adalet.az header logo
  • Bakı 20°C

AZƏRBAYCAN BiR OLSUN...

BABƏK YUSİFOĞLU
39032 | 2012-08-01 08:40
Respublikamızda sovet dönəminin insanları etiraf edər ki, həmin dövrlərdə Güney və Quzey Azərbaycanın birləşməsi ideyaları, təbliğatı gizli şəkildə aparılsa da daha intensiv xarakterli idi. Bu tendensiya müstəqilliyimizin ilk dövrlərində daha güclü şəkildə özünü göstərdi, amma sonrakı zamanlarda sönükləşdi. Məncə bu sönükləşmənin səbəbi heç də xalqın bu nisgili unutması ilə bağlı deyildi. Bu, sadəcə olaraq həmin dönəmlərdə Respublikanın birdən-birə çox dərin problemlərn içərisinə düşməsindən qaynaqlanırdı. Torpaqların erməni-rus işğalına məruz qalması, gərgin iqtisadi-sosial və siyasi böhran, kənar təzyiqlərin artması və digər reallıqlar məsələni nisbətən arxa plana qoymuşdu.
   
   İndi belə demək mümkünsə, məsələ yenidən ən müxtəlif səviyyələrdə özünü göstərir. Və maraqlıdır ki, mövzu artıq dünya medisaında da üzə çıxmağa başlayıb. Bir müddət öncə Azərbaycan parlamentinin deputatı Qüdrət Həsənquliyevin rəsmən Azərbaycan Respublikasının adının dəyişdirilərək Cənubi Azərbaycan Respublikası kimi qəbul edilməsi təklifi uzun müddət ölkə kənarlarında da müzakirə mövzusuna çevrildi.
   
   Maraqlıdır, Birləşmiş Ştatlar başda olmaqla Qərb-İran qarşıdurmasının pik hədində məsələ daha da qabardılmağa başlayıb. Bəzi ekspertlərin fikirlərinə görə, Vaşinqton ümumiyyətlə, İranı həmişəlik zəif salmaq, onun bir də belə güclənərək hamıya meydan oxumasını əngəlləmək üçün müxtəlif variantlar üzərində işləyir. Və ən çox üzərində düşünülən variant İranda etnik çoxluğa malik, lakin fars ideologiyasının təzyiqləri altında əzilən azərbaycanlıların müstəqillik əldə etməsini saxlamaqdır. Belə olan halda ərazisinin və əhalisinin böyük bir hissəsini itirən İran əbədilik gücsüz və üzüyola vəziyyətə düşəcək.
   
   Burada maraqlı bir məqam var. Əlbəttə, Türkiyə və Azərbaycanla çox yaxın münasibətlərə malik Amerika bu ideyaya çox da pozitiv baxmır, çünki bölgədə ikinci bir güclü və böyük türk dövlətinin formalaşması ümumilikdə Qərbə sərfəli olmayacaq. Özü də zəngin təbii resurslara malik Azərbaycan birləşdikdən sonra söz sahibinə çevriləcək. Həm də qüdrətli Türkiyə faktorunun ortalıqda olması Vaşinqtonu narahat etməyə bilmir. Belə bir şəraitdə Qərb bir çox məsələlərdə Ankara və Bakı ilə məsləhətləşmələrə məcbur qalacaq, bir çox hallarda isə onların maraqlarını müdafiə etməli olacaq.
   
   Lakin bu və digər faktorlara görə əvvəl İranın parçalanmasının qəti əleyhinə olan siyasi texnoloqlar son bir neçə ildir ki, Azərbaycanların birləşməsinə, yaxud heç olmasa Cənubdakı Azərbaycana yüksək statuslu muxtariyyat verilməsinə daha sıcaq baxırlar. Çünki İran kimi təhlükənin mövcudluğundansa bu variantı daha münsaib hesab edirlər. Və proseslərin gedişi ondan xəbər verir ki, bu ideya əvvəlkinə nisbətən daha çox dəstək qazanır. Bu məsələ ətrafında Amerikadakı yəhudi lobbisi və rəsmi Təl-Əviv də fəaliyyətlərini gücləndirib. Yəhudi dövlətinin Azərbaycanla ən sıx münasibətlərinin görünməyən tərəfləri bəzi dairələrdə məhz bununla əlaqələndirilir. Onlar özləri də etiraf edirlər ki, yəhidilərin özlərini ən rahat hiss etdikləri ölkələr içərisində birinci yerdə İsrailin özü durursa, ikinci Azərbaycan Respublikası sayılır. Bunlardan başqa, Vaşinqtonun ən çox önəm verdiyi faktorlardan biri də həmin variantın həyata keçəcəyi təqdirdə Rusiyaya qarşı güclü bir müttəfiq qazanmış olacaq. Artıq Moskva Cənubi Qafqaz regionunda ultimativ dillə danışa bilməyəcək.
   
   Yəqin ki, bu mülahizələrə dərin şübhə ilə yanaşan oxucular amerikalıların belə bir prosesə "dabro" verəcəklərinə qəti inanmırlar. Amma onlar kökündən səhv edirlər. Məlum edim ki, haqında danışdığımız variant amerikalılar tərəfindən açıq mətnlə gündəmə gətirilməkdədir. Belə ki, bu günlərdə amerikalı konqresmen Deyn Rorabaher dövləti İrandakı azərbaycanlıların azadlıq hərəkatını dəstəkləməyə çağırıb. Konqresmen bununla bağlı rəsmən dövlət katibi Hillari Klintona müraciət ünvanlayıb.
   
   Müraciətdə deyilir: "ABŞ üçün belə bir əməkdaşlığı dəstəkləmək çox vacibdir, çünki Tehranın tiran rejimi bizim ümumi düşmənimizdir. ...Azərbaycan xalqı 200 ildir ki, coğrafi şəkildə biri-birindən ayrılıb və bütün azərbaycanlılar vətənlərinin birləşməsini istəyirlər". Konqresmen müraciətində qeyd edir ki, Cənubi Azərbaycanda azərbaycanlıların sayı Şimaldakından iki dəfə çoxdur. "Şimali Azərbaycan SSRİ-nin dağılmasından sonra, 1991-ci ildə müstəqillik əldə edib və İran azərbaycanlılarının da öz azadlıqlarını qazanması üçün məqam yetişib. Azərbaycan xalqının azadlıq üçün apardığı haqlı mübarizəni dəstəkləmək özü-özlüyündə xeyirxah bir işdir. Həm də bu proses, Tehran rejimi üçün onun yeraltı nüvə bunkerlərini bombalanmasından daha böyük bir təhlükədir".
   
   Göründüyü kimi proseslər yalnız Azərbaycada müzakirəyə çıxarılmır. Demək bu şəraitdən istifadə edilməlidir. SSRİ-nin də dağılmasına kimsə inanmırdı. Gördüyümüz kimi bu baş verdi. Demək "Allahdan başqa heç nə əbədi deyil" hikmətinə inanmaq lazımdır. Və xalqın, xüsusilə də Güneyli qadaşlarımızın vaxt yetişmişkən ayağa qalxması gərəkdir. Düzdür, bu bir qədər çətin olacaq, amma olacaq. Hamı yalnız buna inanmalıdır...
   
   

TƏQVİM / ARXİV