adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

QIZIL GüLLƏR DiYARINDAN ZANBAQLAR ÖLKƏSiNƏ...

MƏZAHİR ƏHMƏDZADƏ
27794 | 2012-07-28 08:56
Bu dünyada insanlar kimi şəhərlər də dostlaşır, qardaşlaşır; yaxın-uzaq ellərdən bir-birinə xoş ismarıclar yollayır, bir-birinə həyan olurlar. Xoş məramlı əlaqələrin müntəzəmləşməsi, daha geniş məzmun daşıması üçün xarakterik bir missiya... Ölkələr və xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsi, ənənələrin öyrənilməsi və yaxınlaşması baxımından belə dostluqların gerçəkləşməsi əsl bayram əhval-ruhiyyəsi yaradır. Bu cür ənənələr dünyanın bəzi yerlərində çoxdan yaşanır. Hətta Sovet dönəmində sosialist ölkələri şəhərlərinin dostluq, qardaşlıq münasibətləri, daha doğrusu, bu münasibətlərin rəsmiləşdirilməsi dövlət siyasətinin incəliklərinə hesablanırdı. Bəzi kapitalist ölkələrinə də çıxışlara icazə verilirdi. Təbii ki, SSRİ-yə qarşı yumşaq siyasət aparan ölkələrə. Mən 70-ci illərin əvvəllərində paytaxtımız Bakının İtaliyanın haradasa beşinci-altıncı şəhəri sayılan Neapolla dost şəhərlər elan edilməsini və bununla necə fəxr etdiyimizi yaxşı xatırlayıram.
   
   İndi zaman dəyişib. Başqa mənada demirəm, fakt göz qabağındadır - yəqin indi də neapollular fəxr edərdilər...
   
   Daha sonra Bakı-İzmir qardaşlığı...
   
   Müstəqillik dövründə respublikamızın bir çox şəhər və rayonları əsasən uzun illər həsrət qaldığımız qardaş Türkiyə şəhərləri ilə dostluq əlaqələrini rəsmiləşdirirdilər. Rusiya, Ukrayna, Belorus da yaddan çıxmadı. Götürək elə Göyçay şəhərini. Artıq beşinci ildir ki, Göyçay Belorusun Lida şəhəri ilə dostluq əlaqələrini iqtisadi və mədəni münasibətlərlə daha da möhkəmləndirir.
   
   ... Və gözəlim Zaqatala! Qafqazın baş tacında ən parlaq inci! İnsan xəyallarını sonsuzadək qanadlandıran təbiət gözəllikləri, son illər daha da yüksələrək ənənələr üzərindən boy atıb da bu təbiət möcüzələrinə qovuşan urbanik şəhər təmtəraqı! Bir zamanlar adına həm də "Bala Tiflis", "Kiçik Paris" deyilən, bu dərəcədə fərqli və qeyri-adi bənzətmələrə gülümsəyən təvazökar şəhər, təvazökar sakinlər... Mən bütün bunlar barədə çox söhbətlər açmışam, yorulmadan danışmışam, yazmışam.
   
   Allahım! Yoxsa elə mənim gözüm dəydi bu sevdalı gözəlliyə? O fəlakətin bir günahı da mənim bu halal sevgimin, vətənimin bir parçası olan Zaqatala heyranlığımın sonsuzluğundan keçir bəlkə də.
   
   Nə yaxşı, ölüm-itim olmadı...
   
   Hə, daha hər şey yaxşılığa, daha gözəl və rahat günlərə doğrudur, inşallah.
   
   Və mən Zaqatalanı xəyallarımda bəzi şəhərlərə də bənzədirdim, oxşadırdım. Ancaq nə vaxtsa hansı bir şəhərlə dostluq bəyannaməsi rəsmiləşərsə, həmişə ilk ağlımdan keçən Soçi olub. Əgər Türkiyə variantı olarsa Antakiyanı düşünmüşəm. Lap yaxın qonşulardan söhbət gedərsə Qudautanı seçmişdim (o vaxtlar Abxaziyanı Gürcüstandan "qoparmamışdılar"). Yoxsa ki, nə Tiflis, nə Şeytanbazar, nə Paris, nə Notr-Dam, nə Sen-Jermen? Sadəcə bu üç şəhər! Və hər birinin də adında Zaqatalaya yönəlik sirli-sehrli doğmalıq fantaziyalarım durur. İndi bu yazının məqsəd-məramı, həcmi imkan verəydi, mən də bu fantaziyalarımı reallaşdıraydım...
   
   Ancaq bu sirli-sehrli düşüncələr, əlvan fantaziyalar daha kilid bir əhvalata çevrildi. Qaldı öz aramızda. Yəni hələlik Zaqatala ilə mənim "sözləşməmdə". Bir əfsanə, bir sevgi, bir nağıl kimi...
   
   Reallıqsa tamam ayrı bir məqamla diqtə etməkdəymiş. Bir az təsadüf, bir az da... nəsə...
   
   ... Bu ilin iyun ayında Azərbaycan Respublikası Prezident Administrasiyasına yüksək hörmət və ehtiram məzmunlu dəvət məktubu daxil olur. Niderland Krallığı İkinci Dünya Müharibəsi zamanı Niderlandda faşizmə qarşı müqavimət hərəkatının rəhbərlərindən olan, bu ölkənin ən yüksək - "Kraliça cəngavəri" fəxri adına layiq görülmüş əslən Zaqatalanın Muğanlı kəndindən olan, əfsanəvi "Medo" kimi tanınan Məmməd Məmmədovun abidəsinin təntənəli açılış mərasimində rəsmi nümayəndə heyətinin iştirakını arzulayırdı. Məsələyə xüsusi diqqətlə yanaşılır və operativliklə həll edilir. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin rəhbərliyi ilə nümayəndə heyəti təşkil olunur. Nümayəndə heyəti iyunun 24-də Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından Bakı-İstanbul-Amsterdam reysi ilə yola düşür.
   
   Bu, ayrı bir söhbətin mövzusu olsa da, qısaca məlumat verim ki, Niderlandın Milli Qəhrəmanı əfsanəvi "Medo"nun zaqatalalı kimi tanınması yaxın zamanların hadisəsidir və güman ki, nə vaxtsa bu "Dağlar qartalı"nın ömür yoluna ayrıca işıq salacaq, daha geniş yazı hazırlayacağıq. Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Məmməd Məmmədov... Vətəndən uzaqlarda, Uzaq Sahillərdə misilsiz qəhrəmanlıqlar göstərən Mixaylo, Xarqo, Medo... Və neçə-neçə digər igid həmyerlilərimiz! Başqa xalqların özlərinə Milli Qəhrəman kimi qəbul edib adları əbədiləşdirilən Vətən övladları! Bir az irəli gedib əvvəlcədən qeyd etmək istəyirəm ki, səfər başa çatdıqdan sonra nümayəndə heyətinin üzvlərindən Nizami Abdullayev və Tofiq Əhmədovla söhbətlərimiz zamanı onlar daha çox bu hadisənin fəxrini, Azərbaycan vətəndaşı olaraq böyük qürurunu yaşadıqlarını bildirirdilər.
   
   Əsas söhbətimiz təbii ki, nümayəndə heyətinin rəhbəri, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə oldu. Mən ona keçən il turist kimi Sloveniyaya səfərini xatırladıb göstərdiyi fotoları, danışdığı söhbətləri yada saldım... Mübariz Əhmədzadənin mənə göstərdiyi 35-40 fotodan 30-a qədəri əfsanəvi Mixaylo- Mehdi Hüseynzadə ilə bağlı idi.
   
   Bu da uzun söhbətdir.
   
   Ancaq deyəsən nəsə mistik bir bağlantı da var bu hadisələrin qovuşuğunda. Üstəlik biz Zaqatalanı hələ sovetlər vaxtından "qızıl güllər diyarı" da adlandırırdıq. Yaddaşları daha oyaq olanlar üçün deyim ki, bu bənzətməni heç vaxt Bolqarıstanla qarışdırmırdıq. Zaqatala gerçəkdən qızıl güllər bağları-bağçaları ilə göz oxşayırdı, qış fəslində də bu yerlərdən gül qoxusu gəlirdi. İndinin özündə də. Ola bilər ki, azacıq səhv edirəm, SSRİ boyda ölkədə bəlkə də yeganə qızıl gül yağı fabriki Zaqatala rayonunda fəaliyyət göstərirdi. Və dünyada Zaqatalanın qızıl gül mürəbbəsindən də dadlısı varmı görəsən?
   
   Qızıl güllər diyarının oğlu Məmməd Məmmədov haralara gedib çıxmışdı, haralarda əfsanəvi Medo kimi tanınmışdı? Baxın, Niderland Krallığı, bizim əsasən Hollandiya kimi tanıdığımız "Zanbaqlar ölkəsi" Məmməd Məmmədovun ikinci vətəni olmuş və öz şücaətləri ilə məşhur vikinqlərin, piratların həmvətənlərini belə heyrətə gətirmişdir.
   
   Bütün bu məsələləri Mübariz müəllimlə bir daha xatırlayır və söhbətimizə davam edirik.
   
   - Amsterdamın özündə yerləşdiniz, eləmi?
   
   - Xeyr. Burada bizi Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin nümayəndələri qarşıladılar. Sonra səfirliyin xüsusi maşınları ilə Haaqa şəhərinə gedib burdakı "Korona" otelinə yerləşdik. Səhəri gün, yəni ayın 25-də nümayəndə heyətimiz Azərbaycan-Türk Kültür Dərnəyinin dəstəyi ilə ucaldılan Xocalı abidəsini ziyarət etdik. Tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin əməkdaşı Elxan Ələsgərov, Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın və dərnəyin üzvləri iştirak etdilər. Elə həmin gün nümayəndə heyəti Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fuad İsgəndərovun dəvəti ilə səfirliyə gedərək elçiliyin ərazisi, inzibati binası ilə tanış oldu, çay süfrəsi arxasında fikir mübadiləsi apardı. Nümayəndə heyəti tərəfindən səfirliyə və Azərbaycan-Türk Kültür Dərnəyinə ölkəmizin, o cümlədən Zaqatalanın tarixi abidələrini, milli ənənələrini və mədəniyyətini özündə əks etdirən xatirə hədiyyələri təqdim olundu. İyunun 26-da səfirliyin əməkdaşları ilə Rotterdam şəhərinə yola düşdük. Burada şəhərin tarixi abidələri və görməli yerləri ilə tanış olduq. Həmin axşam nümayəndə heyətinə bu şəhərdə yerləşən "Bakı" restoranında ziyafət verildi...
   
   - Görünür əsas hadisə ərəfəsi Sizə Hollandiyanın gözəlliklərini mümkün olan qədər seyr etdirməyə çalışmışlar...
   
   - Təbii ki, biz hər tərəfdən yüksək qonaqpərvərliklə əhatə olunmuşduq. Ayın 27-də nümayəndə heyətimiz Məmməd Məmmədovun abidəsinin açılışında iştirak etmək üçün Osterveyk şəhərinə yollandı. Şəhər bələdiyyəsinin binasında keçirilən tədbirdə Niderland hökumətinin rəsmi şəxsləri, Azərbaycan səfirliyinin əməkdaşları, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin və Zaqatala rayonunun nümayəndə heyətləri, Osterveyk şəhərinin ictimaiyyət nümayəndələri, Niderlanddakı diaspor təşkilatlarımızın fəalları və Məmməd Məmmədovun ailə üzvləri iştirak etdirdi. Tədbir xüsusi mərasimlər zalında "Salnamə" kinostudiyasının istehsalı, müəllifləri Elxan Ələsgərov və Tahir Əliyev olan "Holland Medo" ("Dutch Medo") filminin nümayişi ilə başlandı. Filmdən sonra tədbirdə Osterveyk şəhərinin meri Hans Yansen, Niderland hökumətinin İnteqrasiya və İmmiqrasiya naziri Qert Leyers, Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov, Zaqatala nümayəndə heyətinin başçısı kimi mən çıxış etdim. Sonra Osterveyk və Zaqatala şəhərləri arasında "Dostluq Bəyannaməsi"nin imzalanma mərasimi keçirildi. İmzalanma mərasimində hər iki şəhər arasında dostluq əlaqələrinin yaradılması yüksək qiymətləndirildi, bunun Azərbaycan-Niderland münasibətlərinin inkişafına xidmət edəcəyi vurğulandı. Daha sonra şəhərdə bu ölkənin Milli Qəhrəmanı Məmməd Məmmədovun (Medo) abidəsinin təntənəli açılışı oldu. Abidənin önünə ən gözəl çiçəklər düzüldü. Eyni zamanda Məmməd Məmmədovun adı verilən küçədəki xatirə lövhəsinin də açılışı keçirildi. Çox qürurlu anlar yaşayırdıq...
   
   - Mübariz müəllim, güman ki, Hollandiyaya əli boş getməmişdiniz. Yəni biz qonaq qəbul edəndə də, qonaq gedəndə də hədiyyə məsələsinə ciddi yanaşırıq...
   
   - Təbii ki, hədiyyələr aparmışdıq. Elə nazir Qert Leyerslə, şəhər meri Hans Yansenə ölkəmizin, eləcə də Zaqatalanın tarixi abidələrini, milli ənənələrini və mədəniyyətini əks etdirən xatirə hədiyyələrimiz məmnunluqla qəbul olundu, bu hədiyyələrə xüsusi maraq göstərildi.
   
   - Səfərinizin sonrakı günləri hansı qrafiklə davam etdi?
   
   - Qalan üç gün ərzində əsasən görüşlər keçirir, xalqlar dostluğunun əhəmiyyətindən danışırdıq. Keçirilən bütün tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi uğurlar, görülən işlər, həyata keçirilən dünya əhəmiyyətli layihələr barədə məlumatlar verirdik. Görüşlərdə həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqların geri qaytarılması istiqamətində ölkə rəhbərliyinin apardığı işlərdən, Ulu Öndər Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılarla görüşərkən hər zaman onların məskunlaşdığı ölkələrin fəal vətəndaşları olmaları zəruriliyinə dair tövsiyələrindən ətraflı bəhs edilirdi.
   
   Nəhayət, iyul ayının 1-də biz elə Niderlanda getdiyimiz marşrutla da geriyə - Vətənə döndük. Çox gözəl təəssüratlarla, unudulmaz xatirələrlə...

TƏQVİM / ARXİV