukturunda Plotinin universal əqlinə, Kantın əxlaqi imperativlərinə yer tapmaq əsasən Qərb fəlsəfi fikir ənənələrində yaşasa da, onun təməli Şərqdən - zərdüştilikdən, induizmdən, buddizmdən gəlir. "Bu dünyanı" bəsitləşdirib, sonra da ondan üz çevirmək deyil, onun əsl simasını görmək və ruhani həyata da elə bu dünyada ikən, ondan ayrılmadan başlamaq üçün, görünür, din, poeziya və fəlsəfənin bir müstəviyə gətirilməsi tələb olunur; Əbu Turxan fəlsəfəsində olduğu kimi!
Dəmirçioğlu ömür yolunu yarı eləsə də, sənət yolunun başlanğıcındadır. Daha doğrusu o, fırça və tişə ilə getdiyi yolu qayıdıb indi də sözlə, qələmlə gedir. Və yetkin bir adamın, başqa sənət sahələrində bişmiş ustad bir sənətkarın poeziyanın gənci olması ona öz şeir məbədi üçün çox möhkəm bir bünövrə qoymaq imkanı vermişdir.
Zəif təməl üzərinə ağır fəlsəfi yük yığmaq mümkün olmur. Vaxtından tez gəlmiş poetik ilham postamentsiz heykəl kimidir. O nə qədər gözəl olsa da, uzaqdan görünmür. Poeziyaya məhz gənclik ehtirasının qanadlarında gələnlər yaşa dolduqca gənclikləri ilə birlikdə poetik ilhamı da itirir və eyni çevrə daxilində dövr edirlər. M.Dəmirçioğlunun qurmağa başladığı poetik abidə isə kifayət qədər zəngin dünyagörüşünə, həyati təcrübəyə və fəlsəfi ləngərə söykənir. Ona görə də bu poeziyanın günəşli günləri hələ qabaqdadır.




Səlahəddin
Xəlilov

Məmməd Dəmirçioğlunun
təqdimatında

TƏQVİM / ARXİV