adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Belə bəhskarsınız oxumaqda da bəhskar olun

SAMİRƏ ƏŞRƏF
314442 | 2015-08-15 08:27

Yay təzəcə girəndə bir hörmətli yoldaş məktub yazıb redaktoru olduğu qəzetin ədəbiyyat əlavəsi üçün hekayə istədi. Sözün açığı axırıncı dəfə üç, ya dörd il bundan əvvəl hekayə yazdığımı xatırlayıram. O dövrdən bu yana nəsr adına heç nə yazmamışam. Həqiqətə yaxın olmaq üçün onu qeyd edim ki, yüngülvari bir roman qaralamışdım. O da elə üzüqoylu qalıb hansısa faylın içərisində. Bu o demək deyil ki, həvəs yoxdu və yaxud da mövzu qıtlığı-filan yaşayıram. Sadəcə olaraq adam nə üçün, kim üçün yazdığını oturub dərindən fikirləşəndə görür ki, mənasız yerə vaxt sərf etməyin adı yoxdu. Uzağa getmirəm, səhv etmirəmsə 2013-cü ilin yayında beş qadın yazarla əlbir olub bir kitab çap elətdirdik. İki imza günü, bir təqdimat mərasimindən sonrakı qazanc, üstəlik paytaxtdakı normal kitab mağazalarından əldə olunan gəlir iki ildən sonra çox az idi. Cəmi üç yüz kitab satılmışdı. Bəlkə də daha az olardı. Həmin satış rəqəmlərini görəndən sonra anladım ki, hələlik heç nə yazmaq lazım deyil. Heç olmasa hələlik...
Ona görə ki, əgər beş yazarın heç olmasa, əlli oxucusu yoxdursa, o zaman nə üçün yazasan?! Mən demirəm ki, ümumiyyətlə bizi oxuyan yoxdu. Bunun interneti, qəzeti, sosial şəbəkələri var ki, burda güc-bəla ilə qazanılmış oxucular var. Amma söhbət gəlib kitaba çıxanda vəziyyət qəlizləşir.
Zorla deyil ki, bu məmləkətdə kitab oxuyan, kitaba qiymət verən insanlar çox azdı. Bəlkə də elə bizik, ya da bizlərdən biridi. Vəziyyət kütləviliyə gəlib çıxanda görürsən yazıb oxuyan adama hamı dəli, başdanxarab kimi baxır. İlin-günün bu vaxtında, televiziya kanallarında serialların təkrar nümayiş olunduğu zamanda insanlar tum çırtlamağa, dağa-daşa çıxıb şəkil çəkdirməyə, sonra da həmin şəkilləri sosial şəbəkələrə, watsappa yerləşdirməyə, oturub boş-boş laqqırtı vurmağa, hətta bekarçılıqdan küçədə it döyməyə razıdı, təki kitab, jurnal, məqalə oxumasın.
Uzağa getmirəm, vallah elə öz evimin içindən, yaxınımdan, tanışımdan misal gətirim. Başı tərpənən yaxın tanışlara, qohumlara qucaq-qucaq kitab vermişəm ki, oxusunlar. Orasını da başa salmışam ki, özlərini çox gücə salmayıb hər gün heç olmasa iki, üç səhifə xətm eləsələr bəsdi. Amma təəssüf ki, mənzərə məyusedici olub. Adamlar üzü üzümə, gözü gözümə deyiblər ki, kitab oxumağa vaxt və hövsələ yoxdu vəssalam.
Bir qohumum var adını yazmıram. Onsuz da özü yazını oxuyanda başa düşəcək ki, söhbət məhz ondan gedir. Bu adam intellektual təbəqəyə mənsub olan şəxsdir. Tarixi çox gözəl bilir. Dünyada və ölkədə baş verən hadisələrdən çox tezcə xəbər tutur. Həmin hadisələri gözəl analiz edir. Cəmiyyətdəki problemlərin haradan qaynaqlandığına dair geniş bilgilərə sahibdi. Uzun sözün qısası, faydalı şəxsdi. Di gəl ki, Turgenevi, Dostoyevskini, Tolstoyu görməyə "gözü yoxdu". Ədəbiyyata qarşı içərisində dərin bir ümidsizlik var. Ən pisi də odur ki, bu ümidsizliyi rastına çıxan bir az oxumaq həvəsi olan adama ötürməyə, onu ruhdan salmağa cəhd edir. Çingiz Abdullayevi isə hamıdan çox sevir.
Başa salmaq olmur ki, ay başına dönüm, axı bu kitabları oxumağın ən azından tutaq ki, mənə heç bir zərəri yoxdu. Kor tutduğun buraxmayan kimi, bu yoldaş da öz dediyindən dönmür ki, dönmür.
Mən özümü dərk etməyə yeni başladığım zamanlar atamın çox kiçik kitab şkafı vardı. İçərisində də ortabab müəlliflərin kitabları və ədəbiyyat dərslikləri olardı. Buna baxmayaraq mən həmin şkafdakı kitabların hamısını oxuyub bitirmişdim. Onda mənim on yaşım ancaq olardı. Çünki gözümü açıb evdə kitabla, qəzetlə məşğul olan adam görmüşdüm və bunu görməyim artıq kifayət edirdi ki, mən mütaliəyə meyl edim.
İndi evdə bu qədər kitab-dəftər, jurnal, amma uşaq oxumaq istəmir. Öz uşaqlarımda dəfələrlə bu vərdişi yaratmağa çalışsam da çifayda. Gəlib görmüşəm ki, kitab qalıb bir tərəfdə, ya cizgi filminə baxırlar, ya da bilgisayarda oyun oynayırlar. Nə edəsən? Durub kitabı uşağın sinəsinə bağlaya bilmərik ki.
Bu barədə xeyli düşünmüşəm. Problemin kökü ümumi təbliğatdadı. Əgər uşaq məktəbdən başqa rastlaşdığı heç yerdə, heç nədə kitab haqqında məlumat almırsa, bütün evi kitabxanaya çevirsən də xeyri olmayacaq.
Nə televiziya kanallarında, nə radiolarda düz-əməlli ədəbiyyat verilişləri, uşaqları maarifləndirəcək verilişlər yoxdu. Varsa da çox primitiv formadadı ki, bunun da olmağındansa olmamağı yaxşıdı.
Dəfələrlə avtobusda, avtomobildə gedərkən əsasən cavan qız və oğlanların aparıcılıq etdikləri radio verilişlərinə qulaq asmışam. Bircəciyində kitab sözünə, yazıçı kəlməsinə rast gəlməmişəm. Allah qoymasa, bunlar hələ bizim gəncliyimizdı...
Ölkədə pisdən, yaxşıdan kitablar çap olunur, tərcümələr edilir. Ancaq onları da çox az adam alıb evinə aparır. Bir neçə kitab yarmarkasında olmuşam, hələ görməmişəm ki, siravi vətəndaş uşaqlarını başına yığıb gəlsin kitab almağa. Bəlkə rastlaşanlar var, amma mən rast gəlməmişəm.
İndinin valideynləri də gəzməyə, yeməyə içməyə vaxt sərf etməyə üstünlük verir. Heç kim demir ki, hamı qıfıllanıb evdə oturmalıdı. Amma gərək əvvəl ruhunu, sonra mədəni qidalandırasan. Hansısa dağa çıxıb, orda bir şiş kabab yeyib, sonra da şəkil çəkdirib sosial şəbəkələr qoymaqla deyil axı. Bunun gedəni, gedə bilməyəni də var. Hər ilin yayında nə qədər arvad vurub ərinin başını yarır ki, filankəs getdi Antaliyaya, Tiflisə, bəd ayaqda İsmayıllıya mən qaldım. Adama deyərlər ki, a bala, axı yorğan da gərək ayağa görə uzansın. Sən istəməklə deyil ki. Kimə deyəsən. Bəhsəbəhslik bu camaatın evini yıxıb. Filankəs maşın aldı mən qaldım, filankəs ev tikdirdi mən qaldım. O birisi evini təmir elətdirdi yenə mən qaldım fikri insanları dəli edib. Bu səbəbdəndir ki, arvadlı kişili gecə-gündüz demədən tər töküb işləyirlər. Nə var o da qonşusu, iş yoldaşı, rəfiqəsi kimi beş min manatlıq maşında yox, on beş minlik maşında gəzmək istəyir. Belə bəhskarsınız oxumaqda da bəhskar olun. Biz də baxanda ürəyimiz açılsın heç olmasa.
Qayıdaq bayaqkı qəzet məsələsinə. Əlqərəz məndən hekayə istəyən redaktora beş, altı köhnə hekayə göndərdim. O da sağ olsun bir hekayə seçib qoydu nömrəyə. Yolum köşklərin birindən düşəndə qəzeti xəbər aldım. Satıcı dedi həmin qəzetdən bizdə həm var, həm də yoxdu. Gözümü döyüb təəccüblə satıcıya baxdım. Oğlan dedi ki, bəs səhər-səhər yağış yağanda köşkü su basıb, onlar da ərinməyib həmin qəzeti açıb səriblər yerə ki, döşəmənin suyunu çəksin. Vəssalam! Yəni məsələ bu qədər sadədi.


TƏQVİM / ARXİV