BU GÜNDƏN SABAHA...

FAİQ QİSMƏTOĞLU
356911 | 2015-08-15 08:38

Səhər günəşin ilıq nəfəsini hiss eləyəndə adam sanki dünyaya yenidən gəlir. Elə ki səhərin təmiz havasını ciyərlərinə çəkirsən, ayağa qalxıb bir balaca var-gəl edirsən, bax, onda duyursan ki, doğrudan da bu dünya gözəl dünyadı. Sadəcə olaraq bu gözəl düyanın və bu gözəl anların qədrini o vaxt bilirik ki, onda hər şey əlimizdən çıxır...
İşimiz başımızdan aşanda və qayğılarımız artanda həmişə deyirik ki, əşi, sabah bunu edərik. Sabah açılır və təzədən yeni çətinliklər, ağır anlarla üzləşirik. Dünən eləyə bilmədiklərimizə gücümüz çatmır və bu günün sıxıntılarını yaşamaqla çətinlik burulğanından çıxmağa can atırıq. Can atırıq, bəzən çıxa bilərik və çox vaxt da ilişib qalırıq o burulğanın içində. Nə qədər canımızla əlləşsək də, vuruşsaq da ordan çıxa bilmirik ki, bilmirik.
Əlbəttə, hamımız həyata qonaq gəlmişik və hər birimiz öz rolumuzu oynayıb və günlərin birində Allahın dərgahına qovuşmalıyıq. Amma o ana qədər, o məqama kimi qurban olduğum Ulu Tanrı bizə çox imkanlar verir. Bizə ruzi verir, həyat verir, işıq verir, gün verir. Amma bizim içimizdəki qara qüvvələr və özümüz də bilmədən içimizi dartıb özümüzdən aparan şər qüvvələr başımızı elə qatır ki, başımız çətin ki, açıla bilsin.
İşıq qaranlığa, haqq haqsızlığa, zəif güclüyə nə vaxtsa qalib gəlir. Düzdür, bu müstəvidə çox vaxt haqsızlıq, qaranlıq və şər qüvvələr üstünlük təşkil edir. İnsanın iradəsi, inamı güclü olanda bu şər qüvvələrə, qaranlığa, haqsızlığa tab gətirə bilir və günlərin bir günündə gec də olsa o adam istəyinə, məqsədinə qovuşur.
Bu yaxınlarda mənim ustadım və istedadlı jurnalist Məcnun Namazəliyevlə Horadiz şəhərində, onun ocağında görüşdüm. Çünki Məcnun müəllim mənim həyatımda və ömrümdə xidməti olan işıqlı bir ziyalıdır. O, ölkə prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Çünki Məcnun Namazəliyev uzun illər Füzuli rayonunda çıxan "Araz" qəzetinin redaktoru işləyib. Və mən də universitetin jurnalistika fakültəsində oxuyanda üç ay həmin qəzetdə təcrübə keçmişəm. Sonradan Məcnun müəllim icra hakimiyyətində şöbə müdiri vəzifəsində çalışıb və eyni zamanda "Qayıdış" qəzetinin redaktoru olub. Bu günün özündə də həmin qəzetin redaktorudur.
Çoxlarına məxsus olmayan nuranilik və səmimiyyət onda var. Sanki ağ saçları onun ürəyindən gələnləri insanlara xəbər verir. Bu saçın nuraniliyi, ağlığı həm də ona dəlalət edir ki, Məcnun müəllim bir el ağsaqqalı, bir ziyalıdı. O ziyalı ki həmişə ondan başqasına işıq düşür, nur paylanır.
Mənim dünyada çox sevdiyim iki dostum olub - biri Əhliman Pənah oğlu, biri də Məcnun Namazəliyev. Əhliman əmioğlu gözəl cərrah idi, uzun müddət Almaniyada işləmişdi və ömrünün axırına yaxın da Ələt hospitalında baş həkim vəzifəsində çalışırdı. 50 yaşında dünyasını dəyişdi. Allah-Təala onu öz dərgahında saxlasın və məzarı nurla dolsun, bir onunla söhbət eləyəndə özümü çox yaxşı hiss edirdim, bir də Məcnun müəllimlə. Bu adamların hər ikisində müsbət enerji var. Nə qədər qayğıları, dərdləri olsa da o neqativ enerjini heç vaxt insana ötürməzdilər.
Məcnun müəllimgilin Horadiz şəhərindəki həyətyanı qapısını açdım. Bir neçə dəfə telefonla zəng eləsəm də telefonu açmamışdı. Ürəyim istəyirdi ki, onunla görüşüm və bir stəkan çay içim. Çünki ən sıxıntılı anlarımda, ən kədərli məqamlarımda onunla görüşəndə bir göz qırpımında içimdəki dərd-kədər əriyir və daha nikbin oluram. Həyətə girdim, bir neçə dəfə səsləsəm də hay verən olmadı. Zarafat deyil, Horadiz şəhərində günorta saatlarında hava daha isti olur. Dedim yəqin yatıb. Bir qədər də irəli gedəndə səsimə qızı və nəvəsi cavab verdi. Bir anın içində səsimi içəridən eşidən Məcnun müəllim tələsik qapını açıb çölə çıxdı. Məni görəndə çöhrəsinə nur çökdü.
- Gəl içəri. Qapıda durma, - dedi.
Öpüşüb görüşdük və sonra da o divanda, mənsə stulda əyləşdim. Elə bil ürəyimi oxuyurdu. Narahatlığımı və həyəcanımı hiss eləyən kimi şirin bir söhbətə başladı. Dədə-babalarımızdan tutmuş öz balalarımıza, nəvələrimizə qədər söhbət açdı. O qədər şirin və səmimi danışdı ki, sanki maraqlı bir kinoya baxırdım. Mən dedim ki, Məcnun müəllim bu dünya etibarsızdı. Bu gündən-sabaha adamın inamı yoxdu, çünki bir də görürsən ki, bu gün səninlə gülə-gülə danışan insan sabah Allahın dərgahına qovuşub. Məcnun müəllim də gülümsədi və dilləndi:
- Sən heç vaxt ümidsiz olmamısan. Əgər Allah səni qoruyursa və sən də Allahı sevirsənsə istər-istəməz istəyinə qovuşduracaq və bu dünyada sənin nisgilin, kədərin əriyib gedəcək.
Allah balasını xoşbəxt eləsin. Qızı stolun üstünə çay gətirdi. O çaydan bir stəkan içdim, özümə gəldim. Sonra Məcnun müəllim məni yeni öz işıqlı, nurlu dünyasına apardı. Sanki hiss eləmişdi ki, bu isti yay günündə dərdin, kədərin, qəmin əlindən başımı götürüb onlara gəlmişəm. O da mənim iç dünyamdakı bu təlatümlü kədəri, həsrəti hiss edərək qəlbinin işığını və nurunu mənə ötürürdü. Heç bilmədim ki, vaxt necə keçdi. Saata baxdım gördüm ki, iki saatdır Məcnun müəllimin bal kimi şirin söhbətinə başım qarışıb.
Sanki Məcnun müəllim dünyada boyda bir işıq idi həmin günü. Sanki Məcnun müəllim mənə demək istəyirdi ki, heç ürəyini sıxma, bu dünya fani deyil. Dünyada nə qədər yaxşı və xeyirxah insanlar var.
Evdən çıxıb dəmir darvazanın ağzına qədər məni ötürdü. Elə bil dünyanın ən ağır yükü çiynimdən götürülmüşdü. Ürəyim daha yaxşı döyünürdü. Sanki Horadizin isti havası da dağ havasına bənzəyirdi. Axı Məcnun Namazəliyevlə iki saatdan çox söhbət etmişdim. Axı onun işıqlı dünyasından pay almışdım. Məcnun Namazəliyev, Allah səni qorusun! Balalarını və nəvələrini hifz eləsin! O işığı və o nuru heç vaxt səndən əksik etməsin. Və mən də rayona gələndə o işıqdan, o nurdan pay alım...

TƏQVİM / ARXİV