adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"OKEAN ADAM"...

BABƏK YUSİFOĞLU
43252 | 2012-07-31 08:47
Düşünürəm ki, heç bir təhqiqat, heç bir elmi araşdırma deyə bilməz ki, Yer kürəsində həyat başlayandan ta bu günümüzədək nə qədər insan dünyaya gəlmişdir. Amma hər kəs asanlıqla təxmin edə bilər ki, gəlib-getmişlərin sayı yüz milyardladır. Və belə böyük rəqəm adamı heyrətləndirməyə bilmir. Axı, bu həm də yüz milyardlarla fərqli tale, biri digərinin təkrarı olmayan həyat deməkdir.
   
   Əlbəttə, heç şübhəsiz ki, insanların çox böyük, özü də lap çox böyük əksəriyyətini öncə yalnız anaları, ataları, sonra yaxınları, daha sonrasa ətrafı və başqaları tanıyırlar. Lakin hər kəs təsdiq edər ki, elələri də doğulur ki, yaşadıqları həyatı böyük amallara, dəyərli işlərə həsr etdikləri üçün onlar adlarını insanlığın yaddaşına yazaraq həmişəyaşarlıq qazanırlar. Böyük zəka adamları, ixtiraçılar, yaradıcı şəxslər, istedad, bacarıq sahibləri...
   
   O da məhz belələrindən idi. Elə şəxslərdən idi ki, öz işi ilə məşğul oldu, insanlar, dünya mətbuatı ona adlar qoydular: "Okean adam", "Yer planetinin kapitanı"...
   
   
   
   (Əvvəli qəzetin 24 iyul sayında)
   
   
   
   Qəribə idi, bir neçə saat ərzində gördükləri Kustoya elə güclü təsir etmişdi ki, bu, onu bütün ömrü boyu dənizə, dənizin əsrarəngiz gözəlliklərinə bağlamışdı. Və belə demək mümkünsə, məhz bu hadisədən sonar Jak-İv dəniz dibini öyrənməyi, bu təhqiqatları həyata keçirən dənizçilərin işini asanlaşdıracaq, təhlükəsizliyini təmin edəcək vasitələri, qurğuları icad etməyə başladı. O düşünürdü ki, insanlar tərəfindən toxunulmayan bu gözəl dünyanın sirləri hələ çoxdur və bu yolda daha çox qeyri-adiliklər görə biləcək.
   
   O ATA OLDU...
   
   MÜHARİBƏ BAŞLADI...
   
   
   
   Jak-İvin bu marağı ailədə də dəstəklənirdi. Evləndiyi xanım Simona dənizlə bağlı planlarına qarşı getmirdi. Bəlkə də bu da taleyin ironiyasıydı. Axı, onun qadını da dənizçi ailəsindəm çıxmışdı. Özü də Simonanın atası kifayət qədər böyük rütbə qazanmış bir zabit idi: dəniz admiralı. Gənc ailənin yerləşdiyi Tulonda işləri pis germirdi. Kustonun xidmətdən qazandığı əmək haqqı onlara bəs edirdi. Nigahdan bir il sonra ailənin ilk övladı - Jan-Mişel dünyaya göz acid. Cəmi iki il sonra, 1940-cı ildə onların ikinci oğlu da - Pyer anadan oldu. Və Kusto gələcək haqqında planlar qurarkən onun hesablaya bilməyəcəyi bir hadisə baş verdi. Yəni bir il sonra İkinci dünya Müharibəsi alovlandı. Faşizm addım-adım bütün Avropanı bürüdü.
   
   Jak-İvi "Dyüpleks" kreyserinə topçu təyin etdilər. Həmin vaxt sentyabr ayı idi. Və o burada təxminən bir ilə yaxın xidmət göstərdi. Yəni, Almaniya-Fransa arasında atəşkəs rejimi ilə bağlı anlaşma əldə olanadək. Dövlətlər arasında "atəşkəs rejimi"nə aid razılıq əldə etsələr də Kusto faşizmə qarşı etirazlarını saxlamadı. Bir zabit kimi qaydalara əməl etməyə borclu olsa da vətəndaş kimi faşistlərin törətdikləri ilə barışmadı. Belə ki, müharibə illərində müqavimət hərakatı ilə sıx əməkdaşlıq edərək faşizmə qarşı mübarizəsini davam etdirdi. Məhz onun xidmətləri nəticəsində bir neçə uğurlu əməliyyatlar həyata keçirildi. Elə Almaniyanın müttəfiqi İtaliya donanmasının məxfi şifrələrinin ələ keçirilməsində Kustonun böyük əməyi olmuşdu. Məhz belə fəaliyyətinə görə də dövlət Jak-İvi 1946-cı ildə Fəxri Legion ordeni ilə təltif etdi.
   
   FƏRQLİ QARDAŞLAR
   
   Əslində onun bu uğurlarının bünövrəsi bir xeyli əvvəllər qoyulmuşdu. Belə ki, Kustonun sualtı dünyaya maraqları, orada qısametrajli çəkilişlər aparmaq həvəsi və bütün bunlardan ötrü lazımi qurqulara malik olması, həm də bacarığı həmin işlərdə ona yardımçı olmuşdu. Burada çox maraqlı məqamları da vurğulamaq lazımdı. Jak-İvin böyük qardaşı Pyer-Antuan müharibə dövrlərində almanlarla əməkdaşlığa girişmişdi. Kustodan fərqli olraq o belə düşünürdü ki, mövcud gerçəyi qəbul etmək, almanların yanında olmaq daha münasibdi. Və sualtı çəklişlərə icazənin alınmasında, digər rəsmi əngəllərin aradan qaldırılmasında Pyerin bilmədən göstərdiyi yardımları olmuşdu.
   
   Müharibədən sonra Fransa məhkəməsinin hökmü ilə faşistlərlə əməkdaşlıq etdiyinə görə, Pyer əvvəlcə ölüm cəzasına məhkum edildi, sonra isə bu, ömürlük həbslə əvəz olundu. Qardaşının beə taleyi ilə barışa bilməyən Jak-İv öz nüfuzundan, Müqavimət hərəkatının liderləri ilə əlaqələrindən istifadə etməklə onu azadlığa çıxarmaqğa çalışdı. Lakin mənbələrin məlumatlarında bildirilir ki, Pyer bundan imtina edib və elə türmədə də ölüb. Bəzi yerlərdə isə qeyd olunur ki, o, 1956-cı ildə azadlığa buraxmışdır.
   
   Kusto özü də etiraf edirdi ki, bəzi uğurların əldə edilməsində adi təsadüflər də heyrətamiz dərəcə ona kömək etmişdir. Elə maraqlı bir ixtiranın tapılmasında və həyata tətbiq edilməsində də belə oldu. Müharibə dövründə Fransanın işğal altında olan bütün yanacaq ehtiyatları yalnız müharibənin ehtiyacalarına sərf edilirdi. Və fransızlar məcbur qalmışdılar ki, avtomobilləri üçün yanacaqdan deyil təbii qazdan istifadə etsinlər. Bundan ötrü də istedadlı mühəndis Emil Qanyenin yaratdığı xüsusi reduktorlar avtomobillərə yerləşdirilirdi. Bunu görən Kusto düşündü ki, sualtı hərəkəti təmin edəcək aparatı da yaratmaq mümkündü. Elə bu məqsədlə də Jak-İv vaxt itirmədən mühəndislə əlaqə qurmağa müvəffəq oldu. Artıq yavaş-yavaş tanınmağa başlayan Kusto Emil Qanyenə fikirlərini izah etdi və onun qarşısında texniki tapşırıq qoydu: qurğu hazırlanmalıdır.
   
   "AQUA-LUNG"
   
   Və o səhv etməmişdi. Kustonun istədiyi aparat 1943-cü ilin yanvarında artıq hazır idi. Lakin sınaqdan sonra aparat bir daha təkmilləşdirildi. Artıq Kustonun əlində su altında üzmək, dərinliyə enmək üçün texniki imkanlar yaranmışdı. İndi Onlar daha on metrə qədər deyil, asanlıqla daha dərin qatlara üzə bilirdilər. Özü də sualtında vaxt yalnız hava balonlarındkı oksigen ehtiyatının həcmindən asılı idi. Bu kəşfə "Aqua-Lung", yəni "Su ciyərləri" adını verdilər.
   
   Bundan sonra Jak-İv həmin qurğunun köməyi ilə necə pul qazanmağın da yollarını tapdı. Belə ki, Kusto 1944-cü ildə "Sualtı təhqiqatlar qrupu" adlı bir komanda yaratmağa müvəffəq oldu. Və onlar su altında görüləcək müxtəlif işlərlə, hətta hərbi məqsədlərlə bağlı sifarişlər almağa başladılar: sualtı minaların təmizləınməsi, batmış gəmilərdən məxfi hissələrin qaldırılması, dənizin dibində lazım olan qurğulara texniki yardımların göstərilməsi...
   
   Sən demə, "Okean adam" burada da doğru yol seçə bilmişdi. Çünki onların bu sahədəki işləri o dərəcə də yaxşı getməyə başladı ki, Kusto artıq "Aqua-Lung" firması yaratdı. Və firmanın işlərini daha da böyütmək üçün yollar düşünüb tapdı. O, ABŞ-dakı mətbuat səhifələrində fəaliyyətlərini işıqlandıran məqalələr çap etdirdikdən sonra sifarişlərin sayı inanılmaz dərəcədə çoxaldı. Jak-İv həm də bu kəşfin müəllifi kimi bu işdən gələn gəlirin 5 faizini alırdı. O, "Kalipso" adlı gəmini gözaltı etmişdi. Amma belə bir bazarlıq üçün hələ kifayət qədər də imkanları yaranmamışdı.
   
   (ardı qəzetin 7 avqust sayında)

TƏQVİM / ARXİV