DAŞ HASARLAR...

FAİQ QİSMƏTOĞLU
68650 | 2012-08-04 08:59
...Dünyanın çox yerində hasarlar var; biri daşdan tikilib, biri taxtadan, biri də dəmirdən. Bu hasarları bir-birinə yaxınlaşdıran və bir-birinə bənzədən çox amillər var. Amma sadəcə olaraq bu hasarları tikdirənlər bir şeyi fikirləşiblər: onları kimsə yaxından görməsin. Hərənin öz işi, öz gücü var. Adamlar da var ki, daş hasarlar tikdirməklə içərisində bir rahatlıq hiss eləyir. Heç ona rahatlıq da demək olmaz. Əgər özlərini oğurulardan, quldurlardan və cinayətkarlardan qorumaq istəyirlərsə, bu məsələnin həlli deyil. Yəni hər hansı peşəkar oğru istənilən hasarı aşar, evə girər və ordan da nə lazımsa, onu oğurlayıb ustalıqla çıxar. Məgər belə şeylər az olub?!
   
   İndiki hasarlar çox qəribə hasarlardı. Hündürlüyü 3 metr də var, 5 metr də, 10 metr də. Heç bu hasarlardan quş belə çətinliklə keçib gedir. Yadıma "O olmasın, bu olsun" filmində bir səhnə düşür. Məşədi İbad Rüstəm bəyin qızını görmək üçün evin yanına gəlir. Yuxarıdan aşağı baxıb görür ki, burdan boylanmaqla qızı görməyəcək. Elə buna görə də yaxınlıqda bekar-behtin dayanan hambalları köməyə çağırır. Hambalların arasından çox fərasətlisi özünü Məşədi İbada çatdırır və nə istədiyini bildirir. O da hambala deyir ki, ala bu bir Abbasini mənim ayağımın altında yat. Hambal da bir Abbasini alır, deyir ki, Məşədi, bəlkə oğurluğa gəlmisən. Məşədi İbadsa billdirir ki, ay gədə, axmaq-axmaq danışma, nə oğurluq-zad, mən bura adaxlıbazlığa gəlmişəm. Məşədi İbad hambalın belinə çıxır və hasardan qıza baxır...g
   
   Heç də biz Məşədi İbadın uğursuz adaxlıbazlığından söhbət açmaq istəmirik. Onu demək istəyirik ki, o vaxtki tikilən hasarlardan hambal ayağının altına yatmaqla nəyisə görə bilərdin. Amma indi qətiyyən belə deyil. istəyir 3-4 hambal olsun və onlar bir-birinin yanına uzansın, yenə onların belinə çıxmaqla, hasardan o yananı görə bilməzsən. İkincisi də kimin ağzı nədir ki, gəlib başqa birisinin hasarının yanından harasa boylanmaq istəsin. Elə həmin an mühafizəçilər onun qol-qabırğasını sındırar və təpiyin altına salar.
   
   Hündür-hündür hasarlar, uzun-uzun hasarlar günbəgün məmləkətimizdə çoxalır. Yolla gedirsən heç haranı görə bilmirsən. Çünki yolun sağı da, solu da hündür hasarlardır. O hündür hasarlar o qədər uzanıb gedir ki, adam bu hasarlara baxanda gözünün kökü saralır. Adətən yol kənarında yaşıllıqları, ağacları, gülləri, çiçəkləri görəndə, insana ləzzət eləyir və əsəbləri sakitləşir. Amma uzanıb gedən hasarlara baxanda dünya adamın gözündə bir rəngdə görünür: bomboz. Bu bomboz hasarlara baxmaqdan savayı yolla gedən yolçunun çıxış yolu qalmır. Yollar uzanır və yollar uzandıqca hasarlar da göz işlədikcə sağ və sol da boy verir.
   
   Hər yeri hasarlayıblar. Dənizin kənarı ilə gələndə adam məəttəl qalır. Bilmək olmur, bu dəniz, bu gözəllik millətin sərvətidir, yoxsa ayrı-ayrı inihisarçıların?! Çünki çox yox Şıx çımərliyindən 1 kilometr Qaradağ istiqamətində hər şey bayaq dediyimiz kimi, bomboz görünür. Dəniz hasarlanıb. Adamlar isə həmin hasarlanmış dənizə həsrətlə baxırlar. Adamın az qala ürəyi qısılır və bu zaman sadəcə olaraq, gözünü yummaq istəyirsən. İstəyirsən ki, həmin yerlərdən tez keçib gedəsən, yolun sağ və sol hissəsində bomboz görünən divarlara baxmayasan.
   
   Təkcə hasarlanan Xəzər dənizinin sahilləri, avtomibill yollarının sol və sağ hissələri deyil. İndi sanki ölkədə böyük hasar yarışı gedir. Hansı rayona gedirsən, küçələrdə hasar çəkilib və çəkilir. Əlbəttə, hasar da çəkmək olar. Amma bu hasardan əvvəl küçələrin sağında və solunda ağaclar, güllər, bəzək kolları əkmək olar. Məsələn, Füzuli rayonunun girəcəyindən Horadiz şəhərinə qədər 30 kilometrə yaxın məsafədə avtomobil yolunun sağ və sol hissəsində gözəl çinar ağacları əkilib. Şükürlər olsun ki, bir il bundan əvvəl əkilən çinar ağacları hamısı boy verib, böyüyüb. Allah qoysa, bu ağaclar 3-4 ildən sonra yol boyu bir kölgəlik salacaq ki, gəl görəsən! Üstəlik də həmin ağaclar həm də bol oksigen deməkdir...
   
   Bir çoxları deyir ki, balam, Füzulinin Horadiz şəhərində əvvəllər görünməyən bir sərinlik hiss olunur. Yəqin Füzuli şəhərinin havası və Ərgünəşin sərin mehi qəribliyə dözməyib Horadizə gəlib. Təki belə olsun! Amma Horadizin bu gün sərin olmasına əsas səbəb şəhərdə İtaliyadan və Türkiyədən gətirilmiş 40 min ağacın əkilməsidir. Bu ağaclar indi böyüyüb həm kölgəlik salır, həm də şəhərə sərinlik gətirir. Bu sərinliyin içərisində bir oksigen bolluğu da var. Çünki son vaxtlar haçan Horadizə getmişəmsə, Bəhmənlidəki təmiz havanı və sərinliyi hiss eləmişəm. Hiss eləmişəm ki, bu şəhər nə qədər gözəl yenidən tikilirsə, bir o qədər də yeni salınan yaşıllıqlar ona qeyri-adi bir görkəm verir.
   
   Sözümüzün canı odur ki, daş hasarlara maraq göstərib bəzi gözəl ənənələrdən və yeniliklərdən uzaq düşürük. Bu daş hasarlar sanki insanlar arasında bir soyuqluq, bir quruluq da gətirir. Bəlkə də kimlərsə daş hasarları tikməklə möhtəşəm bir iş gördüyünü fikirləşir. Amma dünyanın hər yerində, xüsusən də tez-tez müqayisələr apardığımız Avropada daş hasarlardan imtina edilib. Almaniya kimi inkişaf eləmiş ölkədə daş hasarlar demək olar ki, gözə dəymir. Ən yaxşı halda yolların kənarında ağaclar, güllər, çiçəklər, həyətlərdə isə heç bir hasar olmur.
   
   Dostumuz və qardaşımız Rüstəm müəllim bu yaxınlarda Batumidən istirahətdən qayıdıb. O da Batumidə gördüyü gözəl mənzərələrdən bizə danışdı. Dedi ki, Gürcüstanda bir dənə daş hasar görmədim. Eləcə də Batumidə. Bəzi həyatyani sahələrdə hasarlar var idi, o da "setka"dan idi. Maşınımı Batumidəki mehmanxananın yanında saxladım. Mehmanxananın administratorundan soruşdum ki, axşam maşını qoruyan olacaqmı? O isə təəccüblə mənə baxıb bildirdi ki, burda heç bir təhlükə və qorxu yoxdur. İstəyirsən maşının qapısını açıq qoy, get, heç bir kəs sənin maşınına toxunmayacaq. Hətta toxunan olsa belə, onu 1 saat ərzində polis axtarıb tapacaq.
   
   Qəribədir, bizdə nədənsə hər şeydən xoflanırlar. Elə bilirlər ki, hündür hasar çəkməklə hansısa eybəcərlikləri, hansısa qüsurları və hansısa nöqsanları gizlətmək mümkün olacaq. Amma qətiyyən bu belə deyil. Yollarda hündür hasar görən kimi hətta əcnəbilər belə fikirləşirlər ki, hasarın o tayında xoşagəlməyən nəsə var. Bəlkə də hasarın o tayında xoşa gəlməyən heç nə yoxdu. Sadəcə olaraq, o hasarların, özü də hündür hasarların göz işlədikcə uzanması insanlarda qəribə bir xof yaradır. Bu xof da ondan ibarətdir ki, görəsən, avtomobil yollarının sol və sağ hissələrində milyonlarla pul xərcləyib bu hasarları ucaldanlar nə demək istəyirlər?! Yəni demək istəyirlər ki, yol boyu asfalta və boz divarlara baxın?!
   
   Hər halda, bu boz divarlar və hündür hasarlar insanlara heç bir mənəvi zövq və rahatlıq vermir. Əksinə bu boz divarlar insanların ürəyində bir narahatlıq hissi yaradır. O narahatlıq hissi ki, elə o divarlara xərclənən pulla gözəl bir yaşayış sahəsi, şəhər salmaq olar. İnanmırsınız?! İnanırsınız...
   
   
   
   ***
   
   
   
   Hasar dedim, yadıma bir neçə gün bundan əvvəl Binəqədi rayonunda yaşayan insanların həyətlərinin kənarında çəkdikləri hasarın sökülməsi düşdü. Yazıq Binəqədi sakinləri borc-xərc pul toplayıb mişar daşından həyətlərinə hasar çəkdiriblər. Hasar çəkdiriblər ki, həyətlərinin içi görünməsin və təhlükəsiz olsun. Bir müddətdən sonra isə "Azərsu"yun işçiləri gəlib onlardan xahiş ediblər ki, icazə verin, sizin həyətdən su kəməri keçəcək, onu çəkək. Sakinlər də icazə veriblər və bir neçə il bundan qabaq o su kəmərini çəkiblər.
   
   Az müddətdən sonra yenidən "Azərsu"yun işçiləri həmin sakinlərin yanına gəlib deyiblər ki, bura mühafizə zonasına düşür. Ona görə də sizin bu hasarlar sökülməlidir. Camaat da bildirib ki, ay qardaş, siz nə danışırsınız, nə mühafizə zonası? Biz ətək-ətək pul xərcləyib hasar çəkmişik. Tutaq ki, bu hasarı dağıtdınız, bəs sonra onu kim tikəcək? "Azərsu"yun əməkdaşları isə deyiblər ki, əlbəttə, özünüz tikəcəksiniz. Əgər öz xoşunuza o hasarları dağıtmasanız, buldizeri gətirib hasarı sökdürəcəyik.
   
   "Azərsu"yun əməkdaşları görüblər ki, sakinlər tərpənmir, axırda bulduzer gətirib hasarları sökməyə başlayıblar. Bunu görən sakinlər daha da qəzəblənib və "Azərsu"yun işçiləri ilə davaya qalxıblar. Yaşlı sakinlərdən biri özünü bulduzerin altına atıb. Deyib ki, qoy bulduzer mənim üstümdən keçib hasarı uçursun.
   
   Sakinlər deyirlər ki, bu adamların nə Allahı var, nə də insafı. Zalım uşağı gözəl Ramazan ayında bizim balalaırımızı gözü yaşlı qoyublar. Heç elə bil ki, onların damarlarından müsəlman qanı axmır. İki ayaqlarını bir başmağa dirəyib, deyirlər ki, hasarlarınızı sökməliyik, vəssalam! Bir neçəmizin hasarını artıq söküblər. Heç ağaclara da rəhimləri gəlmədi. Onları da bulduzerin qabağına verdilər. İndi biz qalmışıq odla-su arasında. "Azərsu"yun işçiləri əməllərindən əl çəkmək istəmir, biz də hasarlarımızın sökülməsinə imkan vermirik. Qoy söküllərsə, əllərində hüquqi sənədləri olsun, bax bundan sonra bir şey demirik.
   
   Əlbəttə, hər hansı söküntü işi aparmaq üçün təbii ki, aidiyyəti qurumun əlində məhkəmə qərarı olmalıdır. Onların əlində nəinki məhkəmə qərarı var, heç Binəqədi Bələdiyyəsinin də qərarı yoxdur. Ürəkağrısı ilə deməliyik ki, bizim məmələkətdə vətəndaşların hüquqları ayrı-ayrı məmurlar tərəfindən tez-tez tapdanır. Onlar ağına-bozuna baxmadan istənilən adamın evini sökür, istənilən adamın hasarını dağıdır və istənilən adamın da mülkünü əlindən alır. Hansı ki, məhkəmə qərarı olmadan heç bir vətəndaşın mülkiyyət hüququnu tapdamaq olmaz. Elə qəribəsi də budur ki, bizim məmurların əllərində heç bir hüquqi sənəd olmaya-olmaya istədiyi addımları ata bilirlər. Yəni onlar "Burda mənəm, Bağdadda kor xəlifə" deyib nə istəsələr onu da eləyə bilirlər.
   
   Amma bir şeyi yaddan çıxarmaq olmaz ki, kim olursan ol, heç kimin haqqını və hüququnu tapdalaya bilməzsən. Tapdalaya bilərsən ey, amma nə vaxtsa onun cəzasını alacaqsan. Ən azından Allahın və qanunun qarşısında buna görə günahkar hesab olunursan. Bilmirik, belə məmurlar özlərini necə hiss edirlər, amma fakt-faktlığında qalır ki, bizdə qanun şahdır və şah qanun deyil...

TƏQVİM / ARXİV