adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ŞƏRiKLi MƏKTUB...

ƏBÜLFƏT MƏDƏTOĞLU
27047 | 2012-08-04 08:59
Adətən ruhumu oxşayan, diqqətimi çəkən və bəzən də özümü elə-belə borclu bildiyim sözə, kitaba və yaxud da onun müəllifinə qarşı diqqətli, sayğılı olmağa çalışıram. Necə deyərlər, mənə bağışlanan kitabı iki daşın arasında olsa da, qaçaraq olsa da, lap atüstü olsa da vərəqləyirəm. Elə ki, məni tutub saxlayan, bir anlıq da olsa "dayan!" deyən məqama rast gəldim, kitabın həmin vərəqinin arasına bir kağız parçası qoyuram. Çünki kitabın vərəqlərini qatlamaq mənə görə tərbiyəsizlikdi. Xoşlamıram kitab vərəqlərini qatlamağı. Ona görə ki, kitab müəllifin övladıdı. Kiminsə övladına qarşı sayğısızlıq məncə yolverilməzdi, ən azı günahdı.
   
   Bax, bu mənada əlimə aldığım istənilən kitabı oxumamışdan öncə onun vərəqləri arasına qoymaq (ya yarımçıq qaldığımı yeri unutmamaq üçün, ya da xoşuma gələn yeri unutmamaq üçün - Ə.M) üçün kağız parçaları tapıb yığıram stolumun üstünə və bundan sonra başlayram kitabı oxumağa. Təbii ki, mənim hər sözüm xoşa gəlmədiyi kimi, o cümlədən hər kitab da mənim xoşuma gəlməyə bilər və bilir.
   
   Deməli, bir müddət öncə həmsöhbət olduğum, könül dostum, dəyərli həmkarım Qəşəm İsabəylidən israrla kitablarını istədim. O da sözümü yerə salmadı, mənə kitabalarının bir neçəsini bağışladı. O vaxtdan üç aya yaxın vaxt keçsə də, demək olar ki, yazı masamın üstündə olan digər kitablarla yanaşı, Qəşəm İsabəylinin "Ölü bilər, mən bilərəm" (satirik hekayələr) kitabını imkan olduqca gözdən keçirdim. Açığını deyim ki, mən Qəşəm müəllimin belə bir güclü yumor hissinə malik olduğunu münasibətlərimizdə heç vaxt hiss etməmişdim. Ona görə də bəzən beş-altı cümlədən ibarət olan balaca bir hekayəni oxuyub gülməmək, düşünməmək mümkün deyil. Mənim üçün ən maraqlısı odur ki, bu hekayələrin müəllifini həmişə ciddi, işgüzar görmüşəm. Ona görə də bu təzad məni satirik hekayələrə daha çox bağlayır. Digər tərəfdən bu satirik hekayələrin mövzusu da, qəhrəmanları da şəxsən mənim gözümün önündə, ətrafımdadı. Hətta mənə elə gəlir ki, mənim oxuduğum bu kitabdan həmin qəhrəmanların xəbəri var, ona görə də mənə bir az kinli-kinli, əsəbi baxırlar. Bu baxışlardan aydınca oxumaq mümkündü:
   
   - Sən də belə?.. Sən də bizi oxuyursan?
   
   Doğrudan da qələm, ümumiyyətlə, bədii təqdimat həyatla üst-üstə düşəndə sovet dönəmində deyildiyi kimi, həyatın inikası olanda daha maraqlı, daha oxunaqlı, daha inandırıcı görünür və bu təsiri oxucunun yaddaşında uzun zaman yaşadır.
   
   Qəşəm İsabəylinin "Ölü bilər, mən bilərəmg" kitabına ön sözü dəyərli yazıçımız, şəxsiyyəti və cəmiyyətdəki yeri ilə zaman-zaman seçilmiş Cəmil Əlibəyov yazıb. Elə bu imza məni artıq nə oxuyacağıma bir xəbərdarlıq edir. Çünki Cəmil müəllim yazıb: "Qəşəm, qardaşım, insan ağrıyan yerinə əl uzadarg Sənə Tanrı elə "bəsdi deyincə" istedad verib kig istərdim satirik qələminə daha geniş yer verəsən". "Qeyrətsizliyi sərrast sözlə adamların beyninə, ürəyinə yeridən sözlər qəhətə çıxıb" - bunu da Cəmil Əlibəyov yazıb və Qəşəmə, kitabın mübarək olsun! - deyib.
   
   Hörmətli Cəmil müəllimin ön sözündən sonra kitabın adı olan ilk satirik hekayəni birnəfəsə oxuyuram:
   
   - Ay axund, hələ saat 10 deyil. Hələ bu yazığın bədəni soyumayıb. Qoy camaat yığışsın, nə qaçhaqaçdı. Saat 2-də aparıb dəfn edərik.
   
   Axund:
   
   - Allahu Əkbər! - deyib fınxırmadımı - a kişi, şəhərdə ölülər növbəyə durub məni gözləyir, nə çəm-xəm eləyirsən, çıxım gedim deyirsən?"
   
   Bu hekayədə maraqlı bir sonluq var. Həmin sonluqda yazılır:
   
   " gbaşımı qaldıranda gördüm axund qəbiristanlıqdan çıxhaçıxdı. Qardaşımın səsinə çevrilib nə desə yaxşıdı: - a bala, ölü bilər, mən bilərəm, aramıza niyə girirsən?!".
   
   Bəli, bu gün kifayət qədər savadsız mollalar, hiyləgər, fırıldaqçı və din pərdəsinə bürünmüş axundlarımız var. Özü də onlara ölkənin hər yerində rast gəlmək mümkündü. Bunu hər kəs bilir və hər kəs də o adamların əməllərinə göz yumur. Qəşəm İsabəyli isə pulu hər şeydən, hətta dindən də üstün tutan yalançı dindarları ifşa edir. Onun "Rüşvət" hekayəsinə diqqət yetirək:
   
   - Görəsən elə yer varmı orada rüşvət olmasın?
   
   - Əlbəttə var.
   
   - Haradı?
   
   - Amerika Birləşmiş Ştatları!
   
   - Bəs onda biz niyə bu günə qalmışıq?"
   
   Doğrudan da bu bir neçə cümləni oxuyub saatlarla baş sındırmaq olar. Onda bizim niyə bu gündə olduğumuz hər kəsin öz arşınına uyğun bəlli olar. Çünki bizim hər birimiz hər gün bu sualla qarşılaşırıq və hər gün bu sualı özümüzə veririk.
   
   Digər bir hekayənin də bir məqamını diqqətinizə çatdırım.
   
    " - Bu nədi, ay qız, neylədiyinizdi?
   
   Səsimi eşitcək qızım dik atıldı:
   
   - Nənəmə şalvar geydirirəm.
   
   - İndiyə qədər nənə şalvarı sərbəst geyirdi. İndi nə olub, kökəlib, əyninə gəlmir?
   
   - Təzə çıxan şalvardan aldırıb.
   
   - Özümü saxlaya bilmədim:- Ay arvad, sənin dar şalvar geyinən vaxtındı?
   
   - Ay bala, keçəl əlində qoğal əcaib, aləm-acəm geyər, mən geyə bilmərəm!?"
   
   Doğrudan da təkcə Bakının küçələrinə yarımca saatlıq diqqət yetirsək, yaşına, bədəninə uyğun gəlməyən, yaraşmayan şalvarlara özünü pərçimləmiş kifayət qədər nənələrə rast gələ bilərik. Soruşsan özunə bu zülmü niyə edirsən? - Ən yaxşı halda səni "yumuşaq" bir sözlə yola salar. Amma axı bizim nənələr belə olmayıb. Onlar həmişə yaşına və geyiminə hörmətlə yanaşıblar. İndi nə oldu? Bu dəb xəstəliyi doğrudanmı müalicəsizdir...
   
   Bəli, mən Qəşəm İsabəylinin "Ölü bilər, mən bilərəm" kitabını özümə münasib bildiyim hər kəsə oxumağı, heç olmasa aradabir bu dünyanın çılpaq gerçəkliyinə ürəkdən gülməyi məsləhət bilirəm. Birinci, gülüş ömrü uzadır, ikinci də Qəşəm İsabəyli də bizə nəyə gülməyi, necə gülməyi qələm vasitəsilə işarə edir. Hər halda, arifə bir işarə bəs edər.
   
   
   
    ***
   
   
   
   Doğulduğum bölgədə gəzib, görüb qanıma, yaddaşıma, canıma köçürdüyüm torpaqdan olan qələm adamları barəsində söz yazmaq, fikir söyləmək mənim üçün nisbətən çətin olub. Çünki son dərəcə yaxın bildiyim və son dərəcə də yaxından tanıdığım insanlar haqqında yazmaq bir neçə qat şərəfli və bir neçə qat da çətindi. Ona görə ki, mənim barəsində yazdığım insanı mənimlə birlikdə o bölgəyə aid olan hər kəs də tanıyır. Və yazdığım sözə də dərhal münasibət ortaya çıxır. Adamlar ya açıq, ya üstüörtülü şəkildə eyham vurur, nəyin yerində nəyin artıq-əskik olduğunu loru dildə desək, him-cimlə üzə vururlar. Amma yazdığım insan yazdıqlarımda öz təsdiqini tapırsa, onda yenə loru dildə desəm, çiçəyim çırtlayır. Bu vaxt da həmin o eyhamla münasibətlər açıqlanır, təriflər, xoş sözlər ya birbaşa, ya da dolayısıyla mənə ünvanlanır. Bəziləri hətta əlimi sıxıb: - Düz eləmisən, o kişi haqqında yazmağa dəyər - deyirlər.
   
   Bax, bütün bunlara görə, hələ may ayının sonuncu günü səmimi bir avtoqrafla mənə bağışlanmış "Axşam qəribliyi" kitabı haqqında xeyli öz-özümlə haqq-hesab çəkdim, sorğu-sual etdim. Yazacağım fikirlərə münasibətləri gözümün önünə gətirdimg və nəhayət yazmaya bilmədim. Çünki bu kitabda məni öz qoynuna çəkən, öz arenasına dəvət edən, öz aurasında saxlaya bilən çox səmimi, çox ilıq duyğular var idi. O duyğular da elə səmimiyyətlə də, misralara, şeirlərə çevrilmişdi.
   
   Cavad Zeynal imzası oxuculara hələ sovet dönəmindən bəllidi. Onun müxtəlif mətbu orqanlarda dərc olunmuş şeirləri, hekayə və povestləri həmişə maraqla qarşılanıb. Elə kitabları da öz oxucusunu həmişə tapıb. Cavad müəllimin ömrünün bu nurlu çağında işıq üzü görən kitabı bir neçə bölümdən ibarətdir. "Axşam qəribliyi" kitabı həm tərtibat baxımından, həm nəşriyyat məhsulu baxımından diqqəti çəkəndi. Kitabın ilk bölümü Cavad Zeynalın şeirləri ilə açılır. Mən bu şeirlərin hamısını az qala təkrar-təkrar oxudum. Ona görə yox ki, burda hər şey qeyri-adi idi, sadəcə ona görə ki, bu şeirlərdə bir səmimiyyət, bir ruh yaxınlığı vardı. Mən bu şeirləri oxuduqca böyük şairlərimiz Məmməd Arazı, Bəxtiyar Vahabzadəni, Nüsrət Kəsəmənlini ədəbiyyata şeirlə gəlmiş Seyran Səxavəti, Vaqif Bəhmənlini, eləcə də həmişə gözümün qarşısında olan məzəli aforizmləri ilə diqqəti çəkən Şamxalı xatırladım. Bax, buna görə də Cavad Zeynalının şeirlərini özümə yaxın, özümə doğma bilirəm. Çünki oxucuya ünvanlanan misraların bir ucu da mənə gəlib çatıb:
   
   
   
   Haraya desəniz mən gələrəm də,
   
   Nəyim var sizinlə tən bölərəm də.
   
   Desəniz yıxıl öl, lap ölərəm də,
   
   Bircə bu baxışdan keçirin məni!
   
   
   
   Və yaxud:
   
   
   
   Nömrəmə baxırsan, hey allanırsan,
   
   Hisslərim qəlbində baş alıb gedir.
   
   O yanda susursan, xəyallanırsan,
   
   Bu yanda qollarım boşalıb gedir.
   
   
   
   Ötür dəqiqələr, "axı, bu gərəkg"
   
   Sükutdan o ki var kam alıram, kam.
   
   Sorğular içində çırpınır ürək,
   
   Suallar önündə lal qalıram, lal.
   
   
   
   "Sevgi sükutu" adlanan bu şeirin yazı üslubu ilə yanaşı, onda təqdim olunan hisslər, misralarla çəkilən portret son dərəcə səmimi və inandırıcıdı. Bu hissləri yalnız yaşamaqla duymaq, o hisslərin qoynunda rahatlanmaq, düşünmək mümkündü.
   
   Bu gün xalq yaradıcılığına, xüsusilə aşıq yaradıcılığına diqqət o qədər də böyük deyil. Burada söhbət klassik, ədəbi janra ögeylikdən gedir. Yeni nəsil hər şeyi vurub dağıtmağa meyilli olduğundan modern şeirlər daha çox gündəmdə olur. Ancaq nə olur olsun, böyük ənənəsi olan klassik şeir məktəbi gündəmdə qalmaqdadı. Bu mənada Cavad Zeynalın "Toyda oxunan şeir" adlı şeiri şəxsən mənim yadıma ustad Ələsgəri salır. Cavad Zeynalı yazır:
   
   
   
   Keçən ömür gündü, əriyən vaxtdı,
   
   Tanrıdan yazılan taledi, baxtdı.
   
   Könlümə od salıb bir qız nə vaxtdı,
   
   O qızın anasın çəkin ortaya.
   
   
   
   Qızı qız deyil ki, su sonasıdı,
   
   Bəxtəvər gör necə qız anasıdı.
   
   Qız verib bir oğul qazanasıdı,
   
   O qızın anasın çəkin ortaya.
   
   
   
   Yəqin ki, bu misralar hər kəsin ovqatını xoş edə bilər. Ancaq zamanın qüsurlarını da unutmayan şair bu qüsurları yaradanların ovqatına soğan da doğraya bilir və yazır:
   
   
   
   Dəb indi başqadı, lüt yalan olub,
   
   Pul iman ölçüsü - büt yalan olub.
   
   Adamlar qudurub, it yalan olub,
   
   Mən kimə inanım, mən kimə Allah.
   
   
   
   Cavad Zeynalın yurd nisgili, Füzuli həsrəti şeirlərinin, bütövlükdə yaradıcılığının ağrılı bir xəttidi. Həmin şeirlər onu könül rahatlığına həsrət qoyan duyğuların pıçıltısıdı. Məsələn,
   
   
   
   Vətənsiz zəvvarın ziyarəti nə,
   
   Mən dedim, demədim - bilir kəndimiz.
   
   Mən gedə bilmirəm ziyarətinə,
   
   Gecələr yuxuma gəlir kəndimiz.
   
   
   
   Və yaxud Seyran Səxavətə yazılmış şeirdə deyildiyi kimi:
   
   
   
   Elə titrəyirdi, elə əsirdi,
   
   Hər biri ağappaq urva kimiydi.
   
   Hər biri bir isti nəfəs gəzirdi,
   
   Hər biri boş qalmış yuva kimiydi.
   
   
   
   Cavab Zeynalın sevgi şeirlərinin damarından çox isti bir qan axır. Oxuduqca hiss edirsən ki, bu şeirlər canlıdı, nəfəslidi, hənirlidi və oxucuya öz istiliyini, öz nəfəsini hopdura bilir, onu da sevilməyə, sevməyə səsləyir. Şair yazır:
   
   
   
   Beləmi demişdik ilk görüşdə biz,
   
   Belə niyə olduq, əzildik niyə?
   
   Daşlardan daşlara dəydi eşqimiz,
   
   Məhəbbət dərsindən kəsildik niyə?
   
   
   
   Bəli, mənim dəyərli eloğlum, əziz şair dostum Cavad Zeynalın kitabının birinci bölümü barəsində fikirlərimi sizlərə təqdim etdim. Həmin fikirlərimi onun "Şairlər" şeiri ilə tamamlayıram.
   
   
   
   Gecə də, gündüz də yuxuları yox,
   
   Samballı sözləri ölçür şairlər.
   
   Dünyadan getməyə qorxuları yox,
   
   Xalqın ürəyinə köçür şairlər!
   
   
   
   Bəli, bu şənbə günü dəyərli oxucularıma iki kitab barəsində pərakəndə fikirlərimi çatdırmağa çalışdım. Bilmirəm alındı, alınmadı. Hər halda, bunu siz daha yaxşı biləcəksiniz.

TƏQVİM / ARXİV