adalet.az header logo
  • Bakı 12°C

"...VƏ BAŞQA RƏSMi ŞƏXSLƏR"

VƏSİLƏ USUBOVA
26370 | 2012-07-28 08:56
Hər abzası nöqtələrlə başlamağı və qurtarmağı xoşlayıram. Bununla oxucuya demək istəyirəm ki, bax, bu gözünlə gördüyün cümlələrin əvvəlində və sonunda qələmə almadığım (bəzən də ala bilmədiyim) fikirlər yatır. Çox zaman yazılarımdan bu nöqtələri çıxarırlar. Daha demirlər ki, dediklərimdən çox demədiklərimi o nöqtələrlə silib atırlar... Yəni, bu yazı sonsuzluqdan başlanıb və hələ-hələ də sonu olmayacaq. Su üzündə ləpələr kimi əvvəli ilə sonunun arasında fərq olmayan bir şeylərdi bunlar. Sözlər də duyğularımızın ləpələridi. Ancaq yoxdan yaranıb yoxluğa uçmurlar. Qalırlar... Özümüz hiss eləməsək də qalırlar. Yaxşısı da, pisi də...
   
   Bu da nəqtələrlə başlanan başlıq... Nə vaxtsa, bu adda filmə baxmışam. Sovet filmiydi. Bütün xəbərlərin, məlumatların başında adları gedənlərin sonuna əlavə olunan "...və başqa rəsmi şəxslər"dən birinin həyatına, həm iş, həm də ailə qayğılarına həsr olunmuşdu. Baş rola kifayət qədər yaraşıqlı bir aktyoru çəkmişdilər. Hamımızın eşitdiyi, amma heç birimizin əhəmiyyət vermədiyi, varlığı ancaq cümləni bütövləşdirmək xatirinə ümumi sözlərlə xatırlanan bu adamların nə qədər gərəkli və dəyərli iş gördüklərini həmin filmdə dərindən anladım. Həm də fərqli duyğular yaşatdı bu film mənə. Gözümüzün qabağında yuxarı başa çəkilən, təriflənən, təltiflənən məzmunsuz adamlar olduğu halda, Vətən, millət naminə bir insan ömrünün bütün yaşam şirinliklərini hər addımda qurban verənlər kölgədə qalırmış, sən demə. Yəni, kütlə marağından kənar, təvazökar ömür sürənlər istənilən qədərmiş. Həm dövlətin, həm də özlərinin, ailələrinin təhlükəsizliyi baxımından bəlkə bu "...rəsmi şəxslər"in görünməməsi məsləhətdi elə. Yəqin buna alışqandılar, ya da işə başlayandan belə olacağını göz altına alırlar. Onlardan ötrü narahatlığa ehtiyac olmasa da, haqlarında düşünməyə, ibrət götürməyə dəyər...Tanınmaqdan, şöhrətdən uzaqdılar. Nə qədər gərəkli olsalar da, doğmaları, yaxınları belə onlarla qürurlana bilmirlər...
   
   Belə ömrü çoxmu insan seçər, dözər, işləyər?!...
   
   Bilmirəm. Mən hamının tanıdığı, gördüyü, bələd olduğu, ancaq qəsdən görməzdən, tanımazdan gəldiyi qeyri-rəsmi şəxslərdən söz açmaq istəyirəm. Daha doğrusu, onlara edilən haqsızlıqlara diqqət çəkmək fikrindəyəm...
   
   
   
   ***
   
   Hər şey onların çiynindədi. İdarələrdə, tikintilərdə, tarla və zəmilərdə ən ağır iş onlarındı. İclas, tribuna tanımazlar. Şənlərinə təriflər deyilməz, alqışlar yağdırılmaz, əlləri təltif kağızları, gül dəstələri, sinələri orden-medal görməz. Onların alın təriynən qalxanlara özləri əl çalar. Ya könüllü, ya da könülsüz, məcburən...Haqqını istəyəndə ciblərindən verirlərmiş kimi başlarına qaxarlar min zəhmətnən qazandıqlarını... Qorxu içində yaşayar. Uşağı xəstələnəndə xəstəxanaların pis qoxusunu, həkimlərin turşumuş sifətini göz önünə gətirməkdən belə çəkinər... Ya özünə bir şey olsa...Bundan sonrasını düşünmək də istəməz...
   
   Gözünlə gördüyünə ağlın inanmaq istəmir. Niyə bu qədər döndük bir-birimizdən, əzəli birgəliyimizdən?! Yaxşını qoyub pisi tərifləyirik, bədxaha yarınıb xeyirxahı yamanlayırıq. Başını aşağı salıb işləyəni əfəl, maymaq sayırıq. İşi yiyəsinə vermirik. Əli qələm tutmayanı, hıqqana-hıqqana yazıb oxuyanı tərifləməqdən dodaqlarımız on yerdən partlayır. Cahillərin səsi gurladıqca alimlərin səsi alınır. Bu qədər zövqsüzlüyü necə tərbiyə elədik özümüzdə?! Doğrudanmı, daha gözəl olanı, qiymətlini görmək, duymaq, dəyərləndirmək istəmirik?! Başımıza gələnlərdən ayılmırıq. Yaxşı olanımızı, qiymətlimizi, bənzərsizimizi özgələr görür, götürmək, öz adına çıxmaq istəyir. Bizimsə işimiz bir-birimiznəndi. Burnumuz o qədər dikəlib ki, nə sağdan gələni görürük, nə soldan ötəni. İrəli gələni, əl uzadanı döşündən itələyirik. O kəslərə ki, Tanrı öyünmək üçün heç nə verməyib, fərqlənməkçin dəridən-qabıqdan çıxırlar. Bizim olan təkcə Yaradanın bağışladıqlarıdı. Bununla səssizcə, öz içində öyünmək olar, lovğalanmaq yox. Özgə dünyamız yoxdu, birlikdə yaşamalıyıq. Bölünməli yox, paylaşmalı çox şeylərimiz var. Ayımız, Günəşimiz, havamız, torpağımız. Bir də sevgimiz, kədərimiz, qazandıqlarımız, itirdiklərimiz. Bunlara təklikdə dözmək olmur, axı...Tək getmək çətindi. Qolundan tutanın olanda ayaqlarına da az ağırlıq düşür. Dərd ortağın varsa, ürəyinin də qubarı tez əriyə bilir...
   
   
   
   ***
   
   "Özünə mühit yaratmayan insan ömrü boyu başqa bir mühitdə- qərib kimi yaşamağa məhkumdu". Of,... usandım bu Şərq fəlsəfəsinin dözümlülük, özünütənbeh təlqinindən. İnsan başına haranın daşını salsın? Bir adamlıq mühiti necə yaratsın? Yarada bilsə belə, orada yaşamağın dadı necə olar? İstisi, soyuğu, sevgisi, nifrəti olarmı o mühitin?... Hər kəsə ayrıca mühit yaratmaq mümkündürsə, gərəkdirsə, onda tənhalıqdan, kimsəsizlikdən niyə dad eləyirik? İnsan yerinə düşməlidi. Toxum münbit torpağa düşən kimi. Mühit də, münbitlik də bizik. Rəftarımız, ünsiyyətimiz, təmənnasız sevgi və qayğılarımızdı... Bir-birimizi görə bilsək, duya bilsək, nə xoş ömür sürərik. Heç dünyanın faniliyi də ağrıtmaz bizi...
   
   Hamı üçün qərib olmayan bir mühit yaratmaq istərdim. Söz eşidənim, əməl edənim olsa. Bax, o bahalı maşınların birini saxlayar, içindəki çəlimsiz oğlanın qolundan tutub pəncərəmin ağzında metal kəsən, qaynaq edən şən, yaraşıqlı oğlanların yanına gətirərəm. Deyərəm, bax, görürsən, nə gözləri xumarlanır, nə də nəfəslərindən pis qoxu gəlir. Sir-sifətlərinin, bədənlərinin rəngi sağlamlıqdan, gümrahlıqdan xəbər verir. Sən də belə ola bilərsən. İstəsən. Əlini taxtaya, metala vur. Əyil, düzəl, qoy Günəş belini qızdırsın, alnından tər axsın. Bil ki, adamlar necə işləyir, necə yorulurlar. Evə gedəndən sonra necə rahat, şirin yuxu yatırlar. Gör adamların ayaqları necə zoqquldayır, əlləri necə qabar tutur. Öyrən yaşadığın evi necə tikiblər, otaqlarını necə bəzəyiblər. Bil ki, min illərdən qalan şəhərləri, qalaları, qəsrləri kişilər tikib-qurublar. Əsl kişilər...Ağlı başında olan kişilər. Bunları anlasan, heç nə itirməzsən, vallah. Yavan çörək də bal dadar ağzında...
   
   Mən deyən mühit bax, budu, bu...
   
   
   
   ***
   
   P.S. Bayaq fikrini bəyənmədiyim Şərq filosofunun bir kəlamı əsl mən deyəndi: " Yeni cümlə başlamaq üçün əvvəl nöqtə qoymaq lazımdır"...İndi isə sözümü bitirmək üçün nöqtə qoyuram. Özü də üçünü birdən...

TƏQVİM / ARXİV