adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

"Bilməmək də zeir üçün mövzudur"

21614 | 2012-08-03 08:48
Müsahibim istedadlı qələm adamı, sadə və oxunaqlı dildə qələmə aldığı şeirləri aşıqların dil əzbəri olan el şairi Elman Tovuzdur. Bəlkə də oxucular onun haqqında az eşidib, qələm adamlarımız təbirlərdə rastlaşmayıb. Amma Elman Tovuz yaradıcılığı diqqətə layiq və maraqlı yaradıcılıqdır. Keçən il bu vaxtlar mənə öz imzalı kitabını göndərmişdi şair Elman Tovuz. Hələ o vaxt onun tədbirlərdə, şairlərin yığışdığı çayxanalarda, məclislərdə görünməməyinin səbəbini bilmirdim. Amma...Sözün düzü öyrənincə sarsıldım...Yox, mən bu bardə danışmayacam. Müsahibəni oxusanız bütün mətləbləri şairin öz dilindən eşidəcəksiniz.
   
   -Sizi daha çox "el şairi" kimi təqdim edirlər. Bu təqdimata münasibətiniz necədir?
   
   Əvvəla, onu deyim ki, çox termin var ki, çoxdan daşıdığı statusdan çıxıb. Məsələn, "qul" sözü yaddaşımızda başqa cür qalıb. Allahın qulu deyən kimi, deyirlər burda nə var ki, qul birbaşa bəndə deməkdir. Onda B. Vahabzadənin bir şeirində "Azərbaycan - mənim elim" - deyir, gəl biz də belə geniş anlamda qəbul edək, əskiyimiz çıxmayacaq ki.
   
   İkincisi, bəzi dostlarım, xüsusən də aşıqlar bir çox şeirlərimi oxuyan kimi el şairləri B. Vətənoğlunu, Sücaəti, R. Kərimlini, Alqayıtı və başqalarını xatırladıqlarını yazırdılar. Və beləcə, necə dilə düşdüsə bir də gördüm elə mənə də el şairi kimi müraciət edirlər. Bu adı bəyənməyənlər, guya "el" sözü yaradıcılıq dairəsini kiçikliyindən xəbər verir - kimi fikirlər də səsləndirir. Amma, mən elə düşünmürəm. Adımın yanında EL varsa, nə xoş mənə. Hələ adımdakı "El"i demirəm. Qoy olsun...
   
   - Bir az əl çatmaz adam təsiri bağışlayırsınız. Təqdimatlarda, tədbirlərdə görünmürsünüz. İstərdim bunun səbəbini oxucularla bölüşəsiniz...
   
   - Bir neçə dəfə jurnalist dostların təkidi ilə bu məsə işıqlandırılıb. Tədbirlərdə görünməməyim birbaşa fiziki durumumla bağlıdır. Mən əlil arabasındayam, evdən çıxmaq, harasa getmək çox çətindir, həm fiziki və həm də mənəvi əziyyət çəkirəm belə hallarda...
   
   - Sizi tanıyanlar sizin iradəli, dözümlü bir insan olduğunuzu deyirlər. Həyatınızda çox ciddi faciə yaşamısınız, bildiyim qədər. Bu barədə danışmaq çətin deyilsə, oxucularla da bölüşərdiniz.
   
   - Bu sualınızın cavabını belə başlayım: Bir dəfə tost-tanışarımdan üç nəfər yanıma gəlmişdi. Görüşdük. Keçib əyləşdilər. Araya qəribə bir sükut çökdü... Mən isə bilərəkdən dinmədim... Bir-iki dəqiqə keçdikdən sonra müsafirlərimdən biri sükutu pozmaq, ortalığa söhbət salmaq üçün soruşdu: "Necəsən, ay Elman?" Dedim, vallah sizə baxanda mən çox yaxşıyam, a qardaş, siz nə gündəsniiz... Anlayıram mənə görə məyussunuz. Amma, unutmayın ki, "əlil arabası" olmayan insan yoxdur. Kimdə görsənir, kimdə yox... Sevinin ki, dostunuz mənən əlil deyil, bu, zəlillik olardı... Dözümlü olmağımı isə çoxlarından eşitmişəm, hətta söhbəti düçəndə məni misal gətirən olduğundan da xəbərdaram. Məncə, Allah fiziki qusurlarını, yazmaqla, mənəvi həzz almaqla balanslaşdırmaq üçün iradə verir insana. Ola bilsin ki, hamıda belə olmur. Amma mən necə səbr sahibi olduğumun fərqindəyəm.
   
   Sualınınızın ikinci hissəsinə gəlincə, hə, dəhşətli bir faciə yaşamışam... Bu barədə danışmaq çətin deyil, əslində heç asan da deyil... 1998 ci ilin dekabrında Kürdəmir rayonu ərazisində öz avtomobilimlə qəzaya düşdüm (səbəb: qabaq təkərin açılması və mənim səriştəsizlikdən əyləci basmağım). Onurğa sütununun sınığı, onurğa beyninin qapalı zədələnməsi, nəticədə aşağı ətrafların iflici - bu da qəzanın nəticəsi. Bakıda və Sankt Peterburqda cərrahi əməliyyatlar, "ara həkimləri"nin "müalicəsi", türkəçarələr, ziyatətlər - bir sözlə "saman çöpü" məsələsi... Nəticəsi isə nəticəsizlik.
   
   Bilirsən, mən təbiətən "qaynar adam" olmuşam, bir yerdə durmağı, oturaq vaxt ötürməyi sevməmişəm. Bu sarıdan çətinliyim var, özü də dözülməz! Başqaları yeriyər yorular, mən oturmaqdan yorulmuşam... İndi isə görürəm ki, yorulmaqdan da yorulmuşam:
   
   
   
   Yorulmuşam yorulmaqdan...
   
   Yorğunluq tökülür taxtdan...
   
   Özümü bu dar otaqdan
   
   Götürüb atmağım gəlir...
   
   
   
   - Şairə, şeirə münasibətin soyuqlaşdığı bir vaxtda, şeir yazmaq, sözə "bəzək-düzək vurmaq", fikri cilalamaq çətin deyil ki?
   
   - O, bir bənd deyəsən mövzunu dəyişməyə səbəb oldu... Yaxşı oldu, bir az da sözdən söz açaq. Doğrusu, şairə, şeirə münasibətin soyuqlaşması var ki, belə suallar da yaranır. Amma, o da var ki, yaradıcılıqda manevr imkanları tükənməzdir. Ədəbi yaradıcılıqla məşğul olanların bir çoxunun bu aləmdən uzaqlaşması da var. Bir-birilə təzad təşkil edən bu son iki cümlə ümumi mənzərədir. Qaldı, sualın əsas hissəsinə, əvvəla, mən özümü ədəbiyyat adamı hesab eləmirəm. İkincisi, son vaxtlar çox az yazıram. Saytlarda, feysbuk səhifələrində, qəzetlərdə gedən şeirlərin əksəriyyəti çoxdan yazılmış şeirlərdir. Amma şeir yazan üçün mövzu həmişə var, baxır ona yanaşma tərzinə, ərsəyə gətirməyə, oxucunu maraqlandırmağa... Ən azı, mövzu tapmamaq da, yaza bilməmək də şeir üçün mövzudur. Qısaca, əslində az qala nə varsa hamısı deyilib, səni - şairi dedizdirən istedad, fərqləndirən isə özünəməxsusluqdur. Bunlar varsa, oxunsa da, oxunmasa da yazacaqsan, daha doğrusu yazmaya bilməyəcəksən...
   
   - Şeirə, sözə olan münasibət sizi qane edirmi?
   
   Deyirlər indi hamı yazır. Nolar, qoy yazsınlar. Kağız bol, qələm bol. Onsuz da ŞAİR dediyin iki-üç nəfər olacaq. Sadəcə, şeir - yarışma olmamalıdır. Bu şeirə də, şeriyyata da təhqirdir. "Filan qəhraman haqda şeir yarışı keçirilir" - olmamalıdır. Bu, birinci növbədə, yazarın azadlığını məhdudlaşdırır. Bilirsən, qeyrətli olmaq üçün qeyrətdən, qüdrətli olmaq üçün qüdrətdən, səxavətli olmaq üçün səxavətdən danışılmamalıdır... Adı çəkilən dəyərlər sənin yerişindən, duruşundan, davranışından, iş-gücündən doğulmalıdır. Şair elə şeir, şeir deməməlidir, onu yazmalıdır. Şeir o yazdığıdır, dediyi yox. Bax belə yarışma olmalıdır, "yarışma" sözü işlənmədən. Məni qane etməyən kütləvilikdən daha çox, hamının eyni cür yazmasıdır. Şeiriyyat - yeşik sexi deyil ki, nəinki ölçüləri, taxtalarının, mıxlarının sayı belə eyni olsun... Şeir yazmaq çox çətindir!
   
   - Tanıdığımız bir çox qələm adamları şeirdən nəsrə keçid elədi. Siz necə, nə vaxtsa roman yazmaq, "roman bumu"na qoşulmaq istəyirsinizmi?
   
   - Bayaq dedim, şeirdə fikir demək şətindir, nəinki nəsr əsərlərdə. Nəsrdə, hətta istedadsızlığı gizlətmək mümkündür. Şeirdə belə deyil axı. Bəziləri şeirdə bir şey edə bimədiklərindən nəsrə üz tuturlar. Amma, bu elə anlaşılmasın ki, nəsr əsərlərini yazmağa nə var ki! Söhbət əsərdən gedir, mətndən yox. Bir çox hekayələrim var: "Dözüm", "Əlil arabası", "Çək, bala...", "Daşdan çıxan əppək" və s. Hələ də bunları üzə çıxarmağa ehtiyat edirəm... Əsər hər şeydən əvvəl böyük məsuliyyətdir. Kiçik həcmli ssenarilər yazmaq istəmişəm, hələ də fikrimdə var... Bütün bunlarla yanaşı, "roman bumu"na qoşulmaq fikrim yoxdur.
   
   - Müasir ədəbiyyatımızın vəziyyətini necə görürsünüz? Ədəbiyyatda gedən prosesləri izləmək imkanınız varmı?
   
   Düzünü desəm, bu haqda düşünmürəm də. Ədəbiyyatdır də. Həm yazar fikirləşməməlidir ki, görəsən bu yazdığım şeir və ya nəsr əsəri ədəbiyyatlıqdır, ya yox. Həm də bu birucdan yazılıb tökülənlərin ədəbiyyata heç aidiyyatı yoxdur. Şeirləri azdan-çoxdan izləyirəm. Bir dəfə mənə yazmışdılar ki, postmodern şeirlər yazmaq lazımdır ey, indi zaman dəyişib. Dedim, nə yazırsan yaz, adını nə qoyursan qoy, içində bir şey olmayandan sonra, neynirsən onu yazıb?! Şotlandiya yubkası geysən də sən elə həmin adamsan. Nəsr əsərlərini isə izləmək imkanım məhduddur, çünki mənim göz problemim də var.
   
   - Kimləri oxuyursunuz, kimləri bəyənirsiniz? Yazılarını səbrsizliklə gözlədiyiniz qələm adamları varmı?
   
   - Zamanında ən çox oxuduğum Nizami Gəncəvi, Sabir, M. Araz və M. İsmayıl olub. Şifahi xalq ədibiyyatını, xüsusən aşıq şeirini çox sevirəm. Demək olar ki, bütün aşıq ədəbiyyatından xəbərim var. Amma, hazırda ən çox bəyəndiyim hər misrasının açıqlaması bir dastan olan Salam Sarvandır, o da ki "şeiri sevmir"...

TƏQVİM / ARXİV