adalet.az header logo
  • Bakı 18°C

Ömrümüzü silən həftə

CEYHUN MUSAOĞLU
27030 | 2012-08-07 09:02
Həftənin şərhini veririk. Əslində hər gün baş verən hadisələr elə həmin günün şərhidir. Sadəcə daha da dəqiqləşdiririk. Düşdüyümüz günü ağ və qara rənglərə bölürük. Bu həftə hansı dominantlıq təşkil edib? Qarası ağından çox olan günlər cəmiyyəti hara qədər apara bilər? Yaxud necə edək ki, ağ günlərimizin sayı çoxalsın.
   
   Konkret olmağa çalışacağıq. Sonda həftəyə bir cümlə ilə yekun da vuracağıq. Müəyyənləşdirəcəyik: Həftə bizi ömrünə yazdı, yoxsa özünü ömrümüzdən sildi.
   
   30 iyul-5 avqust. İzlədiyimiz 6 günün birincisi İnsan Haqları Uğrunda İctimai Birliyin sədri Eynulla Fətullayevin əski əqidədaşlarına daş tullaması ilə əksər xəbərləri eşidilməz etdi. Təqdimata diqqət çəkək- əski əqidədaşları. Möcüzədi: əqidə də köhnələ bilirmiş, lap boynuna daş asılsa da belə. Eynulla Fətullayev 4 illik həbsxana həyatından sonra o adamları təhqir səviyyəsində tənqid etdi ki, o adamlar onun müdafiəsindən bir an da olsun geri çəkilmədilər. Şahvələd Çobanoğlu, Xədicə İsmayılova, Emin Hüseynov. Sakit durmadılar. Düşmənə elə öz dili ilə cavab verdilər.
   
   Xoşagələn deyildi. Hər iki tərəf ifadələri ilə cılızlıq nümayiş etdirdi. Eynulla Fətullayev deyə bilərdi: "Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Onlar düşünürlər ki, mən hakimiyyətə qarşı loyallaşmışam. Razıyam. Mənim arqumentlərimə görə, hakimiyyət Azərbaycanın inkişafı üçün çox işlər görüb. Ona görə də mövqeyimdəki aqressiyadan imtina etmişəm".
   
   Şahvələd Çobanoğlu da təxminən bu səpkidə danışa bilərdi. Deyərdi: "Mən Eynulla barəsində bir söz demək istəmirəm. Bir vaxtlar çox yaxın olmuşuq. Düşünürəm ki, o yanılır və vaxt gələcək peşiman olacaq".
   
   Təəssüf, biz bu dialoqun şahidi olmadıq. İki tərəf arasında seçim etmək istəyən oxucunun əlini yelləyib getməkdən başqa yolu yoxdu.
   
   Oxucuya valideyn qismində baxaq. Günün ikinci hadisəsi bıçaq kimi o valideynin ürəyinə saplanır. Əsgərimizin silahla ehtiyatsız davranma səbəbindən güllə yarası aldığını eşidirik. Azərbaycan Ordusunda növbəti ölüm hadisəsi baş verir. 1992-ci il təvəllüdlü Orxan Qəhrəman oğlu Abbasov hərbi hissədə aldığı güllə yarasından həlak olur. İlkin məlumata görə, əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində açılan atəş Q. Abbasova dəyib.
   
   Ehtiyatsız davranma... Hər dəfə eşitdiyimiz söz. Hələ müharibə yoxdur, əsgər silahla davrana bilmir. Bəs komandirlər hara baxır? Niyə əsgərlərə silahla davranmağı öyrətmirlər. "Ehtiyatsız davranma". Kim eşidir, deyir, yalandı. Bəs doğrusu nədi? Suala cavab tapmağın yeganə yolu hərbi hissələrin qapılarını jurnalistlərin üzünə açmaqdı. Gedək araşdıraq, amma yazmayaq. Daha doğrusu yazaq, dərc etdirməyək, ordu rəhbərliyinə təqdim edək. Oxuyub da əyər-əskikləri aradan qaldırsınlar.
   
   Bir günün iki şah xəbəri. İkisi də bəd.
   
   İyulun 31-i. Pekin Olimpiadasının rekordsmeni, "ipon" ləqəbli Elnur Məmmədli London Olimpiya Oyunlarında cüdo döşəyində biabır oldu. O, dünya reytinqinə görə 50-ci yerdə olan idmançıya uduzdu. Kanadalı Antuan Valua-Fortye ilk görüşdəcə yüksək çinli polis zabitinə qalib gəldi. Niyə belə oldu? Elnurdan cavab almaq mümkün deyildi. "Danışmaq istəmirəm", "Məni rahat buraxın", psixoloji gərginlik içərisindəyəm". Məğlub cüdoçunun dilindən çıxanlardı. Siyavuş Novruzovun peyğəmbərcəsinə dediyi təsdiqini tapdı: "Azərbaycan idmançıları asan yolla universitetə girmək, vəzifəyə düzəlmək, pulsuz ev, maşın almaq üçün yarışlara qatılmamalıdır. Birinci yarışda qalib gəlir, istədiklərini əldə edir və sonra harınlayır".
   
   Ağır ifadələrdi. Ancaq Pekin Olimpiadasında 73 kiloqramla döşəyə çıxan Elnur 4 ildən sonra 81-kiloqram olursa və güləşdə qalib gəldiyin çəkini saxlamaq vacib olduğu halda bu aksioma qulaqardına vurulursa, S.Novruzovun qalib kimi əlini göyə qaldırmaq olar. Bu döyüşdə S.Novruzovdan başqa hamı uduzdu. Yəqin ki, bir də nə vaxtsa mötəbər yarışlarda Azərbaycan idmançıları qalib gəlsə, daha onlara vəzifə verməzlər. Verdiklərini də, idmançı siyahısından silərlər. Adam ya güləşər, ya da məmur olar...
   
   Günün 2-ci hadisəsi: 2 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində "Gilan Qəbələ Konserv Zavodu" "Yeni Müsavat"dan istədiyini rəsmiləşdirib. Hakim Xaliq İmanovun sədrlik etdiyi prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən qəzet zavoda 50 min manat təzminat ödəməlidir.
   
   Nə mətbuata, nə də biznesə başucalığı gətirməyən hadisə. "Yeni Müsavat" qəzetindən "Jalə şirələri xərçəng yayır" başlığında yazılar az oxumamışıq. Bu yazıya qədər on minlərlə adam bu şirədən içib. Həmin on minlərdən heç olmasa 500-ü "Yeni Müsavat"ı oxuyur. Dəhşətdi deyilmi? Dəfələrlə "Jalə" içmişəm. Belə çıxır ki, xərçəngəm?..
   
   Belə yerdə "Gilan" neyləməlidi? Yox, dostlar. Bu günə qədər onlarla qəzet məhkəməyə verilib, cərimələnib, dünya düzəlməyib ki, düzəlməyib. "Gilan" sübut etməlidir. Məhsulunu məşhur laborotoriyalardan birinə göndərib cavabı elə həmin qəzetdə dərc etdirməlidir. "Əlbəttə" jurnalsit "malı", "məli"dən istifadə etməsə yaxşıdı. İndi görün vəziyyət hansı həddə çatıb ki, qaydaları pozmalı oluruq.
   
   Təsəllimiz ondadı ki, bu pozuntu məhkəməlik deyil.
   
   Axşama yaxınlaşırıq. Günün xəbər dövrü başa çatır. Son dəqiqələrdə daha bir dəhşətli xəbər. Müdafiə Nazirliyinin Goranboyda yerləşən "N" saylı hərbi hissəsində əsgər Mehdi Bahadır oğlu Sultanov tabeliyindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
   
   Bir gündən sonra. Şair Salamdan: "Öləsən bir düşmən sevindirəsən". Düşmən sevindiririk.
   
   Günü qapatmaq istəyirik ki, alverçi təfəkkürlü azərbaycanlılar ölkəmizin adına ləkə gətirən hərəkət edir. Britaniya televiziyası Azərbaycan rəsmilərinin qara bazarda Olimpiya biletləri satdığı barədə süjet yayımlayır. "Satılmır" elanlı biletləri xarici işlər nazirliyinin əməkdaşları satır. Biletlər avqustun 3-nə planlaşdırılan yüngülçəkili boks oyunlarını izləmək üçündür. Üzərində "Azərbaycan Olimpiya Komitəsi" yazılmış biletlərin qiyməti 20 funtdur.
   
   Azərbaycan Olimpiya Komitəsi məsələyə şərh verməyib.
   
   Biz də susuruq. Bu mövzuda nə qədər çox danışsaq, bir o qədər çox biabır olarıq.
   
   Avqustun 1-i Azərbaycan Kinomatoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyova qarşı və Rüstəm İbrahimbəyovun hakimiyyətin idarəçilik siyasətinə qarşı açılan savaşın növbəti günlərindən biri. Ən azı 150-si tanınmış şəxs olan 187 nəfər görkəmli kinodramaturq və rejissoru müdafiə edən bəyanat yayırlar. Utancvericidi. Cəmiyyətin ziyalı kəsimi iki yerə parçalanıb. Görüləsi nə qədər işlərimiz var. Qarabağı almalıyıq, idmanımızın əlini-ayağını yığmalıyıq, dünya kino sənətinə töhfələr verməliyik, təhsilimizin səviyyəsini qaldırıb dünyanı azərbaycanlı təfəkkürü ilə şoka salmalıyıq... Rüstəm İbrahimbəyov da böyük adamdı, Siyavuş Novruzov da. Rafiq Əliyev də lazımlıdı, Əli Əhmədov da. Özü də bu adamlar bir-birinə lazımdı. Biri elmi yaxşı bilir, o biri siyasəti. Elmlə siyasətin birləşməsi isə Nobelə, Oskara aparır. Nobel və Oskarı isə adam alır, amma ölkəsi üçün.
   
   Avqustun 2-si. Cümə axşamı. AzNews.az Krımdakı sanatoriyaların birinə ermənilərin Qarabağ Respublikasının vətəndaşları kimi qeydiyyata düşmələri xəbərini yayır. Xəbəri İlham Məmmədov adlı Qarabağ əlili verib. Uğurunda vuruşduğu torpağın müstəqil olduğunu göstərən böhtan xarakterli hadisə ilə qarşılaşanda onun nələr keçirdiyini bir Allah bilir. Əslində isə bu məsələyə Allahı qatmalı deyilik. Qarabağ sürətlə müstəqilləşir. Pulu, gerbi, himni, parlamenti, prezidenti var. Yazsaq ki, Qarabağı uduzduq, adamı topa tutarlar. Bax həmin "topçular" niyə Qarabağdakı qondarma pulu, gerbi, himni, parlamenti, prezidenti topa tutmurlar? Bu yerdə uşaq ağlaya-ağlaya deyir: "Gücünüz elə mənə çatır"...
   
   Səhər açılır. Məhəmməd Əbdülhəmidov Londonda elə qələbə qazanır ki, uduzur. Hələ bir neçə gün dünya mediası bu şoudan danışacaq. Beynəlxalq Həvəskar Boks Federasiyasının açıqlamasından: "Döyüşün videosuna baxdıqdan sonra məlum olub ki, azərbaycanlı boksçu 3-cü raundda 6 dəfə yerə yıxılıb. Qaydalara əsasən, hakimlər ən azı 3 belə halı nəzərə almalıdırlar. AİBA qaydalarına əsasən, bu zaman hakim döyüşü dayandırmalı və texniki nokaut qərarı verməlidir. Beləliklə, Yaponiya tərəfinin apellyasiyası qəbul olunub və döyüşün nəticəsi ləğv edilib. AİBA avqustun 2-də hakimlərin işinə baxacaq".
   
   Eyni zamanda Azərbaycan Boks Federasiyasının vitse-prezidenti.
   
   Ağacan Əbiyev də əlavə izah verilmədən oyunlardan uzaqlaşdırılıb.
   
   Boksun idarəedici orqanı olan AİBA Ağacan Əbiyevin nə üçün Olimpiadadan uzaqlaşdırıldığına dair şərh verməyib.
   
   Londondakı zəif çıxışlarımıza əsas səbəb. Əksər lisenziyalar ölkəmizdə keçirilən möhtəbər yarışlarda qazanılıb. İdmançılarımıza imkan verməyiblər yerləri özləri alsınlar, onların bəzilərinə hədiyyə verilib. Yəqin ki, dərs olar. Bundan sonra idmançılara deyərlər: "Get xaricdə lisenziya qazan".
   
   Səhər davam edir. Saytlardan oxuyuruq. "İcra başçısı adam bıçaqlayıb". Bu, yazının başlığıdı. İçərisində Ağcabədinin icra başçısı əvəzi Rövşən Əhmədov və onun qardaşı Əliş Əhmədovdan söhbət gedir: "R.Əhmədov icra başçısının birinci müavinidir. Hazırda icra başçısı olmadığından onu əvəz edir. Əvəzedici bir neçə gün dözə bilməyib. Ramiz xəstə uşağını təcili olaraq xəstəxanaya çatdırmaq üçün Rövşən Əhmədovun yaşadığı küçədən keçərkən maşını sürətlə sürüb. Bu zaman R.Əhmədovun qardaşı Əliş Əhmədov maşını saxladıb və heç bir sorğu-sual etmədən Ramizin üzərinə atılıb. Rövşən Əhmədov da qardaşına qoşularaq sürücünü yerə yıxıb təpikləyiblər. Üstəlik, sürücüyə bir neçə bıçaq zərbəsi endirilib".
   
   Ağcabədi rayon prokurorunun böyük köməkçisi Ələstun Quliyev isə hadisənin baş verdiyini təsdiqləyib: "Axı bu ajiotaj kimə lazımdır? Orada dava olub, rayon polis şöbəsində təhqiqat gedir".
   
   Əgər hadisə doğrudan da belə olubsa, inandırıcıdır. İcra başçısı olmağın dadını çıxarmaq istəyən Rövşən Əhmədovun əlinə imkan düşüb. Neyləsin, rayonlarda icra başçıları müavinlərinə bir iş tapşırmır, onlar da qalırlar bekar. Elə ki, imkan düşdü bir bəhanəylə var olduqlarını göstərməyə çalışırlar.
   
   Cümə günü: Ana dərd içində mətbuat konfransı keçirir. Deyir ki, oğlunun öldürüldüyü hərbi hissədə bir ay ərzində 8 nəfər əsgər ölüb.
   
   Mərhum əsgər Pərviz İsgəndərlinin anasının dediklərindən: "Övladımın meyiti bizə təhvil veriləndə bildirdilər ki, Pərviz 4 saat əvvəl ölüb. Amma meyitə iydən yaxın durmaq olmurdu. 4 saat qalan meyitdən məgər o cür iy gələr? Meyitin üzərində kifayət qədər xəsarət izləri var idi. Qolu, ayağı, boynu sınmışdı. Məgər özünü asan adamın harasısa sınır ki? Bəs özünü asıbsa, onda sifətində və başının arxasında olan xəsarət izləri nə idi? Onu əvvəlcə vəhşicəsinə döyüblər, sonra isə öldürüblər. Oğlumun cəsədindəki cırmaq yerləri və qançırlar işgəncənin nəticəsidir. Ölümündən sonra xəbər tutduq ki, əsgərlikdə olarkən dostlarına zəng edib deyirmiş ki, məni incidirlər, bacarırsınızsa, evinizi satın əsgərliyə gəlməyin. Hərbi hissədə bir ay ərzində 8 nəfər əsgər ölüb. Hamısının da ölümü müammalı olaraq qalır. Pərviz 8-ci əsgər oldu. Övladımın meyitini alarkən, daxili orqanları çıxardılmışdı. Hətta orada eşitdik ki, öldürülən 8 əsgərin hamısının daxili orqanları götürülərək xaricə satılıb".
   
   Elə bil Hollivud filminə baxırıq. Adam yumağa dönür. Qorxur ki, çarpayının altından əcaib bir heyvan çıxıb onu parçalayacaq. Tikələrini də ananın yastığının altına qoyacaq. İyrəncdi, elə deyilmi?.. Belə yerdə necə deyəsən ki, səhər açılsaydı...
   
   Şənbə günündən cəmi bir informasiya. Sevinirik. Oğlu vəhşicəsinə döyülən ana unudulur. Qafqazinfo.az Murovdağda Azərbaycan ordusunun uğurlu əməliyyat keçirdiyini oxucularına çatdırır. Yazır ki, ermənilərin əlindən bir yüksəkliyimizi almışıq. Xəbərdə duz bir qədər artıqdı. Əməliyyatın Müdafiə Nazirliyi Səfər Əbiyevin rəhbərliyi altında keçdiyi başlığa çıxarılıb. Guya ki, əməliyyata Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev rəhbərlik etməli idi.
   
   Həftənin son gününün son saatları. Londonda azərbaycanlıların yunan-roma güləşində dalbadal qazandıqları qələbələri izləyirik. Sonra gözləyirik. Emin Əhmədov və Rövşən Bayramov artıq zərblə qapadığımız və ömrümüzdən silinmiş həftəni yenidən özümüzə qaytara bilər. Yox, həftə əldən çıxdı. Emin Əhmədov yarımfinalda erməniyə uduzur.
   
   Rövşən Bayramovu isə iranlı Məhəmməd Soryan finalda məğlub edir. Gümüş medal alırıq. Taleyimizə dütdülüyə sevinmək düşür.
   
   Tamaşaçıların rəylərini oxuyuruq. Yazırlar ki, erməniyə uduzmağı faciə hesab etmək lazım deyil. Yanlış mövqedi. Erməni düşməndi. Dosta uduzmaq olar, düşmənə yox. Güləş döşəyində ruh gücdən və fəndlərdən daha gərəklidi. Əksinə, qarşındakının düşmən olduğunu biləndə adama daha artıq güc gəlir. Bəlkə ermənilərlə barışmışıq xəbərimiz yoxdu...
   
   Rövşənin qızılsız qalması hadisəsinə Cek Londondan bir sitat. Cek London deyirdi ki, Şimala qızıl axtarmağa gedəndə hamının susması ona böyük ədəbiyyat yaratmağa kömək edib. Qızıl axtaranlar saatlarla susur, Cek isə düşünməyə imkan qazanır. Və beləliklə möhtəşəm əsərlər yarada bilir.
   
   Azərbaycan idmanında səs-küy çoxdu. Ortada heç nə olmamış televiziyalar idmançıları pafosun belinə mindirib göyə qaldırır. Bəlkə susaq. Qızıl dalınca gedəndə susarlar...

TƏQVİM / ARXİV