adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

"...bir təmas nöqtəsi seç"

20858 | 2012-07-27 09:20
Şeir-ruhun ilacı
   
   
   
   Şeiri çox sevsəm də, şeir kitablarını sonacan oxumağa heç vaxt hövsələm çatmır. Bəzən bir şeir kitabını sonacan oxumaq üçün bir ay vaxtım gedir. Şeiri yavaş-yavaş, "ağız dadıyla" oxumağı sevirəm. Bəzən eyni vaxtda 6-7 şairin kitabını oxuyuram.Şeir mənim üçün ilahi zövqdür. Bu zövqü bir gündə yaşayıb bitirmək isə məncə çox böyük insafsızlıq olar.
   
   Mən isə özümə qarşı bu insafsızlığı etmək istəmirəm. Azərbaycan ədəbiyyatına sevdiyim şeirlər çoxdur. Salam Sarvan, Pərviz Cəbrayıl, Xanəmir, Aqşin Yenisey və Qismətin şeirlərini zövqlə oxuyuram. Ramiz Rövşən və Rüstəm Behrudi isə daha çox yeniyetməlik dövrümün şeirlərini yazan və mənə şeiri sevdirən şairlərdir. Amma Azərbaycan şeirinin bütün parlaq imzaları ilə tanışlığım var. Ancaq etiraf edim ki, şeir ovqat məsələsidir. Şeirə köklənəndəƏli Kərimi, Musa Yaqub, Məmməd Arazı, Məmməd İsmayılı, İbrahim İlyaslını oxumaqdan zövq alıram. Fikirlərim çalpaşıq olanda, ruhani aləm məni cəzb edəndə, "ürfanın toruna düşəndə" Murad Köhnəqalanın, Elnur Astanbəylinin, Şərif Ağayarın klassik üslubda yazdığı şeirlər ovqatıma tam olaraq uyğun gəlir. Bir sözlə, konkret hansısa şairi digərindən fərqləndirməkdə çətinlik çəkirəm. Bütün gözəl şeirlər, bütün gözəl misralar məni duyğulandıra, kövrəldə, ağalada bilər. Türk ədəbiyyatının nəhəngləri-Nazim Hikmət, Necip Fazil, CemalSüreyya, Can Yücel, Orhan Veli, Küçük İskender isə hər gün mənim dadıma çatır. Onların dinləmək məni sakitləşdirib gündəlik qayğılardan uzaqlaşdırır. Bir sözlə şeir, mənim ruhumun ən əvəzedilməz ilacıdır.
   
   
   
   "Şeirbumu"nun iflası
   
   
   
   Müasir poeziyamız olduqca maraqlı və rəngarəngdir. Bir vaxtlar hamının şeirəmeyillənməsi, kitab bazarında şeir kitablarının çoxalması, alayarımçıq"şair"lərin meydan sulaması şeirə qarşı marağı xeyli azaltmışdı. Tənqidçilər "şeir" bumu yaşandığını düşünür, şeirin gözdən düşəcəyini proqnozlaşdırırdılar. Amma gözlənilənlər baş vermədi. Özünə şair deyən nə qədər çox olsa da, "bum" çox davam edə bilmədi. Bu "şeir yazma yarışından" kənarda, başını aşağı salıb öz yaradıcılığı ilə məşğul olan tək-tük qələm adamları şeiri, onun müqəddəsliyini anlayanlarŞEİRi xilas etdi. Şeir ölmədi, əksinə daha da çiçəkləndi, ruhun təbii ehtiyacı olaraq, saflığını qorudu. Söz sərraflarının qarşısına ziqiymət SÖZ çıxara bilməyənlərin dəllallığı iflasa uğradı.
   
   
   
   "Hər gün bir ümiddi"
   
   
   
   "Şeir öldü" yazmaqla şeiri gözdən salmağa çalışanların çoxaldığı bir vaxtda şair Əbülfət Mədətoğlu mənə "Hər gün bir ümiddi" adlı şeirlər kitabını hədiyyə etdi. Keçən il çap olunan kitabın redaktoru Musa Ələkbərli, ön sözün müəllifi filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovdur. Əbülfət Mədətoğlunun imzasını 10 ildən artıq olar ki tanıyıram. 4 ay olar ki, birlikdə, eyni kollektivdə çalışırıq. Əvvəllər bir neçə şeirini oxusam da, sözün düzü o qədər də diqqətimi çəkməmişdi. Amma publisistikasını maraqla izləyirdim. Əbülfət müəllim kitabını mənə hədiyyə edəndə, kitab haqqında yazacağım ağlıma da gəlməmişdi. Bəs məni bu kitabı sonacan oxumağa, haqqında yazmağa nə məcbur etdi? Məni nə ovsunlamışdı? Bilgisayar arxasına keçəndə başa düşdüm ki, məni cəlb edən Əbülfət Mədətoğlu poeziyasının canına hopmuş kədərdir. Anladım ki, kədəri yazmaq da, oxumaqda, haqqında danışmaq da asandır. Ən çətini kədəri yaşamaqmış... Əbülfət Mədətoğlunun şeirlərindəkihüzün, nəzərəçarpan kədər, alt qatlara hopmuş kövrəklik məni bukitab haqqında yazmağa məcbur elədi. Kitabı vərəqləməyə başlayanda ilk olaraq diqqətimi cəlbedən bir misranın altından qırmızı xətt çəkdim, sonra az qala hər on səhifədən bir bir misranı dəftərimə köçürdüm. Və başa düşdüm ki, bu şeirlərə biganə qalmaq insafsızlıqdır. Bəli, Əbülfət Mədətoğlu poeziyasının açarı kədərdir. Kədəri anlamadan, duymadan bu kitaba girişmək çətin məsələdir. Mənim üçün "Hər görüş bir ümiddi" kitabının açarı, girişi aşağıdakı misralardır.
   
   
   
   "Bizə süzülən şərbət
   
   Göz yaşıymış sən demə"
   
   
   
   Bu misralardan sonra kitabı diqqətlə oxumağa qərar verdim. İki gün bu kitaba həsr etdiyim vaxta zərrə qədər də heyfim gəlmədi. Əbülfət Mədətoğlu poeziyası məni öz ağuşuna aldı. Başa düşdüm ki, bu şeirlərin müəllifi təsadüfi adamlardan deyil, o şair taleyini yaşamağa, şair olmağa məhkumdur. Əlindən "özgə bir iş" gəlməyən müəllifi anlamaq o qədər də çətin deyil. Aşağıdakı misralarda şairin missiyası çox aydın şəkildə ifadə olunur:
   
   
   
   "mən tale yolçusu,
   
   söz axtaranam
   
   Kül eşib, içindən
   
   köz axtaranam."
   
   
   
   Bax bu məqamda kədər, kədərin poetik ifadəsi oxucunu öz ağuşuna alır. Əlindən "özgə bir iş" gəlməyən şairin iztirabları oxucuya doğmalaşır, onu öz təsirində saxlayır. Və qəfildən dodaqlarında göz yaşının düzlu tamını hiss edirsən. Və sənə elə gəlir ki, "əlindən özgə iş" gəlməyən adam sən özünsən. Şeiri özünün yazdığını düşünüb bir anlıq öz halına da acıyırsan...
   
   
   
   Ənənəvi şeirdə modern axtarışlar
   
   
   
   Müəllifin çırpıntıları, təbiətə, insana olan sıcaq münasibəti, sözün ilahi missiyasını anlaması demək olar ki bütün şeirlərdə hiss olunur:
   
   "Yarpaqlar töküldükcə
   
   Budaqlar yetimləşir
   
   Görkəmindən qəm yağır
   
   Budaqlar yetimləşir
   
   Sevgi sözün unudan
   
   Dodaqlar yetimləşir"
   
   
   
   Müəllif çox ustalıqla təbiət və insanı, fəsillərin dəyişməsi ilə sevgisizliyi qarşılaşdırır. İnsan sözün sehrindən ayrıla, sözün dadından doya bilmir. Səmimi deyim ki, heca vəznində yazılan, qafiyə çərçivəsində çırpınıb əzab çəkən müasir şeirlər heç vaxt məni cəlb etməyib. Amma ovqatımın hansı vaxtına düşdü bilmirəm, bu şeirlər məni çox təsirləndirdi. Həm də anladım ki, bəzən sözü qəliblərə salıb maraqlı eləmək də mümkündür. Yetər ki, qələm peşəkarın, əsil söz adamının əlində olsun.
   
   Əbülfət Mədətoğlunun şeirləri yenicə sevib-sevilənlər üçün də maraqlıdır. Çünki, sevgi müəllifin yaradıcılığında ən az kədər qədər ağırlıq, təşkil edir, özünəməxsus yer tutur. Hərçənd ki, müasir gənclik məktub sevgiləri yaşamır, amma aşağıdakı misralar çox maraqlıdır:
   
   "məktublar təsəllidir
   
   Nədən yazılsa belə
   
   Oxuyub düşünürsən-
   
   Yaşayıram mən hələ."
   
   
   
   Məncəpostmodernist şairlər burdakı "məktub" sözünü "mesaj" və ya "SMS" sözü ilə əvəz edər, heca vəznini dağıdıb, sərbəstə çevirər gənclərin və müasir şeir həvəskarlarının diqqətini cəlb edə bilərdi. Amma müəllif burda öz həmyaşıdlarının nostalgiyasına uyğun olaraq "məktub"uobrazlaşdırır. Mən deməzdim ki, müəllif müasir dövrün ritmini tuta bilmir, ancaq hiss olunur ki, yaşın diqtəetdiyi çox ciddi qəliblər var ki, onlardan çıxmaq çətindir. Amma istənilən halda şeir olduqca gözəl və duyğusaldır.
   
   
   
   "yaz, könül çırpıntısın
   
   Göndər quş dimdiyində.
   
   Məktublardan bilinir-
   
   Sahibin kimliyi də..."
   
   
   
   Müəllif ənənəvi mövzularla, obrazlarla yanaşı bəzən simvollara da müraciət edir. Məsələn aşağıdakı misralarda müəllif sanki peyğəmbərləşir:
   
   "öldürün bu fağırı-
   
   Xoruzun ilk banında."
   
   Müəllifin heca şeirləri kimi, sərbəst şeirləri də insanı kədərli bir ovqata çəkib aparır. Şeirə nüfuz etdikcə, xəyallar səni uzaqlara uçurur. Bir anlıq tanış mənzərələr göz önündən keçir:
   
   
   
   "Dənizin
   
   Bir addımlığında
   
   Dalğaların
   
   Sahili öpdüyü yerdə
   
   Əzilmiş siqaret qutusu
   
   Atılmış alov
   
   Bir də
   
   Ölü bir balıq..."
   
   Kədərli və tanış bir mənzərədir...
   
   Və son...
   
   Əslində Əbülfət Mədətoğlu haqqında uzun-uzun yazmaq, onun kövrək və sevilən şeirlərini bir-bir təhlil etmək mümkündür. Çünki, ən azı buna əsas verən fikirlər, duyğu çırpıntıları oxuduqca diqqətinizi çəkir. Məncə oxucu bu yazını oxuduqca sual verəcək, "Görəsən yazının müəllifi nə üçün Əbülfət Mədətoğlu poeziyasını, ən azı "Hər görüş bir ümiddi" kitabını tam olaraq əhatə etməyib?" Bəri başdan deyim ki, bu kitabı təhlil etmək üçün daha geniş yazıya ehtiyac var. Bu yazı sadəcə kitab haqqında ilkin və isti-isti təəssüratdır. Ümid edirəm ki, tezliklə bu kitab oxucuların və ədəbi-tənqidin diqqətini cəlb edəcək və haqqında daha ciddi yazılar yazılacaq. Düşünürəm ki, Əbülfət Mədətoğlu şeirləri sizin ruhunuzu təzələyəcək, hisslərinizi təlatümə gətirəcək ilahi gücə malikdir.
   
   
   
   

TƏQVİM / ARXİV